Prezidentin Avropa Şurasını tənqid etməsini deputatlar belə alqışladılar


  • 00:12 / 07 06 2020 |
  • Bölmə: Gündəm


Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı geniş nitq söyləyib. Prezident bildirib ki, Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilmiş saxta seçkiləri şou və təlxəklər tamaşasıdır: 

"Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!

Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar".


Ölkə başçısının fikirlərinə Milli Məclis üzvləri tərəfindən verilən dəstək və razılıq  xarakterli reaksiyalar mətbautın əsas gündəmini təşkil edir.  

"Rupor" deputatların açıqlamalarındakı AŞPA-nın ədalətsiz mövqeyini ifşa edən məqamları diqqətinizə çatdırır:

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva: 

- Qondarma xunta rejiminin keçirdiyi saxta seçkiləri şou və təlxəklər tamaşası adlandıran, “məzhəkə oyunu” kimi dəyərləndirən Prezident, “seçkilər”in və onun “nəticələr”inin tərəqqipərvər dünya birliyi, mötəbər beynəlxalq qurumlar tərəfindən tanınmadığını bildirdi. Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının, digər aparıcı beynəlxalq təşkilatların bu seçkiləri qınadığını vurğulayan cənab Prezident, məsələyə yalnız Avropa Şurasının münasibət bildirməməsinə diqqət çəkdi. Avropa Şurasının susmağının səbəbini, Assambleyanın əsas hədəflərindən biri kimi şərh edən dövlət başçısı, bu səbəbi – hədəfi “Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir” dedi. – Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı.

Özəlliklə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsçüsü və rəhbəri olduğu “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası bütün parametrlər, coğarafiyalar və mədəniyyət iqlimləri üzrə genişləndirilməli, dərinləşdirilməlidir. Bu, özü Avropa Şurasının susqunluğuna bir cavab olacaq.

Qitə üçün xas bəşəri və insani dəyərlərlə çox yaxından səsləşən, o dəyərlərə yüksək səviyyədə cavab verən, belə deyək, o ənənənin tərkib hissəsi sayılmalı olan Azərbaycan multikulturalizm, tolerantlıq ənənələri, tolerantlıq və multikulturalizm ideyalarının Azərbaycan ictimai fikir tarixində yeri, rolu barədə əsərlər tirajlanmalı, məsələn günümüzün gerçəkliyində virtual konfranslar vasitəsi ilə qitə və dünya miqyaslı fikir mübadilələri təşkil olunmalıdır, deyə düşünürəm. Düşünürəm ki, qlobal pandemiya dövründə də, dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dialoqu bütün neqativ proseslərə qarşı ümidverici ortaq model kimi – Azərbaycan təcrübəsi kimi tirajlanmalı, yayğınlaşdırılmalıdır. Bu, özlüyündə, bütün maraqlı və bütün “qarşı tərəflər”ə daha bir ismarınc, cavab olardı.

Müvafiq qurum və quruluşlarımız narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun yalnız Azərbaycan və bölgə üçün deyil, Avropa üçün, Asiya üçün, ümumən dünya üçün təhlükə ünvanı olduğunu faktlarla dilə gətirməlidir – bu sahədə daha öncəki çalışmalar yenidən güncəlləşməlidir. Və demokrat libaslı amma işğalçı zehniyyətli Ermənistan rəhbərliyinin, eləcə də, xunta rejiminin bu dəyərdən nə qədər uzaq olduğu, məhz işğal, vandalizm və digər beynəlxalq hüquqa zidd, birgəyaşayışa uyuşamayn hallar kimi dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır: xarici mətbuatdakı bir məqalə də, bir tele çıxış da, “onlayn konfrans” da, fundamental əsər də... növbəti addım olardı, ümumi işimizi qabağa aparardı.

Yəni, Prezidentin çıxışı, ismarıncları Tərtərdə qalmamalı, haqq etdiyi şəkildə, könlümüzcə olduğu kimi, işimizdə də yansımalı, çalışmalarımızda öz yerini tutmalıdır.

Komitə sədri vurğulayıb ki, Prezidentin faktoloji – adlar çəkib, ünvanlar göstərərək və olaylara danılmaz obyektivliklə münasibət sərgiləməsi siyasi, analitik, sosial təhlil mərkəzlərimizin, onların əməkdaşlıq etdiyi xarici tərəfdaşlarının müzakirələri, “beyin fırtınası” üçün əsaslar verir. 

Bəlli olduğu kimi, qondarma Dağlıq Qarabağ rejimində “prezident və parlament seçkiləri” məhz qlobal pandemiyanın geniş yayıldığı bir zamanda keçirildi. (Bu arada, “təntənələr”ə ailəsi ilə qatılan “demokrat qiyafəli, işğalçı zenhiyyətli Baş nazir” ailəsinin koronovirusa yoluxması da təsadüfi deyil yəqin ki...) – Bu “zamanlama” da, özünə geniş diqqət tələb edir. İşağlçılıq hirsi, cəzasılıq, üstəlik, bəzi güclər tərəfindən dəstəklənmələr xunta rejiminə əlavə güc verir, onlarda saymamazlıq hissini körükləyir, yalnız bölgəni deyil, bəşəri təhdid edən qanunsuz əməllərə, cinayətlərə sürükləyir... Fikir verin ki qlobal pandemiya dövründə keçirilən “seçkilər”də belə Qərb dövlətləri və AŞ PA adekvat reaksiya vermədi, daha doğrusu, səslərini belə çıxarmadı... Bu azmış kimi, “BBC” saxta “seçkilər”lə bağlı “Koronavirusun ortasında seçkilər” kimi manşeti uyğun gördü, üstəlik, bunu “cəsarət nümunəsi” şəklində təqdimə çalışdı. Qondarma xunta rejimində “prezident və parlament seçkiləri” zamanı insan həyatına, bəşəri təhlükəsizliyə bunca aşağılıq yanaşılması beynəlxalq erməni diaspor və lobbi güclərini heçmi düşündümədi, əcaba? – Bir çox güclərin, şəxslərin susqunluğu nəyin müqabilindədir, əcaba?! – Bəli, regionun böyük ölkəsi Rusiya Federasiyası belə Konstitusiya referendiumunu ertələdiyi, çox mötəbər beynəlxalq yarışların təxirə salındığı bir vaxtda – bir sözlə, dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən, xunta rejimi və havadarının pandemiyaya qarşı gərəkli önləyici tədbirlər almaması diqqətdən kənarda qalmamalıdır, əlbəttə.

Dövlət başçısının nitqində “azərbaycanafobiya” sözü dedi. Bu “fobiya”nın səbəbi nədir, əcaba? – Çox aydın bir cavab var: bizim uğurlar kimlərisə çox ciddi rahatsız edir, məkrli planlarını pozur, çətin duruma salır, əsəbləşdirir... Əslində necə olmalıydı? – Hər hansı əməli fəaliyyət sahəsində uğur qazanan, qitə təhlükəsizliyinə, iqtisadi sabitliyə, dialoqa, mədəniyyətə... Azərbaycan töhfələri zamanında, bugündə alqışlanmalı, bir sözlə, Azərbaycan haqq etdiyi müamiləni görməliydi. Bu olunca, işğalçı Ermənistanın haqsız mövqeyini, uzun illərə dayalı mütəşəkkil anti-Azərbaycan təbliğatını sıfırlamaq, münasibətləri ayarlamaq lazım olacaqdı... Belə olunca, qondarm rejimin “seçkilər”ini Avropa Şurası adından, haqq edilən şəkildə tənqid etməkdən çəkinilməyəcəkdi. Yəni bu olaylar zənciri, Azərbaycanla bağlı qısqanclığın, gözügötürməzliyin, “bunu da bacardılar”, “bunu da keçdilər”, “uğurları qaçınılmazdır”... kədərlərinin əlamətidir və öz ifadəsini “azərbaycanafobiya” şəklində tapır... – "Bu sözü hətta sıravi vətəndaşımız da desə, anlamlı olardı, ancaq məhz dövlət başçısının belə bir ümumiləşdirmə aparması, bizə qarşı olanlar haqqında güclü informasiyalara, intellektual təhlillərə əsaslanması ilə xüsusi yerə sahibdir. Bu xüsusilik həm də, vətəndaşlara, hər birimizə çağırışdır, yuxarıda da vurğuladığımız kimi, proqram xarakteri daşıyır. Bizlərin bu gün nəyi necə edəcəyimiz, kimlərlə hansı məsafədə olacağımız, fəaliyyətdə səmimiliyimiz, vətənpərvərlik qətiyyətimiz... özlüyündə o çağırışa cavab mahiyyətindədir.

Dövlət başçısı Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün ittihamların artıqlaması ilə onların özlərinə qaytarıldığını və hazırda bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından açıqlama gözlədiyini bildirdi. Cənab İlham Əliyev elə Avropa dövlətlərinin özündə polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən aşırı gücün, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin, hətta nümayişçilər sırasında öldürülənlər olduğunun müşahidə edildiyini dedi və eynən bu cümlələri işlətdi.

Bizim oxuduğumuz, bizim öyrəndiyimiz, bizim arzuladığımız və inandığımız Avropa belə Avropa ola bilməz..! Avropa Şurası rəhbərliyi bu uyğunsuzluğun, mandatlıykən mandatsızmış kimi davranmanın, başqa sözlə, daşıdğı mandatın gərəyini yerinə yetirməməyin aqibətini düşünməli, mənfi tendensiyaların, xoşagəlməz presedentlərin qarşısını nəhayət almalıdır.

Təsadüfi deyil ki, AŞ PA-Azərbaycan münasibətlərini şərh edən İlham Əliyev cənabları Avropa Şurasının Parlament Assambleyasının son vaxtlar Azərbaycana qarşı nifrət aşıladığını deyib, Şuranın nüfuzdan düşməsini faktlarla göstərib.

Son vaxtlar ABŞ-da kütləvi etirazların yaşanması faktına da toxunan cənab Prezidentin problemə münasibəti də, ümumdünya proseslərini, bu proseslər içində Azərbaycana yanaşmaları dair çıxarmalı olduğumuz nəticələr baxımından çox aktual və diqqətçəkicidir. 

Mən yenə cənab Prezidentin öz sözlərindən sitat gətirmək istərdim: - “ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir. Həmin səhnələrə baxdıqda məşhur Hollivud filmləri olan “Qara cəngavərin yüksəlişi” və “Coker” filmləri insanın gözü qarşısında keçir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir. Hadisələr zamanı internetdə jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmin hadisələri görməzdən gəlir”.

AŞ PA və ATƏT-in müvafiq strukturları Azərbaycana qarşı antipatiyasını heç cür gizlədə bilmir, “azərbaycanafobiya” ovqatından, daha doğrusu ovqatsızlığından qurtula bilmir. Bunun əsas səbəb nə ola bilər? – Səbəblərdən biri, cənab Prezidentin də vurğuladığı kimi, hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Elə bu əsilsiz fobiya yaxud fobiyalardır ki, AŞ PA-nı sırf “xristian klubu” kimi görmək istəyinlər söz sahibi kimi çıxış edir. Dövlət başçısı bunu Qərbin “beyin iflici” keçirməsi kimi xarakterizə etdi. – Qərbin özünün siyasi-hərbi “əsər”i olan “Ərəb baharı”nın acı nəticələri, o cümlədən, Suriya və Liviyadakı durumdan sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanın Qərb üçün nə demək olduğunu hər kəs gördü.

Azərbaycana qarşı AŞ PA-da antipatiyanın daha da “vüsət” almasının səbəblərindən biri, Prezidentin özünün də dediyi kimi, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsindən qaynaqlanır. Bu məğlubiyyəti sinirə bilməyən “azərbaycanfobiya”dan əziyyət çəkənlər, anti-Azərbaycan qüvvələri azğınlaşdı. Heç kəsə sirr deyil, ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində, tədbirlər keçirilərkən Azərbaycanı qaralamağa başlayanlar revanş havasında, istəyində idi.

AŞ PA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞ PA-da 2005-ci ildə qəbul edilmiş “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞ PA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞ PA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.

Bir sözlə, AŞ PA-Azərbaycan münasibətlərini təhlil edən Prezident, qurumun təməlini təşkil edən bəşəri, demokratik dəyərlərin məhz qurumun özü tərəfindən heç də bəşəri planda qəbul edilmədiyini göstərmiş oldu. Könül istərdi, bu sadə həqiqəti bütün vətəndaşalrımız bilsin ki, Azərbaycanda insan hüquq və azadlıqları əgər bir konyuktur hadisəsi deyilsə, o zaman Dilqəm Əsgərov, Şahbaz Quliyev məsələsi bizi qınayan qurum, quruluşların 2 saylı çağrışına dönüşməliydi; əgər dönüşmürsə, “ittihamçılar”ın iç üzü gizlədilməyəcək aədər aydın görünür...

Məncə, Prezidnetin Tərtər nitqi, bu həqiqəti bir daha təsdiq etmiş oldu ki erməni lobbisinin, islamofobların apardığı mütəşəkkil anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkün olmayacaq; Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcək. Bax, bu önəmli təsbiti bütün siyasi qüvvələrimiz qəbul etməli, sadə vətəndaşarlımız da bilməlidir. – Müstəqil respublikamızın dövlət mövqeyi Prezident səviyyəsində bir daha ifadə olundu ki Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz! Əks təqdirdə, AŞPA bundan sonra da respublikamızla siyasi əməkdaşlıq körpülərini yandırmaq siyasətini eyni qətiyətlə (əslində, bu sağlam qətiyyət yox, qətiyyətsizlikdir) davam etdirmək istəyirsə, bunun məsuliyyəti AŞPA-nın üzərindədir – bu seçimi AŞPA etmiş olur... Ancaq dünyanın indiki halında körpü yandırmaqdan daha çox körpü qurmaq daha məntiqli olardı...

Fikir verin, respublikamızın dövlət müstəqilliyi əldə etməsindən ötən 30 ilə yaxın müddət ərzində, yalnız xalqımız adına deyil, bölgə, qitə və dünya ünvanlı uğurlar qazanılıb, tərəfimizdən bəşəri töhfələr təqdim edilib. Bunlardan bəzisi haqqında yuxarıda danışdıq. Ən güncəl mövzu üzrə danışsaq, “COVID-19” qlobal pandemiyasına qarşı mübarizədə Azərbaycan önəmli bəşəri töhfələr verir. – Prezidentin öz mükəmməl sözləri ilə ifadə etsək, multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.

Məhz Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə pandemiya dövründə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə Zirvə Görüşləri keçirildi, bu görüşlərin sonucları bütün dünyaya bəllidir. Unutmayaq ki Türk Şurasının Virtual Zirvəsi mövzu üzrə dünya miqyasında, dövlət başçıları səviyyəsində ilk beynəlxalq məsləhətləşməydi. Unutmayaq ki Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq platformadır. Unutmayaq ki, hər iki Virtual Zirvədə Dünya Səhiyyə Təşkilatının (DST) başçısı da iştirak və çıxış etdi. Azərbaycanın qlobal pandemiya ilə mübarizə məqsədi ilə DST-yə ilkin olaraq 5 milyon, sonra daha 5 milyon dollar həcmində sanballı ianə ayırdığını, ümumən 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım etdiyini unutmaq olmaz.

Zirvələrdə iştirak və çıxış edən dövlət və hökumət başçıları, xarici işlər nazirləri, digər beynəlxalq qurumların, platformaların başçıları, təmsilçiləri öz iştirakları ilə, dövlətimizə, şəxsən dövlət başçımıza bəslədikləri inamı, etibar və etimadı göstərmiş oldu.

Başqa bir xüsusa diqqətinizi cəlb edim. – Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında önəmli yerə sahib olması, həyata keçirdiyimiz beynəlxalq infrastruktur layihələri də unudulmamlıdır.

Özünəməxsus inkişaf yolu və strategiyası olan Müstəqil Azərbaycan Respublikası dünyada artıq “orta miqyaslı” ölkə kimi tanınır. – Yəni, ərazimizin kiçik olmasına baxmayaraq, apardığımız uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə önəmli, danılmaz töhfələr veririk.

Bu planda, uğurlu regional enerji və infrastruktur layihələri ilə ümumən Avropanın enerji təhlükəsizliyinə, qitənin davamlı inkişafına verdiyimiz töhfələr gözardı edilə bilməz. Azərbaycan paytaxtının dəfələrlə Rusiya və NATO arasında dialoqun aparıldığı şəhər olaraq seçilməsi də təsadüfi deyil.

Bütün bu və bənəzri olaylar, tədbirlər ölkəmizin nüfuzundan xəbər verir; görünür, məhz belə davamlı uğurlar, qətiyyətli addımlar da öz növbəsində “azərbaycanafobiya” qüvvələri bərk rahatsız edir".(Trend.az)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov: 

- Dağlıq Qarabağ münaqişəsi 30 ilə yaxındır ki, uzanır, amma sülh danışıqlarında konkret bir nəticə yoxdur. Dövlət başçısı öncə irsimizə sahib çıxmağın zəruri olduğunu qeyd edir. Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı 1918-ci ildə baş verən hadisələrə bir daha münasibətini bildirdi, çünki tarixdən ibrət dərsi götürməliyik. 1918-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvan o şərtlə ermənilərə paytaxt olaraq verilmişdi ki, ermənilər Azərbaycanın başqa torpaqlarına iddia etməsinlər. Amma İrəvandan sonra ermənilərin iştahası daha da artdı. Ermənistanın hazırkı ərazisi bütövlükdə Qərbi Azərbaycan torpaqlarıdır. Qədim Azərbaycan torpaqlarında qondarma Ermənistan dövlətini yaratmış ermənilər indi də işğal etdikləri Qarabağ və ətraf rayonlarda ikinci dövlət yaratmaq istəyirlər. Təbii ki, biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik. Çünki ermənilər artıq bir dəfə torpaqlarımızda öz dövlətlərini yaradıblar, daha doğrusu, bu dövləti onlar üçün yaradıblar.

Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyi ilə bağlı Avropa strukturlarının, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının qətnamələri, qəbul etdikləri sənədlər var. Amma çox təəssüf ki, Ermənistan indiyə qədər bu qətnamələrdə, sənədlərdə əksini tapan tələbləri yerinə yetirilməyib, hələ də torpaqlarımız işğal altındadır. Bu gün beynəlxalq hüquq işləmir, beynəlxalq hüquq güc hüququdur. Azərbaycan bu aspektdə hücum diplomatiyasına və hərbi gücünün artırılmasına diqqət yetirir, bundan sonra da bu siyasət davam edəcək. Diplomatiya arxasında güc olduqda daha çox effekt verir. Şükürlər olsun ki, Azərbaycan diplomatiyasının arxasında çox böyük güc var, çox güclü orduya malikik. Ordumuz bundan sonra da güclənəcək. Ermənistan kimi qonşusu olan bizlərin zəif olmağa haqqı yoxdur.

Azərbaycan istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Ermənilərin həyasızlığı o səviyyəyə çatıb ki, hətta bu yaxınlarda Dağlıq Qarabağda qondarma “seçkilər” keçirdilər və özlərinə qondarma bir “prezident” seçdilər. Hətta qondarma bir inaqurasiya şousu da təşkil etdilər. Beynəlxalq təşkilatların tam əksəriyyəti bu “seçki şousu”nu qınadılar, qondarma “seçkilər”i qəbul etmədilər. Çünki nə daxili, nə də beynəlxalq hüquq baxımından bu seçkilərin heç bir əhəmiyyəti yoxdur. Amma Avropa Şurası həmişə olduğu kimi bu məsələdə də susqun qaldı. Ümumiyyətlə, Avropa Şurası həmişə Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam edir. Azərbaycan da, Ermənistan da Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Necə ola bilər ki, Avropa Şurasının üzvü olan Ermənistan bu qurumun üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal edir, amma Avropa Şurası buna münasibət bildirmir?

Nikol Paşinyan hakimiyyətə gələn zaman həmin vaxta qədər Ermənistanda keçirilən bütün seçkilərin qanunsuz olduğunu bəyan edib. Halbuki Avropa Şurası Ermənistanda həm Robert Köçəryan, həm Serj Sərkisyanın prezident seçildiyi seçkiləri, həm də o dövrdəki parlament seçkilərini legitim saymışdı. Avropa Şurası Nikol Paşinyanla bağlı seçkiləri də legitim saydı, amma Paşinyan dedi ki, indiyə qədər keçirilən seçkilərin hamısı saxtadır. Özünə hörmət edən təşkilat hər halda bu bəyanata münasibət bildirməli idi, bildirmədi. Ona görə də Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi sənədlərin bizim üçün heç bir əhəmiyyəti yoxdur, kağız parçasından başqa bir şey deyil. Yeri gəlmişkən, onlar qəbul etdikləri sənədlərin icrası ilə də maraqlanmırlar.

Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağlı qərar qəbul edib: “Ancaq bu məhkəmənin qərarı icra edilməyib və Avropa Şurası bununla bağlı münasibətini də ortaya qoymayıb. O cümlədən Avropa Şurası Parlament Assambleyasında 2005-ci ildə "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə qəbul edilib. Bu sənəddən irəli gələrək, yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir? Sadəcə, Avropa Şurası Azərbaycan və Ermənistan arasında bir balans yaratmaq, özünü “heç kim inciməsin” prinsipi ilə aparması doğru deyil. Avropa Şurasından bu günə qədər “Ermənistan işğalçıdır” sözünü eşitmədik. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çox yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. İşğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir.

Erməni tarixçisi Qevorq Aslanın 1914-cü ildə “Ermənistan və ermənilər” kitabıda yazır ki, ermənilərin heç zaman öz dövləti olmayıb, ona görə də ermənilərdə vətən hissi və vətənpərvərlik yoxdur, ermənilər üçün vətən yalnız coğrafiya anlayışıdır. Yəni, erməni tarixçisi etiraf edir ki, nəinki Qafqazda, başqa yerdə də ermənilərin öz dövlətləri olmayıb. Türkmənçay və Gülüstan müqavilələrindən sonra ermənilər 19-cu əsrin əvvəlində İran və Anadoludan İrəvana, Dağlıq Qarabağa və digər Azərbaycan torpaqlarına  köçürülüblər. Ermənilərin dövlət yaratmaq istəyirdilər və çox təəssüf ki, bu süni dövləti də qədim Qərbi Azərbaycan torpaqlarına yaratdılar. Nəticədə də əziyyətini də biz çəkirik. Ermənilərin riyakarlığı, ikiüzlülüyü sərhəd bilmir və faşist mahiyyətlərini davam etdirir. Ermənistanda hakimiyyət dəyişsə də, bu dövlətin terrorçu mahiyyəti dəyişməyib. Ermənilərin bir şairi Egisi Çares deyir ki, bizdə riyakarlıq və ikiüzlülük ana bətnində baş verir. Bu, erməni şairinin öz xalqı, qəbiləsi barədə fikridir. İndi ermənilərin başında duran Baş Naziri də riyakarlığın, ikiüzlülüyün və digər mənfi keyfiyyətlərin daşıyıcısıdır. Belə birisi də həqiqi danışıqlar aparmaq gücündə deyil. Ona görə də ermənilər həmişə hiss etməlidirlər ki, Azərbaycanın güclü ordusu var. O ordu bir gün torpaqlarını işğaldan azad edəcək. İqtisadiyyatımız, ordumuz nə qədər güclənəcəksə, torpaqlarımızın işğaldan azad ediləcəyi gün o qədər yaxınlaşacaq.(APA)

Milli Məclisin üzvü Tural Gəncəliyev:

- Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament “seçkilər”ini əksər beynəlxalaq təşkilatlar pislədiyi halda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu məsələyə münasibət bildirməməsi sözügedən qurumun iç üzünü bir daha dünyaya göstərdi.

Koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda Dağlıq Qarabağda təşkil olunan “seçki” şousu ən kəskin formada, ədaləti və insan hüquqlarının qorunmasını özünün ali dəyərləri sayan AŞ PA tərfindən tənqid olunmalı idi.

Avropa Şurası Parlament Assambleyası ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfini dəstəkləmək yolunu tutub. Belə olan halda bu qurum hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan danşa bilər?.

AŞ PA ikili standartlara daha çox rəvac verən bir platformadır. Əgər belə deyilsə, AŞ PA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır? Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası istiqamətində neçə illərdir ki, bir addam belə atmır? Hesab edirəm ki, bu məsələlərə aydınlıq gətirilməlidir.(Trend.az)

Mlli Məclisin üzvü Sevil Mikayılova:

- Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonuna səfəri zamanı söylədiyi nitqində bir daha diqqəti AŞ PA-nın Azərbaycana qarşı qərəzli mövqeyinə çəkməklə bu təşkilatın yarıtmaz fəaliyyətinə obyektiv qiymət vermiş oldu. Düşünürəm ki, bu, bir daha kimin kim olmasını, milli maraqlarımıza qarşı kimin qərəzli mövqe tutduğunu dərk etməmiz baxımından olduqca vacib idi.

Qərəzli qərarlar istehsal etməsi, hadisələrə və proseslərə situasiyaya uyğun subyektiv prizmadan verdiyi qiymətləndirmələr və həqiqətdən uzaq bəyanatlar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) siyasi reputasiyasına ciddi təsir göstərə bilər.

Bərabərhüquqlu əməkdaşlıq, demokratiya, mədəniyyətlərarası dialoq, sülh və təhlükəsizlik kimi dəyərlərin artıq AŞ PA daxilində zəifləməsi müşahidə olunur:

AŞPA hazırda müxtəlif dairələr tərəfindən idarə olunan, fərdlərin siyasi manipulyasiyası üçün əlverişli platforma təəssüratı yaradır.

Xüsusilə, Azərbaycana qarşı fobiya meyillərinin də durmadan artdığının şahidiyik. Sirr deyil ki, AŞ PA ikili standartların ən geniş vüsət aldığı regional təşkilata çevrilməkdədir və təəssüf ki, 20 ildən artıqdır ki, Azərbaycana qarşı iş aparan müəyyən qüvvələrin siyasi həmfikri kimi çıxış edir.

Təşkilatın Azərbaycana qarşı antipatiyası açıq-aydın şəkildə müşahidə olunur və bu, artıq kampaniya formasını alıb. Azərbaycanın beynəlxalq səviyyədə qazandığı uğurlar və nüfuzlu təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi tanınması və qəbul olunması görünür ki, AŞ PA-da kəskin qıcıq və etiraz yaradır. Vaxtaşırı qəbul olunan əsassız bəyanatların da mahiyyətində məhz bu amil dayanır.

Məsələn, AŞ PA-nın Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı nümayiş etdirdiyi qərəzli mövqe bir daha təşkilatın ölkəmizə qarşı idbar məqsədini nümayiş etdirib.

2020-ci il fevralın 9-da baş tutmuş seçkilərlə bağlı yanvarın 30-da, vaxtından əvvəl, tələm-tələsik, qərəz və kin dolu qiymət verilməsi AŞ PA-nın Azərbaycana qarşı məramını açıq şəkildə göstərir.

Azərbaycanda baş verən proseslərə bu qədər “canıyananlıq” edən təşkilat nədənsə Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə, onların elementar insan hüquqlarının pozulmasına, beynəlxalq hüququn ayaqlar altına atılmasına biganədir.

Eyni zamanda, Ermənistan tərəfindən girovluqda saxlanılan və işgəncələrə məruz qalan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin də taleyi nə üçünsə Azərbaycanı "diqqətdə saxlayan" AŞ PA-nı narahat etmir. Belə olan halda AŞ PA-nın qərəzsiz olduğunu qəbul etmək olarmı? Əlbəttə yox. Buna görə də AŞ PA-da müşahidə olunan anti-Azərbaycan meyillər, qərəz və kin dolu bəyanatlar Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar yaradır və təşkilat artıq ölkəmizdə də nüfuzunu itirməkdədir.(Trend.az)

Milli Məclisin üzvü Hikmət Babaoğlu:

- Avropa Şurası beynəlxalq təşkilatlar içərisində ən qərəzli, ən qeyri-obyektiv təsisatlardan biridir.

Bu təşkilat insan hüquqlarının qorunmasını öz fəaliyyətinin prioritet istiqaməti hesab etməsinə baxmayaraq, heç də bu prinsiplərin əsas meyar olduğunu nümayiş etdirə bilmir

Xüsusilə, ayrı-ayrı ölkələrə münasibətdə ikili yanaşmalar sərgiləyərək subyektiv qərarlar qəbul edir. Bu qərarlar bəzən o dərəcədə qərəzli olur ki, bunu yalnız qarayaxma hesab etmək olar. Təəssüf ki, Azərbaycana münasibətdə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) daim qərəzli olub. Ölkəmizdə baş verən demokratik-siyasi proseslərə həmişə qara eynəklə baxıb. Hətta bir çox hallarda işğalçı Ermənistanı dəstəkləməklə demokratik prinsiplərə və beynəlxalq hüquqa hörmətsizlik edib.

Halbuki, beynəlxalq universal hüquq və ondan doğan insan hüquq və azadlıqlarının qorunması Avropa Şurasının fəaliyyətinin əsas qayəsini təşkil etməlidir. Əgər belə olmasaydı, bu ilin mart ayının 31-də qondarma Dağlıq Qarabağ rejiminin keçirdiyi saxta “seçkilər”ə özündə cəsarət tapıb ədalətli qiymət verməyi bacarardı. Ancaq AŞ PA bunu etmədi. Çünki daim ermənipərəst, islamafob mövqedən çıxış edir.

Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlər qondarma rejimin saxta “seçki” şousunu tanımadıqlarını bəyan etsələr də, AŞ PA bu barədə heç bir mövqe bildirmədi.

Ona görə də Azərbaycan ictimai rəyində bu təşkilatın heç bir nüfuzu yoxdur. Tam əksinə, onun qərəzli və ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bir təşkilat olması rəyi mövcuddur. Bu da, əlbəttə, səbəbsiz deyil. Çünki hamı açıq şəkildə görür ki, AŞ PA içərimizdə olan 5-ci kolona dəstək verir. Bütün hesabatlarını onların verdiyi yalan məlumatlar əsasında hazırlayır. Azərbaycanın demokratik və hüquqi dövlət imicinə zərbə vurur. Bununla da birbaşa və dolayısıyla işğalçı Ermənistana beynəlxalq ictimai rəydə dəstək vermiş olur. Halbuki, dünyada insan hquq və azadlıqlarının ən çox pozulduğu, parlamentin gülləbaran edildiyi, terrorun dövlət siyasəti halına gətirildiyi ölkə, Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox insanı qaçqın və məcburi köçkün halına salaraq onların təməl hüquqlarını pozan Ermənistandır".

Ermənistan dövlət deyil, yaxşı təşkilatlanmış terror təşkilatıdır. Ancaq Avropa Şurası bütün bunları görmür. Azərbaycana gəldikdə isə heç bir əsası olmayan qərəzli qərarlar qəbul edir, insan hüquqlarının pozulduğunu iddia edir. Ona görə də AŞ PA-nın ölkəmizlə bağlı qəbul etdiyi hər hansı qərar qərəzli və yalan olduğu üçün adi kağız parçası qədər dəyərsizidir.

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonuna səfəri zamanı söylədiyi nitqində bir daha diqqəti AŞ PA-nın Azərbaycana qarşı qərəzli mövqeyinə çəkməklə bu təşkilatın yarıtmaz fəaliyyətinə obyektiv qiymət vermiş oldu. Düşünürəm ki, bu, bir daha kimin kim olmasını, milli maraqlarımıza qarşı kimin qərəzli mövqe tutduğunu dərk etməmiz baxımından olduqca vacib idi. (Trend.az)

Milli Məclisin üzvü Məlahət İbrahımqızı:


- Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. O cümlədən dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında da vasitəçi kimi çıxış etmiş Azərbaycanın nüfuzu ermənipərəst, azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz. Prezident İlham Əliyev də iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Avropa Şurasının timsalında Azərbaycanın artan nüfuzuna qısqanc münasibətə diqqət çəkdi. 

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qondarma xunta rejiminin keçirdiyi saxta “prezident və parlament seçkiləri”ni heç bir dövlət tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınayıb. Ancaq Avropa Şurası həmin beynəlxalq təşkilatların sırasına qoşulmayıb: “Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev bütün təhdid və təzyiqlərə qarşı qətiyyətli mövqe ortaya qoyur, müstəqil siyasət həyata keçirir. Ona görə ermənipərəst Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı.

1992-ci ildən bu günə qədər Ermənistan dövlət başçılarının Azərbaycana qarşı təcavüzkarlıq, status-kvonu qorumaq, torpaqların işğalını qanuniləşdirmək cəhdi, o cümlədən beynəlxalq aləmdə humanitar dövlət imici ilə tanınmağa çalışmaq məsələsində eyni mövqeyə malik olublar. O cümlədən hər zaman Azərbaycanı təxribata çəkməklə işğalçılıq və təcavüzkarlıq siyasətlərini ört-basdır etməyə cəhd ediblər. Çünki bir çox beynəlxalq təşkilatların sənədlərində Ermənistan işğalçı dövlət kimi əksini tapır. Martın 31-dəki işğal olunmuş ərazilərimizdəki “seçki şousu” da növbəti təxribat xarakterli hərəkət idi. Azərbaycan övladları torpaqlarını işğaldan qorumaq uğrunda şəhid olublarsa, Ermənistanda anaların övladları işğalçılıq siyasətinin qurbanı olublar. Təcavüzkar Ermənistan və qondarma rejimin rəhbərləri bilirlər ki, gec-tez həmin analar övladlarının Azərbaycan torpaqlarının işğalı uğrunda ölmələrinə görə ayağa qalxacaqlar. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda yoxsulluq yüksək səviyyədədir, xalqın durumu ağırdır. Hakimiyyətə gələrkən böyük vədlər verən, ancaq bu vədlərini həyata keçirməkdə aciz qalan, o cümlədən Qarabağ məsələsinin ona aidiyyatı olmadığını, Ermənistanın problemlərinin həlli ilə məşğul olacağını bəyan edən Nikol Paşinyan isə belə təxribatlarla xalqın başını qatmağa çalışır.

Azərbaycanın koronavirus pandemiyasına qarşı uğurla mübarizə apardığını, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq bu dövrdə də sosial layihələrin həyata keçirilməsində heç bir ixtisara yol verilmədiyini söyləyən M. İbrahimqızı Prezident İlham Əliyevin iştirakı ilə bir çox müəssisə və obyektlərin açılışının həyata keçirildiyini qeyd edib. Prezident İlham Əliyevlə birlikdə Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyəti, humanitar sahədə təşəbbüsləri də göz önündədir Prezident İlham Əliyevin sərhəd bölgəsinə səfəri, bir sıra obyektlərinin açılışında iştirak etməsi və mesajları təbii ki, KİV-lər və sosil şəbəkələr vasitəsi ilə işğalçı dövlətin rəhbərliyi və erməni xalqı tərəfindən də izlənir. İşğalçı dövlətin büdcəsi əsasən erməni lobbisi və Azərbaycan torpaqlarının işğalında maraqlı olan Ermənistanın havadarlarının dəstəyi ilə formalaşır. Lakin bu dəstək hesabına formalaşan büdcə də erməni xalqının sosial problemlərinin həlli üçün yetərli deyil, Ermənistan daxilində sosial narazılıq artır. Azərbaycanın uğurlu inkişafı fonunda Ermənistanda yaranan bu durum isə Ermənistanın havadarlarını da narahat edir .

Ermənipərəst qüvvələrin fəal olduğu Avropa Şurası Azərbaycana münasibətdə hər zamani kili standartlardan çıxış edir, 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarını görməzdən gəlir, ancaq zaman-zaman ölkəmizdə qanun çərçivəsində atılan bir sıra addımları insan hüquqlarının pozulması kimi qələmə verməyə çalışır. ABŞ-da qara dərililərlə bağlı son olay qarşısında əsas missiyası insan hüquqlarını qorumaq olan Avropa Şurasının susqunluğu bir daha bu təşkilatın riyakarlığını, insan hüquqları, söz və ifadə azadlığının sadəcə, bir sıra dövlətlərə təzyiq etmək üçün bir vasitə olduğunu təsdiqlədi. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının Ermənistanın işğalçılıq siyasətinə qəti münasibət bildirməməsi, işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insanın hüquqları pozulmasına susması da təsadüfi deyil. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən seçki şousuna münasibət bildirməməsi də qərəzli və riyakar mövqeyini göstərir.

Koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət Azərbaycanın ləyaqətli dövlət olduğunu bir daha nümayiş etdird. Yeri gəlmişkən, Avropa ölkələrində koronavirus pandemiyası başlayan zaman Çindən Almaniyaya göndərilən tibbi ləvazimatlar Avropanın digər ölkəsi tərəfindən oğurlandı. İtaliya və İspaniyaya pandemiyanın ağır dövründə Avropa İttifaqının  digər inkişaf etmiş ölkələri yardımlarını əsirgədilər. Digər tərəfdən, son dövrlər Avropa ölkələrində aksiyalara zorakı münasibət də göz önündədir. Ancaq bu hallarda da Avropa Şurası susub. Bütün bunlar göstərir ki, həmin dövlətlər bizə nümunə ola bilməz. Digər tərəfdən, koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan addımlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə ilk dəfə videkonfrans formatında Türk Şurasının, 120-dən artıq dövləti öz sıralarında birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri keçirildi, qlobal çağırışlara birgə cavab verilməsi təşəbbüsü ortaya qoyuldu. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə BMT Baş Katibinin müraciətinin səslənməsi, videkonfrans formatındakı bu tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Avropa İttifaqı və Afrika İttifaqının ali nümayəndələrinin iştirakı Prezident İlham Əliyevin nüfuzunun, Azərbaycana münasibətin göstəricisidir.  Azərbaycan kiçik ölkə olsa da, koronavirus pandemiyası ilə mübarizədə 20-ə yaxın ölkəyə yardım göndərib, üç beynəlxalq təşkilata maliyyə ayırıb. Bütün bunlar bir daha Azərbaycanın dünyanın ən humanist və ən sülhpərvər dövlətlərdən biri olduğunu təsdiqləyir. Bu aspektdə Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə çalışır, münaqişənin sülh yolu həlli imkanlarının hələ tükənmədiyini bildirir. Baxmayaraq ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordusudur, Azərbaycan ordusunun gücünü 2016-cı ilin aprelində bütün dünya, işğalçı Ermənistan və ermənilərin havadarları gördü, biz münaqişənin sülh yolu ilə həllinə cəhd edirik.  Bunun özü də sülhə bir töhfədir.

Uğurlarımız Ermənistan və Ermənistanı dəstəkləyən dövlətləri daha da qıcıqlandırır.  Müxtəlif yollarla təzyiq cəhdinə baxmayaraq, Prezident İlham Əliyev hər zaman bu təzyiqləri dəf edib, Dağlıq Qarabağ məsələsində güzəştə gedilməyəcəyini, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını bəyan edib. Bu, birmənalı və qəti mövqedir. Buna görə də Avropa Şurası kimi qurumlar, dairələr Azərbaycana qarşı ikili standartlardan çıxış edir, riyakar mövqe ortaya qoyur. Ümumiyyətlə, Azərbaycana tarix boyu təzyiqlər olub və ayrı-ayrı mərhələlərdə güzəştə gedilib. Amma Prezident İlham Əliyev birmənalı olaraq Dağlıq Qarabağ məsələsində güzəştə gedilməyəcəyini, bir qarış torpaqdan da vaz keçilməyəcəyini bəyan edib. (APA)

Milli Məclisin üzvü Nizami Səfərov:

- Azərbaycanın əzəli və əbədi ayrılmaz tərkib hissəsi olan, hərbi təcavüz nəticəsində müvəqqəti işğal altına düşmüş Dağlıq Qarabağda dünyanın heç bir dövləti və heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayan saxta “seçkilərin” keçirilməsi və “inauqurasiya” şousu istər separatçı xunta rejiminin, istərsə də onlardan heç də geri qalmayan Ermənistan hakimiyyətinin növbəti dəfə iç üzünü göstərdi. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya Federasiyası xunta rejimi tərəfindən keçirilən “seçkiləri” və “onun nəticələrini” tanımadıqlarını bəyan etdilər. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və bir sıra nüfuzlu beynəlxalq təşkilatlar qanunsuz “seçkiləri” qınadı. Bu isə öz növbəsində bir daha əyani şəkildə göstərdi ki, təməlində etnik təmizləmələr, soyqırım, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər duran və Dağlıq Qarabağ erməniləri tərəfindən “formalaşdırılan” marionet rejimin özünə “leqitimlik” qazandırmaq çəhdləri tamamilə iflasa uğramışdır.  

28 fevral 1938-ci ildə Adolf Hitler alman bundestaqındakı çıxışında Çexoslovakiyanın Sudet vilayətində alman azlığının hüquqlarının pozulmasını bəhanə gətirərək, bunun ağır nəticələri barədə xəbərdarlıq edib.

Avstriyanın Almaniyaya birləşdirilməsindən (anşlüsundan)  sonra Hitler Üçüncü Reyxin “hətta başqa dövlətlərin vətəndaşları olan almanların müdafiəçisi olması” və “alman azlığına işgəncələr verilməsi və onların məhv edilməsi” təhlükəsi ilə üzləşdiklərini bəhanə gətirərək suveren dövlət olan Çexoslovakiyanın Sudet vilayətinin işğalina əmr verib: “Burada Dağlıq Qarabağla müqayisədə bir çox oxşarlıqlar var.

Faşist Almaniyasının metodlarını və ritorikasını yüksək səviyyədə məniməsyən işğalcı Ermənistan beynəlxalq münasibətlərdə və beynəlxalq hüquqda tamamilə qəbul edilməyən bir tərzdə olan davranış nümayiş etdirir. Əfsuslar olsun ki, Nizamnaməsinin 3-cü maddəsində qanunun aliliyi prinsipinin rəhbər tutulmasını bəyan edən Avropa Şurası, Dağlıq Qarabağda baş verən açiq-aşkar hüquqa zidd hərəkətlərə reaksiya verməmişdir. Bu təşkilat və onun onun aparıcı qurumlarından olan Parlament Assambleyası susmağa üstünlük verərərk, dağıdıcı separatizmə açıq-aşkar dəstək nümayiş etdirdilər.

Avropa Şuraşısının ikili standartlarla çıxış etməsı, onun anti-Azərbaycan meylləri ölkəmizin ictimayyətini təəcübləndirməməlidir, Azərbaycana qarşı ədalətsiz münasibət bu taşkilatın əsas davranış xəttinə çevrilmişdir. Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən strateji kursun nəticəsi olaraq dövlətimiz demokratiya yolu ilə inamla addımlayır, beynəlxalq təhlükəsizliyə, beynəlxalq iqtisadi inkişafa, insan hüquqları və əsas azadlıqlarının qorunmasına mühüm töhfələr verir.(APA)

Milli Məclisin üzvü Nəsib Məhəməliyev:

- Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışında bir çox məsələlərə aydınlıq gətirdi. Dövlət başçısının xarici siyasətlə bağlı səsləndirdiyi fikirlər Azərbaycan xalqının eşitmək istədiyi fikirlərdir və tam reallığı əks etdirir.  

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas vəzifəsi insan hüquq və azadlıqlarını qorumaqdır. AŞPA Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü ilə bağlı kifayət qədər prinsipiallıq göstərmədi. Əksinə, Avropa Şurası son 20 ildə Azərbaycana qarşı qərəzli münasibətini sistemli olaraq biruzə verdi. Bu da Avropa Şurasının daxilindəki ermənipərəst qüvvələrin, o cümlədən bu coğrafiyada Azərbaycanın ən güclü dövlət olmasını arzulamayan dairələrin apardığı təbliğatın nəticəsidir. AŞPA Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşır. Ermənistanda keçirilən prezident seçkilərindən sonra dinc aksiyaçılara qarşı polis və hərbçilərin zorakılıqlar nəticəsində 38 nəfər dünyasını dəyişmişdi. Ancaq  buna baxmayaraq, çox təəssüflər olsun ki, AŞPA Ermənistanda keçirilən seçkilərə müsbət rəy verdi.

BMT tərəfindən qəbul edilmiş Azərbaycanın torpaqlarında, işğal edilmiş ərazilərimizdə də bir müddət əvvəl qondarma “seçki şousu” təşkil edilib. Ancaq əksər beynəlxalq təşkilatlardan fərqli olaraq, AŞPA bu “seçki şousu” qarşısında susqunluq nümayiş etdirdi. Bu da ikili standartlardan və xristian təəssübkeşliyindən irəli gəlir. Avropa Şurası heç vaxt işğalçını öz adı ilə çağırmadı. 1 milyon qaçqın və köçkünümüz bir tərəfdə qalıb, Azərbaycan daxilindəki "beşinci kolon"un nümayəndələrinə, dağıdıcı qüvvələrə isə dəstəklərini əsirgəmirlər. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər” beynəlxalq hüquqa zidd olmaqla bərabər, həm də koronavirus pandemiyası ərəfəsində keçirildi. Əslində digər beynəlxalq təşkilatlardan da öncə məhz Avropa Şurası bu qondarma “seçkilər”i tanımadığı barədə bəyanat verməli idi. Digər tərəfdən, dünyanın faşizm ideologiyası ilə mübarizə apardığı bir dövrdə Ermənistanın paytaxtında Hitlerlə yaxından əməkdaşlıq edən, dinc insanlara qarşı kütləvi qırğınlarda iştirak edən Qaregin Njdeyə böyük bir abidə qoyulub. Avropa məkanında bu kimi hallara qarşı qəti mövqe ortaya qoyan Avropa Şurası Ermənistanda Qaregin Njdeyə böyük bir abidə qoyulması qarşısında da susur. Azərbaycan bu məsələni dəfələrlə qaldırsa da, buna münasibətdə də ikili standartlar nümayiş etdirilir.

Bütün bu səbəblərdən Azərbaycan xalqı Avropa Şurasına olan ümidlərini itirir. Avropa Şurası fəaliyyətini gözdən keçirməli. Azərbaycana qarış ədalətli mövqe sərgiləməlidir. O da nəzərə alınmalıdır ki, dünyanı bürüyən koronavirus pandemiyasında Azərbaycan bir çox ölkələrə yardım edib, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan digər ölkələrə nümunə olaraq göstərilib. Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə videokonfrans formatında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, daha sonra Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri təşkil edilib. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə BMT Baş katibinin müraciəti səslənib, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının Ali komissarı iştirak edib. Bunların fonunda Avropa Şurasının mövqeyi haqlı olaraq Prezident İlham Əliyevi və Azərbaycan xalqını qane etmir. Avropa Şurası Azərbaycana münasibətdə ədalətli mövqe ortaya qoymalıdır. (APA)

Milli Məclisin üzvü Tahir Kərimli:

- Prezident birinci olaraq qondarma rejimin 31 mart tarixində keçirdiyi prezident və parlament seçkiləri və həmçinin 14 aprel tarixində keçirdiyi prezident seçkilərinin ikinci mərhələsi ilə bağlı məsələlərə toxunub və bildirmişdi ki, bu seçkilər şou və təlxəklik tamaşası olub.

Dünyanın heç bir dövləti xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya da bu seçkilərin nəticələrini tanımayıb. Eləcə də Avropa Parlamenti, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra başqa beynəlxalq təşkilatlar bu qondarma seçkilərin nəticələrini qəbul etməyib. Amma yeganə səssiz qalan Avropa Şurası olmuşdur. Mən özüm parlametdə iki dəfə Avropa Şurası ilə bağlı çıxış etmişəm və bildirmişəm ki, bu təşkilatla bağlı önləyici tədbirlər görmək lazımdır. Avropa Şurası əslində bir xristian klubudur və onun işi islam dövlətlərinin ləkələməkdir. Misal üçün, biz Avropa Şurasına daxil olan zaman qarşımıza qoyulan məsələlərdən biri cinsi azlıqların müdafiəsi idi. Qarşımıza bu və bu kimi axmaq tələblər qoyulmuşdu. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bağlı bəzi öhdəliklər götürdük. Biz bu öhdəliklərimizi daima yerinə yetirdik, amma Ermənistan heç bir vaxt öz öhdəliklərini yerinə yetirmədi. Eyni zamanda Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə də heç bir reaksiya verilmədi. Əslində monitorinqlər keçirmək, buna reaksiya vermək bu təşkilatın birinci dərəcəli vəzifəsidir. Ona görə də cənab Prezident bu məsələlərə toxunub və bildirirdi ki, doğrudanda Avropa Şurası ölkəmiz haqqında saxta, uydurma məruzələr hazırlamaqla məşğuldur. Həmçinin "beşinci kalonun" Azərbaycan dövlətinə qarşı yönəltməkdən başqa bir iş görmür.

Bu görüşdə cənab Prezident çox gözəl bir məsələni vurğuladı. Deyir ki, Avropa qitəsində insan hüquqları ilə bağlı yüz illərlə çox gözəl ənənələr formalaşıb. Amma göz görə-görə Avropa Şurası buna əməl eləmir. Xocalı soyqırımı və yüz minlərlə Azərbaycanlı məcburi köçkünü ilə bağlı məsələlərdə səsi çıxmır yaxud görməzlikdən gəlir.

Prezident görüşdə çıxışında da xüsusi qeyd etmişdi ki, indi Avropa dövlətlərində, Qərbdə polisin özü nümayişçilərə qarşı hədsiz zor tətbiq edir, hətta onları döyür, gözlərin çıxarılması halları mövcuddur, kütləvi surətdə həbslər keçirilir, amma yenə də onlar susurlar. Bəs Avropa Şurası necə insan hüquqlarını qoruyan təşkilatdır ki, bu hadisələrlə maraqlanmır. Ona görə də mən düşünürəm ki, Prezidentimiz tamamilə haqlıdır və hesab edir ki, bu seçkiləri təşkil edəndə Dağlıq Qarabağın qondarma rəhbərliyi deyil, Ermənistan, onun rəhbərliyidir.

Azərbaycan koronavirus pandemiyasının geniş yayıldığı dövrlərdə özünün necə insanpərvər olduğunu bir daha göstərdi. Pandemiya dövründə Dağlıq Qarabağda qondarma seçki keçirilir və BBC onu pandemiya dövründə bir qəhrəmanlıq kimi qələmə verir. Bu bir daha onların xristian təəssübkeşliyini göstərir. Sanki Ermənistan Azərbaycana deyil, Azərbaycan Ermənistana təcavüz edib. Avropa ölkələri, dünya nəinki 30 il, heç 30 dəqiqədə dözməzdi. Azərbaycana olan bu düşmən münasibət bir daha ortalığa çıxır. Xatırladım ki, 2001-ci ildə Ermənistan və Azərbaycan bir yerdə Avropa Şurasına daxil olub. Gördüyünüz kimi Ermənistana münasibətdə necə bir mövqe sərgiləyir.

Cənab Prezident bunu da qeyd edir ki, AŞPA-nın 324 əsas üzü var, amma çox vaxt səs vermədə onlardan heç 3-də 1-ndən çoxu iştirak etmir.

Misal üçün, Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatına cəmi 69 nəfər səs verib. Yaxud komplementar prosedurla bağlı qətnaməyə cəmi 163 nəfər səs verib. Cənab Prezident belə hesab edir ki, AŞPA 20 ildən artıqdır ki, bizə qarşı qərəzli, ögey mövqeyini davam etdirir və ləkələmə siyasəti aparır.

Məlum görüşdə ölkə başçısı Amerikada baş verən kütləvi etirazlara da toxundu. ABŞ-ın Minneapolis şəhərində nəfəs ala bilmirəm deyərək qaradərili Corc Floydun ölümü ilə bağlı kütləvi ixtişaşlar başlayıb.

Bunu cənab Prezident “Qara cəngavərin yüksəlişi” filmindəki səhnələrlə müqayisə edib. Doğrudan da Amerikada hələ də qaradərililərə qarşı sistematik nifrət var. Təsəvvür edin ki, mayın 26-dan bəri keçən müddətdə nümayişlərdə iştirak edən 11 mindən artıq insan həbs olunub, 16 nəfərdən artıq adam ölüb, amma elə bil ki, bu hadisələr heç vaxt olmayıb. AŞPA və digər beynəlxalq təşkilatlar böyük dövlətlər qarşısında acizlik nümayiş etdirirlər, bu hadisələrə görə onlara bir kəlmə belə söz demirlər. Amma Azərbaycanda bir nəfərə çırtma vurulanda dərhal hay-küy salırlar. 

Cənab Prezident Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana nifrətini kökündə göstərir. Göstərir ki, 2013-cü ildə Azərbaycan üzrə həmməruzəçi Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının ləğv edilməsindən sonra Azərbaycan sevməyənlər quduzluq hissi keçirdilər.

Onlar Azərbaycana qarşı öz siyasətlərini həyata keçirə bilməmələri ilə heç cür barışa bilmirlər. Ona görə də daim Azərbaycana qarşı mövqe sərgiləyirlər. Cənab Prezidentə bildirir ki, əgər Azərbaycan onları rüşvətlə ələ almışdısa bu rüşvətxor yığınağı nə ixtiyarı var ki, özünü insan hüquqlarının, bəşəri-demokratik dəyərlərin daşıyıcıları kimi aparsınlar.

2005-ci ildə AŞPA Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə ilə bağlı qətnamə də qəbul olunub və bu da çox yüksək əhəmiyyətə malikdir. Amma heç vaxt öz qərarlarını icra etmirlər.

Cənab Prezident qeyd etməyə bilməzdi ki, bu cinayətdə rejim Dilqəm Əsgərov və Şahbaz Quliyevi hansı işgəncələrlə saxlayır və yenə də Avropa Şurası susur.

Qaregin Njde kimi faşistə Ermənistanda abidə qoyurlar, amma Ermənistanın hansısa deputatı Azərbaycanı faşistlikdə günahlandırır.

Təsəvvür edin özləri narkotikin kütləvi istehsalı, faşizmlə məşğuldular, Qaregin Njde kimi insana abidə qoyublar, faşistlərlə əməkdaşlıq edən Ermənistan utanmadan Azərbaycanı faşist adlandırır. Lakin Qərb strukturları buna qarşı da susur. Ona görə cənab Prezident bildirir ki, AŞPA-nın qəbul etdiyi qərar mənim üçün kağız parçasından başqa bir şey deyil.

Pandemiya dövründə Azərbaycanın atdığı addımları bütün dünya görür, ölkəmiz nəinki daxildə həmçinin beynəlxalq miqyasda bu istiqamətdə çox ciddi işlər aparır. Cənab Prezidentin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə konfransı keçirilib, aprelin 10-da Türk Şurasının Zirvə toplantısı keçirilib. Burada dünyanın 40-dan çox hökümət başçısı, Xarici İşlər naziri çıxış edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropanın enerji tələbatını ödəmək üçün də çox ciddi addımlar atıb. Sonda onu da qeyd etmək istəyirəm ki, Azərbaycan artıq dünyada kiçik dövlət deyil, orta miqyaslı ölkə kimi tanınır, buna “Middle power” deyirlər. Azərbaycanın dünya miqyasında nüfuzu artır. Azərbaycan dəfələrlə beynəlxalq tədbirlərə ev sahibliyi edib, misal üçün NATO ilə Rusiya arasında olan görüşlərin əsas platforması olub. Biz Azərbaycanın dövlət siyasətini, Prezidentin siyasəti birmənalı dəstəkləyirik. Hesab edirik ki, Azərbaycan öz vüqarlı hərəkatını davam etdirməlidir və Qarabağ üzərində suverenliyimizi də bərpa etməliyik. Bu sahədə cənab Prezidentin səylərini müdafiə edirik.










Oxşar xəbərlər