"Bugünkü uğursuzluğuma sabahkı uğurun başlanğıcı kimi baxıram"


  • 15:00 / 20 06 2020 |
  • Bölmə: Gündəm / İstedadlar


Nəriman Şirinli: "Gələcək planlarımda boş zamana yer olmadığı üçün özümə ayırdığım tətil 2-3 gundən o tərəfə keçmir" 

Bakı Dövlət Universiteti nəzdində Gənc İstedadlar liseyinin 9-cu sinif şagirdi Nəriman Şirinli  7-ci sinifdə 
Kimya fənni üzrə IV Məktəblilərarası fənn müsabiqəsində gümüş, 8-ci sinifdə Respublika Fənn Olimpiadasında gümüş, 9-cu sinifdə Respublika Fənn Olimpiadasında qızıl medala layiq görülüb.

Hazırda 10-ci sinifə keçən Nəriman Şirinli  "Rupor"un "İstedadlı insanları üzə çıxaraq" layihəsinin növbəti qonağıdır. 

- Kimyaya maraq səndə hardandır? 

- Bu elmə maraq fənn müəllimimin gözəl dərs keçməyindən qaynaqlanir. Liseyimizin kimya müəllimi Mehin müəllimə ilk gündən bütün sinfə öz fənnini sevdirməyi bacarıb. Humanitar ixtisas qrupunu seçən sinif yoldaşlarımın da kimya dərsinə marağı az deyil. Uğurlarımda fənn müəlliməmin böyük xidmətləri var. 

- Seçəcəyin sənəti indidən müəyyənləşdirmisən yəqin. Bizdə kimyanı bilənlər adətən həkim olmaq istəyirlər, səncə bu düzgün seçimdir?

- Doğrudur, bizdə kimyanı bilənlər adətən həkimlik sənətini seçirlər. Əgər kimyanı yaxşı mənimsəməklə yanaşı həkimlik sənətinə də marağı varsa bu, doğru seçimdir. Əgər kimyanı yaxşı bilib, həkimliyə marağı yoxdursa, bu, yanlış seçimdir. Çünki maraq, həvəs insanın daxilindən gəlir. Əks halda həmin şəxs gələcəkdə öz peşəsinin mütəxəssisi də ola bilmir. Nəticə etibarilə də bundan tək özü deyil, bütünlükdə cəmiyyət zərər görür. 
İnsan hərtərəfli azad olmalıdır, o cümlədən, ixtisas seçimində də. Hər bir yeniyetmə təzyiqlərdən uzaq olaraq öz arzu və istəklərinin arxasınca getməli, öz gələcəyini valideynlərinin xəyalları üzərində qurmamalıdır.
Təbii ki, mən də indidən özümə sənət seçmişəm. Çoxları mənə həkim olmağı tövsiyə etsə də hədəfim başqadır. Kimyaya olan böyük marağım bu sahədə  qarşıma böyük hədəflər qoymağa ruhlandırır. Nəticə etibarilə elmin dərinliyinə vardıqca da gələcəyim üçün yeni həyat səhifəsi açıram.

- Dünyanı cənginə alan virus barəsində düşünürsən heç, səncə elm niyə bu virusun qarşısında acıq qalıb.

- Fikrimcə, insan yalnız Allah qarşısında aciz qala bilər. Elmi-tədqiqatları ilə bəşəriyyətin faydalandığı alimlərin bu sahədə də öz töhfələrini verəcəyinə inanıram.

- Başqa dərslərini necə oxuyursan?

- Başqa fənləri də həvəslə öyrənirəm. Əlaçıyam.

- Xarakterində daha çox hansı xüsusiyyətlər qabarıqdır?

- Xarakterimdə ən qabarıq xüsusiyyətim: heç vaxt ruhdan duşmürəm, iradəliyəm, əzmliyəm. Bugünkü uğursuzluğuma sabahkı uğurun başlanğıcı kimi baxıram və daha da səylə çalışıram. 

- Boş vaxtlarında nə edirsən?

- Mütaliə etməyi və şahmat oynamağı çox sevirəm. Sözün düzü, bu il boş vaxtım olmadığına görə ədəbiyyatdan uzaq düşmüşəm. Boş vaxtım yalnız sutka ərzində çox qısa zaman kəsiyi olub. Dərslərdən yorulanda şahmat oynayaraq dincəlmişəm. Hətta evdə "elə bil şahmat olimpiadasına gedəcəksən " deyərək, mənimlə zarafat edirdilər. Özümə söz vermişdim ki, olmpiadanın final mərhələsindən sonra az da olsa, istirahət edəcəm və özümü mükafatlandırmaq üçün bədii ədəbiyyat oxuyacam. Amma hər zamankı kimi mənim gələcək planlarımda boş zamana yer olmadığı üçün özümə ayırdığım tətil 2-3 gundən o tərəfə keçmir.

Ayna Məmmədova
















Oxşar xəbərlər