Cərimələr artırıldı - 200 manatdan 10000 manata qədər


  • 13:05 / 29 06 2020 |
  • Bölmə: Gündəm / İqtisadiyyat


Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında İnzibati Xətalar Məcəlləsinə  dəyişiklik edilməsi məsələsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə əsasən dəyişiklik layihəsi I oxunuşda səsə qoyularaq qəbul edilib.

"Rupor" xəbər verir ki, bundan sonra epidemiya əleyhinə rejimin sanitar gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək cərimə ediləcəklər.

İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 4000 manatdan 10000 manatadək məbləğdə cərimə olunacaqlar.

Epidemiya əleyhinə rejim sanitar gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cəriməyə məruz qalacaqlar.

Xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200, vəzifəli şəxslər 400, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcəklər.



Oxşar xəbərlər