Yollar, məktəblər, "ASAN" Xidmət binası tikiləcək - Cəmi 42,3 milyon ayrılıb


  • 13:21 / 31 07 2020 |
  • Bölmə: Gündəm / İqtisadiyyat



Azərbaycan Prezidenti tikiti quruculuq işləri ilə bağlı bir sıra sərəncamlar imzalayıb.

"Rupor" xəbər verir ki, Prezidentin İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi ilə bağlı imzaladığı sərəncama görə, 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 21,8 milyon (iyirmi bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamda isə göstərilir: 

"2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb".

Prezident Balakəndə Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı da tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir: 

"Balakən rayonunun Yeni Şərif kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb".

Prezident İlham Əliyev Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 15,0 (on beş) milyon manat ayrılıb.

Prezidentin imzaladığı növbəti sərəncama görə, İsmayıllı rayonunun Sumağallı kəndində yeni ümumtəhsil məktəbi binası tikiləcək.

Sərəncama əsasən, İsmayıllı rayonunun Sumağallı kəndində 264 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.




Oxşar xəbərlər