İki qardaş ölkənin prezidentləri bir-birinə təbrik ünvanladılar


  • 09:52 / 15 09 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının ildönümüdür. Bakının azad olunmasından 102 il ötür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.


"Rupor" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu münasibətlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti də öz növbəsində Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb. 


İlham Əliyevin məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım.

Bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir.
Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür. Məhz həmin gün Bakı işğaldan azad edilərək ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olundu. Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun zəfər yürüşü Bakı sakinləri tərəfindən böyük coşqu və sevinclə qarşılandı.
İki il bundan əvvəl həmin coşqu və sevgi Bakı küçələrində bir daha canlandırıldı. Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakını Sizinlə birlikdə izlədik. Şübhəsiz ki, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaqdır.
Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir.
Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Rəcəb Tayyib Ərdoğanın məktubunda deyilir:

“Cənab Prezident, Əziz Qardaşım.

Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə bu yolda şəhid olan qəhrəman əsgərlərimizi rəhmət hissi ilə yad edir, qazilərimizi hörmətlə xatırlayıram.
Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir.
Bu gün Zati-alinizin qardaşlığımıza layiq səyi və töhfələri ilə Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir.
Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur.
Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının gözəl günləri və yüksək rifahının bundan sonra da davam etməsi üçün ən xoş arzularımı bir daha ifadə edirəm”.





Oxşar xəbərlər