"Fransa Senatının hərəkəti heç nəyi dəyişə bilməz" - Mübariz Qurbanlı


  • 17:32 / 26 11 2020 |
  • Bölmə: Gündəm


"Fransa Senatının qəbul etdiyi bu sənəd deklorativ xarakteri daşıyır. Fransa hökumətinin hansısa bir formada bu tövsiyələrə uyğun addım atacağı gözlənilmir. Fransa rəsmiləri də bunun edilməyəcəyini söyləyirlər. Amma Fransanın siyasi hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı çıxışları olub. Fransa prezidenti, xarici işlər  naziri səviyyəsində yalan və yanlış açıqlamalar olub".
"Rupor" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya müsahibəsində deyib. 
Komitə sədri bildirib ki bütün bunlar məqbul deyil və Fransa-Azərbaycan münasibətlərinə ziddir. Zamanında Fransa-Azərbaycan arasında ikitərəfli sənədlər imzalanıb. Bu ikitərəfli sənədlərdə, birgə bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü öz əksini tapıb: 
"Bəli, Senatın bu addımı tamamilə hüquqa və beynəlxalq münasibətlər sisteminə ziddir, eyni zamanda separatizmə rəvacdır. Dağlıq Qarabağ ilə əlaqədar Azərbaycan ilə Rusiya və Ermənistanın birgə imzaladığı sənəd müharibəsinin dayandırılmasına yönəlib və bu istiqamətdə addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini qəti şəkildə bəyan edib. Buna görə də Fransa Senatının qəbul etdiyi sənəd əhəmiyyəti olmayan kağız parçasıdır. Amma bunun Ermənistandakı revanşistlər üçün müəyyən təsiri olur və onlar bundan sui-istifadə edir. Əslində bu addım “Sorosçu” Paşinyanın xilası üçündür".
M.Qurbanlı onu da vurğulayıb ki, Senatın qəbul elədiyi sənəd anti-türk və anti-Azərbaycan xarakterlidir. Bu, onu göstərir ki, Fransada türkofobiya və Azərbaycanafobiya əhval-ruhiyyəsi yayanlar var: 
"Əgər bu sənədi diqqətlə oxusaq onun erməni lobbisinin mərkəzlərində hazırlandığını görərik. Senatın bir çox üzvləri erməni lobbisinin hay-küyü, bəziləri də vəsaiti hesabına anti-türk, anti-Azərbaycan fəaliyyəti ilə məşğuldurlar. Azərbaycan haqlı olaraq bu sənədi pisləyir, Azərbaycan ictimaiyyəti bunu qəti rədd edir. Senat bu addımı ilə əksinə Fransanın özünə xələl gətirən hərəkətə yol vermiş olur. Biz isə öz ərazimizdə mübarizə aparmışıq, öz ərazimizi işğaldan azad etmişik. Bu, bizim haqqımızdır və BMT nizamnaməsinə və beynəlxalq hüquqa uyğundur. Ona görə Fransa Senatının bu hərəkəti heç nəyi dəyişmir və dəyişə də bilməz".



Oxşar xəbərlər