Bir əriyin xoşbəxtliyi - Tələbə jurnalistdən hekayə


  • 21:29 / 25 06 2020 |
  • Bölmə: Köşə


Yay günlərinin birində 18 yaşlı Əli elə də böyük olmayan həyətlərində oturub kitabları vərəqləyir, ara-sıra maraqlı hissələri gözdən keçirirdi. Hərdən də bağlarından dərib gətirdiyi əriyin dadına baxırdı.  Günortadan bir saat keçmişdi. Elə bu vaxt qapı döyüldü və 65 -70 yaşlarındakı  uca boylu, arıq, qaməti önə əyilmiş bir qadın içəri daxil oldu. Qadın əlində mis qazan gətirmişdi. 

- Ay oğul, bunu anana verərsən. Deyərsən ki, Güllü xala gətirdi. Dünəndən yadımdan çıxıb qalıb bizdə. Qatıq aparmışdım.
- Yaxşı. Deyərəm. Ərik götür, ay Güllü xala.
- Xalan qadan alsın. Çox sağol. Birini ver. 


Güllü arvad gedən kimi Əli yenə əvvəlki işində idi. Gah hekayə kitabını vərəqləyir, gah da ki, şeir oxuyurdu. 

Gün batdıqca hava sərinləyirdi. Yüngülvari külək də əsirdi. Günün adamı yandıran istisindən sonra belə gözəl hava arzulanan idi. Hər kəs həyətdə idi. Əli də çölə çıxdı ki, biraz təmiz hava qəbul eləsin. Küçə qapısına çatanda bayaq ərik verdiyi Güllü arvadın səsini eşitdi. Bir anlıq ayaq saxladı. Gülü xala Əlinin ona ərik verməsini dastan eləyib ağız dolusu danışırdı. 

 - Ay Sünbül, günorta Qərənfilin qazanını aparmışdım verməyə. Özü evdə yoxuydu. Oğlu həyətdə oturmuşdu. Qazanı da elə ona verdim. Deyirəm, oxumuş uşaq bilinir. Stolun üstündə ərik var idi. Dedi ki, Güllü xala götür ərik ye. Mən də utana-utana birini götürdüm. 
 - Hə, Əli çox yaxşı uşaqdı həmişə adamın yanından keçəndə hal əhval tutur. Bu bizim Şakaynan yaxın dostdur.

- Şaka kimdi?
- Bizim Şamili tanımırsan?!
- Həəəə. Nə bilim, hərə uşağa bir ad deyir. Heç öz adını deyən var ki...
- Hə. Bu Şamil əsgərlikdə olanda həmişə onu soruşardı.


Əli qapının kəndarında hərəkətsiz halda iki qonşunun onun haqqında dediyi sözləri dinləyirdi. Bu sözlər ona bir az rahatlıq verdi. Deməli, adi yaxşılıqlar edərək, onların halını soruşaraq, qayğıları ilə tanış olaraq da insanları sevindirmək olur. Bu, həqiqətən, Əliyə çox təsir elədi. 

Qasım Xuluflu 
BDU jurnalistika fakültəsinin ikinci kurs tələbəsi


Oxşar xəbərlər