Rza Rzayev: Ağdamlı olmaq


  • 00:42 / 24 07 2020 |
  • Bölmə: Köşə


"Dolu" filminə dəvət alandan sonra Drakon obrazını canlandırmaq üçün yenidən ağdamlı  kimliyini araşdırmağa başladım. 

90-cı illərdən tanıdığım, dostluq etdiyim ağdamlılar var idi - Qulu Ağsəs, Hidayət Məmmədov, Müşviq (yaxşı döyüşçü olub) və b. Amma obraza can vermək lazım idi, həmin dövrün ruhunu, gerçəkliklərini  və insanlar arasındakı  münasibətləri  dərindən bilmək lazım idi! 

Öyrəndiklərimin bir hissəsi - 

Sovet dövründə ən varlı yaşayanlar ağdamlılar olub.

Sovet dövründə ən yaxşı evlər Ağdamda olub!

Ən böyük bazarlardan biri Ağdamda olub, "cücəli toyuq da satırmışlar həmin bazarda"

Qərbi Azərbaycanlılardan sonra (onlar müxtəlif dövrlərdə ölkənin müxtəlif yerlərində məskunlaşıblar, əslən oradan olanlar və döyüşdə şəhid olanlar nəzərdə tutulur ) ən çox şəhid verən bölgə Ağdamdır!

Milli qəhrəmanlarımızdan ən çox tanınanları ağdamlılardır. Fred Asif, Allahverdi Bağırov, Şirin Mirzəyev...

Və ən əsası, məni də narahat edəni, bir-birini qəbul etməyən, bir-birinə söz keçirə bilməyən, bir-birinə qənim kəsilən də elə ağdamlılardır! 

10 ildən çox olar, tanınmış bir ağdamlını başqa bir ağdamlı güllələdi. Bir ağdamlı dostumdan soruşdum ki,  niyə bir sözü keçən ağdamlı bu hadisənin qarşısını öncədən almayıb? Dostumun dedikləri - "Rza, hələ qoy biz Ağdama qayıdaq, orada qıracağıq bir-birimizi!".

Ermənilərin Qarabağda ən çox qorxduqları, çəkindikləri şəxslər ağdamlılar olub!

Drakon obrazından sonra çoxu mənim ağdamlı olduğumu düşünür! 
İndi ağdamlı dostlarım daha çoxdur, görüşəndə bir-birimizə "Qaqa" deyə müraciət edirik.

Bu da mənim çox xoşuma gəlir! Çoxu ilə Ağdam uğrunda bir yerdə döyüşəcəyimizə and içmişik! 

Ağdamın işğalı günüdür, ağır gündür, Ağdam işğal olmasın deyə keçmişdə sona qədər mübarizə aparanlar oldu, bu gün və sabah da mübarizə üçün onlar nümunədir. Örnək olan qəhrəmanlardan BİRİ də Fred Asif idi, bu medal onundur!

Başımın üzərində asılan şəkillərin içində də Onlardan var!


Oxşar xəbərlər