Gülçin Mahmudzadə: Çox təhlükəli bir vəziyyətlə qarşı-qarşıyayıq


  • 14:10 / 13 09 2020 |
  • Bölmə: Köşə




İnsanlıq yarandığı gündən bir çox fərqli xəstəliklərə, epidemiyalara təbii və digər fəlakətlərə məruz qalıb. Bütün bunların səbəbi isə böyük ölçüdə öncədən düşünülməmiş addımlar, qulaq  ardına vurulmuş təbiət xəbərdarlıqlarıdır.

Ümumən tarixə nəzər salsaq, müəyyən məqsədlərə nail olmaq üçün siyasi və diplomatik üsullardan istifadə edildiyinin şahidi oluruq. Təbii olaraq məqsədlər kimi üsullarda fərqli olub. Ancaq tək və əsas fərqləndirici nüans insansevərlik və humanizmdir. F.Fukuyamanın fikrincə, bir cəmiyyətdə coğrafiya, iqlim və inancla yanaşı, güvən duyğusunun, sosial-iqtisadi təminatın, siyasi sabitliyin olması daha önəmli faktordur. Bir-birinə etibar etməyən insanlar qatı hüquqi qaydalar və tənzimləmələrlə iş birliyi edə bilər, amma bu zaman “işin maliyyəti” artmış olacaq. Bu pandemiya bizə bir daha sübut etdi ki, yaxşı bir gələcəyin ilk şərti cəmiyyətin etibarına  dayalı sosial bir dövlətin inşasıdır.

Hazırda çox təhlükəli bir vəziyyətlə qarşı-qarşıyayıq. Belə bir vəziyyətin aradan qaldırılmasında dövlət miqyasında məsələyə baxılması, vətəndaşlara yardım məqsədiylə nəzarətin ələ alınması önəmli amillərdən biridir. Lakin vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Hüquqları ilə bərabər vəzifələrinin də fərqində olmalı, dövlət tədbirlərinin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılmasında yardımçı olmalıdırlar. Belə bir vəziyyətdə mövcud hakimiyyətə göstəriləcək güvən duyğusu ilə xarici siyasətimizdə də önəmli rol oynaya bilərlər. Dünya ictimaiyyətinin gözünün üzərimizdə olduğu belə bir məqamda atılan hər bir addımla xarici siyasətimizin nümayişində birbaşa və ya dolayı iştirak edə bilərlər.

Nəzərə almalıyıq ki, Azərbaycan hökuməti də bu  pandemiya dövründə zəruri tədbirlər həyata keçirib, vəziyyəti nəzarətdə saxlamaqda əlindən gələn səyi göstərib. Müdrik liderlər, təvazökar, xalqına cəsarət və güvən verən, stresi aradan qaldıran və həmrəyliyi hər şeydən üstün tutan kütlə psixoloqlarıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də  müdrik bir lider olaraq əhaliyə səslənərək: “Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərməlidir” deyə qeyd edib. 

Təəssüf ki, pandemiyaya qarşı peyvəndin tapılması ehtimalı belə, problemlərin tamamilə həll olunması demək deyil. Postkoronal dövrdə ciddi iqtisadi problemlər yaşayan insanların yaşadığı streslər vəziyyəti daha da çətinləşdirə, dələduzluğun artmasına, insan münasibətlərinin pozulmasına yol aça bilər. Sosial məsafə ilə ailə içi şiddət, xəstəliyə yaxalanmadığı üçün sevindiyimiz uşaqlarda ciddi travmatik izlər buraxa bilər. 

Qlobal səviyyədə isə yarana biləcək önəmli problemlərdən biri qloballaşmanın zədələnməsi və millətçi hərəkatların güclənməsi ehtimalıdır. Müasir cəmiyyətə yayılan pandemiya qədər təhlükəli bir digər xəstəlik eqoistlik və təkəbbürdür. Ernest Becker “Ölümün İnkarı” adlı əsərində, insanın ölümün fərqində olmasının nəticəsi olaraq mədəni və psixoloji səviyyədə müdafiə mexanizmləri yaratdığını irəli sürüb. Beckerə görə bir gün öləcək olmağımızın fərqində olmaq uşaqlıqdan etibarən içimizdəki dəhşət duyğusunu inkişaf etdirir. Sadəcə şəxslərin deyil, ölkələrin belə pandemiya və ölüm qorxusu qarşısında sərgilədiyi ilk münasibət bənzərlik göstərdi. Bəzi ölkələr istehsal etdiyi maska, tibbi avadanlıq, dezinfeksiya vasitələri və s. başqa ölkələrlə paylaşmağı dayandırdı. Bu da yerli istifadə imkanı olmayan bir çox ölkəni  ciddi problemlərlə qarşı-qarşıya qoydu. 

Pandemiya ilk dəfə Çində  ortaya çıxıb, ciddi şəkildə yayıldığı zaman çoxumuz sanki uzaq bir aləmdə baş verən bir hadisə kimi izlədik. Kimi məsxərəyə aldı, kimi Qərbin oyunu adlandırdı, görülən tədbirləri aşağıladı. Axı bu, təkcə Çinin problemi idi. Ancaq bir neçə ay sonra hadisələrə baxışımız dəyişdi, problem artıq “bizim” problemimiz oldu. Qərb mediası, dünənə qədər  qabiliyyətsizliklə günahlandırdığı Çini tibbi xidmət və xəstələrə dərman daşınmasında robot və dronlardan istifadəsinə görə təqdir edib, gördüyü tədbirləri öz ölkələrinə tövsiyə edər oldu. 
Əlbəttə ki, pandemiyanın qorxularımızın lehinə yoxsa əleyhinə nəticələnməsində peyvəndin tapılması, istehsalçı ölkənin münasibəti, Ümumdünya Səhiyyə Təşkilatının yaranacaq situasiyaya dair reaksiyası önəmli rol oynayacaq.

A.Rubenşteyinə görə, hər hansı əhəmiyyətli bir qabiliyyəti formalaşdırmaq üçün ən əvvəl müəyyən fəaliyyət növünə, dünya ilə müəyyən ünsiyyət formasına həyati ehtiyac oyatmaq gərəkdir. Ümid edək ki, bu pandemiya cəmiyyətimizə və insanlarımıza biz olmağı, təbiətin səsinə qulaq asmağı, bizi yaşadan təbiəti öz əllərimizlə məhv etməməyi, sosial mühitdə təmizlik və davranış qaydalarına həssaslıqla yanaşmağı aşılayacaq. Səhiyyə işçilərimiz, elm adamlarımız, hökumətimiz və şüurlu vətəndaşlarımızın üstün mübarizəsi ilə epidemiya tarixin qaranlıq səhifəsində qalacaq.
 
 
 
 
 


Oxşar xəbərlər