Ramin Səmədov: Şuşa bizimdir! Qarabağ Azərbaycandır!


  • 20:40 / 08 11 2020 |
  • Bölmə: Köşə



BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri

8 noyabr 2020-ci il - Azərbaycan haqq mübarizəsində, tarixi ədalətin bərpasında növbəti uğuruna imza atdı. Azərbaycanın şərəfli tarixinə zəfər günü kimi düşən bu müqəddəs gündə təkcə Azərbaycanın deyil, bütün Qafqazın incisi hesab olunan qədim və füsünkar şəhərimiz olan doğma Şuşa şəhəri işğaldan azad olundu. Möhtərəm cənab Prezident, Ali Baş Komandan Şəhidlər Xiyabanına gələrək xalqımıza müjdəli xəbəri verdi. Bu gün bu torpaqlar üzərində yaşayanlar sonuna qədər Azərbaycanlı olmanın qürurunu yaşayırlar. Məqsədyönlü və düşünülmüş siyasət nəticəsində 30 ilə yaxın müddətdə biz  iqtisadi,  hərbi, siyasi, sosial sahədə böyük nailiyyətlər əldə etdik və bu gün meydanda qələbə qazanırıq. Qazanılan ardıcıl iqtisadi uğurlar bu gün Azərbaycan əsgərinin hərbi meydanda tarix yazması ilə nəticələndi.
Şuşa hər zaman  Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik şəhəri olmuşdur.  Mənfur düşmən 1992-ci ilin 8 may tarixində Şuşanı işğal edərək 195 nəfər dinc sakini qətlə yetirmiş, 165 nəfər yaralanmış, 58 nəfər itkin düşmüş, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalmışdır. Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidəni dağıtmış, şəhərdə 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv etmiş, Xurşidbanu Natəvanın, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Xan Şuşinskinin, Sadıqcanın evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeylərini talan etmişdir. Ümumiyyətlə, Ermənsitanın  işğalçılıq   və separatizm siyasəti ölkəmizin maddi və mənəvi irsinə böyük ziyan vurmuşdu.
Bu gün hesab günüdür. Düşmən aciz vəziyyətdə hərbi texnikalarını ataraq meydandan qaçır. Şəhidlərimizin qanı yerdə qalmır və qalmayacaq deyən Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuz qisasımızı döyüş meydanlarında düşmənə sarsıdıcı zərbələr vurmaqla alır. Bu gün heç bir qüvvə Azərbaycanın iradəsinə təsir göstərə bilməz, onu haqq savaşından döndərə bilməz. Qəhrəman və mübariz oğullarımızın şücaəti, rəşadəti bizi inamlı qələbələrə doğru aparmaqdadır. Hər gün cəbhədən gələn şad xəbərlər millətimizi və xalqımızı böyük qələbəyə doğru ruhlandırır. Müqəddəs missiyamız davam edir. Ordumuz zəfər salnaməsi yazır, Azərbaycan xalqı isə haqq və ədalətin təntənəsini yaşayır. 
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandan!
 




Oxşar xəbərlər