Medianın İnkişafı Agentliyindən gözləntilər və proqnozlar - Media ekspertləri danışır


  • 14:24 / 13 01 2021 |
  • Bölmə: Sosial


Ötən gün Prezident İlham Əliyev media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzaladı. Bu fərman əsasında Medianın İnkişafı Agentliyi yaradıldı.
Agentliyə cəzalandırmadan tutmuş, mütəxəssislərin hazırlanmasına qədər bir çox səlahiyyətlər verilib.
Yeni qurumun yaradılması media sahəsində nələri dəyişəcək? Agentliyin çoxşaxəli fəaliyyət xətti necə müəyyənləşdiriləcək?
Jurnalistlər və cəmiyyət bu qurumdan nələri gözləməlidir?
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, yeni qurum yeni bir mərkəzi icra hakimyyəti orqanıdır və burada məqbul olmayan xeyli məqamlar var:



“Nizamnaməsinə baxdıqda, hər şey var, maşallah! Çap mediası və onlayn media sahəsində inzibati xətaya görə medianı cəzalandırmaqdan tutun, bizneslə məşğul olmağa qədər. Üstəlik, mövcud qanunvericilikdə olmayan anlayışlardan da istifadələr mövcuddur. Məsələn, nə KİV haqqında, nə Teleradio haqqında qanunlarda olmayan bir anlayış- audiovizual media subyektləri kimi. Medianın fəaliyyətinə nəzarət edən mərkəzi icra hakimiyyəti qurumunu Avropa Şurasına girərkən ləğv etmişdik. İndi publik hüquqi şəxs formatında yeni bir mərkəzi icra hakimyyəti orqanı yaradıldı. Üstəlik, qarma-qarışıq səlahiyyətlərlə, cəmiyyətdə müzakirəsi aparılmadan... Yaxşı olardı ki, belə bir qurum yaradılmadan öncə media ictiamiyyətinin müzakirəsinə çıxarıla, ehtiyaclar və mümkün addımlar müzakirə ediləydi”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli “BakuPost”a bildirdi ki, Medianın İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri genişdir, çoxfunksiyalıdır:




“Öncə onu vurğulayaq ki, Agentliyin fəaliyyət sahəsinə ənənəvi media ilə yanaşı, onlayn media sferası da daxil edilir. Bu, onlayn medianın tənzimləməsi baxımından ilk rəsmi təsisatdır. Agentlik vasitəsilə onlayn mediaya dövlət dətəyinin göstərilməsi bu sahədə inkişafa ciddi stimul verəcək. Üstünlüklərdən biri də odur ki, yaradılan qurum təkcə donor təşkilat rolunu oynamayacaq, medianın inkişafı üçün lazım olan bütün addımları ata biləcək. Çünki ona bütün bu səlahiyyətlər verilib”.
M.Ələsgərli əlavə etdi ki, Agentlik həm də, qlobal informasiya mühitinin müəyyən etdiyi tendensiyalara, trendlərə uyğun olaraq Azərbaycan mediasının onlara uyğunlaşmasını təmin etmək missiyası daşıyır:
“Yeni qurum informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə çevik qərarlar vermək, bu qərarları operativ şəkildə icra etmək səlahiyyətinə malikdir. Media subyektlərinin fəaliyyətinə mane olan problemləri zamanında dəyərləndirmək, onların aradan qaldırılması üçün həm təkliflər vermək, həm də müəyyən icra fəaliyyətləri üçün mexanizmlərə malik olacaq. Bir sözlə, Agentlik həm tendensiyaların tətbiqini stimullaşdırmaq yönündə təkliflər hazırlamaq, həm də bu təklifləri tətbiq etmək, icra etmək salahiyyətindədir. Mühüm məqamlardan biri də, Agentliyə çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətlərini aşkar etmək, bu xətaların aradan qaldırılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, tədbirlər görmək statusunun verilməsidir. Bu status KİV adından istifadə edib çoxsaylı xətalara yol verənlərin əməllərinin qarşısının alınması üçün mühüm addım olacaq. Agentliyin idarəçiliyi üçün formalaşdırılan komanda da ümidvericidir. Əhməd İsmayılovla görüşümüz olub. Qənaətim budur ki, intellektual, qlobal tendensiyalardan xəbərdar şəxsdir, innovativ təşəbbüsləri qiymətləndirir. Missiyalaını uğurla davam etdirəcəklərinə inam böyükdür”.
Teletənqidçi, filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli isə qeyd etdi ki, medianın fəaliyyətinin cilalanması üçün belə bir quruma ehtiyac var idi:




“Bu, prinsipcə yeni struktur deyil. Yəni yeni Agentlik Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında yaradılıb, sadəcə olaraq səlahiyyətləri və imkanları genişləndirilib. Bir sözlə, artıq yeni çevik dövlət qurumuna çevrilib. Düşünürəm ki, Medianın İnkişafı Agentliyi vaxtı ilə mövcud olmuş Mətbuat və İnformasiya Nazirliyinin funksiyalarını yerinə yetirəcək. Lakin daha müasir tələblər əsasında və internet mediasını əhatə edərək fəaliyyət göstərəcək. Bizə cəmiyyəti alternativ məlumatla təmin edən, söz və mətbuat azadlığını ifadə edən qurumlar lazımdır.
Yaradılan Agentliyin nizamnaməsində söz və mətbuat azadlığına cavabdehlik məsələləri də qoyulub. Amma bu qanun deyil ki, əvvəlcədən ictimai müzakirələr aparılsın, bu, sadəcə bir qurumun fəaliyyətini ifadə edən nizamnamədir. Əlbəttə, orada çox müasir səslənən fikirlər də var. Azərbaycan mediasının inkişafını təmin etmək, bəlli standartların, yeni texnologiya və innovasiyaların tətbiqinə çalışmaq, internet mediasını əhatə etmək, trendləri görmək, eyni zamanda tətbiq etmək kimi müsbət fikirlər var. Hər şeyi məqsəd müəyyənləşdirir. Hazırda xüsusən internet mediasında mətbuat azadlığından sui-istifadə, etik qaydaların pozulması var, qərəzçilik artıb, müəyyən saytlar insanların şəxsi həyatına qarışır, təhqir, böhtan çoxalıb. Yəni bunları bəlli bir qanunla tənzimləmək mümkündür. Amma heç bir qurum heç bir halda mətbuat azadlığını məhdudlaşdıra bilməz. Bu azadlıqlar konstitusiya ilə təsbit olunur. Lakin nizamlamaq, tənzimləmək, müəyyən mexanizmlər vasitəsilə mətbuat azadlığından sui-istifadəyə yol verməmək, etik qaydaları gözləmək, qanunun tələblərinə riayət etmək labüddür. Prinsipcə normal nizamnamədir. Amma onların tətbiq edəcəyi inzibati tədbirlərlə bağlı olan məsələlərə bir az aydınlıq gətirilməlidir. Yəqin ki, qurumun təmsilçiləri buna cavab verəcəklər. Media sahəsində ciddi islahatların olmasını gözləyirik. Həmçinin, qanunvericilik bazasının təkmilləşməsini arzulayırıq”.
Q.Məhərrəmli hesab edir ki, Agentliyin yaradılmasında əsas məqsəd və vəzifələrdən biri internet mediasında müəyyən sistemi, standartları qorumaq, həmçinin ona nəzarət etməkdən ibarətdir:
“Əslində bu tələblər KİV haqqında qanunda göstərilib. Lakin qanunun da yenidən işlənməsinə ehtiyac var. Çünki indiyədək o qədər dəyişikliklər olunub ki, həmin qanundan əsər-əlamət qalmayıb. Qanun xəlbirə çevrilib, nə qədər əlavələr edilib. Bu baxımdan hesab edirəm ki, qanunu yenidən işləyib qəbul etmək, orada yeni müasir tələbləri göstərmək çox önəmlidir”.

 






Oxşar xəbərlər