Azərbaycan diasporu vətənpərvərlik salnaməsi yazır


  • 09:37 / 31 07 2020 |
  • Bölmə: Sosial / Köşə


Nigar HƏSƏNZADƏ,
şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Son həftələrdə Azərbaycan ətrafında baş verən hadisələrə həqiqi vətənpərvər olan heç bir soydaşımız laqeyd qala bilməzdi. Bəs yüksək hissləri tərənnüm edən vətənpərvərlik nə deməkdir? Düşünürəm ki, hər kəsin bu suala öz cavabı var. 

Mənim üçün vətənpərvərlik, yurduna-ocağına təmənnasız sevgini özündə ehtiva edən ali bir hissdir. Vətənlə əlaqəli olan bu hiss parlaq və qorxu-hürkü bilməyən bir alovdur, insanı tor­paq uğrunda, yediyi çörəyə, içdiyi suya, aldığı nəfəsə və nəhayət, özünəməxsus tarixi kodun daşıyıcısı olduğu həyata minnətdarlığını bildirməyə çağırır. Xalq və Vətən sevgisi hər zaman hərəkət və nəticə ilə izlənən bir prosesdir. Vətənpərvər hər hansı bir vəziyyətdə milli və dövlət mənafeyini öz maraqlarından üstün tutan bir insandır!

Ermənistanla illərdir çəkən savaşımızda ləyaqətli oğullarımızın şəhidliyi, anaların göz yaşları, atasız qalan körpələr – bunlar hamısı həqiqətdir. Bunlar həm də, 30 ildir qisas və ədalət gözləyən həsrətimizə üz tutmaq üçün hamımız üçün güclü bir fəryad səbəbidir. Bu gün dünyadakı minlərlə azərbaycanlı öz təhlükəsizliyini unuda­raq, özlərini riskə ataraq yaşadıqları şəhərlərin küçələrinə çıxaraq dünya ictimaiyyətinə öz vətənlərinin həqiqətlərini göstərmək üçün səfərbər olublar. Çünki ermənilər nəinki cəbhədə, hətta uzaq, qürbət ölkələrdə də soydaşlarımıza hücum­lar etməyə başlayıblar. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dediyi kimi, onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideolo­giyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleri­ya silahlarından atəş açırlar.

Lakin vətənpərvərlərimiz düşmən diasporu­nun bütün təxribatlarına, qara-piar kampaniyasına baxmayaraq, uzaq Amerika qitəsində, Avropa ölkələrində, Rusiyada, Türkiyədə, İranda və s. ölkələrdə ayağa qalxaraq dünyanın başbilənlərindən bizi – Azərbaycanı görmələri üçün tələblərini irəli sürürlər. Onları düşmənin bu əndazəsiz hərəkətlərinə qiymət verməyə səsləyirlər. 

Birinci xanım öz növbəsində xalqının nümayəndələrinə ürək yanğısı ilə çağırış edir: “Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğın­laşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırı­ram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır”. Bütün ziya­lılar, qələm sahibləri, düşüncə adamları bu istəkdə, bu çağırışda olmalıdır.

Uzun illər Londonda yaşamış və hələ də ora ilə bağlı olan insan kimi deyə bilərəm ki, soydaş­larımız Azərbaycana dair məsələlərdə hər zaman həssaslıq göstəriblər. Lakin onlarla işləmək, onları təşkilatlandırmaq həmişə mühüm məsələ olmuş­dur. Şəxsən mən özüm də qürbət ölkədə Vətənimə daha çox bağlılığımı hiss etmişəm. İndi isə xalqımızın nümayəndələri heç vaxt görünmədiyi kimi, bütün bu illər ərzində ölkəmizin erməni işğalçılarının törətdiyi məhrumiyyətlərdən əziyyət çəkdiyini hamılıqla bəyan edir, hayqı­rırlar. 

Ermənilərin 10 gün əvvəl Azərbaycanın başqa bir bölgəsinə –Tovuza hücum çəkdiyini mütəşşəkil şəkildə qınayırlar. Buna görə də, bu gün həmişəkindən daha çox, diaspor strukturla­rının mərkəzləşdirilmiş, sistemli fəaliyyəti gözə çarpmalıdır və beynəlxalq qiymətləndirmə və hökmlərə təsir imkanları əldə etmək üçün gücü bir yerə qoymalıdır. Bundan əlavə, xaricdə yaşayan hər bir azərbaycanlının öz Vətəninin dövlət ma­raqlarını qorumağa hazır olması və dəstəklənməsi də onun ən ümdə vəzifəsidir.

Bu gün hamımız diasporun və əlaqədar qurumların öz vəzifələrini dəqiq başa düşdüyü və onların icrasına düzgün hazırlaşdığı təqdirdə hansı gücə sahib ola biləcəyini görürük və eyni zaman­da, anlayırıq ki, bu, nə qədər vacib məsələdir. Diasporumuzu gücləndirməklə ölkə daxilində sabitlik üçün bir platforma yaradırıq. Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə fayda gətirməyən ATƏT-in Minsk qrupu­nun fəaliyyətsizliyi və arxa fonda görünməyən qüvvələrin də işə qarışma cəhdlərinə “Dur!” deməyin vaxtı çatıb. 

Əlbəttə, nə dövlətimizin, nə də millətimizin səbri tükənməzdir. Konkret olaraq, ideoloji sərmayə qoyuluşunun, xaricdə nüfuz qazanan, peşəkarlığı olan vətənpərvər, güclü, bacarıqlı soydaşlarımızdan ibarət diasporumuzun yetişdirilməsinin vaxtı gəldi. Bu diaspor hər an verdiyimiz “siqnal”a cavab verməyə hazır olma­lıdır. Bunun üçün lazım olan bütün imkanlarımız var və ən əsası ölkəsinə və xalqına sadiq insanla­rımız var. Xaricdə yaşayan hər bir azərbaycanlı, yaşından və sosial vəziyyətindən asılı olmayaraq, onu tarixi Vətəni ilə bağlayan güclü tellərin ol­duğunu hiss etməlidir. Xaricdəki soydaşlarımızın firavanlığı və qələbələri bütün ölkəmizin adınadır və bizim uğurlarımızdır. 

Böyük qələbəmiz isə üçrəngli bayrağımızın işğal olunmuş Qarabağı­mızda dalğalandığı gün olacaq. Biz həmin günü tez bir zamanda görəcəyimizə inanmalıyıq!



Oxşar xəbərlər