İlin ilk çərşənbəsi xoş gəldi - Qısa tarix


  • 10:07 / 23 02 2021 |
  • Bölmə: Bilgi


Rəvayətə görə Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. Ona görə də bu 4 ünsür insanlar üçün çox müqəddəsdir. Beləcə də  yazın, Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.

Bu gün Novruz bayramın ilk müjdəçisi olan Su çərşənbəsidir. Bu çərşənbəyə  “Əzəl “  “Sular “ “Gül”,  “Gözəl” çərşənbə də deyilir. Su çərşənbəsində su və su mənbələri təzələnir,  su hövzələri qaydaya salınır , su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Bu çərşənbə suya tapınma inamı ilə bağlıdır.  

Folklorşünas Hacıyeva Gülnarə Cabbar qızı Su çərşənbəsi ilə bağlı qeydlərini oxuyaq:


- Novruz bayramı Zərdüştlük dini ilə sıx bağlıdır . Çərşənbələrin ardıcıllığı    coğrafiya və  təbiət ilə əlaqədardır. Babalarımız su çərşənbəsində pak suyun olduğu yerlərə-çay, bulaq başına gedər və həmçinin çaylardakı, bulaqlardakı suların İslam dinindəki məşhur Zəmzəm bulağından gəlməsinə inanarmışlar. Əvvəllər axar su üstündən atılma adəti vardı. Üç dəfə atılandan sonra həmin axar suyun uzaq yerində bir saxsı qab sındırıb “Nə dərd-bəlamız varsa, bu saxsıynan getsin” deyərdilər.
Azərbaycan folklorunda Su çərşənbəsi ilə bağlı bir çox deyimlər atalar sözləri və məsəllər vardır .  Bir çox atalar sözlərində suyun müqəddəsliyi öz əksini tapmışdır.
Su olan yerdə dirilik olar.
Su ehsandır.
Su murdarlıq götürməz. 


Yadınızdadır, deyərdik ki, o gün olsun Qarabağda tonqal qalayaq. Kainat ona ünvanladığımız niyyətin gerçək təzahürünü bizə yolladı. O gün bu gündü. Su çərşənbəniz mübarək, Azərbaycan xalqı. Ömrünüz su qədər uzun, saf, təmiz olsun!
 
Gülcahan 



Oxşar xəbərlər