Ermənilərə tarixi Alban dərsi


  • 21:02 / 28 04 2020 |
  • Bölmə: Bilgi



Yazılı mənbələrin yoxluğu üzündən Şimali Azərbaycan ərazisində yaşamış  əhalinin eradan əvvəlki əsrlərdə sıravi şəxs adları məlum deyil. Tarixi taleyin xüsusi hökmü ilə Albaniyanın yerli mənşəli yazılı abidələrinın bəzisi dövrümüzə qədim erməni dilində (qrabar) gəlib çatmışdır. Xristianlıq qəbul edilənə qədər və Albaniyada dövlət dilinə çevrilənədək albanların öz yazısı olmuşdu, bütün ölkə üçün tayfalararası ünsiyyət vasitəsi kimi alban dili geniş intişar tapmışdı.Antik müəlliflərə görə, albanlar hələ e. ə. I əsrdə öz yazılarından  istifadə  edirdilər.    V yüzilliyin əvvəllərində təkmilləşdirilmiş fonemli alban əlifbası fışıltılı və boğaz səsləri ilə zəngin idi.   V əsr erməni müəlliflərinin özlərinin   etiraf etdiyi kimi,  alban dili ermənilər üçün “yad” dil idi. 
 
Erkən alban ədəbiyyatı əlverişli tarixi – mədəni şəraitdə təşəkkül tapdı. Bu, müstəqil Alban dövlətinin mövcud  olduğu, müstəqil alban kilsəsinin fəaliyyəti dövrü idi. 
 
Artıq  Qafqaz Albaniyası haqqında kifayət qədər məlumat və bilgilər toplanmışdır. Baxmayaraq ki, eramışdan əvvəl Azərbaycan torpaqlarında yaşayıb – yaradan bu xalq haqqında  tarixi yazılar, salnamələr, arxeoloji tapıntılar  vardır, bununla belə bir neçə xalq onu özününküləşdirir. Moskvada keçirilən ləzgi konfaranslarında ləzgilər, ermənilər və daha başqa xalqlar Qafqaz Albaniyasının onların soy – kökləri olduğunu sübuta yetirmək üçün dəridən – qabıqdan çıxırlar.
 
Tarixçi V. A. Şnirelman “Войны памяти. Мифы, идентичность и политика в Закавказье» kitabında  erməni xalqını yazıq və arxasız,kimsəsiz  və doğru danışan, azərbaycanlıları isə kobud desək, “oğru” adlandırır.   Moisey Kalankatuklunu erməni tarixçisi adlandırır, onun “Аlban tarixi” kitabını isə “Истории страны Алуанк» , onun adını Movses Kaqankatvasi kimi təqdim edir. 
 
Şnirelmanın  kitabını həyəcanlanmadan, əsəbləşmədən oxumaq qeyri – mümkündür.  Mxitar Qoşu, Kirakos Gəncəlini,Sahil ibn Sumbatı, və s erməni tarixçiləri və erməni tədqiqatçıları kimi qələmə verir. Dağlıq Qarabaq, Qərbi   Azərbaycan bölgələrini qədim erməni torpaqları adlandıraraq, Azərbaycan tarixçilərinin, akademiklərinin  elmi tədqiqatlarını  təkzib edir. Onun yazısından belə məlum olur ki, şərqşünas alimlər   bütün erməni  yazılarını   albanlaşdırmışlar.    Müəllifin  dilində desək,  “qədim qrabar” dilindəki  yazılar   inkar edilir. Hətta, o, erməni   tarixi əlyazmalarının  barbar türk –səlcuqları tərəfindən məhv edildiyini   yazır. Və bu gün müharibə şəraitində yaşayan Azərbaycanda guya erməni kilsələri amansızcasına dağıdılır, Naxçıvan bölgəsində qədim erməni məbədləri, qəbir daşları məhv edilir, yerinə alban və yaxud da Azərbaycan əlyazmaları yerləşdirilir. Yaxşı bir atalar misalı vardır:  “Adımı sənə qoyum, səni yana – yana qoyum.” 
 
Yenə də yəhudi aliminin yazısına qayıdıram. Düşünməyək ki, biz bu yəhudi tarixçini cavabsız qoyduq. Tarixçimiz, filosof Zümrüd Quluzadə onu tutarlı elmi mənbəli yazısıyla cavablandırdı. Buna baxmayaraq, o, alimimizə yenidən  yersiz, sübutsuz, heç bir dəlili olmayan məqaləsi ilə cavab göndərdi. Mən, bu dialoqla diqqətlə tanış oldum. Belə düşünürəm ki, bütün elm adamları susmamalı, çox səbir və təmkinlə , təbii ki, tutarlı və dolğun, dəqiq tarixi faktlara əsaslanaraq, yazmalı və bu işi son dərəcə  incəliklə yerinə yetirməlidirlər. Bəzən  doğru olmayan, yalan faktlara əsaslanan yazılara rast gəlirik. Belə yazılar, belə çıxışlar, təbiidir ki, bizim alimlərin, cəsarətli elm adamlarının reputasiyasını və hörmətini  aşağı salır. Yaxşı deyirlər ki, ən gözəl biclik düzlükdür. Hər bir məlumatı ,  təbliğatı, informasiyanı düzgün, olduğu kimi çatdırsaq , məncə, bu, daha doğru olardı.  
 
Bu gün dövlətimiz tərəfindən AMEA nın “Memarlıq və İncəsənət” İnstitutunda  strateji əhəmiyyətli “Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsi çox mühüm və son dərəcə lazımlı bir məsələ olaraq vaxtında yaradılmışdır. Bildiyimiz kimi, dünya birliyi susur, həqiqətləri danır və bizə yeganə çıxış yolu özümüzə arxalanaraq, birləşərək, yekdilliklə təbliğatı dünyanın dörd bir tərəfinə çatdırmaq qalır. Belə ki, öhdəmizə düşən vəzifə yazmaq, informasiyanı  müxtəlif dillərdə xarici ölkələrdə nəşr etdirməkdir.
 
Onu da qeyd etmək istərdim ki,  institutumuzun əməkdaşı, (hal –hazırda xarici ölkədə fəaliyyət göstərir) sənətşünaslıq üzrə elmlər doktoru, professor  I.Hacıyev uzun  illər “Keşikçidağ” dövlət tarix -  mədəniyyət    qoruğunda  tədqiqat işləri   apararaq maraqlı nəticələr almışdır. Tarixi faktlara söykənən həmin nəticələrin məzmunu nüfuzlu elmi məcmuələrdə nəşr  edilmişdir.   Belə araşdırmalar təbiidir ki, obyektiv nəticə ilə yekunlaşırsa, bu, gələcək tədqiqatlar üçün də  müəyyən stimul yaradır.   
 
Sənətşünaslıqla əlaqədar tədqiqat apardığımız  üçün, azsaylı xalqların musiqi  və mədəniyyəti ilə maraqlanaraq, araşdırma aparırıq. Belə ki, artıq bir neçə rayonda azsaylı xalqların etnik folkloru toplanılmışdır.   Mən bu işi sevə-sevə  edirəm  və  bu  mənə xüsusi zövq verir. Bildirmək istəyirəm ki, bu xalqlar doğrudan da az qalmışdır və onların rahatlığı,  mənəvi təminatı   üçün dövlətimiz az işlər görmür. Şəxsən özüm bütün bunların şahidi oldum.
 
Qafqaz Albaniyasının azsaylı xalqlarının nümayəndələrindən biri ingiloylardır. Onlar Qəbələ rayonunda məskunlaşmışlar.Qafqaz Albaniyasının   digər azsaylı xalqı  Qəbələ rayonunun Nic kəndində məskunlaşan udinlərdir.    Onların sayı  təqribən  4500 nəfərdir. Bundan savayı Oğuz kəndində 100 nəfərə kimi udin vardır. 
 
Bu  xalqla   bağlı  XIX  əsrdən   etibarən  aparılan  tədqiqatlar   göstərir  ki, udinlər    Azərbaycanın  Qafqazdilli    aborigen   etnoslarındandır.  Tarixə   nəzər  saldıqda  bəlli   olur  ki,  udinlər   eradan  əvvəl  IV  əsrdən  eramızın   VII  əsrinədək  mövcud   olan   Qafqaz  Albaniyası    dövlətində  mühüm  rol    oynayıblar. Onlar  haqqında  ilk   yazılı  məlumat eradan əvvəl  V  əsrdə  yaşamış   Yunan  tarixçisi   Herodotun   əsərlərində  yer  alıb. Udinlərlə  bağlı  ən  müfəssəl   məlumat  isə  eramızın   VII  əsrində  yaşamış   Azərbaycan  (alban) tarixçisi  Musa   Kalankatuklunun  “Alban  tarixi”   əsərində  verilir. 
 
Udinlər  bu  illər  ərzində    özlərinin  mədəniyyətini,  adət - ənənələrini,  dini   inanclarını (IV əsrin   əvvəllərində  xristianlığı   qəbul  ediblər) ,  ən  əsası  isə, dillərini  qoruyub   saxlayıblar.   Bununla  yanaşı,    onlar    Azərbaycan  ərazisindəki   türkdilli  qəbilələrlə  də   qaynayıb  qarışaraq   əsrlər   boyu  dinc  şəraitdə   yaşayıblar.Əlbəttə,  xalqın   kimliyini   sübut  edən  amillərdən   biri  də  onun  əsrlər  boyu   yaratdığı  maddi  mədəniyyətidir. Milli   geyim, mətbəx,  müxtəlif   mərasimlər, yaşayış  tərzi  və s. hər   bir  xalqı   fərqləndirən   xüsusiyyətlərdir.    Udinlər  bu  günədək  özlərinin   ənənəvi  milli  geyimlərini,   adət - ənənələrini,mərasimlərini   qoruyub  saxlayıblar. 
 
Qədim  tarixə   malik  olan  Nic  kəndində  xeyli   alban  abidələri  aşkarlanıb.   Burada  Abdallı  adlanan   ərazidə   torpaq  qəbirlər   vardır. Ağdəlləhli     adlandırılan  ərazidə    1228   ci  il tarixli  qəbir   daşları   aşkarlanmışdır. Kənddə  qədim   alban   kilsəsi,  “Daş   bulaq”  adlandırılan   çeşmə   qorunub  saxlanılır.
 
Qafqaz  Albaniyası   xalqlarının   daha   bir qolu -   nümayəndəsi  avarlardır. Bu  barədə   tarixçilərimiz   belə  yazır: “ XIX   əsr  rus  mənbələrində   bütün  Dağıstan  xalqlarının ,   eyni   zamanda,  avar  və   saxurların,  “Car  ləzgiləri”   və  ya  “ləzgi”    adlandırılması  Rusiya  İmperiyasının   milli -   müstəmləkə  siyasəti  ilə   bağlı  idi.  XIX  əsrdən   etibarən   Qafqazı  işğal  edən    Rusiya  imperiyası  bu  ərazidə  “Parçala,   hökm  sür”   milli – müstəmləkə   siyasətini   həyata   keçirərək  əsrlərlə   mehriban  qonşuluq  münasibətləri   ilə  yaşayan  qardaş   xalqları  arasına  ədavət   toxumu  səpməyə  çalışırdı. Azərbaycan  türkləri   ilə  bərabər, avar,  ingiloy,   udi,  saxur,  rutul   kimi  müxtəlif  azsaylı   xalqların da  yaşadığı  Azərbaycanın  Şəki – Zaqatala  bölgəsində   Rusiya  İmperiyası  daha  məkrli  dini  ərazi  Rusiya   üçün  xüsusi   hərbi    strateji  əhəmiyyət  daşıyırdı. Bu   müstəmləkə  siyasətinə  xidmət   edən  imperiya  tarixçiləri   də  Azərbaycanın  qədim   türk  yurdu  olmasını   hər  vasitə  ilə   unutdurmağa  çalışırdılar.    Bu  məqsədlə  Azərbaycan   türklərini  rus  tarixçıləri   “tatar”,  “muğal”,  “radar”, “tərəkəmə”   kimi   müxtəlif  adlara  bölərək,   onların  bu  ərazilərə   “gəlmə”  və  azsayda   olduğunu  sübut  etməyə   çalışırdılar.  Şəki – Zaqatala  bölgəsində  məskun   olan  avar,  saxur,   rutul  kimi  etnosların   da  adlarının  tədricən   yaddaşlardan  silinməsi  məqsədilə   XIX  əsr  rus  mənbələrində  bu   xalqlar  “Car  Balakən   ləzgiləri”  adı  altında   ümumiləşdirilirdi. Beləliklə  də   bu    etnosların  etnik  mənşəyini    unutdurmağa  çalışırdılar.”
 
Qloballaşan  dövrdə,   texnikanın   sürətlə  inkişaf   etdiyi  bir  zamanda   qədim  Azərbaycan  tariximizi   unutmamaq, tarixin  səhifələrini  vərəqləmək   hər  bir  azərbaycanlının  borcudur.    Tariximizi  bilmədən,  mədəniyyətimizi, adət - ənənələrimizi,  musiqimizi də   bilə  bilmərik. Bu arada  Qafqaz Albaniyası xalqlarının sənətkarlıq,  əl işi və   mədəniyyətindən arayış vermək istərdik. 
 
Xınışlı, Nüydü, Qırlartəpə, Yaloylutəpə, Qaraköbər, Torpaqqala və Albaniyanın digər məskənlərində forması və ölçüsü müxtəlif olan əl dəyirmanları, kirkirə daşları, dən üyütmək üçün yer və s. aşkar edilmişdir. Dulusçuluq məmulatı Qafqaz Albaniyası iqtisadiyyatı və mədəniyyətinin inkişaf etdiyini göstərir. Eramızdan əvvəl I minilliyin II yarısında  Yaloylutəpə keramikasının yeni səciyyəvi formaları – qonşu ölkələrin keramikasından fərqlənən şüddanlar, birayaqlı və üçayaqlı vazalar meydana gəlir. Yaloylutəpə keramikası Şirvan, Şəki, Zaqatala bölgəsi, Gəncə - Qazax,Mil – Qarqabağ düzü, Alazan və Kür hövzəsi, habelə Dağıstan ərazisində olan abidələrdən məlumdur.
 
Alban cəmiyyətinin əyanlar təbəqəsinin məişətində geniş istifadə olunan gümüş və mis qab – qacaq   cəmiyyətin sosial cəhətdən yekcins olmadığını aydın bildirir.
Zərgərlik də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdi. Arxeoloji tədqiqatların gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək şeyləri öz formaları və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir.  Bunlar metaldan, gildən, şüşədən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək əşyalarının tərkibinə qadın tacları, qolbaqlar, boyunbağılar, üzüklər, toqqalar, sancaqlar, müxtəlif tikmə və muncuqlu bəzək əşyaları daxildir. 
Metal qablarla yanaşı, şüşə məmulatı da geniş yayılmışdı.Albaniyada şüşə qab istehsalının eramızın II – III əsrlərindən meydana gəldiyi  ehtimal edilir. Əvvəlki dövrlərdə isə bunlar bir qayda olaraq, Şərq ölkələrindən gətirilirdi. 
 
Bəzək əşyalarının böyük bir qrupu antik dövrdə geniş yayılmış  qolbaqlardan ibarətdir.Qolbaqlar tuncdan, gümüşdən, qızıldan və dəmirdən hazırlanırdı. Qolbaqların ön kəsiyi dairəvi , yaxud üçbucaqvaridir, çox vaxt zoomorf başcıqlar şəklində düzəldilmişdir, ucları bəzilərində aralıdır, səthi ya saya, ya da ornamentlidir. Bu qolbaqlar yalnız bəzək əşyaları deyil, həm də qədim alban xalqının ideoloji təsəvvürünü əks etdirən ayin əşyaları idi. 
 
Boyunbağılar əsasən o dövrün ən erkən qəbirlərinin materiallarından tanışdır.  Alban   kişi və qadın qəbirlərində tez – tez üzük və sırğalara rast gəlinir – bunlar formaca bir – birindən fərqlənir. Onlar əlvan metallardan, dəmir və sümükdən düzəldilirdi. Üzüklər tökmə və döymə üsulu ilə düzəldilirdi; bəzən qiymətli daşlardan, bəzən şüşələrdən qaş qoyulur, zoomorf  təsvirlər, həndəsi ornamentlərlə təchiz olunurdu. Qızıl üzüklər möhür rolunu oynayırdı və qaşsız üzüklərə nisbətən daha sonralara aiddir. Üzük – möhürlərin xarici nümunələri adətən Romadandır. Bu isə  Qafqaz Albaniyasının Roma ilə geniş əlaqələrə malik olmasını təsdiq edir. 
 
Bəzək əşyaları arasında sırğalar xüsusi yer tutur. Qızıl sırğalar Mingəçevir, Yaloylutəpə , Xınışlı, Qalagah, Şatırlı (Bərdə) və başqa yerlərdə aşkar edilmiişdir.
Bəndlər bəzək əşyaları arasında mühüm yer tutur. Gümüş, tunc, dəmir bəndlərə qəbirlərin əksəriyyətində təsadüf edilir. Əcnəbi bəndlər, xüsusilə Roma bəndləri çoxdur.  Arxeoloji qazıntılar zamanı tuncdan olan çoxlu miqdarda  müxtəlif sancaqlar  üzə çıxarılmışdır. Tədqiqatlar  zamanı aşkarlanmış Qafqaz Albaniyası bəzək əşyaları Azətbaycan Tarix Muzeyinin fondunda saxlanılmaqdadır. Mingəçevir, Şamaxı, İsmayıllı və s. Azərbaycan rayonlarında arxeoloji ekspedisiyalar zamanı aşkarlanan qızıldan, gümüşdən, tuncdan, büllur daşlardan hazırlanmış bəzək əşyaları hal –hazırda Azərbaycan Tarix Muzeyinin fondunda saxlanılmaqdadır. 
 
AMEA Memarlıq və İncəsənət İnstitutunun 
“Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsinin 
aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent  
Sehranə Kasimi
 
 
 
 
 ƏDƏBİYYAT:
                                                                                                       
Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı,1994.
K. Əliyev. Antik Qafqaz Albaniyası (e. ə. I – b.e. I əsrlər)Bakı, 1974.
Azərbaycan tarixi (7 cilddə) I, II cildlər. Bakı, 2007.
F. Məmmədova Qafqaz Albaniyası və albanlar.Bakı, 2005 (rus dilində).
V. A. Şnirelman “ Voynı pamyati. Mifı, identiçnost   i politika v Zakafkazye"     


 MƏNBƏLƏR:
                                                                                                          
1.Babayev İ.A.   «К вопросу о возникновении государства Албании (Кавказской) //ИАН АзССР, серия истории, философии, права, 1976, №4.
2. Страбон. География, кн. ХVI, гл.4, 18 ( С. 777) (рус).
3.Q.Qeybullayev. 1993, səh 172.(azərb)
4. Krupnov.E. İ.   “Древнейшая  культура Кавказа и Кавказская этническая общность.  «СА», 1964№1.
5. Тревер К. В. Очерки по истории и культуре   Кавказской Албании. – М. Л.1959. (русс).
6 Ямпольский З.И. Две заметки к трактовке страбонова текста об Азербайджанской Албании// Изв.АзФАН СССР. 1942, №7 
7.Azərbaycan Ədəbiyyatı Tarixi, I cild, Bakı, 2006.
 8. İ.Hacıyev “Keşikçidağ” mağara-məbədlər kompleksi. “Elm” qəzeti, 2012, sentyabr,№27-28 (1045-1046)     
 
 

 
 
 
 
 



Oxşar xəbərlər