Vüqar İskəndərovun dəstəyi ilə şəhid ailələri ziyarət olunur


  • 16:00 / 14 03 2021 |
  • Bölmə: Bölgə


Deputat Vüqar İskəndərovun dəstəyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabit, dövlət qulluqçularının iştirakı və “Əsgərə xatirə kitabı” layihəsinin rəhbərliyinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı şəhid, qazi və itkin düşmüş hərbçilərin ailə üzvləri ziyarət olunub.

Səfər çərçivəsində keçirilən görüşlərdə Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Rasim İbrahimov, psixoloq İlqar Orucov, deputat Vüqar İskəndərovun köməkçisi Anar Nağıyev, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və Layihənin icraçı direktoru Məltəm Şıxəliyeva psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxsləri müəyyən edərək bu problemlərin həlli istiqamətində onlara ünvanlı maddi yardım edib, psixoloji dəstək tədbirləri həyata keçiriblər.

Ziyarətlər zamanı ailələrin sosial problemləri öyrənilib və aidiyyatı üzrə həlli üçün qeydiyyata alınıb. Layihə çərçivəsində şəhid mayor Xəyal Məmmədov, Qazi Elvin Lətifov və hazırda itkin düşmüş Şəki rayonu Baş Göynük kənd sakini Qorxmaz Salamovun ailələri ziyarət olunub. 

Daha sonra Şəki şəhəri İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüş keçirilib. Görüş zamanı qazilərin və şəhid ailələrinin məşğulluq, müalicə-müayinə və s. məsələləri müzakirə olunub. Bildirilib ki, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi vacib məsələlərdən biridir və İcra Hakimiyyəti də daim bu cür layihələrin rayonda təşkilinə dəstək olmağa hazırdır.









Oxşar xəbərlər