Multikulturalizm Yay Məktəbinin iştirakçıları Şəkidə - Fotolar


  • 20:01 / 26 07 2022 |
  • Bölmə: Bölgə


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) iyulun 24-dən “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsinə start verib.

Mərkəzdən "Rupor'"a verilən məlumata görə, Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləridir. 2022-ci ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin qatıldığı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi iyulun 24-dən 31-dək Bakı şəhəri ilə yanaşı, Şəki, Qəbələ və Qax rayonlarında fəaliyyət göstərəcək.

XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində 14 ölkənin - Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, Fransa, İspaniya, Misir, Türkmənistan, Gürcüstan, Rumıniya, Qana, Nigeriya, Bolqarıstan, Suriya kimi ölkələrin aparıcı universitetlərindən 20-dən çox tələbə iştirak edir.

Proqrama uyğun olaraq, yay məktəbinin iştirakçıları iyulun 25-də Şəki şəhərinə gəlib və “Şəki Park” otelində yerləşiblər.

İyulun 26-da günün birinci yarısında otelin konfrans zalında Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanovun “Müasir Azərbaycan Respublikasının beynəlxalq əlaqələrində multikulturalizm siyasətinin rolu” və Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarovun “Azərbaycanda dinlərarası birgəyaşayış ənənəsinə təsir edən əsaslar” mövzularında mühazirələri dinlənilib.

Rəfi Qurbanov bildirib ki, Azərbaycandakı mədəni müxtəliflik nümunəsinin xarici siyasətdə də təbliğ edilməsi ölkəmizin multikulturalizm siyasətinin əsas tərkib hissəsidir. “Bakı Prosesi”ilə başlayan bu siyasət ölkəmizin beynəlxalq arenada müsbət

imicinin möhkəmləndirilməsinə xidmət edir. Mədəni hüquqların dövlət tərəfindən tam qorunması həm də dinc birgəyaşayış ənənələrinin qorunmasında müstəsna rol oynayır.
Sonda tələbələr qrup halında tapşırıq yerinə yetirib, fikir mübadiləsi aparıblar.

Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov Azərbaycanda mədəni müxtəliflik və tolerantlığın əsasları haqqında danışıb. Bildirilib ki, bu gün cəmiyyətlərdə müxtəlif sosial və siyasi səbəblərdən mədəni müxtəliflik daha da artmaqdadır. Fərqli mədəniyyətlərdən olan insanlar öz dəyərlərini bir-biri ilə bölüşürlər. Bu, mədəni müxtəlifliyin yaxşı cəhətidir. Lakin, əgər cəmiyyətdəki mədəni müxtəliflik birlikdə yaşamaq baxımından bir dəyərə çevirilməzsə, bu istiqamətdə tədbirlər görülməzsə, bu, cəmiyyət üçün heç də xoş olmayan nəticələrə səbəb olar. Multikulturalizmlə bağlı təşkil olunan tədbirlər multikulturalizmin mahiyyətinin və dəyərinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Anar Qafarov öz təqdimatında cəmiyyətdə mədəni müxtəlifliyi formalaşdıran tarixi, coğrafi, dini və mədəni amillərdən danışıb, Azərbaycanı bu baxımdan gözəl bir nümunə kimi qeyd edib. O bildirib ki, Azərbaycanda multikulturalizmlə bağlı dəyərlərin öyrənilməsi və cəmiyyətimizdə insanların sülh şəraitində yaşaması üçün həm siyasi, həm ideoloji, həm də ictimai tədbirlər təşkil olunur və multikultural dəyərlərə hörmət Azərbaycan xalqının tarixi xüsusiyyətidir. Azərbaycan xalqı tarix boyu müxtəlif mədəniyyətlərin nümayəndələrinə, onların dəyərlərinə ehtiramla yanaşıb və bu gün də yanaşır. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinə və onların məbədlərinə diqqət və qayğı göstərilir.

Mühazirələrdən sonra iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.

Proqrama uyğun olaraq yay məktəbinin iştirakçıları günün ikinci yarısında Şəkinin tarixi məkanları ilə tanış olacaqlar.










Oxşar xəbərlər