Azərbaycanda ölüm sayı yüksək deyil - Koronavirus xəbəri


  • 09:42 / 16 04 2021 |
  • Bölmə: Cəmiyyət / Səhiyyə


Azərbaycanda aprel ayı başlayandan koronavirus infeksiyasından (COVID-19) 478 nəfər vəfat edib.  

"Rupor" “Qafqazinfo”ya istinadən xəbər verir ki, son 15 gün ərzində ən çox ölüm halı ayın 7-də qeydə alınıb. Həmin günə olan statistikaya görə, vəfat edənlərin sayı 37 nəfər olub. Ay ərzində ən az ölüm faktı isə aprelin 2-də qeydə alınıb. Həmin gün koronavirus infeksiyasından 24 nəfər həyatını itirib. 

Ay ərzində yoluxma sayında pik hədd isə aprelin 8-də qeydə alınıb. Həmin günə olan statistikaya əsasən, 2717 nəfərin COVID-19 testinin nəticələri pozitiv çıxıb. Aprel ayının əvvəlindən bu yana isə ümumilikdə 32 min 498 nəfər koronavirusa yoluxub. 

TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov isə Azərbaycanda koronavirusdan ölüm sayında yüksəlmə olmadığını düşünür. Onun sözlərinə görə, bu, yoluxma sayına ekvivalentdir:
“Yoluxma sayı çox olanda, ölüm sayı da çox olur. Məsələn, bugünkü məlumatda 2300 gündəlik yoluxma qeydə alınıb. 36 nəfər ölüb. Faizlə hesablasaq, bu, təxminən iki faiz edir. Dünyaya baxsaq, ölüm halları yoluxmanın beş faizi qədərdir. Ölüm hallarını yoluxma ilə müqayisə etsək, deməzdim ki, yüksəkdir. Bizdə pandemiya başlayandan indiyədək ölüm faizi ikidən çox olmayıb”.



Türkiyədə çalışan həkim Turanə Rəsulova da saytımıza açıqlamasında deyib ki, ölkədə xəstəliyi simptomsuz keçirən xeyli sayda insan var. O baxımdan, əslində ölüm faizi yüksək deyil, yoluxma sayı çoxdur:
“Azərbaycanda gündəlik yoluxmanın 2000-2500, aktiv xəstə sayının isə 25-30 000 olduğu bildirilir. Bundan 8-10 dəfə çox xəstəliyi simptomsuz keçirənlərin olduğunu nəzərə alsaq, hazırda ən az 250-300 000 koronavirusu daşıyıb, ictimai nəqliyyatda, iş yerlərində, getdiyi yerlərdə başqalarını yoluxdura bilən insanlar var. Ümumi say nisbətini götürəndə ölüm faizi yüksək deyil, yoluxma sayı çoxdur”.

Məlumat üçün bildirək ki, hazırda bəzi ölkələrdə, o cümlədən, Rusiyada ölüm faizi çox yüksəkdir. Məsələn, ötən gün qeydə alınan statistikaya nəzər salsaq görərik ki, günlük yoluxma 8576, ölüm sayı isə 333 olub. Bu da qonşu ölkədə yoluxanların təxminən 3,9 fazinin vəfat etdiyini göstərir. Ermənistanda da ölənlərin sayı yüksək həddə - 3,5 faizə qədər gedib çıxır”.




Oxşar xəbərlər