Qazi səhhəti ilə bağlı ciddi problemlər yaşayır


  • 16:42 / 18 05 2021 |
  • Bölmə: Cəmiyyət


İmişli rayonunun Muradxanlı kəndindən olan 24 yaşlı Vətən müharibəsi qazisi Nicat Əmirli səhhəti ilə bağlı ciddi problemlər yaşayır. 

“Qafqazinfo”ya müraciət edən qazi bildirib ki, o, ötən ilin oktyabr ayında gedən döyüşlər zamanı yaralanıb: “Müharibənin ilk günündən ön xətdə döyüşmüşəm, Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak eləmişəm. Oktyabrın 2-də yaralandım. Bir müddət Gömrük Hospitalında, sonra TİBB Universitetinin Tədris-Cərrahiyyə Klinikasında, Buzovnada xəstəxanada müalicə aldım. Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicəmi davam etdirirəm. İstəyirəm ki, ayağımı sağaltsınlar”.

N. Əmirlinin sözlərinə görə, başından və ayağından ağır yaralanıb, hazırda yeriməkdə çətinlik çəkir. Qazi bildirir ki, həkimlər sağalacağını desələr də, hələ də səhhətində irəliləyiş yoxdur. Qazi ailəsi ilə birlikdə yarımtikili vəziyyətdə olan evdə çətin şəraitdə yaşadığını deyir. 



Problemlə bağlı İmişli RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyevlə əlaqə saxladıq. Şöbə müdiri bildirdi ki, qazinin problemlərindən xəbərdardır və ona dəfələrlə icra hakimiyyəti tərəfindən köməklik olunub:
“Bizim bütün kömək qüvvələrimiz onun üçün işləyir. Hazırda qazi müalicə olunur, dünən xəstəxanaya göndərmişik. Hətta hər dəfə xəstəxanaya gedəndə və qayıdanda rayon Mərkəzi Xəstəxanasının baş həkiminin nəzarəti altında xüsusi təcili yardım maşını ayrılır. Həmçinin qazi üçün ev tikintisi də nəzərdə tutulub. Rayonun imkanlı şəxsi 4 ev tikintisini ianə etmişdi və biz onun birini Nicat üçün yönləndirmişik. Ailənin bəzi şəxsi –ailədaxili problemləri var. Tövsiyə etmişik ki, bu məsələni həll etsinlər, aralarında razılığa gəlsinlər və ev tikintisinə başlanılsın”. 

İ. Quliyev həmçinin bildirib ki, qazi Nicat Əmirliyə “YAŞAT” Fondu və Rusiyada yaşayan imkanlı şəxslər tərəfindən köməklik edilib. Hazırda həmin qazinin yalnız sığorta ödənişi qalıb. Bunun üçün müalicəsi tamamlanmalı, Hərbi Hospitaldan ona sənəd verilməli və həmin sənəd əsasında sığorta ödənişi olunmalıdır. 

“Mən müalicə aldığı xəstəxananın baş həkimi ilə bir neçə gün əvvəl danışmışam və müalicəsinin tam normal getdiyini bildirib. Bayram günlərində onu 4 gün rayona göndərmişdilər. Həmin vaxt rayon Mərkəzi Xəstəxanasının baş həkiminin şəxsi nəzarəti ilə hər gün kəndə həkim gəlib və o evdə masaj olunub. Biz qaziyə imkanımız daxilində olan köməkliyi edirik”.

Qeyd edək ki, N. Əmirliyə əllik təyini üçün əvvəlcə qazinin müalicəsi tamamlanmalı, sonra hərbi hospitaldan epikriz alınmalıdır. Sağlamlığı ilə bağlı problem qalarsa, həmin sənədi tibb müəssisəsinə təqdim etməklə Ekspertiza və Reabilitasiya Alt Sistemində qeydiyyatdan keçmək olar.




Oxşar xəbərlər