Tələbə jurnalist - müəllim jurnalist vəhdətində Quba yolçuluğu - Reportaj


  • 12:41 / 29 05 2021 |
  • Bölmə: Cəmiyyət


Təbiətin qanunu: zaman sürətlə axır, dövr daim təzələnir, bir sözlə, canlı və cansız nə görürüksə dəyişir. Doğrusu, xatirələri daxili dünyasında qoruyan və yaşadan insan da dəyişir. Dəyişməyən isə ruhumuza hopmuş, yaddaşımıza qonmuş xatirələrdir- sözsüz ki, yaxşı xatirələr.

Bugünkü səfərimiz də sabahın... xoş xatirəsinə çevriləcək. 

Saat 08:00

Bakıdan başlanan yolçuluğumuz isə şimal Şərqə - Xan babalarımız: Hüseynəli, Fətəli, Əhməd xanın yurduna, ölkəmin rekreativ zonası sayılan, Şahdağ, Babadağ, Tufan dağla başı göylərə ucalan - Qubayadır. "Dağ" demişkən, elə bu məqamdaca yadıma müəllimimiz Əli Hacıyevin vaxtilə Feysbuk səhifəsində yazdığı statusu düşür: "Havalar qızdıqca dağların cazibə qüvvəsi adamı özünə sarı çəkir"

Bu fikirdə böyük həqiqət var. Ancaq ən böyük həqiqət odur ki, bizi bu səfərə çəkən, sövq edən qüvvə fakültəmizdəki sağlam ab - havadan, sağlam münasibətdən qaynaqlanır. Burada  müəllim - tələbə birliyinin sarsılmaz dostluğu, əbədi vəhdəti var. Və bir də fakültəmizin saf amal üzərində kök salan müqəddəs ənənələri, dəyərləri...



Artıq uzun illərdir ki, hər ilin bu vaxtı doğma Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ölkəmizin dilbər guşələrindən birinə səfər edir. Yüksək təşkilatçılıq bacarığı, sonsuz səmimiyyəti, mənəvi zənginliyi, Vətəninə - torpağına - xalqına ürəkdən bağlılığı ilə tələbələrin sevimli müəllimləri olan Zaur Babayev və  Əli Hacıyev yaddaqalan, xoş xatirələrə çevriləcək təbiətlə görüşümüzə bir bağlılıq - körpü salırlar. Bununla da sevgi göstərərək məsuliyyətli işin çətinliyini öz çiyinlərində şərəflə daşıyırlar. 



Bugünkü Quba səfərini bədii və həqiqi mənada EŞQ YOLÇULUĞU da adlandırmaq olar. Səfərimizin hər bir iştirakçısının qəlbi önəmli günün eşqilə dolub - daşır. 103 il bundan öncə yaranan varlıq tariximizin silinməz Cümhuriyyət eşqi, 30 ilə yaxın bir zamanda zamanın bizdən çaldığı Qarabağ torpaqlarının düşmən tapdağından azad olunması eşqi, 8 Noyabr - Şuşa zəfərinin hədsiz xoşbəxtliyinin eşqi, Xarı bülbül festivalının xoş təəssüratının eşqi və bunların cəmindən yaranan əbədi Vətən eşqi.  Bu günün sevinci, xoşbəxt və bəxtəvər çağına görə 1993 - cü ilin 15 iyun gününə borcluyuq. Azərbaycan tarixində müstəqilliyin, qurtuluşun Heydər Əliyev dövrünə və torpaqlarımızın düşmən tapdağından qurtuluşunun, azadlığının İlham Əliyev dövrünə sonsuz eşqimizi, sevgi və ehtiramımızı bildiririk. Bu günün dəyərində, önəmində Tanrının böyüklüyü görünür. Onun qüdrətinə, nemətinə, yetirdiyinə Mövlanə kimi şükür edirik.
Yolumuz davam edir...



Hardasa bir saata yaxındır ki, yoldayıq. Böyük ailəmiz çox xoşbəxtdir. Bu xoşbəxtlik isə sanki zamanı da dondurub. Elə bil, indicə yola düşmüşük. Ən böyük xoşbəxtliyimiz isə müəllimlərimizin bizlərlə birgə olmasıdır. Bu birgəlik isə mütləqdir. Necə ki, Yunus Əmrə cənnəti Tanrısız təsəvvür etmirdisə, biz tələbələr də görəcəyimiz heç bir işi müəllimlərsiz təsəvvür etmirik. Bilik və təcrübəsini öyrətməkdən usanmayan, dəyərli zamanını tələbələrə sərf etməkdən doymayan, hətta rahatlığını belə bizlər üçün fəda edən fədakar müəllimlərimiz Zaur Babayevin, Gülnarə Sadıqova, Samir Xalidoglu və Ramin Rzayevin diqqəti, sonsuz sevgi və qayğısı yolun yorğunluğuna dinclik, məsafənin uzaqlığına yaxınlıq gətirir. Tələbələrin qəlbindəki məhəbbət payı, çöhrələrindəki xoş təbəssüm, gözlərindəki sevinc işartısının isə dəyəri - qiyməti "N" qədər - sonsuzdur.

Sənayə şəhərimiz - Sumqayıtdan, xalçaçılıqla tanınan Xızıdan, ölkə və yerli abidələri ilə zəngin Siyəzəndən sonra Qubaya yetişmək üzrəyik. Yol boyu baş tutan xoş xatirələrə çevrilib, bir ömür boyu yaddaşlardan silinməyəcək bu səfərin təəssüratları haqqında hələ yazacayıq. Radioda səslənən mahnının sözləri isə bugünkü günümüzün himninə çevrilir. Günün xoş akkordları ilə radioda səslənən "Biz mehriban ailəyik" mahnısının akkordları həmahənglik yaradır: 

Üstümüzdən keçdi külək,
Üstümüzdən keçdi külək ,
Şən zarafat,şirin kələk.
Biz mehriban ailəyik,
Biz merhriban ailəyik,
Gəlin dostlar,deyək -gülək.

Bu xoşbəxtliyin əbədi olmasını arzu edərək, yazımızın sonunu səfər yoldaşımız Kənan Novruzovun aşağıdakı fikri ilə yekunlaşdırmaq istəyirəm: 

 qədər yaxşılar var, onlar qəlblərdə qalacaq
Günümüz xoş keçib, bu səfər tarixdə qalacaq.

Kənan Novruzov
BDU-nun jurnalistika fakültəsinin magistri
Əsgər İsmayılov
BDU-nun jurnalistika fakültəsinin tələbəsi




















Oxşar xəbərlər