Şuşadan yaza bilmək - Vahid Qazi yazır


  • 09:51 / 15 11 2021 |
  • Bölmə: Cəmiyyət


Şuşada adını qayalara yazmaq oğlanlar arasında dəb idi. Uşaq vaxtı mən də yazmaq istəmişdim. Cıdır düzündə mismarla oyub adımın baş hərfini bir qayaya güclə həkk eləyə bilmişdim, arxası qaldı, anam çağırdı ki, gedirik, gəl…

Pərvin Nurəliyevanı yazıçı kimi “Qar yağacaq” hekayəsiylə tanımışam. Oxuyanda belə hekayə yaza bilən gənc yazarımızın olmasına sevinmişdim.
Bir gün zəng eləyib təzəcə nəşr olunmuş “Ruhlar şəhəri” kitabımla bağlı müsahibə almaq istədiyini dedi. Görüşdük. Maraqlı söhbət alındı, işğalda qalan vətən haqqında ən səmimi söhbətlərdən biri oldu o. Onda Pərvini elə o hekayəsinin balaca qəhrəmanı kimi gördüm. Bir iynəgözü günəş şüasıyla, bir utancaq qar dənəsiylə, nə bilim, yalnız pıçıltı ilə deyilə biləcək bircə kəlməylə xoşbəxt olası xoşsima bir xanım kimi gördüm.

Sualın biri beləydi: “Ruhlar şəhəri”nə səyahətiniz davam edir?” Ağdamı nəzərdə tuturdu. Belə cavab vermişdim: “Davam” sözü bətnində “bitirib, yenidən başlamaq” anlamını gəzdirir. Bu mənada dediyiniz ünvandakı mövcudluğum səyahət yox, qalıb yaşamaqdı”.

“Bütün sevgilərin bir səsi var – pıçıltı”. Müsahibənin başlığına bu cümləmi çıxarmışdı. O vaxt, Yurd sevgisindən danışdığımız o ilıq yaz günündə hələ vətəni tərk edib getməmişdim…
Bunu niyə xatırladım?
O gün Pərvin mənə “Qobustan” jurnalında redaktorluğa başladığını yazdı, jurnal üçün məndən yazı istədi. İşə bax! Özü də Şuşadan! Yazdı ki, Şuşa azad olunub, daha Şuşa haqda xəyallarla yox, gerçəkdə danışa bilərsən. Yaddaşındakı Şuşadan yaz, dedi.



Deyə bilmədim ki, nə qədər Xocalıya, Xankəndiyə əlimiz çatmır, Şuşaya Ağdamdan getmirik, azad olan torpaqlardan nigaranlığım var, əlim qələmə yatmır. Boyun qaçırmaq istəyirdim, alınmadı. Yazacam, dedim, söz verdim!

İndi qalmışam belə. Nə yazım? Ona necə izah edəydim ki, illər uzunu Şuşanı işğalda təsəvvür edə bilmədim. Ağdam hə, Ağdamı da, mənim bütün xatiratımı da onunla birlikdə işğal etmişdilər. Qubadlıda keçirdiyim şirin uşaqlıq xatirələrim də onun kimi əsarətdəydi bu illər uzunu. Yaddaşımın dərinliyində hələ də çağlayan Vəngin altındakı Kolatağ Turşsuyu da eləcə. Hər yan işğal olunmuşdu. Gəncliyimin Bakısı belə!
Şuşadan savayı…


Bunu desəydim məni anlayar, duyardımı görən? Portretini şüşə dalından çəkən rəssamı tapmaq üçün yüyürüb özünü küçəyə atan qız anlamazmı məni?

Elədisə, bəs, niyə “Çöl Qala”mdakı şuşalı rəssamı anlayıb, duymamışdı? Əsər haqda rəyini oxumuşdum. Çölqalalı rəssamın Şuşa sevgisinə inanmamışdımı? İstədim deyəm, “Çöl Qala” romanındakı rəssam elə sənin “Sevimli… Zərif… Mənim…” hekayəndəki şüşə dalından qadının portretini çəkən, çəkdiyini qadına yollayan, yollayıb yoxa çıxan həmin rəssamdı. Axtarırdın, tanımadınmı?
Demədim!

Bu yazını oxuyanda biləcək, biləcək ki, ondan qaçan rəssam üçün Şuşa heç vaxt işğal oluna bilməzdi…
Məndən “Qobustan” incəsənət toplusuna yazı istəyir. Nə yazım, necə yazım axı!? Neçə vaxtdı, dinc durmuşdum yerimdə, mövzuya yaxın düşmürdüm. Daha xatirələrlə yox, xəyallarla yaşayırdım. Azad edilən şəhərimdə gələcəyin xəyalını qururdum. Hər gecə ev tikirdim, təzə şəhər salırdım fikirlərimdə…

Kasıbın gözü hər yanda itiyini axtaran kimi qərib də getdiyi yerlərdə Yurd nişanəsi gəzir. Az olmayıb bu otuz ildə dünyanın dörd bir tərəfində Qarabağı görməyim.

…Bir neçə ilin söhbətidi, uşaqlarla Vyanaya gəzməyə getmişdik. Hotelə düşmədən maşını birbaşa Üzeyir Hacıbəyovun heykəli olan Dunay parkına sürmüşdüm.

Park çayın ortasındakı adada salınıb, Şuşanın “dom otdıx” dediyimiz İstirahət evinin bağçasına oxşayır. Elə bu oxşarlıq fikrimi uzaq 1981-ci ilə apardı. Heykəlin torun-tozun silə-silə uşaqlara onlar yaşda olanda həmin bağda Üzeyir bəy haqda “Uzun ömrün akkordları” filminin çəkilişlərinə tamaşa etməyimdən söz açdım. Anardan tutmuş Qədir Rüstəmovacan xatırladım.



Yeri gəldi, qoy elə birini də sənə danışım, dostum oxucu! Demək, bir yay həmin İstirahət evində dincəlirdik. Səhər yeməklərinin birində yeməkxana divarına vurulan elanda oxuduq ki, Cıdır düzündə konsert olacaq. Böyüklərimizlə yığışıb getdik. Simfonik orkestri ilk kərə canlı-canlı Cıdır düzündə onda dinlədim – maestro Niyazinin dirijorluğuyla Üzeyir bəyin “Koroğlu” uvertürasını çalırdılar.

Şuşanın İstirahət evi bir vaxtlar Bəhmən Mirzə Qacarın (Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu, Azərbaycan hakimi və taxt-tacın varisi) mülki olmuş böyük ərazidə yerləşir. Bağ Qala divarlarına qədər uzanır. Hərdən Qala divarına çıxar, Qarabağın üfüqəcən uzanan genişliyinə tamaşa edərdim. İndi də hərdən gecələr yuxum ərşə çəkiləndə xəyalən o divara dırmaşır, quş kimi özümü o sonsuzluğa atıram, uçuram, uçuram, beləcə yuxuya keçirəm.

Bənzərini Krımda görmüşəm, Cufut-Kalada. Dörd bir tərəfi sıldırım olan qədim qala-şəhərin darvazasına çıxmışdım. Dimdik durub, qollarımı yana açıb gözümü yummuşdum. Krımın yox, Qarabağın səmasındaydım onda. Qarovulçu düşürməsəydi, allah bilir nə qədər qalacaqdım orda.

…Nə vaxtsa heç ağlımın ucundan belə keçməzdi ki, Bethovenin “Ay işığı” sonatasını Bethovenin Vyanadakı evində dinləyəcəm! Onu ilk dəfə Qreta çalanda eşitmişəm. Səkkiz, ya doqquz yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi, Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı. İllər uzunu hər səhər yuxudan onun, sonra başqa qızların çaldığı musiqilərlə oyandım.

İndi burda, Bethovenin ev-muzeyində həmin musiqini dinləyəndə huşum artıq Yer üzündən silinmiş bir şəhərin mən olan çağlarına getdi. Heç nə eşitmirdim, Bethovenin özü kimi kar idim. Eşitmirdim, amma onun musiqisini dumanın, tüstünün yerdən qalxan halı kimi görür, yağış isladan torpağın ətri kimi qoxuya bilirdim…

Muzeyin pilləkənləriylə düşəndə Bülbülün Şuşadakı ev-muzeyini xatırlamışdım. Uşaqlara yamyaşıl baxçanın içində o kürsülü, sürahılı evdən danışmışdım. Ordan ən çox yadımda qalan eksponat ona İtaliyada verilən orden idi. Deyirdilər ki, bu ordeni taxan paradda generaldan da qabaqda gedə bilər. O vaxt elə fəxr eləmişdim ki, Bülbüllə.

…Uşaqlar balaca olanda birlikdə səfərə çıxmaqdan, onlara vətən söhbətləri eləməkdən xoşum gəlirdi. Elə indi də hərdən belə səfərlərimiz, söhbətlərimiz olur. Bir gün qədim yazılı daşların qorunduğu Björketorpssten milli parkına getmişdik. Qobustanı görmüşdülər deyə buradakı run yazılarına maraqla baxır, müqayisə edirdilər. Söhbətdən uzaqlaşmadan deyim ki, İsveçdə 3500-dən çox yazılı daş abidə var. Vikinqlərdən qalan bu abidələrin ən qədimi VI-VII əsrlərə aid edilir.

Həmin gün onlara bir vaxtlar Şuşada qayalara ad yazmağın dəb olmasından danışdım. Adımı yarımçıq yazmağımdan söz açdım. “Bax, tariximizi də belə yazmışıq – yarımçıq! Siz gərək bizim səhvlərimizi təkrarlamayasınız”, demişdim.

…Koronovirus ucbatından uzaq ölkələrə səfər alınmadı deyə, bu yay xanımı da götürüb İsveçin Qotland adasına getdim. Yeriniz məlum, adanın bu başından o başınacan yaxşıca gəzdik. Məşhur Lummelunda mağarasına girəndə Şuşadakı Xan mağarasını xatırladım. Öyrəndim ki, Şuşa Pedaqoji İnstitutunu bitirsə də xanımın bundan xəbəri yoxdu. Bilirəm, İbrahimxəlil xanın mağarasını çoxunuz görməmisiniz. Ona danışdığımı, sizə də deyim.

Xan mağarası Cıdır düzündən üzüaşağı baxanda nəhəng Daşaltı dərəsinin o üzündə sıldırım qayalar arasında kiçik qara dəlik kimi görünür. Uzaqdan balacalığına baxmayın, hündürdü, at belində içəri keçəcək qədər hündür. Deyilənlərə görə Qacar Şuşanı tutanda İbrahimxəlil xan burada gizlənibmiş.



Adamda, özü də mənim kimi xəyalpərəstdə arzular bitib-tükənməz! Lummelunda mağarasından çıxanda ürəyimdə bir istək yarandı – Şuşadakı Xan mağarasına, bir də Azıx mağarasına getmək istəyi.

Şuşanın məşhur bir şəkli var. Qala divarı, Gəncə qapısı olan şəkli deyirəm, hamınız görmüsünüz. Amma əminəm, böyük əksəriyyətiniz qala divarının o üzündə olmamısınız, ordan üzü bəri açılan füsunkar mənzərəyə baxmamısınız. Qoyun, ordan da danışım sizə.

Ala qapıdan içəridə restoran vardı. 1983-cü ilin yayında dostları atamın sağalıb xəstəxanadan çıxması münasibətilə məclis qurmuşdular. Masanın mən oturan küncündən baxanda Gəncə qapısından üzüaşağı Qarabağın yamyaşıl dərələri, təpələri, bir də sonsuz üfüq görünürdü. Hafiz əminin yanında oturmuşdum. Hafiz Sədrzadə Qarabağın zil və yanıqlı səsiylə seçilən xanəndələrindən idi. Şuşalı məşhur müctəhid Məhəmməd ağa Mürşidzadənin oğludu. Həm qohumluğu, həm də atamla dostluğuna görə onu tez-tez görürdüm, xüsusi bir bağlılığım vardı. Qohum toyları onsuz çalınmazdı.

O gün atamgilin məclisi uzun çəkdi. Böyüklərin söhbəti uşaqlara maraqlı gəlməz deyirlər, məndə elə deyildi, özümü kişilər sırasında görür, söhbətlərini dənliyimə yığırdım.

Gün əyilirdi, Gəncə qapısından o üzdə təsvirəgəlməz mənzərə açılmışdı. Ayrı vaxt yüz dil töksən oxumayan Hafiz əmi özü başladı. Deməsələr bilməzdim, oxuduğunun “Zəminxarə” olduğunu.

Yaddaşımın ən məhrəm Şuşa hücrələrindən danışıram sizə – ilahi səslə möhtəşəm mənzərənin təmas nöqtəsini göstərmək istəyirəm.




Oxudu, bitirdi. Bizim məclis hələ sükut içindəykən başqa masalardan alqış səsləri qala divarlarında əks-səda verdi.

Sonralar Ağdamın, Şuşanın minarələrindən azanı onun səsiylə verirdilər. Mən azanı Kazanda, Sarayevoyada, İstanbulda, Maldivdə, Səmərqənddə, bizim Sovetskidə, canım sizə desin, Krım Baxçasarayında, Misir Hurqadasında, nə bilim, neçə yerdə eşitmişəm. Hafiz Sədrzadənin azanı qədər mənə xoş gələni olmayıb. Yutubda “Qarabağ azanı” yazıb siz də dinləyin, görün düzmü deyirəm!

Səhərdən elə ordan-burdan danışıram, başım qarışdı, Pərvinə yazı söz vermişəm axı…

“Uşaqlığım Şuşada keçib. Qəribə şəhər idi. Döşəmə küçələr, əyri döngələr, enişli-yoxuşlu yollar, reşotkalı pəncərələr, sürahılı balkonlar, şüşəbəndlər, zəhmli qədim evlər, dəmir toxmaqlı ağırtaxta darvazalar, məhləbaşı bulaqlar, kəklikotu ətirli bağlar, çobanaldadan yay yağışları… Adı, tarixi, iqlimi adamlarının xarakterinə təsir eləmişdi. Cibində pulu olmayan da özünü bəy kimi aparırdı. Amma hər adam duymazdı ki, bu qürurlu insanların sinəsində necə kövrək qəlb döyünür. Yayda ölkənin hər yanından adamlar axışırdı Şuşaya. Bəzən gələnlərin sayı yerlilərdən üç-dörd dəfə çox olurdu. Onda şuşalılar başını elə dik tutub gəzərdi ki, elə bilərdin hər biri bir dağın sahibidi. Amma elə ki yayın sonunda gələnlər qayıdıb gedirdi, şəhər ziyarətçiləri dağılışan yas evinə dönürdü. Şəhər də, adamları da sükuta qərq olurdu. Payız yağışları isə bu ovqatın nisgilini daha da artırırdı.

Yarpaqlar saralır, şəhərin başını duman-çən alırdı. Adamlar növbəti yayın şux büsatını həsrətlə gözləyirdilər”.

Yox, alınmır! Gərək bağışlaya məni, Pərvin. Yazmaqla olmur, Şuşa yazmaqla təsvirə gəlmir. Şuşanı yaşamaq lazımdı.

Şuşanı yaşamaq: Gecəsində ulduzlarla yatıb, sabahında günəşlə oyanmaqdı; Dumanın dərədən qalxıb göy üzünə sürünməyinə tamaşa eləməkdi; Buludun günəşi görcək yağışını bir anda yağdırıb qaçmasına sevinməkdi; Dünyanın ən möhtəşəm simfoniyasını – yağış damlalarının çadır alaçığın damında çaldığı musiqini dinləməkdi…

Yaza bilmədim, amma yaşadım. Bu, Pərvinin sualındakı “səyahətin davam” yox, cavabdakı “qalıb yaşamaq” idi…
Səbrim boyumdan uzundur! Gedəcəm Şuşaya! Uşaq vaxtı yarımçıq qoyduğum adı qayaya həkk eləməyə gedəcəm.

Əsl Şuşa yazısı bax, o, olacaq.

Vahid Qazi
Helsinqborq, İsveç
“Qobustan” İncəsənət Toplusu




Oxşar xəbərlər