Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafı çox önəmlidir


  • 13:51 / 06 09 2020 |
  • Bölmə: Cəmiyyət


Azərbaycan Respublikası ilə Qardaş Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib.

Keçirilən təlimlərə hər iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.
Türkiyə Respublikası Azərbaycan müstəqillik qazandıqdan sonra hər zaman Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. Müstəqilliyimizin İlk vaxtlarında orduda kadr çatışmazlığı var idi. Zaman keçdikcə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il  bunun davamı olaraq Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezidentimiz İlham  Əliyev deyib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”

2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Saziş bu ilin iyulun 2-də qüvvəyə minib. İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini bir çox vacib məsələlər müəyyənləşdirir. Bu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb.

Qardaş Türkiyə ilə hərbi əməkdaşlıq baxımından perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.
 
İki  qardaş ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı əsas sahələrdən biridir. 
Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur.  

Ermənistan qəsbkar bir ölkə olması danılmaz bir faktdır. Xocalı soyqırımı, bir milyon azərbaycanlını evlərindən didərgin salınması, tarixi, mədəni, dini abidələrimizi dağıdılması beynəlxalq hüquq normalarını pozmasının göstəricisidir. Hətta BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların heç bir qətnamələrinə əməl etmir.

Hər zaman işğalçı mövqedə dayanan, təxribat və terror həyata keçirən Ermənistanın  Yunanıstan və Kiprlə hərbi əməkdaşlığından hər birimiz narahatıq. Bu narahatçılığa son günlər təmas xəttində başverən hadisələr, təmas xəttini keçmək istəyərkən saxlanılan erməni zabitinin etirafı bird aha əsas verir. Erməni zabiti özü etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb.

 Ermənistan   həmişə bizə - Azərbaycana düşmən mövqedədir. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. 
Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində  iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra Rusiyadan Ermənistana silah daşınması başlanıb. Gürcüstan tərəfi silahları onun hava sərhəddində daşınmasına icazə verməyib. Silahlar Azərbaycanla yaxın siyasi və iqtisadi  münasibətləri olmasına baxmayaraq Qazaxıstan və Türmənistanın hava sərhəddindən daşınıb. 
Hətta Rusiya Ermənistana satdığı silahları dünya bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır. Və bu da Ermənistana çox ucuz başa gəlir.
Rusiyadan Ermənistana satılan silahlar  içərisində radio elektron mübarizə vasitələri də daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını söndürmək, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.

Ermənistanla hərbi əməkdaşlıq Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.



Hətta 2020-ci il avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federsiyasının Prezidenti Vladimir Putinlə bu barədə telefon danışıqları olub.

Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir. Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz bu dəstəyi türk qardaşlarımızdan da görürük.

Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçımız tərəfindən səsləndirilmiş sözlər: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” – bunu bir daha sübut edir
Prezidentimiz cənab İlham Əliyevin:

“Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” kimi sözləri Azərbaycan açıq diplomatiyasına işarə edir. Dövlət başçımız, Ali Baş Komandanımız tərəfindən həmin görüşdə səsləndirilmiş  bu sözlər hər bir azərbaycanlının qəlbindən keçir və  Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.
     
Nəsimi Rayon sakini   
Leyla Həşimova 




Oxşar xəbərlər