"Vətəni tərk edəcəyimi ağlıma gətirmirdim" - Kanadalı məşhur azərbaycanlı


  • 20:41 / 02 03 2021 |
  • Bölmə: Dünya


"Rupor"un müsahibi Kanadada yaşayan və burada müəllim kimi fəaliyyət göstərən Yeganə Cəfərovadır.  Qısaca tanışlıq üçün onu ki, vanurğulayaq ki, Yeganə xanım İmişlidə dünyaya göz açsa da, mətbuatda Vətəndən uzaqda yaşayan qarabağlı pedaqoq kimi tanınır. Onunla söhbətimizə də elə doğma Qarabağımızdan başladıq.

-  İmişlidə doğulmusunuz, mətbuatda haqqınızda dərc olunan yazıda, "Qarabağlı müəllim" kimi təqdim olundunuz. Səbəbini bilmək maraqlı olardı.
 
- Bəli, mən İmişlinin indiki Cəfərli, illər öncə isə Ceyhunlu (babamın adı idi) kəndində doğulsam da hələ 17- 18-ci əsrlərdə Qarabağımızın alınmaz qalası Şuşa ilə Əsgəranın aralıq ərazisindəki yeddi kəndi birləşdirən Muğanlı mahalının ağası böyük Vəli ağa nəslinin nümayəndəsiyəm. Ulu babamız Vəli ağa Pənahəli xanın yaxını saydığı və rus çarının sabiq əlaqələndiricisi - elçisi olub. O dövrdə Kəlbəcərin, Laçının ərazilərinin böyük bir hissəsi də Vəli ağanın otlaq sahələri olmuşdur. Ulu nənəm isə Ağdamın Gülablı kəndindən idi. Nənəmin Qalada  (Nənəm Şuşa deməzdi, - “Qala” deyərdi.) keçirdiyi uşaqlıq və cavanlıq xatirələrini hər dəfə maraqla diləyərdim. 1900-cü illərdə qışın çox sərt keçməsı insanları vadar edir ki, heyvan sürülərini şaxtalı aylarda saxlamaq üçün qışlaq yerləri axtarsınlar. O üzdən Vəli ağanın oğulları aran rayonlarına üz tutur və Kür sahilləri boyu gəzərkən Cəfərli kəndi də daxil olmaqla, 12 kəndin ərazisini Gəncə xanının qardaşı Sarı xan onlara qışlaq üçün verir. Həmin ildən babalarımız hər il qışda fermalarını arana köçürər, yayda isə Qarabağa ailələrinin yanına qayıdıb Kəlbəcər, Laçın yaylaqlarına qalxardılar. 1920-30-cu illərdə isə Rusiyanin sərt qanunları onları birdəfəlik arana köçməyə vadar edir. Amma hər ilin yayı 4 ay Qarabağa - yaylaqlara gedərdik. Mən 18 yaşımadək baba vətənim olan Qarabağı qarış-qarış gəzmişəm. Hər bir dağın-daşın, hər bir bulağın-çayın həm adları və həm də yerini belə xatırlayıram. Şuşanın Güllü bağındakı güllərin ətri hələ də burnumdadır. Ştən 30 ilə yaxın bir müddətdə mənfur düşmənimizin füsunkar Qarabağımızı işğal etməsı məni çox sarsıdırdı. Lakin müzəffər ordumuz-vətən oğulları bu həsrətimizə son qoydu.  
 


- Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika müəllimliyi ixtisasını bitirmisiniz və ilk iş yeriniz bağça olub,  orada  tərbiyəçi, daha sonra Beynəlxalq İxtira və Biznes İnstitutunda psixoloq kimi çalışmısınız. Niyə  orta məktəbdə müəllim yox, baxçada tərbiyəçi, niyə psixoloq?
 
 - Universiteti bitirdiyim 1988-ci ilin iyun ayında artıq ermənilər Qarabağ iddiasını bəyan etməyə başlamışdı. Mən tələbə yoldaşlarımla imtahandan çıxıb birbaşa indiki Azadlıq meydanına gedirdim. Həmcinin artıq Sovet İttifaqının da dağılacağının izləri böyüməkdə idi. O vaxtın qaydalarına əsasən təyinatımı Əsgəran rayonuna vermişdilər. Yoldaşımın işi ilə əlaqədar olaraq, mən Bakıda qalmalı oldum. 1990-cı ildə artıq iş yerləri ilk növbədə qaçqınlara verildiyi üçün növbədə 987-ci oldum. Elə bir zaman idi ki, bir-birinin ardınca iş yerləri bağlanırdı. Azərbaycan yenicə müstəqilliyə qədəm qoymuşdu. O illər hər bir müəssisə bağlanmaq təhlükəsi qarşısında idi. İşləməliydim, amma harda və necə iş tapmalıydım onu bilmirdim. Qardaşım Montin adına Maşınqayırma zavodunda mühasib idi və o mənə zavodun uşaq bağçasına tərbiyəçı axtarıldığını dedi. Mən həmin bağçada işə başladım. 10 il həmin bağçada çalışdım və eyni zamanda Moskvanın filialı olan mərkəzdə psixologiya təhsili aldım. Analıq məzuniyyətindən qayıdarkən maaşımın heç yol pulunu ödəmədiyi üçün psixoloq işi aramağa başladım, Kanadaya köçənədək özəl bir institutda iki il psixoloq kimi çalışdım.

 

- 2003-cü ildən Kanadanın Toronto şəhərində yaşayırsınız. Vətəndən niyə getdiniz?
 
- Nə vaxtsa vətəni tərk edəcəyimi ağlıma belə gətirmirdim. Çünki mən ürəyimlə, qanımla, canımla vətənə bağlıyam, desəm, yenə azdır. Vətən mənim üçün uşaq yaşlarımdan çox müqəddəs bir məkan olub. Amma yoldaşımın Kanada şirkətindən iş təklifi alması məni də vətəndən cismən ayırdı. Bu ayrılıq Vətənə olan sevgimi bir qədər də artırdı. Vətəni, vətən sevgisini Kanadada daha da vüsətlə yaşada bildim. Bunun üçün özümü çox şanlı hesab edirəm.
 
 
-  57-yə yaxın xalqın dili tədris olunan məktəbdə azərbaycanlı şagirdlərinə doğma dilimizi tədris edirsiniz?  Uşaqlar dilimizi necə qavrayırlar?
 
Toronto məktəblərində 57 xalqın dili tədris olur. 15 ildir ki, Azərbaycan dili də bu dillərin sırasındadır. Hər dilə həftədə bir dəfə 2 saat yarım dərs saatları ayrılır. Vətəndən uzaqda yaşasalar da uşaqlar dilimizi çox həvəslə öyrənirlər. 
Dilimizə ayrılan vaxt çərçivəsində uşaqlar dilin incəlikləri ilə yanaşı, adət-ənənələrimizi, tariximizi, musiqimizi, əlamətdar və anım günlərimiz haqqında məlumatları da mənimsəyirlər. Biz öz tədbirlərimizdə və dəvət etdilyimiz türkdilli xalqların tədbirlərində də şagirdlərim yaxından iştirak edir. Bu da onların dilimizi öyrənmələri üçün geniş imkanlar açır.
 


Ünsiyyətdə olduğunuz xaricilərdə Azərbaycan haqqında hansı təsəvvürləri yarada bilmisiniz?
 
Öncə onu qeyd edim ki, hal-hazırda iki kollecdə də məktəbəqədər müəllimlərin və müəllim köməkçilərinin diplom proqramlarının muhazirə və seminar dərslərini aparıram. Auditoroyalarda hər gün yüzlərlə tələbə ilə görüşürəm. Kanadaya gədiyim ilk illərdə Azərbaycan adını eşidəndə insanların üzündəki təəccübə biganə qala bilməyib, vətənimizi hərtərəfli tanıdacağıma söz verdim. Festival və sərgilərdə və hətta milli bayramlarımızda Azərbaycan dili dərsimiz öyrədilən məktəbdə dəfələrlə sərgilər təşkil etmişəm. Azərbaycanın tarixi, abidələrı, yeməkləri, kitabları, milli geyimləri, adət-ənənələrinin rəsmi olan suvenirləri və Azərbaycana aid şəkillərı nümayiş etdirmişəm. Hər dəfə Azərbaycan adına kecirilən bütün tədbirlərdə, anım günlərində iştirak edir və təşkilatçılara yaxından yardımçı olmağa çalışıram. Çalışdığım kollecdə dəfələrlə əcnəbi tələbələrlə milli rəqslərimizi nümayiş etdirmişəm. Yemək və şirniyyatlarımızı nəinki, işlədiyim kolleclərdə tanıtmış, hətta, tanıdığım bir çox əcnəbilərə təqdim etmişəm. Bununla yanaşı siyasətçilərlə görüşlərdə də bir müasir Azərbaycan qadını kimi tez-tez iştirak edirəm və Azərbaycan həqiqətlərinin çatdırılmasında da rolum az deyil. 
 


- 500-ə yaxın kolleci özündə birləşdirən "Ontario Kolleclər Assosiasiyası"nın, eləcə də "Pharma-Medikal Science" kollecinin "İlin ən yaxşı müəllimi" adına layiq görülmüsünüz. Bu barədə daha ətraflı məlumat ala bilərikmi?
 
 - Kanadada ən yaxşı müəllim adını almaq təmamilə fərqlidir. Bu adı almağım üçün hər gün auditoriyalarda yüzlərlə tələbəyə mühazirə oxumağım əsas götürülməyib. Dövət hər il təhsil alması üçün tələbələrə təqaüd verir. Tələbələrin təhsilini başa vurduqdan sonra iş tapması, çalışaraq dövlətə və eləcə də cəmiyyətə ümumilikdə xeyir verməsi deməkdir. Tələbələrə verdiyim mükəmməl biliklər onların hər birinin iş tapmasında böyük rol oynayır. Mən ümumulikdə həm cəmiyyətə və həm də dövlətə xeyir vermis oluram. Ontario Kolleclər Assosasiyası müəllimin bacarığına və yüksək ada layıq görülməsinə bu aspektdən baxır. 


 
- Kanadada Azərbaycan diasporunun fəal üzvüsünüz. Əlbəttə, ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çox işlər görmüsünüz. Fəaliyyətin daha effektli qurulması üçün hansı təklifləriniz var?
 
 - Başqa millətlərin diasporlarına nəzərən Azərbaycan diasporu çox cavandır və xaricdə vətənimizi layıqıncə təmsil etmək üçün daha böyük proyektlərə imza atılmalıdır. Qarabağ və işğaldan azad olunmuş ətraf ərazilərdə baş verən hadisələrin həqiqətlərini dünya ictimayyətinə tam təfərrüatı ilə çatdırmaq və ermənilərın dünyanı və xarici ölkələrin dövlət qurumlarında yaydıqları yalanları təkzib edərək doğruları çatdırmaq üçün davamlı olaraq görüşlər keçirməli və planlı şəkildə işlər görülməlidir.
Həmçinin, vaxtarşırı dünya diaspor nümayəndələrinin ümumi görüşü və hətta qurultayının da keçirilməsi gələcək plana daxıl edilməlidir.
Hərtərəfli və mükəmməl quruculuq işləri həm ölkə daxilində, həm də xarici ölkələrdə yaşayan soydaşlarımızla sıx əməkdaşlıq nəticəsində yüksək nəticələr əldə olunmasına yönəldilməlidir. Xaricdə güclü lobbi yaratmaq işi sürətləndirilməlidir. 
 
 

- Azərbaycanın işğalçı Ermənistan üzərində 44 gün ərzində nail olduğu böyük qələbəsini Kanadada necə qarşıladız?
 
  - Şuşanın alınması xəbərini Kanadada gecə yarısı Prezidentın çıxışını dinləyərkən eşitdik. Kanadanın bütün əyalətlərində yaşayan soydaşlarımız bir-birini təbrik etdi və səhərədək yatmadıq. Mən isə bu xəbərı göz yaşları ilə qarşıladım. Bu göz yaşları bir tərəfdən sevic göz yaşlarıydı. Çünki, Şuşanın azad olması ilə illərin həsrətinin bitməsi və Qarabağın tam azad olacağının yaxın olduğunu duyduğum üçün idi, o biri tərəfdən isə bu qələbəni şəhid olmuş igid əsgərlərimizin özlərini düşmən gülləsinə sipər edərək bizə yaşatmaları idi. Növbətı gün isə biz Kanadanın paytaxtı Ottava şəhərinə öncədən hazırlaşdığımız yürüşü böyük qələbəmizə həsr etdik. Mən həmin yürüşdə Kanada parlamentinin önündə çıxışımı – “Evimizə qayıtdım”, - kəlməsini söyləyərək başladım. Ottavadan qayıdarkən yol boyu avtobusda və Torontoda avtobusdan düşüb gecəyarı hələ küçədəcə insanlarımızla qələbəmizdən danışır və bir-birimizi təbrik edirdik. 

 

- Oğlunuz Amin York Universitetinin Astro-Fizika fakültəsində oxuyur və Universitetin rəsədxanasında kiçik elmi işçidir. Onun ən böyük arzularından biri Şamaxı rəsədxanasında çalışmaqdır. Bu müqəddəs arzunu böyük vətən yanğısı yaşayan şəxs özünün amalına çevirə bilər. Qızınız Zemfira Toronto Universitetində tibb üzrə təhsil alır. Onun peşəsi ilə bağlı planları necədir?
 
- Övladlarımın hər ikisi vətəni çox sevirlər və demək olar ki, hər il yay tətilini Azərbaycanda keçirirlər. Onlar kənddə qalmağı, ümumiyyətlə, kənd həyatını çox sevirlər. Qızım gələcəkdə həkim olmağı qarşısına məqsəd qoyub. Məqsədinə yetişmək üçün hələ illərlə oxumalıdır. O üzdən indidən  planları barədə nəisə demək tezdir.
 
Sonuncu dəfə doğma Vətəndə nə vaxt olmusunuz?
 
Son dəfə vətəndə il yarım öncə, 2019-cu ilin oktyabrında olmuşam. Növbəti dəfə vətənə gəldiyimdə Qarabağımın gözü - Şuşama getmək arzusundayam, o müqəddəs vətən torpağını öpmək arsundayam və o günü səbirsizliklə güzləyirəm. Həmçinin mən Şuşanın “Güllü bağı”nda elə o güllərin ətrini qoxulamaq arzusundayam. Xarıbülbülü özüm dərmək istəyirəm, İsa bulağının o buz kimi suyundan içmək istəyirəm. Corona ilə əlaqəli bu arzumun həyata keçməsi, hələ ki, ləngiyir. 

Dilşad 









Oxşar xəbərlər