Makrona "Soyuq duş” və ya siyasi sillə effekti


  • 18:06 / 05 10 2020 |
  • Bölmə: Dünya


Prezident İlham Əliyevin son günlərdə dünyaca məşhur “Əl-Cəzirə” və “Əl-Ərəbiyyə” televiziya kanallarına verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq baxımından və həm Ermənistan, həm də Fransa rəhbərliyinin son günlər dünya mediasında bizə qarşı dövriyyəyə buraxdığı feyk-xəbərləri, dezinformasiyaları yalanlamaq, zərərsizləşdirmək nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Mən hesab edirəm ki, hər iki müsahibədəki əsas məqamları xarici dilləri yaxşı bilən bizim öz soydaşlarımız da müxtəlif dillərə tərcümə edib yaşadıqları ölkələrin ictimaiyyətlərinin diqqətinə çatdırmalı, sosial şəbəkə platformalarında yaymalıdırlar.

Maraqlıdır ki, hər iki telekanal Azərbaycan Prezidenti ilə müsahibəni tamamilə Qarabağda baş verən son proseslər üzərində qurmuşdu. Bütün suallar məhz bu mövzuya həsr edilmişdi. Mən burada bir mühüm məqamı xüsusilə qeyd etmək istərdim ki, sözügedən telekanalların ikisinin də sualları başdan-başa ermənipərəst mövqedən hazırlanmışdı.Yəni ki, bu suallar obyektiv və neytral suallar deyildi.Əksinə, bəzi suallar açıq şəkildə təxribatçı məzmuna malik idi.Sanki bu kanallar Azərbaycan lideri ilə müsahibə zamanı Ermənistanın vəkilliyini edir və onun maraqlarına xidmət edən suallar verirdilər. Lakin İlham Əliyev “Əl-Cəzirə”-nin də, “Əl-Ərəbiyə”-nin də suallarını kifayət qədər tutarlı məntiqi əsaslarla, dolğun
şəkildə cavablandırdı. Bu baxımdan, mən dövlət başçımızın cavablarını uğurlu hesab edirəm və bu müsahibələr də səsləndirilən bir neçə məqam üzərində xüsusilə dayanmaq istəyirəm.

Belə ki, “Əl-Cəzirə”-nin suallarından biri vasitəçilərlə bağlı idi. Prezident İlham Əliyev həmin sualı cavablandırarkən qeyd elədi ki, həm Rusiya, həm də digər iki həmsədr ölkə “birlikdə işləməyə davam etməlidir, əgər onların hamısı neytrallığı qorusa. Bu, mühümdür. Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”. Prezidentin bu fikirləri əslində birbaşa Fransa prezidenti Emmanuel Makrona ünvanlanmışdı. Mən əminəm ki, İlham Əliyevin bu sözləri Fransanın rəhbəri üçün “soyuq duş” və ya siyasi şillə effekti verəcək. Makron bu sözləri, bu iradları haqq edir. Azərbaycan Prezidenti “Əl-Ərəbiyyə” kanalına müsahibəsində də Makronun son günlərdəki destruktiv mövqeyinə kifayət qədər sərt münasibət bildirdi.

“Əl-Cəzirə” telekanalının təxribatçı suallarından biri də beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına bizim necə reaksiya verəcəyimizlə bağlı idi. Belə ki, müxbir açıq şəkildə təxribatçılıq edərək soruşdu ki, “siz atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymamaq seçimini edirsiniz?”. Azərbaycan Prezidenti isə bu suala cavabında bildirdi ki, xeyr, biz buna göz yummuruq. Lakin atəşkəs
birtərəfli qaydada əldə oluna bilməz. Əlbətə, biz atəşkəsə hazırıq. Amma hansı şərtlərlə? Əsas məsələ də bax budur. Prezident bir daha qeyd elədi ki, onlar ərazilərdən çıxmalıdırlar. Qoy onlar çıxmağa başlasınlar və çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər. Bəli, yalnız bu halda atəşkəs haqqında danışmaq olar. Əks halda isə Azərbaycan təktərəfli qaydada atəşkəs rejiminə heç cürə razı ola bilməz. İlham Əliyev bu məqamı prinsipial olaraq həm Ermənistan rəhbərliyinin, həm də vasitəçilərin diqqətinə çatdırdı. “Əl-Ərəbiyyə” kanalı da sülh danışıqlarının mümkünlüyünə, atəşkəs məsələsinə toxundu və Azərbaycanın bununla bağlı mövqeyini öyrənmək istədi. Prezident İlham Əliyev də birmənalı şəkildə sülhün tərəfdarı olduğumuzu bildirdi:”Mən onların nə etməli olduğunu artıq dedim. Əgər onlar atəşkəs istəyirlərsə, mən artıq dedim, bizim qarşımızda üzr istəyin, bizə çıxmaqla bağlı vaxt cədvəli verin, sadəcə sözlər yox ki, biz bunu dayandıracağıq və danışıqlar aparacağıq. Bu, işləməyəcək. Mən bir daha münaqişənin həllinə kömək etmək istəyən bütün tərəflərə, həmçinin Ermənistan rəhbərliyinə deyirəm ki, nə qədər gec deyil işğala indi son qoyun. Bəyanat verin ki, siz həll prinsiplərini qəbul edirsiniz, Azərbaycanın ərazi bütövlüyünü qəbul edirsiniz, işğal olunmuş bütün ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verəcəksiniz və Azərbaycan ərazisində “Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri Azərbaycan xalqı qarşısında üzr istəməli və deməlidir “Qarabağ Ermənistan deyil” və onda biz dayanarıq. Bundan sonra əlbəttə ki, biz bu düşmənçiliyə son qoymağa və atəşkəs rejimini bərpa etməyə hazır olacağıq. Mən razıyam. Mən həllin danışıqlar vasitəsilə olduğunu düşünürəm. Lakin danışıqların məğzi olmalıdır”.

“Əl-Cəzirə”nin müxbirinin dövlət başçımıza ünvanlanan daha bir qərəzli və hiyləgər sualı isə ermənilərin maraqlarına xidmət edən xalqların öz müqəddəratını təyin etmək hüququ ilə bağlı sual idi. Müxbirin “Siz xalqların öz müqəddəratını təyin etmək hüququna inanırsınızmı?” sualına Azərbaycan Prezidentinin cavabını parlaq zəkanın və əsl diplomatik ustalığın təzahürü, göstəricisi hesab edirəm. Belə ki, dövlət başçımız qeyd etdi ki, “bu, erməni təbliğatının əsas etibarilə beynəlxalq hüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət beynəlxalq ictimai rəyi çaşdırmaq üçün tez-tez istifadə etdiyi məqamdır. Lakin beynəlxalq hüququn Helsinki Yekun Aktında əks olunan əsas prinsiplərinin çox aydın izahı var ki, orada ərazi bütövlüyü prinsipi üstündür. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin əgər biz geriyə baxıb BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz”. Azərbaycan Prezidenti bu mövzuya “Əl-Ərəbiyyə” kanalına müsahibəsində də toxundu və son günlər Ermənistanla bağlı xüsusi canfəşanlıq göstərən, ermənilər üçün timsah kimi saxta gözyaşları axıdan Fransa Prezidentinə olduqca maraqlı bir tövsiyyə də Verdi. Belə ki, İlham Əliyev qeyd etdi ki,“əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar”. Məncə, İlham Əliyevin bu cür əzici sözlərindən və məntiqli əks-arqumentlərindən sonra Fransa prezidentində az da olsa siyasi etika və həya varsa, bird aha Azərbaycanın dövlət başçısına zəng etməməli və Ermənistanın vəkili kimi danışmamalıdır.

Azərbaycanın dövlət başçısı “Əl-Ərəbiyyə”yə müsahibəsində son günlər bəzi dünya liderlərinin və KİV-lərinin Azərbaycana qarşı məqsədli, qərəzli şəkildə feyk-xəbər kampaniyası aparmalarına da münasibət bildirdi və bu saxta “xəbər”ləri yayanlardan ölkəmizdən üzr istəməyi tələb etdi:”Sizə deyə biləcəyim digər bir məsələ ondan ibarətdir ki, ermənilər başqa bir feyk xəbər yayıblar ki, Türkiyəyə məxsus F-16 Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbər idi. Bu feyk xəbər mediaya təqdim olundu. Siyasətçilər, avropalı siyasətçilər bu feyk məlumatı istifadə etməyə başladılar və indi sübut olunanda ki, bu, baş verməyib, heç kim üzr belə istəmədi. Mən bizi ittiham edənlərdən üzrxahlıq tələb edirəm. Mən onlardan məsuliyyətli olmağı, söylədiklərinə nəzarət etməyi tələb edirəm. Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik. Əgər biz düşündüyümüzü deməyə başlasaq, zənnimcə, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub”. Məncə də, Prezidentimizin bu tələbi tamamilə haqlı tələbdir. İlham Əliyevin ölkəmizlə bağlı yayılan feyk-xəbərlərə bu cür sərt reaksiyası özünə hörmət edən dünya siyasətçiləri və özünü “vicdanlı mətbuat” nümunəsi kimi təqdim etməyə çalışan bəzi dünya KİV-ləri üçün dərs olmalıdır.

Mən hesab edirəm ki, İlham Əliyevin “Əl-Cəzirə” və “Əl-Ərəbiyyə” telekanallarına verdiyi müsahibələr bütövlükdə həm beynəlxalq vasitəçilər üçün, həm də Ermənistanın avantürist rəhbərliyi üçün proseslərin bundan sonra hansı məcrada inkişaf etdirilməsi baxımından sözün tam mənasında “yol xəritəsi” rolunu oynaya bilər. Əlbəttə, əgər onlar gerçəkdən də münaqişənin sülh yoluyla həllində maraqlıdırlarsa. Əks təqdirdə isə, Qarabağ məsələsində son sözü səmərəsiz, qərəzli və riyakar diplomatiya yox, Azərbaycan əsgəri deyəcək və deyir də. Prezidentin də qeyd etdiyi kimi əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, Azərbaycan bunu özü edəcək. Bu da baş verir.

Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının (MHP) sədri




Oxşar xəbərlər