Taksilər gediş haqqını qaldırsa müştəri, qaldırmasa sürücü əziyyət çəkəcək


  • 21:30 / 10 02 2021 |
  • Bölmə: Gündəm


Bir axşam taksidə...

Gah axşamlar, gah gündüzlər, bir sözlə, günün müxtəlif saatlarında taksi xidmətindən istifadəyə ehtiyac duyuruq. Nəzərə alsaq ki, bu ehtiyacımızı ödəmək üçün o qədər də çətinlik çəkmirik. Çünki ölkədə 70 – dən çox taksi şirkəti və hər şirkətdə də təxminən 7-10 min arası sürücü fəaliyyət göstərir. Şəxsi taksi xidməti göstərənlər, yəni “dədə-baba” taksiləri də az deyil. Bir sözlə, təklif tələbi üstələyir. Bu səbəbdən də taksi qiymətləri ucuz və sərfəlidir. Sərnişin üçün sərfəli olan qiymətlərsə, sürücüyə bir o qədər də əl vermir. Bəs indi, benzin və dizelin qiymətinin qalxması taksi xidmətində bahalaşmaya səbəb olub, ya yox?



Rupor.az saytı olaraq kiçik araşdırma apardıq. Bir neçə taksi şirkəti - *2111,*9111,*9933 ilə əlaqə saxladıq. Qiymətin qalxmadığını, əvvəlki qiymətlərin sabit saxlanıldığı bildirildi. Şəxsi taksi fəaliyyəti ilə məşğul olanlar da köhnə qiymətlərlə işlədiklərini vurğuladılar. 
  • 30 ildir sürücü işləyən Əli Hüseynov - “Benzin qalxsa da, taksinin qiymətini qaldırmamışıq. Necə qaldıraq, camaatın imkanı yoxdur axı. Əvvəl 10 manat qazanırdıqsa, indi 8 manat qazanırıq”,- deyə bildirdi.
  • 6 ildir taksi şirkətlərinin birində çalışan Zaur Heydərli isə onsuz da az olan qazancın bir az da azaldığını bildirdi: “Qazandığımız pul tək dolanışıq üçün deyil ki! Maşınımızın əlavə xərcləri, usta pulu da bu qazancdan hesablanır. Benzinin qiymətinin qalxması isə əlavə çətinlik yaradır. Gərək, gecə-gündüz  işləyəsən ki, çörək pulunu çıxarda biləsən.”


Belə görünür ki, benzinin qiymətinin qalxmasında əsas zərbəni sürücülər alır. Taksi şirkətləri isə əvvəlki faizlərini almağa davam edirlər.Müştərini sürücüyə yönləndirən bu şirkətlərin itirdiyi hec nə yoxdur. Taksi fəaliyyətində qiymət artımının olmaması əhali üçün sərfəlidir. Qalxan qiymətlər fonunda taksinin qiymətinin sabit qalması əksər təbəqə üçün sevindiricidir. Sürücülərdən başqa. Necə deyərlər, “ bığ, saqqal” məsəli...

Əgər qiymət artarsa, keyfiyyət də yüksələcəkmi?

Taksi xidmətində kəmiyyətin də keyfiyyəti üstələdiyini açıq şəkildə söyləyə bilərik. Keyfiyyət dedikdə taksi fəaliyyəti göstərən avtomobillərin bəzilərinin sınıq-sökük olması - bir qapısının açılmaması, şüşənin bağlanmaması və.s. kimi halları nəzərdə tuturuq. Bununla da bitmir... Əsas problem - sürücü faktoru...

Ölkəmizdə taksi sifariş vermisənsə, gərək telefonun məşğul olmasın, əks halda sürücü sənə qəzəblənə bilər. Hətta müştəriyə səsini qaldıra, lazım olsa, təhqir də edə bilər. Buna hazır olun, ya da taksi gözlədiyiniz müddətdə gələn zəngləri qəbul etməyin.

Başqa bir sürücü tipi.
Sanki, maşında müştəri yoxmuş kimi davranar, sən mənzil başına çatana kimi telefonla danışar, zarafatlaşar, deyər-gülər, bəzən xoşagəlməz ifadələr də işlədər. Və ya ömründə eşitmədiyin musiqiləri səsləndirər, xahiş edib “səsini azaldın və ya bağlayın”, - deməsən “zəngin repertuar seçimi”davam edər. Taksidə eşitdiyim bir mahnının sözlərini özüm üçün qeyd etmişdim. Musiqi də elə sözlərə uyğundur...

Dağları duman alsa,
Gözüm yollarda qalsa,
Canım sevgilim mənim
Gecən xeyrə qalsın.  
                                
 
Şərhə ehtiyac yoxdur.

Daha bir sürücü tipi. 
Yol boyu səninlə ünsiyyət qurmaq istəyər. Keçmişdən gələcəkdən danışar, siyasətdən söhbət açar. Sənin peşənin nədən ibarət olduğunu bilsə, elə danışar ki, deyərsən, yəqin, mən işimi bilmirəm.

Taksilərin “xəstəliyi”

Taksi sürücülərində heç vaxt “xırda” olmur. Taksiyə minəcəksənsə, mütləq pulunu xırdaladıb minməlisən. Əgər pulunuz 100,50,20 manatlıqdırsa, sürücünün “xırdası” olmayacaq və səndən çıxış yolu tapmağını gözləyəcək. Axı bu işlə məşğulsansa, demək ki, xırda pulunu da ehtiyat edib saxlamalısan. Müştəri niyə bu problemlə üz-üzə qalmalıdır? Bir də 3.70 , 5.90 , 2.60 və.s. ödənişlər zamanı sizə qalıq qaytaran çox az sayda sürücü olacaq. Onsuz da taksi xidmətinin baha olmadığını nəzərə alaraq, ürəyiyumşaq xalqımız, -  ”O da çörək puluna işləyir” - düşüncəsiylə qəpikləri geri almır. Sürücülər də bu xoş əməldən sui-istifadə edirlər. Sanki belə olmalıymış kimi qalığı geri qaytarmaq haqqında düşünmürlər. Haqq-hüquq məsəli...

Söylədiklərim bütün taksi şirkətləri və sürücülərinə şamil olunmur.  Sürücüdən sürücüyə dəyişir. Həmçinin, nisbətən baha xidmət göstərən şirkətlərdə mədəni səviyyə və avtomobilin sazlığı hiss olunur. Deməli, “ucuz ətin şorbası” məsəli... 
 
Nərmin Qabil 



Oxşar xəbərlər