MTK-ların zülmü və zinhara gələn sakinlərin hüquqdan xəbərsizlik dərdi - REPORTAJ


  • 11:00 / 28 02 2021 |
  • Bölmə: Gündəm / İqtisadiyyat


Ev almaq, mənzil sahibi olmaq bizim xalqımızın əsas arzuları sırasında lap öndə gəlir. Geniş, ya darısqal, fərq etməz, təki evimiz-yuvamız olsun. Təəssüf, həyatımız boyu min bir əziyyətlə çalışıb aldığımız mənzildə rahat yaşamağa mane olan səbəblər az deyil. Xüsusən "yenitikili" təqdimatıyla tanınan çoxmərtəbəli bina evlərində kommunal xidmət haqqı və ödənilən məbləğin qarşılığında adekvat olmayan münasibət ailələrin narazı qaldığı əsas məqamdır. 

Kommunal xidmət haqqı binaların saxlanılması, təmiri, təmizliyi, mühafizəsi, liftlərin sazlığı, həyətyanı sahənin işıqlandırılması və.s. kimi xidmətlərin müqabilində sakinlər tərəfindən cavabdeh quruma - MTK-ya ödənilən puldur. Bəs yuxarıda sadaladığımız işlərin görülməsi üçün hansı idarəetmə formaları var?

Binalara nəzarəti və müvafiq idarəetməni 4 qurum həyata keçirə bilər 

1.Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti;
2.MTK – Mənzil Tikinti Kooperativləri;
3.Bələdiyyələrin təşkilatçılığı ilə bu sahədə xüsusi bilik və bacarığı olanların işə cəlb edilməsi; 
4.Keçmiş Mənzil İstismar Sahələri  


Artıq neçə illərdir ki, bu qurumlar arasında idarəçilik funksiyasını Mənzil Tikinti Kooperativləri (MTK) üzərinə götürüb. Səbəb isə çox sadədir. Həmin binaları məhz müxtəlif adlarla lizenziya almış MTK-lar inşa edir. Atalar demiş: "Lalın dilini yiyəsi bilər". Çox təəssüf bu prosesdə yiyələr əksər hallarda sahibi olduqları binaların, onların sakinlərinin dilini anlamaqda çətinlik çəkirlər. Müşahidələrimizdən və sorğularımızdan belə qənaətə gəldik ki, münasibətlərdəki anlaşılmazlığın əsas səbəbkarı MTK-lardır. Məntiq belədir: sükan kimdədirsə, cavabdeh də odur, səbəbkar da. 



MTK idarəçiliyinin səriştəsizliyindən təngə gəlmiş Bakıxanov qəsəbəsi, Yavər Əliyev 2595 ünvanının  “Akkord “ Şirkətlər qrupunun “Uğur 2” Yaşayış Kompleksində yaşayan Coşqun Salamov danışır:

-Bizim binalarda kommunal xərclər bir kvadrat metr ərazi üçün 25 qəpik nəzərdə tutulub. Bu qiymət insanları istismar etmək üçündür. Təmizlik işçiləri hər səhər ərazini təmizləyirlər. Zibil qutuları gündə 2 dəfə boşaldılır. Komendant insanlara əlindən gələn qədər kömək etməyə çalışır. Bu üstün tərəfləridir. Amma mənfi tərəfləri daha çoxdur. Liftlər çox pis işləyir. “Uğur 2” yaşayış kompleksinin rəhbərliyinə  liftlərin işləmədiyi barədə dəfələrlə deyilsə də, heç bir nəticə yoxdur. “Kimə istəyirsiniz şikayət edin” - cavabı onların dillərinin əzbəridir. Binada mühafizə sistemi, demək olar yoxdur, müşahidə kameraları var. Bizim kompleksdə 1800-ə yaxın mənzil var. Ortalama 1 mənzili 80 kvadrat metrdən götürsək, 36 000 manat pul edir. Bu pulun maksimum 16 000 -ni işçilərə və müəyyən işlərə xərclənər. Qalan pullar, əlbəttə, ciblərinə gedir. Üstəlik binaların 1-ci mərtəbəsi obyektlərdir. Onların da kommunal pulunu əlavə etsək, daha da böyük bir rəqəmlə qarşılaşırıq. Mənim fikrimcə, əhalidən yığılan pul hər kvadrat metr üçün 5-10 qəpik olmalıdır. 



Eyni binada yaşayan digər sakinlərin də yaralı yeri işləməyən liftlər və ödənilən artıq məbləğlərdir. Bina sakini Arif Məmmədovun söylədikləri: 

- Məndə olan məlumata görə, kommunal pulu təmizlik və liftə görə yığılır. Liftlərinsə vəziyyəti heç də qənaətbəxş deyil. Yığılan pullara görə göstərilən xidmət çox aşağı səviyyədədir.

Həmin binanın növbəti sakini Aləmzər İsrafilovanın dediklərini oxuyaq: 

- Bir kvadrat metr ərazi üçün 25 qəpik ödəyirik. 3 lift var, biri ümumiyyətlə, işləmir. Sakinlər işdən gəldikdə liftin önündə, sanki tıxac yaranır. Liftlərin yaxşı işləməməsi işdən yorğun gələn insanların əsəblərini lap tarıma çəkir. Amma təmizlik işinə diqqət yetirilir. Əhali də təmizliyə riayət etsə, daha yaxşı olar.



Sakinlərin sözlərinə əsasən, lift işləsə də, işləməsə də eyni məbləğ sakinlərdən yığılır, əvəzində isə heç bir təmir-bərpa işi görülmür. Əgər kommunal xərclər bunun üçündürsə, o zaman liftlər niyə təmir olunmur?!



Paytaxtın başqa bir ərazisindəki binaların vəziyyətini də araşdırmışıq. Masazırda  İlin dörd fəsli” MTK-nın tikdiyi "Yeni Bakı" Massivində yaşayan sakinlər də kommunal xərclərdən narazıdırlar.

Bina sakini Səddam Tahirli belə deyir: 

- Bizdə bir kvadrat metr mənzil üçün 40 qəpik nəzərdə tutulub. Əlbəttə ki, bu məbləğ çoxdur, ehtiyacdan 3-4 dəfə artıqdır. Bir ailədən təxminən 5 manat yığılsa, düşünürəm ki, kifayət edər. O qədər pulun müqabilində görülən iş çox azdır. 
 
Həmin binanın növbəti sakini Ülviyyə Səmədovanın fikirlərinə diqqət çəkək:


- İşıqlandırma, təmizlik yerindədir. Biz birinci mərtəbədə yaşayırıq, liftdən istifadə etmirik. Amma təmizlik işçilərinin əməyi danılmazdır. Soyuq, isti bilmədən işləyirlər. Lakin təyin olunan məbləğ aşağı olsa, daha yaxşıdır.  Çünki insanlar yalnız kommunal xərcləri ödəmir, əlavə ehtiyaclar da var , bu da nəticədə maddi sıxıntıları artırır. Elə ailələr var ki, komunnalı ümumiyyətlə ödəyə bilmirlər, aylarla yığılıb qalır.



Yeni Yasamalın Əsəd Əhmədov küçəsində  “Şərur” MTK-nın idarəetdiyi binalarda yaşayan sakinlər də təxminən eyni fikirdədirlər. Bu binalarda kommunal ödənişin qiyməti bir kvadrat metr əraziyə görə 30 qəpik müəyyənləşib.

Bina sakini Arzu Abdulrzayevanın fikirləridir: 

- 3 ildir bu binada qalırıq. Hər ay mütəmadi kommunal xərcləri ödəyirik. Təmizlikdən, liflərin işləməsindən razıyam. 2 lift var binada, xarab olan kimi düzəldirlər. Ancaq daha məqsədəuyğun tarif tətbiq etmək yaxşı olardı. 

Eyni binanın daha bir sakini Elmar Mustafayev belə düşünür:

- Kommunal ödənişlər binanın saxlanılması, təmizliyi üçün lazımdır. Amma təyin olunan qiymətlər görülən işləri üstələyir. Az məbləğ təyin olunsa, sakinlər də narazı qalmaz.

Həmin binada yaşayan, lakin adının çəkilməsini istəməyən bir sakin isə belə hesab edir:

- Bloklar, "podyezlər”in girişləri bərbad vəziyyətdədir. Yığılan pulların müqabilində daha təmirli, daha müasir görünüşlü vəziyyət yaratmaq olardı. Pulu alırlar, əvəzində hansı işləri gördükləri barədə sakinlərə heç bir məlumat verilmir. 

Əməkdaşlarımız Xətai rayonu, Sadıqcan küçəsi 4A  ünvanında ”Ümid” MTK -nın inşa etdiyi binanın sakinləri ilə də görüşüblər. Onlar da düçar olduqları aqibətdən gileylidirlər. Binada kommunal xərc  1 manat təyin olunub. İsti suyu da özləri verir. Təmizliksə, çox aşağı səviyyədədir. Xidmətlərdən ümumiyyətlə razı deyillər. 



Göründüyü kimi, şəhərin müxtəlif yerlərində inşa olunan binaların kommunal xidmətlə haqqları da fərqlidir - (0.25, 0.30, 0.40, 1.00 AZN Premium binalarda qiymətlər daha yüksəkdir. Sakinlər aylıq 100, 150, 200 manat kommunal xidmət haqqı ödəməli olurlar. Sanki öz evində kirayədə yaşayırsan. Bəs vahid qiymət niyə tətbiq olunmur? Kommunal ödənişlərdən narazı olan sakinlər nə etməlidirlər? Qanun nə deyir? Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı saytımıza açıqlamasında məsələyə aydınlıq gətirir:

"Mənzilin idarəedilməsi Mənzil Məcəlləsi (2009)  və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmçinin, Nazirlər kabinetinin qərarları da var. MTK binanın idarəetməsini özündə saxlayırsa, mütləq şəkildə vətəndaşlarla ikitərəfli müqavilə bağlamalı və xidmət haqlarını sahə müvəkkilləri (sakinlər) ilə razılaşdırmalıdır. Yığılan xidmət haqlarının nəyə sərf olunması ilə bağlı məlumat verilməsi məqsədilə ən geci rübdə bir dəfə sahə müvəkkillərinin ümumi yığıncağını təşkil etməlidir. MTK-lar bu öhdəliklərin heç birini yerinə yetirmir. Vətəndaşların hüquqlarını məhdudlaşdırır və onların idarəedici təşkilat yaratmalarına imkan vermir, kommunal xərcləri lazım olandan daha böyük məbləğdə müəyyən edir, o vəsaitin cüzi hissəsini binanın saxlanma məsələlərinə yönəldir, qalan hissəsini mənimsəyir və beləcə qanunvericiliyin tələblərini çox kobud şəkildə pozurlar".

"Yeni tikililərdə vahid kommunal xidmət haqqının təyin olunmaması qanunauyğundurmu" - sualına ekspert belə cavab verir: 

"Bildiyimiz kimi bir neçə sinif (ekonom, biznes, premium) binalar var ki, onların saxlanmasına görə tələb olunan vəsaitlər də fərqlidir. Premium binaların işqılandırılması, saxlanması, mühafizəsi ekonom sinfə aid binalarda yoxdur və ya aşağı səviyyədədir. Ona görə də kommunal xidmət haqqı binanın sinfinə görə dəyişir. Lakin binanın harda yerləşməsinin kommunal qiymətin dəyişməsinə təsiri olmamalıdır.  MTK - lar qiyməti öz istəklərinə uyğun təyin edirlər. Qanunsuzluq varsa, vətəndaşın hüququdur ki, kommunal xərci ödəməsin. Bunun müqabilində MTK hər hansı formada sanksiya tətbiq edə bilməz. Bəzən MTK-lar, kommunal ödənişlərin ödənmədiyi təqdirdə, qaz, su və elektrik enerjisini kəsəcəkləri ilə bağlı vətəndaşları hədələyirlər. Lakin buna onların ixtiyarı yoxdur. Vətəndaşlar qaza, işığa, suya görə müvafiq icra hakimiyyəti orqanı ilə ikitərəfli müqavilə bağlayıblar. MTK-nın həmin müqavilələri pozmaq, məhdudiyyətlər tətbiq etmək hüququ yoxdur. Əksinə, vətəndaşın şikayəti nəticəsində MTK yüksək məbləğdə cərimələnə bilər. 

Ekspert "Məcəllədə müəyyən məbləğ göstərilsə, MTK – lar da ciblərinə uyğun məbləği təyin edə bilməzlər, bu anlaşılmazlıq qanunda boşluğun olmasından xəbər vermirmi" sualına da aydınlıq gətirir. 

"Qanunda boşluq yoxdur. Sadəcə, qanunvericilik aktlarının tətbiqi ilə bağlı boşluqlar var. Hesab edirəm ki, Nazirlər Kabineti bu boşluqları aradan qaldırmalı, yeni qərarlar qəbul etməlidir. Qeyd etmək lazımdır ki, bu məsələdə əmlak sahibləri də öz hüquqlarına etinasız yanaşırlar".

Reallıq - vəziyyət və qiymətlər ortadadır. Haqq da var, hüquq da. Görünən odur ki, hər şey kağız üzərindədir. Gündəlik həyatda həmin qanunlar bir o qədər də işləmir. İşləməsi üçün xüsusi nəzarət də yoxdur. Məsələ qalır vətəndaşın özünə. Vətəndaş da etinasız yanaşıb “Mən neyləyim, tək mənimlə iş düzəlməz" - deyib keçəcəksə, atalar demiş: "Bu xəmir hələ çox su aparacaq". 


Qeyd: Yazıda adı çəkilən MTK-ların münasibətini də növbəti araşdırmamızda diqqətinizə çatdıracağıq.  
 
Nərmin Qabil



Oxşar xəbərlər