QHT sədri ilə nazirlik rəsmisi arasında polemika – “Uşaq pulu”


  • 11:30 / 28 04 2020 |
  • Bölmə: Gündəm / Sosial


İctimaiyyətdə uşaq pulunun bərpa edilməsi ilə bağlı fikirlər hələ də aktuallığını itirməyib. Bunu nəzərə alan Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov şəxsi Facebook hesabında mövzuya dair aydınlatma xarakterli fikirlər yazıb. 
QHT sədri "uşaq pulu təklifini səsləndirənlərin 90 faizinin söhbətin nədən getdiyini bilmədiyini deyib. O, qeyd edib ki, məsələ ilə bağlı təkliflərimi hazırlayıb hökumətə təqdim etməyi planlaşdırır. 
S.Məmmədov təkliflər paketində əksini tapacaq istiqmətlərin nədən ibarət olacağını da açıqlayıb. 
QHT sədrinin paylaşımı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun reaksiyası ilə üzləşib. 
Rupor.az həmin dialoqu təqdim edir: 

Sahib Məmmədov: 
1."Uşaq pulu" deyilən müavinətin dünya praktikasında onlarla növü var. Uşaq doğulana qədər və sonra;
 
2. Birdəfəlik, aylıq, ad hoc və s. olur;
 
3. Ünvanlı və ya ünvansız olur. Bu müavinət növünə ailə müavinəti də deyilir.
Biz uşaq puluna ailə müavinəti kimi baxsaq (başqa yolu da yoxdur. Uşağa verilən müavinəti gətirib uşağın bələyinə qoymurlar, valideyninə verirlər) onda bizdə ailə müavinəti növü 2006-cı ildən ünvanlı olaraq tətbiq olunur. Söhbət Ünvanlı Dövlət Sosial Yardımından gedir.
Bizdə "uşaq müavinəti" ünvanısz verilə bilməz. Səbəbi sadədir. Müavinəti ünvansız olaraq o ölkələr verir ki, əhali artımı mənfi tempə malikdir. Azərbaycanda əhali artımı dünyada ən yüksək yerlərdədir. Hər 1000 nəfərə 8,3 nəfər (müqayisə üçün Rusiyada 0, Macarıstanda -7). Deməli "uşaq pulu" deyilən müavinət ünvanlı olmalıdır. Ünvanlıdırsa deməli, paralel iki ünvanlı ailə müavinətinin olması məntiqszdir. Belədə ÜDSY ləğv olunmalıdır. ÜDSY ləğv olunsa, onda yalnız uşağı olanlar ünvanlı yardım ala biləcək.
Bu halda: "Uşaq pulu" adlanan aylıq müavinət ÜDSY çərçivəsində verilməlidir. ÜSDY alan ailələrdəki müəyyən olunmuş yaşdan aşağı uşaqlara görə, ÜSDY-ə müəyyən olunmuş miqdarda əlavələr edilir. "ÜDSY+ müavinəti" də demək olar adına, ( məsələn ailədə 8 yaşına çatmayan 3 uşaq var. Hər biri üçün ÜDSY-yə 50 manat artırılır. Məsələn ÜDSY+150 manat. Məbləğ büdcə imkanından asılı olaraq daha artıq ola bilər).

- Fazil Talıbov: 
Sahib müəllim, fikirləriniz maraqlıdır. Amma qeyd edim ki, hazırda ünvanlı yardım alan ailələrdəki 340 min ailə üzvündən 170 mindən çoxu uşaqlardır. Digər tərəfdən həmin ailələrdəki 1 yaşadək bütün uşaqların hər birinə sosial yardımdan əlavə 50 manat aylıq müavinət ödənilir.
Ümumilikdə isə 10-dan çox kateqoriyadan olan uşaqlara sosial müavinətlər ödənilir.
- Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar (ayda 150 manat + 50 manat qulluğa görə);
- Beşdən çox uşağı olan qadınların uşaqları (hər uşağa görə 55 manat);
- Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları (hər uşağa 100 manat);
- Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət ödənilir (200 manat);
- Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət (hər ailə üzvünə aylıq 80 manat) və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər (hər uşağa 100 manat);
- Aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları (hər uşağa 50 manat);
Bundan başqa, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq müavinət alır. Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına isə (ildə bir dəfə) birdəfəlik müavinət verilir.
Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. Beş və daha çox uşağı olan qadınlar üçün yaşa görə pensiya və ya yaşa görə müavinət üçün yaş həddi hər uşağa görə bir il azaldılır.
Digər tərəfdən 10 minədək uşaq günərzi və icma əsaslı mərkəzlərdə, sosial xidmət müəssisələrində dövlət tərəfindən reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur.
 Göründüyü kimi, uşaqların kifayət qədər geniş bir hissəsi (600 min uşaq) sosial təminatla əhatə olunub. Ümumilikdə qayğıya ehtiyac duyan uşaqlar üçün konkret proqramlar mövcuddur.

Sahib Məmmədov:  
- Hörmətli Fazil müəllim. fikirlərinizə görə təşəkkür. Əlbəttə bu müavinətlər var. Mən ola bilər burda fikirlərimi tam açıqlamadım. Məsələ ondadır ki, Siz dediyiniz kateqoriya uşaqlar ya imtiyazlı (şəhid ailələri və s., ya əlilliyi olan, ya ta təminatsız ailə olaraq ÜDSY alanlara aiddir. Mən ona görə ÜDSY+ yazdım. ÜDSY+ sonunculara aiddir. Yəni o kateqoriyadan olanlar Siz yazdığınız kimi ÜDSY çətçivəsində müavinət alırlar (170 000 uşaq). Mən dediyim isə alanlar üçün + olaraq əlavəni nəzərdə tutur. Bu mövzuda spekulyasiya həddən artıq çoxdur. Ona görə nə isə edilməlidir. "Sosial müavinətlər haqqında" və "ÜDSY haqqında" Qanuna kiçik əlavələrlə və dövlət büdcəsindən çox da böyük olmayan əlavə ayırlamlarla bu spekulyasiyaya son qoymaq olar.

Fazil Talıbov: 
- Ünvanlı dövlət sosial yardımı + bunu alan ailələrin 1 yaşadək hər uşağına aylıq 50 manat müavinət də verilir. yəni ÜDSY proqramı çərçivəsində dediyiniz praktika mövcuddur.

Sahib Məmmədov: 
- Ona görə mən təklif edirəm ki, 8 yaşına qədər uşağı olanlara ÜDSY+ formatı tətbiq olunsunş Yəni hər 8 yaşına çatmayan körpəyə görə də ÜDSY alanlara əlavə verilsin.
İlk növbədə Ünvanlı Dövlət Sosial Yardım mexanizmləri təkmilləşdirlməli, şəffalıq daha da artmalı və ünvanlılıq maksimum təmin olunmalıdır. Bundan sonra ÜDSY alan ailələrin azyaşlı uşaqları üçün (məsələn 8 yaşadək) əlavə müavinət təyin etmək olar (indiki halda 1 yaşadək uşaqlara 50 manat əlavə verilir) və bu halda bu “uşaq pulu” şərti olaraq “ÜSDY+” olmaqla elə təminatsız ailələrinin uşaqları üçün əlavə müavinət rolunu oynayacaq.

Ləman



Oxşar xəbərlər