Bəzi məhkəmələrdə şərəf və ləyaqətin müdafiəsinin "yeni üsulu" - Vəkil aydınlıq gətirir


  • 20:04 / 13 03 2021 |
  • Bölmə: Gündəm / Bilgi


Bir vətəndaş digər vətəndaş barədə ölkə rəhbərliyinə şikayət yazır. İttiham olunan tərəf barəsində yazılanların böhtan olduğunu, şərəf və ləyaqətinin alçaldıldığını iddia edərək onu məhkəməyə verir. Məhkəmədən təzminat qərarı çıxarılmasını və böhtana görə şikayət yazan tərəfin rəsmi üzr istəməsini xahiş edir. 

Redaksiyamıza daxil olan məlumatlara görə bəzi məhkəmələr şərh verir ki, şikayətdə əksini tapanlar böhtan olsa belə, KİV-də yayılmadığına görə, qarşı tərəfin üzr istəməsi və təzminat ödəməsi barədə qərar çıxara bilməyəcəklər. Məhkəmə qərarında yalnız onu göstərə bilər ki, şikayətdə yazılanlar həqiqəti əks etdirmir və böhtandır. 

Rəsmi qərara nəzər salaq: 

Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Ali Məhkəmə Plenumunun 10.02.1999-cu ildə imzaladığı qərarın 3-cü bəndində göstərilir: 

"Məhkəmələrdə şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: 

1. Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; 

2. Həmin məlumatların doğru olmaması; 

3. Bu məlumatların yayılması".



Birinci və ikinci hal məhkəmədə təsdiqini tapır: vətəndaşın şərəf və ləyaqəti ləkələnib; şikayətdə göstərilən məlumatlar doğru deyil.
İddiaçı təzminat istəyəndə və böhtan yazanın üzr istəməsini tələb edəndə üçüncü hal - məlumatların KİV-də yayılmamasının vacibliyi əsas gətirilir. Bildirilir ki, ərizə, şikayət və məktublarda əksini tapan böhtan yayılmış hesab olunmur. 

Plenumun qərarına istinad edək: 

"Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır".

Bəzi məhkəmələrin mövqeyi ilə qərarın uzlaşmayan məqamına aydınlıq gəlir. Böhtan məktub, ərizə və şikayətlərdə göstərilməklə yayılmış hesab olunur. 
Belə olan təqdirdə məhkəmənin yanaşmasını necə izah edə bilərik?  Sualımızı Sumqayıt Regional vəkil bürosunun müdiri Anar Qasımlıya ünvanladıq. 



Vəkil belə cavab verdi: 

"Qanuni qüvvəyə minməmiş hər hansı bir məhkəmə qərarı barədə fikir bildirmək üçün həmin qərarla yaxından tanış olmaq lazımdır. Təqdim etdiyiniz məlumatların işığında deyə bilərəm ki, məhkəmənin gəldiyi nəticə natamamdır. Şərəf və ləyaqəti ləkələyən böhtan xarakterli məlumatlar ərizə, məktub və şikayətlərdə göstərilməklə də yayıla bilər. Həmin məhkəmə qərarından apelyasiya şikayəti vermək lazımdır. Əminəm ki, yuxarı instansiyalar bu səhvi aradan qaldıracaqlar".



Oxşar xəbərlər