Sakinlərin MTK-lardan narazılığı fonunda ekspertlə rəsmi təmsilçinin "toqquşması"


  • 11:00 / 21 03 2021 |
  • Bölmə: Gündəm / Şikayət


Bir müddət əvvəl çoxmənzilli binalarda kommunal xidmət haqları ilə bağlı araşdırma aparmışdıq. Sakinlər kommunal xidmət haqqının yüksək olduğunu, MTK-lara ödənişin qarşılığında onlara hesabat verilmədiyini, həmçinin, bəzi xidmət sahələrindən narazılıqlarını ifadə etmişdilər.


Biz də jurnalistikanın təməl prinsiplərinə uyğun olaraq, MTK-ların ittihamlara münasibətini öyrənməyə çalışdıq Sözün əsl mənasında çox çalışdıq. Yazıda adı çəkilən MTK -larla (“Şərur”, "Akkord", "İlin dörd fəsli" ) əlaqə yaratmaq isə o qədər də asan deyilmiş. Gah internetdə təqdim edilmiş telefon nömrələrinin işləmədiyinin şahidi olduq, gah da operator tərəfindən "xətlər məşğuldur" sözlərini eşitdik. 

Ümumiyyətlə "Şərur" və "Akkord" şirkətlərindən cavab verəcək bir səlahiyyətli nümayəndə tapa bilmədik.

“İlin dörd fəsli” MTK-nın nümayəndəsi Mehman Muradlıya isə minnətdarlığımızı bildiririk. O, suallarımızı cavablandırdı.
 
- Sakinlər xidmət haqqının yüksək olduğundan narazıdırlar. MTK kommunal xidmət haqqını nəyə əsasən təyin edir? Bu məbləğ niyə sakinlərlə birlikdə təyin olunmur? 
 

Ümumiyyətlə, MTK-da kommunal xidmət haqqları görülməli olan və görülən işlərə əsasən təyin edilir. Söhbət konkret olaraq "Yeni Bakı" Yaşayış Kompleksindən gedirsə, bildirmək istəyirəm ki, kompleks 15 hektar ərazidən ibarətdir. 5 hektarı tikinti altıdır. Qalan 10 hektar yaşıllıq və yoldur. Yaşıllığa qulluq göstərilməsi, yolların işıqlandırılması, elektrik yarımstansiyadan şəhərciyə gələn enerjinin itkisini də MTK qarşılayır. Bu mənada kommunal xidmətə görə haqq baha deyil. Digər bir məsələni də nəzərinizə çatdırım ki, kompleksdə 4 böyük su anbarı var ki, bu da mənzillərin fasiləsiz su ilə təchiz edilməsinə xidmət edir. Çirkab suları böyük həcmli motorlar vasitəsi ilə kənara nəql edilir. Liftlərin fəaliyyəti və cari təmiri, məişət tullantılarının daşınması və digər xidmətləri MTK həyata keçirir. Nəzərə alsaq ki, kompleksdə 2 min şagirdlik məktəb fəaliyyət göstərir və həmin məktəbin də istiliyi MTK-nın balansında olan qazanxanadan təmin edilir, qiymətin baha olmasından danışmaq bir az absurddur. Qiymətin formalaşması sakinlərə bildirilib və onlar da öz təkliflərini veriblər. Ümumi yığıncaq keçirilib və qiyməti qəbul ediblər. 2 minə yaxın mənzil sahibinin iştirakı ilə qərar protokollaşdırılıb. Sakinlərin hamısı mühəndis və yaxud iqtisadçı deyil ki, bu məbləğin formalaşmasını hesablasın. Bir daha xatırladıram ki, qiymət bəzilərinin qeyd etdiyi kimi yüksək deyil. Kompleksdə yüksək keyfiyyətli xidmətin göstərilməsi elə həmin sakinlərin xeyrinədir ki, ətrafda olan digər komplekslərlə müqayisədə mənzillərin qiymətinin sabit-yüksək qalmasını şərtləndirir. 
 
- Məktəbin istilik sistemi ilə təmin olunmasının xidmət haqqını niyə sakinlər ödəməlidir?


- Əgər nəzərə alsaq ki, həmin məktəbdə sakinlərin övladları tədris alır və buna görə narazılıq edirlərsə, əlavə sözə ehtiyac qalmır. Amma bir daha xatırladıram ki, qeyd etdiyim xərci MTK öz vəsaiti hesabına həyata keçirir, sakinlərdən toplanan məbləğlə deyil.

- Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Rupor.az saytına açıqlamasında bildirmişdi ki, MTK-lar ən azı rübdə bir dəfə görülən işlərlə bağlı sakinlərə hesabat verməlidirlər, ancaq bu əksər hallarda baş vermir.
 
- Görülən işlərlə bağlı rübdə deyil, qanunvericiliyin tələbinə əsasən, ildə bir dəfə sakinlərə məlumat verilir. Bu həm Mülki Məcəllə, həm də Mənzil Məcəlləsi ilə tənzimlənir. Rübdə bir dəfə hesab verilməsi iddiası qanunları bilməməkdən irəli gəlir. Qanunvericiliyə əsasən illik hesabat mart ayının 31-ə kimi təqdim edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 142.13-cü maddəsində göstərilir ki,  çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa hal müəyyən edilməyibsə, idarəedici təşkilat hər il cari ilin birinci rübü ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim edir. Bu müddəa digər qanunvericilik aktlarında da öz əksini tapıb.
 
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının fikirlərini yenidən təqdim edirik:
 
- Mənzilin idarəedilməsi Mənzil Məcəlləsi (2009)  və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmçinin, Nazirlər kabinetinin qərarları da var. MTK binanın idarəetməsini özündə saxlayırsa, mütləq şəkildə vətəndaşlarla ikitərəfli müqavilə bağlamalı və xidmət haqlarını sahə müvəkkilləri (sakinlər) ilə razılaşdırmalıdır. Yığılan xidmət haqlarının nəyə sərf olunması ilə bağlı ən geci rübdə bir dəfə sahə mülkiyyətçilərinin ümumi yığıncağını təşkil etməlidir. MTK-lar bu öhdəliklərin heç birini yerinə yetirmir. Vətəndaşların hüquqlarını məhdudlaşdırır və onların idarəedici təşkilat yaratmalarına imkan vermir, kommunal xərcləri lazım olandan daha böyük məbləğdə müəyyən edir, o vəsaitin cüzi hissəsini binanın saxlanma məsələlərinə yönəldir, qalan hissəsini mənimsəyir və beləcə, qanunvericiliyin tələblərini çox kobud şəkildə pozurlar.
 
Nərmin Qabil



Oxşar xəbərlər