İntiharın qarşısını alan amillər - Mütəxəssislər yol göstərir


  • 12:50 / 31 03 2021 |
  • Bölmə: Gündəm

 
İntihar halları artıb. Xüsusilə, gənclərin intiharı seçməsi, problemi doğuran səbəblərin araşdırılmasını zəruri edir. Çox da uzaqda olmayan bir hadisəni yəqin, unutmayanlar hələ də var. Ötən il paytaxt məktəblərinin birində məktəbli özünü təhsil ocağının pəncərəsindən atdı. O zaman cəmiyyətimiz müəllimi, məktəbi qınadı, hətta, rəhbərlik haqqında cinayət işi də açıldı. Həmin hadisədən bir il ötür. İntiharlar bu gün də var. Bu dəfə sadəcə məkan dəyişib. Kimi özünü hündür mərtəbəli binadan atır, kimi dərman içir, kimi özünü asır... 
 
Vəziyyətdən çıxış yolu kimi məktəblərdə psixoloqların artırılması və bu işdə məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi amili önə çəkilir.


Mövcud pandemiya şəraitində şagirdi ilə məsafədən ünsiyyət quran təhsilverənləri bu məsələdə günahlandırmaq nə dərəcə doğrudur, ümumiyyətlə, intihar hadisəsində müəllim-şagird-valideyn üçbucağının hansı tərəfində məsuliyyət payı daha çoxdur?  Bəs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sözügedən məsələ ilə bağlı hansı araşdırmalar, monitorinqlər aparır, problemin həlli yolları öyrənilirmi?


 


Rəşid Cabbarov:  “Məktəblilər çox zaman ölümə geri qayıdan proses kimi yanaşırlar” 

İntiharın baş vermə prosesindən söz açan psixologiya elmləri doktoru, dosent  Rəşid Cabbarov deyir ki, intihar problemi yalnız suisidal risklərin artma dinamikasında deyil, həm də gözlənilməzliyində və həll olunmasının çətinliyindədir: “Valideynlər bunu o zaman hiss etməyə bilər ki, zamanında övladları ilə yetərincə ünsiyyət, güvənli bir  münasibət qura bilməyib. Suisidal davranışın yaranmasında ailə tərbiyəsi əsaslı mexanizm hesab olunur. Yuxarıda dediyimiz kimi intihar hallarının əksəriyyəti gizli həyata keçirilir. Amma simptomatik göstəriciləri müəyyən etmək olar.                     
Özünə qəsd edən insanların psixoloji durumunun normal olmaması məsələsi birmənalı şəkildə Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarında təkzib edilir. Sui–qəsd edənlərin 60-70 % praktik baxımdan tam sağlam şəxslərdir.   Əvvəlcə suisidal fikirlər yaranır, sonra plan və intihara cəhd baş verir. Təlimlə bağlı əhval-ruhiyyənin, ailədaxili münasibətlərin pozulması, uğursuz sevgi, psixi vəziyyətin qeyri-adekvatlığı hələ tam formalaşmayan yeniyetmə psixikasını zədələyir. Aqressivliyin, həyəcanlılığın yüksək olduğu hallarda şüurda baş verən daralma zamanı yeniyetmə özünü çıxılmaz vəziyyətdə hiss edir. Dünyanı hələ adekvat dərk edə bilməyən məktəbli hiss etdiyi acılardan xilas olmağın yolunu intiharda görür. Aparılmış tədqiqatlardan belə nəticəyə gəlirik ki, yeniyetmə intiharlarının çoxu köməyə çağırışdır. Yeniyetmələrdə suisidal davranış demonstrativ, affektiv, həqiqi xarakterli olur. Anacaq bir məqamı qeyd etməliyəm ki, məktəblilələr çox zaman ölümə geri qayıdan proses kimi yanaşırlar və bu da onların intihar aktında öz sözünü deyir. Dəqiq məlum deyil ki, intihar nədən baş verir. Amma bir sıra hallarda onun simptomları özünü göstərə bilir. Bu çox latent planlaşdırılmış prosesdir”.
    
Rəşid Cabbarov deyir ki, valideynin övladında yaşanan davranış dəyişməsinə, depressiv vəziyyətdə olmasına "ötəridir, keçib gedər", - deyə reaksiya verməsi hələ yaşanmamış bir ömrün bitməsilə nəticələnir. Yeniyetməlik insan həyatının ən çətin dövrü olmasını valideynlər unutmamalı, onların problemlərinə ciddi münasibət göstərərək, öhdəsindən gələ bilmədikdə mütəxəssisə müraciət etməlidirlər. 
Psixoloq intihar zamanı özünü göstərən simptomları da diqqətə çatdırır: Narahatlıq, səbəbsiz əhval-ruhiyənin olmaması, özünəqapalılıq, hərəkətlərdə qeyri-tarazlıq, sanki özündə deyil kimi davranmaq və s. Təbii ki, bunların mövcudluğu intihara apara bilər. Belədə valideyn mütləq uşaqla söhbət etməli, onun dərdini başa düşməyə çalışmalıdır.      
 


Ənvər Abbasov: “Məktəbin-cəmiyyətin-ailənin birgə və uzlaşdırılmış işi cəmiyyəti bu bəladan xilas edə bilər”

Təhsil İnstitutunun direktor müavini pedaqoji elmlər namizədi dosent Ənvər Abbasov problemin meydana çıxmasında məktəbi, müəllimi günahlandırmağın yanlış olduğunu deyir. Ənvər Abbasov hesab edir ki, bu hadisələrin baş vermə səbəblərini məktəblə əlaqələndirmək və bunu təhsil ocağının üzərinə düşən vəzifə kimi izah etmək doğru deyil: “Ortayaşlı və daha yaşlı insanlar da intihar edir. Hansı səbəbdən intihar edirlər? Çox güman ki, bu intihar edənin ekstremal vəziyyətə düşməsi ilə bağlıdır. O, artıq müəyyən bir hadisədən təsirlənərək çıxış yolunu özünü məhv etməkdə görür. Əgər o bir an dayanarsa, sonradan heç vaxt belə bir hərəkətə yol verməz. Hər halda belə halların baş verməsi insana xas olan keyfiyyətdir. İnsan harada formalaşır? Burada yalnız məktəbi düşünmək doğru deyil. İnsan dünyaya gələrkən öz tipini, xarakterini dünyaya gətirir. Onlar da dəyişməyən müəyyən keyfiyyətlərdir. İnsan eyni zamanda ailədə formalaşır. Ailə mühiti onun formalaşmasına təsir edir. Sosial  mühitdə daha çox görür götürür, həmçinin də məktəb mühiti ona təsir edir. Görün, nə qədər amillər ona təsir edir. Məktəb təlim-tərbiyə prosesinin sistemli və ardıcıl, planlı fəaliyyətilə məşğul olan təhsil müəssisəsidir. Orada uşağın inkişafı prosesi gedir. Şagird həmçinin ailəsində, cəmiyyətdə inkişaf edir. Uşağın inkişafında çox amillər var. Burada ailə, sosial mühit, məktəb də məsuliyyət daşıyır. Ailələrin məsuliyyəti daha çoxdur. Bu fikri söyləməklə digər amilləri geridə qoymaq istəmirəm. Əslində uşaq öz valideynləri ilə ünsiyyətdə daha çox olur, görür və götürür. Eyni zamanda indiki müasir və sosial mühitdə informasiya texnologiyalarının geniş yayıldığı əsrdə, informasiya mühitində o informasiyaların axınının qarşısını almaq mümkün deyil. Heç kəs də uşaqların yanında 24 saat dayanıb durmur. Uşaqlar sosial mühitdə və məktəbdə elə izlənməlidir ki, intihara üz tutmasınlar. Məktəbdə psixoloqlar bununla məşğul olur. Amma bu iş bütün müəllimlər tərəfindən aparılmalıdır. Hər bir şagirdi valideyni tanıdığı kimi, müəllimi də tanımalıdır. Məktəb mühitində müəllimi onu tanıyır, ailə mühitində ailədə meydana çıxan xüsusiyyətlərlə birgə ailəsi yaxşı tanıyır. Məktəb və ailənin birgə işi, o cümlədən, burada sosial mühitin dəstək verməsi uşaqlarda müəyyən iradi keyfiyyətlərin formalaşmasına nail olmağa aparır. Uşaqlarda məyyən iradi keyfiyyətlərin formalaşması - cəhd, təşəbbüskarlıq, özünə qarşı qadağalar qoymaq, risklərdən uzaqlaşmaq kimi amillər nəzərdə tutulur. Ümumiyyətlə, elə iradi keyfiyyətlər var ki, bunlar bütün psixi fəaliyyətlərin tətbiqi təzahürü olan iradi keyfiyyətlərdir. İradi keyfiyyətlər uşaqlarda formalaşarsa, onu həyatında çətinliklərdən, risklərdən qoruya bilər. Uşaqların inkişafında ailə, cəmiyyət, məktəb də məsuliyyət daşıyır. Burada genetik kodların da rolu var. Hər məsələni məktəbin üzərinə yıxmaq, onu aşağılamaq düzgün deyil. Məktəbdə hansısa psixoloqların sayını artırmaq, müəyyən tədbirlər həyata keçirmək intihar hallarının qarşısının alınmasında təmamilə həlledici rol oynaya bilməz. Cəmiyyətdə bütövlükdə qarşılıqlı fəaliyyət qurulmalı, ailələr buna hazır olmalıdır. Ailələr öz məsuliyyətini məktəbin üstünə atmamalıdır. Onların özünün də sistemi olmalıdır. Bu iş məktəblə əlaqəli qurulmalıdır. Bu gün məktəbin inkişafetdirici funksiyası dəyişib. İndi məktəb iradi keyfiyyətlərin, dəyərlərin formalaşmasına aparan bir məktəbdir. Bu işdə ailələr onunla həmhahəng olmalıdır. Ailə də bugünkü məktəbin müasir vəzifələrinin nədən ibarət olmasını bilməlidir. Ailədə qoyulan tələblər nizamlanmalıdır. Onlara müəyyən həddə müstəqillik vermək, onların inkişafına dəstək göstərmək, bəzi məsələlərdə qadağaların olması, bununla bağlı məktəbin-cəmiyyətin-ailənin birgə və uzlaşdırılmış işi cəmiyyəti bu bəladan xilas edə bilər. Burada hansısa bir tərəfi qınaq hədəfinə götürmək, tək bir psixoloqu günahkar etmək, məktəbi günahlandırmaq bunlar hamısı o qədər də ədalətli yanaşma deyildir.  Məktəbdə hər bir müəllim psixoloq olmalı, uşaqların psixoloji keyfiyyətlərini bilməlidir. Müəllimlər universitetdə  ümumi psixologiyadan başqa təlim psixologiyası öyrənirlər. Məktəbin bir psixoloqu ilə kifayətlənmək olmaz. Bütövlükdə kollektivin birgə səyi nəticəsi uğurlu göstəricilərə nail olmaq mümkündür”.



Elgün Səfərov: "Əsas məsələ sosial şəbəkələrdən uşaqların müdafiəsinin təmin olunmasıdır"
 
Cəmiyyətimizdə məişət zorakılığı hallarının qarşısının alınması məqsədilə davamlı şəkildə işlərin aparılmasından söhbət açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov bildirir ki, ailə siyasətinin gücləndirilməsi, uşaq və qadın hüquqlarının təşviqatı, qadın və ailə sahibkarlığının yaradılması ilə bağlı Avropa İttifaqı, BMT ilə birgə layihələr həyata keçirilir: “Keçənilki rəqəmlərə görə 6000-ə qədər qadına texniki dəstək göstərilib. Onlar kiçik və orta sahibkarlıq müəssisələri açıblar. Bu işlər davamlı şəkildə aparılır. Burada əsas məqsəd vətəndaşların maarifləndirilməsidir, uşaqlar və qadınların öz hüquqlarını bilməsidir, onların zorakılıqdan azad olmuş cəmiyyətdə yaşamasıdır. Bununla bağlı komitənin özünün zorakılıq halllarının,  psixoloji problemlərin aradan qaldırılması ilə bağlı tədbirləri vardır. Xüsusilə, pandemiya vaxtında onlayn psixoloji dəstək resursları istifadə edildi. Hansı ailələrdə internet əlçatanlığı yox idi, ailələrə zənglər edilərək psixoloji dəstək göstərildi. Ötən ilin sonunda Dövlət Komitəsinin 860 nömrəli qaynar xətti yaradıldı ki, bu telefon vasitəsi ilə ailələrə psixoloji xidmət göstərilir.  Dövlət Komitəsi tərəfindən bir neçə istiqamətdə iş aparılır. Milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanır, qadın və uşaq hüquqlarının təkmilləşdirilməsi ilə bağlı araşdırmalar aparılır, boşluqlar müəyyənləşdirilir. Misal üçün sonuncu araşdırmalarımız pandemiya dövründə olan boşluqlarla bağlıdır. Üçüncü istiqamət isə maarifləndirmə tədbirlərinin keçirilməsidir. Maarifləndirmə bir başa vətəndaşlara yönələn,  fərdi və ümumi maarifləndirci layihələrdir. Dördüncü istiqamətimiz vətəndaşlara  bizim 11 regional mərkəz vasitəsilə hüquqi, sosial və ilkin psixoloji yardımın göstrərilməsidir. Ölkəmizdə intihar hallarının başvermə səbəblərinin araşdırılması baş prokurorluq tərəfindən aparılır. Biz də əlimizdən gələni bu çərçivədə edirik. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyətlərinin məlumatları ümumiləşdirilir, bunlarla bağlı araşdırma, təhlillər aparılır. İntiharların səbəblərinin öyrənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. İntihar halların ortaya çıxma səbəbləri müxtəlifdir. Ailədə  ola bilər ki, narkotik asıllığına düşən var,  yaxud valideynlərdən biri alkoqollu içki aludəçisidir, 5-6 il bundan əvvəlki səbəblərə baxanda bəzi sektalar məsələsi də var idi. Həmin sektaların aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilıb. Nəqliyyat Rabitə Texnologiya Nazirliyi və eyni zamanda Daxili İşlər nazirliyi ilə birlikdə müvafiq tədbirlər görmüşük. Müvafiq proqram yaradılıb ki, bu, birbaşa priventiv mexanizmlərin qurulmasına, proqram təminatının, mobil tətbiqin istifadəsinə xidmət edir.  
Ailə institutlarının sözügedən məsələdə rolundan danışan Elgün Səfərov onu da vurğulayr ki, ailə institutu möhkəm olduğu halda problemlərdə daha çox durğunluq olur. Problemlərdə stabillik olduğu halda onların qarşısının alınması asanlaşır. Ailə institutuna vurulan zərbələr -   alkoqol içkilərin istifadəsi, asıllılıq vəziyyətinə gətirən narkotik mənşəli vasitələrin istifadəsi,  sonsuzluq problemi çox aktual  məsələdir, bu ailələrin dağılmasına və məişət zorakılığı hallarının çoxalmasına təsir edir. Zorakılıq hallarının aradan qaldırılması preventiv mexanizmdir. Hansının ki, içində intihara çatdırma, uşaq nigahlarına məcburetmə və bu kimi öldürmə faktına qədər çatdırılması var. Buna görə də operativ xidmətlərin göstərilməsi vacibdir. Bunlardan biri də biz təklif etmişdik - “One stop”- “Bir dayanacaq”ın yaradılmasıdır. “Bir dayanacaq” sığınacağının yaradılmasında vətəndaşlara hüquqi, sosial, psixoloji xidmətlər göstərilə bilər.
Yetkinlik yaşına çatmayan uşaqların narkotik vasitələrə düçar olmasının qarşısı almaq üçün məktəblərdə, universitetlərdə xüsusi təlimlərin keçirilməsi, roliklərin hazırlanması, maarifləndirici bukletlərin çap olunması vacibdir. Maarifləndirmə davamlı şəkildə aparılmalıdır.  Əsas məsələ sosial şəbəkələrdən uşaqların müdafiəsinin təmin olunmasıdır. Bu da internet təhlükəsizliyinin təmin edilməsidir, kiber cinayətkarlıqla mübarizədir. Burada xaricdən maliyyə vəsaiti alan təşkilatların bizim uşaqlara qarşı məqsədli şəkildə layihələri var idi. Belə hallar 2014-ğü ildə baş vermişdi. Son on illikdə bu məsələlər çox aktuallaşıb. Nə qədər ki, sosial şəbəkələrə əlçatanlıq güclənir bunun müsbət elementləri ilə yanaşı mənfi indikatorları da ortaya çıxır. Buna görə də uşaqlar üçün mobil tətbiqlər həyata keçirməlidir. Kompüterlərində, telefonlarında gitseyf.az kimi mobil tətbiqlər olmalıdır. Həmçinin internet resurslarında Azərbaycan dilində cizgi filmləri, maarifləndirici resurslar çoxaldılmalıdır". 
 
İntihar halları və onun baş vermə səbəbləri haqqında mütəxəsislərin fikirlərini öyrəndik. Bütün düşüncələrin fonunda onu demək olar ki,  həyat gözəldir. Bu gözəlliyi bir an görməmək onun əbədi yox olması anlamını vermir. Hər zülmət gecənin bir işıqlı sabahı var. Çətinlikdən səbrin və ağlın gücü ilə çıxmaq mümkündür və asandır. Həyatdan təmamilə əl üzüb başqa dünyanı seçmək zəif insanların atdığı addımdır. Həyat sərt döngələri, gözlənilməz sürprizləri ilə güclüləri sevir. Güclü, dözümlü olmağa çalışın. Unutmayn, ən qiymətli varlıq insandır. 

Dilşad Xaqaniqızı



Oxşar xəbərlər