"Heartland" müharibəsi, yaxud hegemonların Ukrayna döyüşü - TƏHLİL


  • 12:40 / 07 04 2021 |
  • Bölmə: Gündəm


Hazırda Rusiya-Ukrayna cəbhəsində hərbi-siyasi gərginlik müşahidə olunur. Tərəflər müxtəlif bəyanatlar səsləndirir. Məsələni fərqli rakursdan qlobal ictimai rəyə təqdim edirlər. Ekspertlərin üzərində durduqları nüans isə xeyli müddət əvvəl bu ölkə daxilində alovlandırılmış separatizm ocağının söndürülməsi cəhdləri ilə bağlı məsələdir. Əlbəttə, cərəyan edən proses lokal – məhəlli xarakter daşımır. Strateji tədqiqat mərkəzlərinin araşdırma və analitik materiallarında da əks olunduğu kimi, Ukrayna yenidən Qərb və Rusiya arasındakı geosiyasi mübarizənin episentrinə çevrilib. Söyləmək olar ki, beynəlxalq aləmin böyük həssaslıqla izlədiyi bu hadisələr dünyanın yenidən nizamlanmasının, Şərqi Avropa cəbhəsinə aid mürəkkəb proseslərin tərkib hissəsidir.



ŞƏRQİ AVROPA STRATEJİ HƏDƏF KİMİ

Ukrayna həm təbii-coğrafi və siyasi sərhədlərinə, həm iqtisadi-siyasi resurslarına və təsir mexanizmlərinə, həm də strateji önəminə görə qlobal aktorların planlarında yer alan ölkələrdəndir. Klassik geosiyasi konsepsiyalarda ifadə olunduğu kimi, “heartland” (dünyanın qəlbi-idarəetmə məntəqəsi) önəmi kəsb edən nöqtələrdən olan Şərqi Avropada, beləliklə də Avrasiyada möhkəmlənmək üçün dünyanı idarə edən güclər Ukraynanı uzunmüddətli strateji tərəfdaşa çevirmək, yaxud özünə tabe etmək uğrunda gərgin mübarizə aparır. Yəni geostrateji planlarda ifadə edilən “Şərqi Avropada üstün olan böyük ölçüdə Avrasiyaya hakim olacaq, Avrasiyanı idarə edən isə dünyanı idarə edəcək” strateji prinsip Ukrayna üzərindən baş verən proseslərin fonunda özünü göstərir. Bu gün Ukrayna faktiki olaraq Qərb və Rusiyanın geostrateji savaşının hərbi-siyasi plasdarmını təşkil edir. Təbii ki, bu, təsadüfi deyil...



RUSİYADAN UKRAYNAYA GEOSİYASİ BAXIŞ

Avropa ilə Asiyanı birləşdirən Ukrayna Rusiya üçün Avropa və Qara dənizdə möhkəmlənmək baxımından əhəmiyyətli strateji limandır. Xəzər-Qara-Baltik dənizi hövzəsində strateji balans və təhlükəsizlik sistemi formalaşdırmaq, bu bölgədə əks-güclərin - Qərbin mövqeyini – müqavimət gücünü “sındırmaq”, eləcə də Şərqi Avropaya doğru nüfuz-təsir dairəsini genişləndirmək baxımından Ukrayna faktoru Rusiya üçün çox önəmlidir. Belə ki, Qara dənizdə geniş miqyasda “siyasi lövbər” salmaq üçün imkanlar yaradan biri məhz Ukraynadır. Moskva Kiyevi özünün tərəfdaşına çevirməyə və ya tabe etməyə çalışmaqla Qara dənizdə və dənizaşırı ərazilərdə böyük ölçüdə nəzarəti öz əlinə almağa çalışır. Bu amil, həmçinin Rusiyaya geosiyasi yayılmanın əhatə dairəsini olduqca genişləndirməyə imkan verir. Bir sözlə, Ukraynasız Rusiya Avrasiyaçılıq konsepsiyasını reallaşdıra bilməz. Rusiya bu amili xüsusi olaraq nəzərə alır və müxtəlif vasitələrlə Kiyevi özünün “təhlükəsizlik çətiri”nin altına salmağa cəhd göstərir.



QƏRB UKRAYNANI ÖZ SİYASİ ORBİTİNDƏ SAXLAMAQ NİYYƏTİNDƏ...

Qərb isə Ukrayna kimi lokomotiv aktordan vaz keçmək niyyətində deyil. Çünki ABŞ-ın və Avropa İttifaqının aparıcı aktorlarının Ukrayna ilə təmasları tamamilə “əritməsi” Rusiyanın Qara dəniz və Şərqi Avropada mövqeyinin olduqca möhkəmlənməsinə və Qərbin Moskva tərəfindən tədricən regiondan sıxışdırılmasına səbəb olar. İndi enerji təhlükəsizliyindən tutmuş müxtəlif məsələlər ətrafında Qərb Ukraynanı öz orbitində saxlamağa çalışır. Nəzərə alaq ki, Ukrayna Avropanın Rusiyadan qorunmaq üçün “müdafiə divarı”dır. Həmçinin bununla yanaşı, Avroatlantik məkanın təhlükəsizlik sistemində də önəmli ölkələrdən biridir. Elə buna görədir ki, hazırda Ukrayna Qərb ölkələrinin iqtisadi və hərbi cəhətdən yardım etdiyi ölkələrin siyahısında ön sıralardadır. Eyni zamanda, Polşanın, Bolqarıstan və Rumıniyanın Avropa İttifaqının üzvü olması Kiyevi Avropa İttifaqının “siyasi qonşu”suna çevirib. Qısası, Qərb sözügedən ölkəni bu gün geostrateji əməkdaşlıq orbitində saxlayır. Hadisələrin sonrakı axarına nəzarəti əldən vermək istəməyən Avroatlantik cəbhə strateji savaşın Ukrayna cəbhəsində Rusiyanın birbaşa müdaxilələrindən qorunmaq üçün regionda bu ölkə ətrafında siyasi təhlükəsizlik çətiri formalaşdırır.



YENİ SİTUASİYA NƏ VƏD EDİR?

Bütün bu konseptual məsələləri və hazırkı reallıqları nəzərə alaraq qeyd etmək olar ki, Qərb-Rusiya qarşıdurması fonunda Ukrayna cəbhəsində “isti proses”lərin davam etməsi gözlənilir. Xüsusilə də ABŞ yeni mərhələdə Rusiyanın strateji nəzarət məntəqələrində hərbi-siyasi təmizlik aparılmasında maraqlı görünür və fəal təşəbbüslərlə çıxış edir. Rusiya isə nəinki mövqe itirmək, hətta yeni həmlələr etmək niyyətindədir. Belə olan halda, Ukrayna məsələsi ətrafında da zaman-zaman eskalasiyanın müşahidə olunacağı proqnozlaşdırıla bilər. Əsas müzakirə olunan məsələlərdən biri Ukraynanın bundan sonra hərbi-siyasi təhlükəsizlik kontekstində hansı fəaliyyəti həyata keçirəcəyidir. Hazırkı situasiyada bu ölkənin NATO-ya inteqrasiya prosesinin güclənəcəyini proqnozlaşdırmaq olar. Ehtimal ki, rəsmi Kiyev bundan sonra yeni hərbi strategiya ilə fəaliyyət göstərəcək. Ola bilsin, ortamüddətli perspektivdə Ukrayna ilə NATO-nun aparıcı ölkələri arasında hərbi əməkdaşlığa dair sazişlər imzalansın. Yeni mərhələdə regionda Ukraynanın Avropa İttifaqının siyasi və iqtisadi cəhətdən aparıcı dövlətləri ilə strateji yaxınlaşması və yeni işbirliyi platformalarının yaradılması da müşahidə edilə bilər. 

Nurlan QƏLƏNDƏRLİ
Politoloq









Oxşar xəbərlər