Qənimətlər Parkından videoreportaj - FOTOLAR


  • 15:47 / 12 04 2021 |
  • Bölmə: Gündəm


Ali Baş Komandan İlham Əliyev tərəfindən açılışı edilən Hərbi Qənimətlər Parkında 300-dən çox eksponat sərgilənir.

"Rupor" “Qafqazinfo” a istinadən xəbər verir ki, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı tarixi zəfərin nümayiş etdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə  Xətai rayonu, Nobel prospektində 5 hektar ərazidə Hərbi Qənimətlər Parkı salınıb. Parkın inşasına 2021-ci ilin yanvar ayında başlanılıb.

Parkda düşmənin hərbi texnikaları, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, məğlubiyyətə uğradılan düşmən ordusunun hərbçiləri, Müzəffər Azərbaycan Ordusunun qalib əsgər və zabitlərinin mulyajları, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.



Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da park ərazisində sərgilənir.
Hərbi Qənimətlər Parkı  ərazisində yaradılmış video təqdimat bölməsindəki monitorlarda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qələbə tvitləri, Vətən müharibəsi ilə əlaqədar çıxışları yer alıb.

Parkda döyüşlər zamanı azad edilən düşmən postlarında və ələ keçirilən hərbi texnikalarda zəncirlənmiş vəziyyətdə aşkarlanan erməni hərbçilərinin mulyajları sərgilənir. Eyni zamanda, burada Ermənistan silahlı qüvvələrinin bunkerinin prototipi yaradılıb.



Azərbaycanlı memarlar tərəfindən burada erməni əsgərlərin yataqxanası, yemək otağı, silah anbarı döyüş meydanında olduğu kimi maketləşdirilib.

Parkın ərazisində quraşdırılan oturacaqlar erməni hərbçilərin silah-sursatlarını saxladıqları taxta yeşiklərdən hazırlanıb. Parkdakı kiçik işıq dirəklərində isə erməni tanklarının mərmilərindən istifadə olunub.



Parkda həmçinin, Ermənistan hərbçilərinə aid dəbilqələrdən ibarət kompozisiya da sərgilənir.

Park ərazisində düşmənin 150-dək ağır texnikası, o cümlədən “T-72”  tankları, BMP-1 piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa”  zenit raket kompleksi və digər ağır zirehli texnika, atıcı silahlar, hərbi nəqliyyat və s. qənimətlər sərgilənir. Vətən müharibəsi zamanı düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları da eksponatlar sırasında yer alıb.
Hərbi Qənimətlər Parkında Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar da təqdim olunur.

Parkda informasiya mərkəzi, suvenir mərkəzi, kafe də fəaliyyət göstərir. Ziyarətçilər suvenir mərkəzindən milli brendlərin Azərbaycana, o cümlədən qələbəmizə  həsr olunan müxtəlif məhsullarını əldə edə bilər.

Murad Əhməd
Video: Nuran Məmmədov



























































































Oxşar xəbərlər