Azay Quliyevdən Hesablama Palatasına səmərəli təkliflər - Parlament çıxışı - Video


  • 14:30 / 13 04 2021 |
  • Bölmə: Gündəm


Deputat Azay Quiyev Milli Məclisin bugünkü plenar iclasında bir sıra təkliflərlə çıxış edib. Azay Quliyev maliyyə pozuntularının qarşısının alınması üçün yeni mexanizmlərin tətbiq olunmasını təklif edib:

"Rupor"un məlumatına görə, fikirlərinə Hesablama Palatasının 2020-ci il üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri haqqında təqdim etdiyi ətraflı və eyni zamanda məzmunlu hesabatına görə qurumun sədri Vüqar Gülməmmədova təşəkkür etməklə başlayan deputat vurğulayıb ki, hesabatın təhlili Palata tərəfindən nəzarət tədbirləri həyata keçirilən zaman qanunçuluq, müstəqillik, obyektivlik və peşəkarlıq kimi təməl prinsiplərə əməl edildiyini, büdcə təşkilatlarının fəaliyyətində mövcud çatışmazlıqlar və nöqsanlar aşkar olunaraq, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüldüyünü deməyə əsas verir: 
 
"Məhz bu cür prinsipal və güzəştsiz yanaşmanın nəticəsidir ki,  2020-ci ildə başa çatdırılmış 34 audit üzrə 130,3 mln. manat məbləğində 452 nöqsan müəyyən edilmiş, 55,2  milyon manat vəsaitin bərpası, 16,4 mln. manat vəsait üzrə yol verilən pozuntuların araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunması haqqında qərar qəbul edilib". 

Azay Quliyev aşkarlanan nöqsan və pozuntuların mahiyyətini, mövcud çağırışların həlli üçün sistemli yanaşmanın vacibliyini, ölkədə aparılan köklü islahatların hədəflərini, o cümlədən Hesablama Palatasının qarşısında duran məqsəd və vəzifələri nəzərə alaraq bir neçə təklifi diqqətə çatdırmaq istədiyini söyləyib: 

Məlum olduğu kimi,  Hesablama Palatası qanunvericiliyə uyğun olaraq kənar dövlət maliyyə nəzarətini 3 formada - audit, təhlil və monitorinq formasında həyata keçirir. 
Hesab edirəm ki, yoxlamalar zamanı aşkarlanan nöqsanların sayını minimuma endirmək və dövlət vəsaitlərinin istifadəsinə nəzarəti daha da gücləndirmək məqsədilə Palatanın elektron monitorinq funksiyaları daha da genişləndirilməli və bunun üçün zəruri texniki imkanlar yaradılmalıdır. 
Bununla bağlı təklif edirəm ki, büdcə təşkilatlarının maliyyə əməliyyatları və onların mühasibat hesabatlığı vahid elektron sistemə inteqrasiya olunsun və Palatanın həmin vahid sistemə xüsusi girişi təmin edilsin. 
Bu imkan verər ki, Hesablama Palatası yoxlamanın subyekti olan bütün qurumlarda   aparılan maliyyə əməliyyatlarını, onların hesabatlığını və bu hesabatlığı təsdiq edən sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğuna onlayn rejimdə və operativ qaydada nəzarət edə bilsin.  
Belə bir mexanizm  tətbiq olunarsa Palata bütün büdcə təşkilatlarının maliyyə fəaliyyətini daim müşahidə edə, hər hansı qanun pozuntusu riski meydana gələcəyi halda həmin təşkilatı öncədən xəbərdar edə və bu kimi halların qarşısı alınmadığı təqdirdə bu qurumu ictimaiyyət üçün açıq olan “riskli qurumlar siyahısı” na daxil edərək orada detallı yoxlamalar təşkil edə bilər. 
Nəticədə istisnasız olaraq bütün qurumların maliyyə fəaliyyəti Hesablama Palatasının davamlı monitorinqinə cəlb olunar ki, bu da audit  yoxlamaları arasındakı fasiləni aradan qaldıra və maliyyə intizamını xeyli gücləndirər. Heç bir qurum da Palatanın yoxlamasından kənarda qalmaz. 
Hesab edirəm ki, belə bir sistemli yanaşmanın tətbiqi eyni nöqsan və pozuntuların illər boyu baş verməsinin və ya təkrarlanmasının qarşısını vaxtında və asanlıqla ala, dövlət vəsaitinin səmərəli və qənaətlə istifadə olunmasını təmin edə bilər.
Əlbəttə, bütün bunların həyata keçirilməsi üçün Hesablama Palatasının resursları, maddi texniki bazası, işçilərin sayı adekvat olaraq artırılmalı, zərurət yaranarsa qanunverilcikdə müvafiq dəyişiklik edilməlidir".

Deputat hesabata istinad edərək deyib ki, göründüyü kimi, büdcə təşkilatlarının bir çoxunda maliyyə və idarəetmə sahəsində çalışan maddi-məsul şəxslərin bilik və bacarığı yetrərincə deyil, onların peşəkarlıq səviyyəsi çatışmır və yol verilən nöqsanların sayı və xüsusiyyətləri də bu fikri təsdiqləyir. Misal üçün, hesabat ilində yol verilən pozuntu hallarının 199-u büdcə qanunvericiliyinin tələbləri ilə bağlıdır ki, bu da ümumi nöqsanların 56,6 faizini təşkil edir:

"Ona görə təklif edirəm ki, Hesablama Palatası ən azı ildə bir dəfə yoxlamanın subyekti olan qurumların maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirən əməkdaşları üçün təlimlər təşkil estin. 
Təlimlərdə monitorinq və yoxlama tədbirləri nəticəsində müəyyən edilmiş nöqsanlar ümumiləşdirilmiş şəkildə diqqətə çatdırılsın və maliyyə-təsərrüfat fəaliyyətinə məsul olan şəxslərin bilik və bacarığı o səviyyədə olsun ki, bu pozuntulara bir daha yol verilməsin. 
Eyni zamanda Hesablama Palatası tərəfindən bu qurumlar üçün metodik vəsaitlərin hazırlanmasına da ciddi ehtiyac var. Həm təlimlərdə, həm də metodik vəsaitlərdə digər vacib məsələlərlə yanaşı qanunvericilikdə mövcud olan boşluqlar və hüquqi mübahisə yaradan hallarla bağlı ətraflı şərhlərin verilməsi məqsədəmüvafiq olardı.
Ümid edirəm ki, bu təkliflərin həyata keçirilmsi gələcəkdə maliyyə pozuntularının qarşısını əhəmiyyətli dərəcədə alınmasında, xərclənən büdcə vəsaitlərinin qənaətliliyinin və səmərəliliyinin artırılmasında müsbət rol oynaya bilər.
Sonda isə Palatanın hesabatını qənaətbəxş hesab edir və həmkarlarımdan onun nəzərə alınmasını xahiş edirəm".

Eldar





Oxşar xəbərlər