"Həyatını ölümündən sonra yaşada da bilərsən" - Vahid Qazi + Müsahibə


  • 12:20 / 10 06 2021 |
  • Bölmə: Gündəm



"İnsan Allahın təlimlərini dəyişdirdi, Qabilin Habilini öldürdüyü gün"

"Yaxşı yazı üçün yeganə şərt qələmə özünüzlə tək qalanda olduğu kimi davranmaqdır: dürüst, səmimi."


Vahid Qazi Rupor.az saytına müsahibə verib. Oxusanız zövq alarsınız. Müdrik düşünmək, bu düşüncəni müxtəlif mövzularda mükəmməl ifadə etmək, oxunmaq bütün imza sahiblərinin özünə arzuladığı əsas istəkdir.
Vahid Qazi bu istəyinə çoxdan çatıb. Ağdamı da geri qayıdıb – bu hadisə də həyatnın ən böyük mükafatıdır.  Necə xoşbəxt adamdır, eləmi? Bu necə xoşbəxtlikdir, həmakrım vətənin xiffətin çəkir. Azərbaycan onsuzdur neçə illərdir. O da qayıdan Ağadama yetişə bilmir elə neçə illərdir.
Allah adamlara kədəri sevincdən bol verib. Vahid Qaziyə də eyni dərəcədə düşüb. Fərqi odur ki, onun kədəri də, sevinci də akademik səviyyədədir. Bu hisslərin imzasının mayesinə çevrilməsi oxucularının qazancıdır.
Vahid Qazinin yazısında bütün insanlar var.  Vahid Qazinin pozusundasa bir nəfər də insan yoxdur. Insanlar bir-birindən razı yaşasınlar gərək – yeganə xilas budur. Vahid Qazi imzasının tarixə həkk etdirdiyi yazıların qayəsi belədir.
Tam hazırlaynadan sonra oxuduğum müsahibədə gəldiyim qənaətləri giriş yazısında sizinlə bölüşmək istədim.
Müsahibəni oxusaz, bu suala da cavab tapacaqsız: bölüşə bildimmi?
 

- Vətən adamlardır: istedadlı, bacarıqlı, yaxşı adamları çox olan vətənsə xoşbəxtdir. Siz niyə bu gerçəyi bildiyiniz halda sevdiyiniz ölkənizdən uzaqdasınız?

- Üzünə qapı örtülən yerdən getməyə məcbursan. O ən doğma evin qapısı olsa belə. 
Bizim nəslin ictimai şüuru yetişən vaxtı azadlıq hərəkatı başladı. Müstəqilliyin verdiyi xoş emosional duyğuları yaşamaqla yanaşı azad, demokratik, ədalətli cəmiyyət qurmaq düşüncəsindən doğan məsuliyyət də bizim nəslin üzərinə düşdü. Qarabağın işğalı, mənim siyasi və ictimai düşüncəmlə uzlaşamyan idarə etmə sisteminin tətbiqi, ölkənin maddi və mənəvi rahatlığının təminatı istiqamətində görülən işlərin zəif nəticələr verməsi, nəhayət istəyimə, əqidəmə uyğun gəlməyən yerdə yaşamaq hamıya çətin olar.
İnsanın siması onun arzularıdır. Arzularına çata bilməyəndə adamın siması dəyişir. Bəzən bu dəyişiklik dəhşətli mənzərə yaradır. ”Dorian Qreyin portreti”ndəki kimi. Azad cəmiyyətdə yaşamaq arzumuzun gözümüzdə qalması bir yana, yeni şərtlər sima dəyişikliyi tələb etməyə başladı. Bunu bacarmayan yolun ən çətini seçməliydi. Mən də ən çətinindən birini seçməli oldum. Çıxıb getməyi.  
 
- Çoxdan getmisiz?

 
- 10 ilə yaxındır getməyim.
 
- Getməyə bilərdiniz?
 
- Jurnalistika, siyasət, vətəndaş cəmiyyəti. Hər üçündə özümü sınadım. Məndən uğurlu siyasətçinin alınmayacağını tez anladım, amma çox da uzağa getmədim, onun həndəvərində - vətəndaş cəmiyyəti sektorunda 17 il çalışdım. Sonunda hər üç sahədə ayaq basmağa yer qalmadı. Dəfələrlə ”getməyə bildim”. Hər şey kimi bunun da sonu çatdı. Getdim.
 
- Ağdamınız da işğaldan azad olundu. “Ruhlar şəhəri” demişdiniz ora. Azadlığa çıxan yurdunuzun ruhu, yurdunuzun ruhları ilə görüşürsünüzmü? Bu möhtəşəm xəbəri ona və onlara necə verdiniz?
 
Yaxşı dediniz – ”yurdun ruhu”. Mənim təsəvvürümdə Ağdamın ruhu bir vaxt evimizin taxtapuşundan tamaşasına durduğum Xıdırlı dağları simasındadır. Özü də onun başı qarlı vaxtının. ”Fellininin Qarabağdan keçən “Yol”u” yazısında o mənzərəni təsvir etmişəm (https://vahidqazi.com/2021/03/30/fellininin-qarabagdan-kec%c9%99n-yolu/). Uçuq evin divarı fonunda başı qarlı dağlar. 
xəbəri yenə evimizin damına çıxıb Xıdırlı dağlarına bağıraraq çatdırmaq istəyərdim. Amma gördüm ki, o xəbəri onlar məndən qabaq biliblər. Çünki məndən fərqli olaraq, onlar yurdu tərk etməmişdilər, orda idilər. Xıdırlı dağları kimi.
 
- Doğrudan qəriblik dəhşəti var, yoxsa bu mövzu şairlərin ilham pərisidr?
 
- ”Burdan bir qərib keçdi…” 100 il qala vətəndə bu hissi dərinliyinəcən yaşaya bilmızsən. Yarımçıq qalan ”Gəlmə” kitabını bitirə bilsəm, oxusanız, onun nə qədər dəhşət olduğunu duyacaqsınız. Bir də qəriblik elə şairlər və şairkimilər üçün dəhşətdi. Onu yüngül keçirənlər də olur.
 
- Neçə kitabnız var, onlardan hansını hər kəsin oxumasını istərdiz? Onlardan hansı hamının kitabı olsun?
 

- Rus və isveçcə kitabları da nəzərə alsam 7 kitabım nəşr olunub. Nəşrini gözləyənlər də var. Hamının oxuması üçün seçim etsəm ”Çöl Qala”nın, bir də ”Бейсбол на шахматной доске” (“Şahmat taxtasında beysbol”) kitabının üstündə durardım. Birincidə içimin astarını bədii əsər kimi çevirmişəmsə, ikincidə esse, hekayə, məqalə və səfər qeydləri şəklində çıxıblar üzə.
 
- “Necə yaşayırsız, necə ölürsüz, döstlar?”. Yəqin sizin də içinizdən bu suala cavab almaq keçib. Yoxsa almısınız?
 
- Bir dəfə jurnalistlərdən biri soruşdu ki, qürbətdə darıxmırsınız? Ta demədim ”qürbət”lə ”darıxmaq” elə sinonim sözlərdir. Dedim, Şuşa ilə Hikmət Sabiroğlunu versinlər, darıxmaram. Bilmirəm, deyə bilmişdimmi demək istədiyimi. Dediyiniz suala cavabı bu gəldiyim ilk illərdə Hikmətin məktublarında aldım. Saxlayıram, əla məktublardır.
 
- Belə düşünürəm ki, insan həyatdan qiymətlidir. Əgər razısınızsa, onda insan özünü niyə həyata qurban verir? Sizin həyatla ünsiyyətiniz hansı prizmadan qurulub? O Sizə, yoxsa Siz ona yuxarıdan aşağı baxırsınız? Bəlkə də üz-üzə, göz-göz dayanmısınız...
 
- ”İnsan həyatdan qiymətlidir!” Bu, insanın özünə verdiyi tərifdi. Guya qiymətliymiş və qiymətini bilirmiş. Belə qiymət biləndirsə, onda niyə insan insana qənimdir yaranışından bəri? Milyonlar ölür bir insanın hikkəsinə. Qiymətli olan insan yox, həyatdır. Bunu insan özü yazdı – Tanrının adamsima təlimini insan dəyişdi. Qabil Habili öldürən gün.
Həyatın qiyməti onu necə yaşamağına bağlıdır. Bir günlük kəpənək həyatı var – günəş şüaları altında çəmənlikdə çiçəkdən çiçəyə uçur: sevgi, salam daşıyır. İnsan var, həyatı boyu bir insana qarışqa yükü boyda sevgi verməyib. Hansının həyatı qiymətlidir?
Ömrün bir çağında dərk edirsən ki, insanın qiyməti yaşadığı həyatdadı. Sən o həyatı ömrün bitməmiş ”öldürə” bildiyin kimi, ölümündən sonra yaşada da bilərsən. 
Mənə qalandasa, həyatla yanbayan gedirəm, həm həmrəng, həm də həmahəng olmağa çalışıram.
 
- Nə vaxtsa ölkənizə həmişəlik qayıdacaqsınız?
 
- Mən ölkədən getməmişəm ki. Bakı vaxtilə yatıb oyanırsansa, bütün günü fikrən oradasansa, demək heç tərk etməmisən. Cismən isə hər an hazıram qayıtmağa. Düzdür, İsveçin təmiz havası (hava sözünü obrazlı işlədirəm, yəni azadlıq, ədalət, zövq aldığın iş və s.) ciyərlərimi pis öyrədib, amma yenə yurd, yurddur. 
 
- Vahid Qazi imzası hər yerdən parlayır, bərq vurur. Bəlkə bu qədər gözəl yazmağın sirrini gənc jurnalistlərimizə də açasınız.
 
- Doğrudanmı belədir? Görünürmü imza? Bilirsiniz, qürbətin adama yaşam stimulu verməyi də var. Burda itmək, batmaq, yox olmaq qorxusu olur adamda. Bəlkə yazmaq ehtirası bundan doğur həm də. ”Mən də varam, dünyanın o başında olsam da, varam, sizinləyəm”. Yazılarımı bəyənməyinizi eşitmək çox xoşdur. Sağ olun. 
Mənim üçün yazmaq içimdəki o biri Vahidlə ünsiyyət qurmaqdı. Yazılar özümlə söhbətlərimdi. Söhbət eləməyə biri olmayanda içindəki adamla danışırsan. Mən də “onunla” danışıram və bu söhbətdən yazı alınır. 
Jurnalist ön sırada olduğundan ilk zərbə ona dəyir. Belə mühitdə qələmin sınaqdan keçməyi bəzən insanın özünün sınaqdan keçməyindən ağır olur. Yaxşı yazmağa qalandasa, onun tək şərti var – qələmlə özün özünlə tək olanda davrandığın kimi davranmalısan: dürüst, açıq, çılpaq, səmimi. 
 
- Bir gününüzü təsvir edə bilərsinizmi və bu günü həyatınıza vursaq, “Vahid Qazi mənalı yaşayır” deyə bilərikmi?
 
- Günləri, ayları, illəri pazll hissələri hesab etsəm və o pazlları yığsam nə alınar, bilmirəm. Bir günün təsvirini ”Gəlmə” əsərindən verim, o günü həyata siz vurun, nəticəni özünüz alın.
 
Səhərin toran çağıdı, üfüqdə gün hələ qaş nazikliyindədi, santım-santım ağarır. 
Uzaqdan şəhərin zəif hənirtisi gəlir. Şəhər indi-indi oyanır. 
Baltikin ləpələri elə bil yuxudan kal durublar – sahilə candərdi sürünürlər. Bala ördəklər də analarının arxasınca mürgülü-mürgülü üzürlər. Bayaq obaşdan işə tələsən qonşu qadın da uşağını beləcə yuxulu aparırdı baxçaya.
Mənimsə yuxulu yorğunluğum yox, ayıq süstlüyüm var. Oyağam!
Oyaq olan bir də səba yelidi. Soyuq diliylə yalayıb oyadır quşları, adamları, dənizi, şəhəri...
Nə bu yorğun quşları düşünürəm, nə o hənirtisi gələn şəhəri. Nə o günəş eynimdədi, nə o günəşə umudlu adamlar. 
Təkcə odu bütün fikrimə, duyğularıma, halıma hakim. 
... Bir saatdan çoxdu burdayam. Günəş tam boyuyla dənizdən dikəlib artıq, sularda ocaq qalayıb. Göyüzü vəsfəgəlməz haldadı – lopa-lopa buludlar milyon rəngə boyanıb. Gün işığı bir günəş doğanda, bir də batanda buludları aşağıdan işıqladır, sanki əyilib onlara altdan baxır. 
Baltikin ləpələri də böyüyüb, gözəgəlim dalğa olublar daha. Quşlar da elədən-eləyə, belədən-beləyə uçuşur. Şəhərin səsi lap qulağımın dibindən gəlir. Camaat da səhər gəzintisinə çıxıb, kimi itiylə, kimi uşağıyla, biri əri, o biri arvadıyla.
Mənsə şəhərə qayıdıram, ömrümdə bəlkə indən belə yüz il keçə görməyəcəyim bir işin dalınca gedirəm...


- Növbəti Vahid Qazi şedervi?
 
- Şederv çox ağır, çox böyük qiymətdir. O ağırlığı daşımağı bacaran yazıçılar olub, yenə olacaq. Mən sadəcə jurnalistəm. Jurnalist olmaq ən gözəl peşədir. 
 
- Onda mübarək həyat tərzi keçirisiniz – belə düşünə bilərikmi?
 
- Həyat özü mübarəkdir, yaşaamq gözəldir. Kaş insanların hamısına yaşamağa məhz həyati şərait yaradardılar. İnsan həyatın ən gözəlidir. 
 
Ceyhun Musaoğlu



Oxşar xəbərlər