Agentliyə çevrilən QHT Şurası sükunətdə - Səbəb nədir?


  • 19:42 / 22 06 2021 |
  • Bölmə: Gündəm


Zaur İbrahimli: "Ümid edirəm ki, bütün maraqlı tərəflər, həmçinin QHT-lər bu işin məsuliyyətini anlayırlar"

İsrail İsgəndərov: "Müsabiqə yolu ilə yeni əməkdaşların cəlb olunması gözlənilir"

Aprelin 19-dan Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında  “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik  hüquqi şəxs yaradılıb. Prezident bu barədə sərəncam imzalayıb. Artıq Agentliyin Müşahidə Şurası da formalaşıb. Müşahidə Şurasının sədri deputat Azay Quliyev seçilsə də, icraçı direktoru əvəzləyən var. Fuad Dərgahlı Fərasət Qurbanovun vəsifəsinə gətirilib. Şuranın üzvləri də yeni seçilən şəxslərdir. 

Bu dəyişikliyin fonunda Agentliyin sükunətə qərq olması adekvat görünmür. Bizdə olan məlumata görə, Şura dövründə işləyənlərlə bağlı da qeyri-müəyyənlik var. Bununla yanaşı, ilk dəfədir ki, bu qurum layihə müsabiqləri elan etməyi yubadır. Səbəbərinə isə aydınlıq gətirilmir.

“Rupor” Agentliyin Müşahidə Şurasının iki üzvü ilə bu barədə danışıb. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimli bildirib ki, Prezidentin 19 aprel 2021-ci il tarixli fərmanı ilə üç ay müddətində Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydasınının hazırlanması və təsdiq olunması Nazirlər Kabinetinə həvalə edilib. Nazirlər Kabineti, həmçinin qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini iki ay müddətində Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir. Artıq bu sənədlərin hazırlanması ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq işlər görülüb, Müşahidə Şurası da öz təkliflərini verib. Yaxın vaxtlarda bu sənədlər hazır olmalıdır:

"Bu, çox mühüm sənədlərdir və QHT-lərin qrant maliyyələşdirilməsi ilə bağlı bütün prosedur məsələlərini əhatə edir. Bu sənədlərin hazırlanması çox böyük diqqət və məsuliyyət tələb edir, çünki, Agentliyin qrant müsabiqələrinin təşkili ilə bağlı fəaliyyətində rəhbər sənədlər olacaqdır. Ümid edirəm ki, bütün maraqlı tərəflər, həmçinin QHT-lər bu işin məsuliyyətini anlayırlar və ətarflı, əhatəli çox uzun vaxt aparan müzakirələri anlayışla qarşılayırlar. Müşahidə Şurası bu istiqamətdə gərgin işləyir".
 
Z. İbrahimli Agentliyin strukturunun formalaşması ilə bağlı qeyd edib ki, təkliflər hazırlanıb, müzakirə edilib və təqdim olunub. Bu da olduqca mühüm bir məsələdir, bu istiqamətdə çox məsuliyyətli və cavabdeh davranmağımız lazımdır. Çünki, struktur qarşımızda duran funksional vəzifələri həll etməkdə əsas komponentlərdən biri olacaqdır. Müşahidə Şurası olaraq Agentliyin aparatının peşəkarlardan ibarət, təcrübəli mütəxəssislərdən formalaşması bir nömrəli vəzifələrimizdəndir. Artıq Agentliyin əməkdaşlarının işə götürülməsi ilə bağlı komissiya formalaşdırılıb və bu istiqamətdə müvafiq işlərə başlanılması qərara alınıb.

Bununla yanaşı Agentliyin daxili işçi sənədləri,  maraqlar toqquşmasının qarşısının alınması, reqlamentlər, konsepsiyalar və digər sənədlərin layihələri hazırlanıb. Həmçinin, istiqamətlər üzrə Müşahidə Şurası üzvlərinin QHT-lərlə görüşlərinə start verilib. Artıq bu barədə elanlar verilib: 

"Agentlik Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqi varisidir. Bununla əlaqədar müvafiq hüquqi prosedurlar həyata keçirilməlidir. Agentliyin İcraçı direktoru bu istiqamətdə tədbirlər həyata keçirir. Bu da çox müddət aparan işdir və müvafiq prosedurlar, ciddi tələb edir'.

QHT sədri onu da vurğulayıb ki, Agentliyin strukturunun formalaşması, müvafiq işçi sənədlərin hazırlanması istiqamətində ciddi və məhsuldar iş gedir:

"Müşahidə Şurası olaraq bütün maraqlı tərəflərlə ciddi işləyirik ki, tezliklə Agentliyin strukturu formalaşsın, onun rəhbər tutacağı sənədlər qəbul olunsun.  QHT-lərdən Müşahidə Şurasının üzvü kimi bünövrənin düz və möhkəm qoyulmasının tərəfdarıyam,  bu məqsədə çatmaq üçün zaman və enerjini əsirgəməməliyik. Keçmişin səhvlərini təkrarlamamalıyıq, yaxşı nümunələri əxz etməliyik. Əminəmki, QHT-lərin əsas gözləntisi də budur, bütün həmkarlarımız bu yolda öz yardımlarını əsirgəməyəcəklər".

Müşahidə Şurasının digər üzvü, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrail İsgəndərov da həmkarı ilə eyni fikirdədir. O da deyib ki, strukturun formalaşması, normativ sənədlərin hazırlanması üzərində işlər gedir:

"Təmamilə haqlısınız ki, ölkədə olan qeyri hökumət təşkilatları əvvəllər ildə iki dəfə, bəzi hallarda iki dəfədən çox müsabiqələr keçirirdi. Ancaq zaman dəyişib və yeni prioritetlər müəyyənləşib, bunlara uyğun da yeni normativ sənədlər hazırlanır. Bu yaxınlarda bu sənədlərin təsdiqləri olacaq. Yəqin ki, bu məsələlərin həlli onda mümkün olacaq. Hələ yeni əməkdaşlar cəlb olunmayıb. Müsabiqə yolu ilə yeni əməkdaşların cəlb olunması gözlənilir".

Dilşad Xaqaniqızı



Oxşar xəbərlər