Uşaq ədəbiyyatının miskin durumu - Təhlil


  • 10:12 / 14 06 2020 |
  • Bölmə: Gündəm / Bilgi

 
Sevinc Nuruqızı

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
Uşaq yazıçısı 
  
Mütaliə uşağın ilkin inkişafında və inkişafının sonrakı mərhələlərində böyük rol oynayır. Məhz kitabların köməyi ilə uşaq yaşadığı dünyanı dərk edir. Yeni kəşf etməyə  çalışdığı ətraf mühitdə o hələ yadplanetlidir. Düşdüyü planetdə gördüyü hər şey ona yaddır və o mərhələ-mərhələ bütün bunları aydınlaşdırmağa çalışır. Uşaq ədəbiyyatı nümunəsi uşağın öz təfəkküründə böyük cəmiyyətin kiçik modelini yaratmaq üçün zəruridir. Bu cəmiyyətin üzvləri danışan, hərəkət edən, düşünən cansız əşyalar, heyvanlar və insanlar ola bilər. Məhz onların nümunəsində uşaq həyatın yaşam və mübarizə prinsiplərini dərk edib, onu gələcək ömrü boyunca realizə etməlidir. Uşağa ilk sevgi, səmimiyyət, mərhəmət, ədalət, düzlük, dostluq hisləri məhz uşaq ədəbiyyatı nümunəsi ilə ötürülməlidir. Onun ətrafda gördüyü hər şeyin izahına böyük ehtiyacı var.

Ehtiyac ödənilərsə, gələcək üçün parlaq zəka, ödənilməzsə, adi uşaq modeli ortaya qoyulacaq (təbii ki, vunderkindlər, indiqo uşaqlar və fitri istedada malik uşaqlar istisna olmaqla).  Bu ehtiyacı ödəmənin ilk və olduqca etibarlı mənbəyi məhz uşaq ədəbiyyatı nümunələridir. Tamaşaçı-uşaq, dinləyici-uşaq və oxucu-uşaq –  hər üç mərhələdə kitab uşağın təsəvvürlərini genişləndirir. Uşaq tamaşaçı rolunda kitabla ünsiyyətinin ilkin mərhələsində çıxış edir (8 ay 2 yaş arası). O, kitabın şəkillərinə baxır, səhifələrinin xışıltısını eşidir, bu səhifələri varaqlayan valideynin hərəkətini izləyir. İlk ünsiyyət uşağı mütaliəyə aparan yolun başlanğıcıdır. Kitaba ilk sevgi də elə bu andan etibarən yaranmağa başlayır. Hər gün eyni vaxtda kitabla ünsiyyət onda vərdiş xarakterini alır. O hələ ki, şəkillərlə dərk edir, bu dərketmə onun şüurunu formalaşdırır. İkinci mərhələdə uşaq artıq dinləyicidir. O, anasının (atasının, nənə və babasının) oxuduğu nağılı (şeiri) dinləyir və anlamağa çalışır. Bu mərhələdə o saysız-hesabsız suallarının köməyi ilə eşitdiyini özü üçün aydınlaşdırmağa çalışır. Bu zaman artıq dərketmə illüstrasiyaların, sözlərin və jestlərin köməyi ilə həyata keçirilir. Dinləmə mərhələsi tamaşaçı mərhələsinə nisbətən daha uzun zaman kəsiyini əhatə edir. Uşağın söz ehtiyatı artdıqca kitabdakı mətnin həcmi boyüyür. Həcmli illüstrasiyalar yerini mətnə verir. Bu zaman uşaqla oxu mərhələsinin vaxtı bir qədər uzadıla bilər. Təxminən, bir nağılın oxunub qurtarılması qədər müddətə.  


Uşaqla kitabın ünsiyyəti, nəhayət üçüncü dövrdə, oxucu-uşaq mərhələsində kamilləşir. Bu zaman artıq kitab öz oxucusunun əlindədir və bu oxucunu istədiyi kimi yönləndirə bilər – yaxşı kitab yaxşı istiqamətə, pis kitab yanlış istiqamətə. Oxucu-uşaq bu mərhələdə vaxtı özü idarə edir. Öz arzusu ilə. Bu zaman artıq onun mütaliəyə həvəsi oxu prosesini tənzimləyir. Kitabın maraqlı olub-olmamasından asılı olaraq, bu proses günün müəyyən bir hissəsini əhatə edə bilər.

Hər üç mərhələdə kitabla uşaq arasında bir əlaqələndirici var – bu valideyndir. Həm tamaşaçı, həm dinləyici, həm də oxucu uşaq üçün valideyn faktoru önəmlidir. Valideyn həm icraçı, həm təşkilatçı, həm də təchizatçıdır. Tamaşaçı-uşaq üçün valideyn icraçıdır. O, oxu prosesini icra edir – səhifələyir, göstərir, aydınlaşdırır. Jest və sözlərin köməyi ilə kitabın mahiyyətini ona başa salmağa çalışır. O həm pantomim aktyoru, həm bədii qiraətçi, həm də losmandır – dəniz su  yoluna yaxşı bələd olan istiqamətləndiricidir. Dinləyici-uşaq üçün valideyn təşkilatçıdır. O, oxu prosesini təşkil edir, oxuyur, suallarla möhkəmlədir, diskussiya aparır, oxunulanı yaddaşda möhkəmləndirir. Oxucu-uşaq üçün isə valideyn təchizatçıdır. O, uşağını kitabla təchiz edir. Baxmayaraq ki, kitabı özü seçir, yoxsa uşaqla birlikdə seçim edir. Hər bir halda harada nəyin daha yaxşı olduğunu valideyn bilir və uşağını ən maraqlı və ən mükəmməl uşaq ədəbiyyatı nümunələri ilə təchiz etmək onun öhdəsinə düşür. Kitabla uşağın sonrakı ünsiyyəti artıq məktəb dövrünə təsadüf edir. Burada mütaliənin inkişaf etdirilməsində ikinci bir məsuliyyətli meydana çıxır – bu məktəbdir. Məktəb uşaq təlimi və tərbiyəsinin ədəbi nümunələrdən bəhrələnməsində maraqlı olmalı və uşaqlarda mütaliə zövqünü formalaşdırmalıdır. Bu, indi məktəbin qarşısında duran məsuliyyətli bir öhdəlikdir.

Özü də, sadəcə öhdəlik deyil, şagirdlərin mütaliəsi işinin təşkilində təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirməyin prioritet vəzifələrdən biri olduğunu bir daha sübut edən Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun 16 dekabr 2014-cü il tarixli Əmrinin müddəalarını yerinə yetirmək kimi vacib bir məsələdir. Uşaqlarda mütaliə vərdişlərinin inkişaf etdirmək işi Əmrdə ən kiçik detallarına qədər işlənib və bu işdə məsuliyyətli şəxslərə yönləndirilmişdir. Bu əmrin məntiqi nəticəsi olaraq Azərbaycan uşaq ədəbiyyatında mövcüd olan nəzm, nəsr, dram əsərlərinin aşkar edilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2015-ci ilin sonlarında “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəzm, nəsr, dram əsərləri” müsabiqəsinə start verilmişdir.

Bu gün məktəblərdə şağirdlərin mütaliə zövqü hansı səmtdə inkişaf etdirilməlidir? Müəllim şagirdlərə təqdim etdiyi materiala görə hansı məsuliyyəti daşıyır və bu oxu materialı hansı prinsiplər əsasında seçilməlidir? Və nəhayət müəllimin şəxsi mütaliə bazası müsbət seçim etmək üçün yararlıdırmı? Bu zaman qarşıya çıxan ilk məsələ mütaliə üçün yararlı əsərlərin siyahısının rəsmiləşdirilməsindən gedir. Yəni ayrı-ayrılıqda, fərdi seçimə əsaslanmayan, sistemləşdirilmiş baza əsasında həyata keçirilən mütaliə. Müasir uşaq klassik ədəbiyyatla yanaşı bu günün yazarlarını oxumalıdır. Dünya inkişaf edir, müasir uşaq ədəbiyyatı nümunələri yaranır. Bizim öhdəmizə düşən əsas vəzifə bu günün uşağını bu günün ədəbi nümunələri ilə, Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələri daxil olmaqla, hər biri ilə ayrı-ayrılıqda tanış etməkdir. Bəs bu bazanı təklif edənlər ümumilikdə mövcud ədəbiyyatla nə dərəcədə tanışdırlar?!

Təqdim edilən ədəbi nümunələrin uşağın sabahkı inkişafına göstərəcəyi təsir bu məqamla birbaşa əlaqəlidir. Əsərin ideya-bədii tutumu, onun hansısa bir xalqın uşağına yararlılığı bəzən müəllifin şöhrəti və onun yaşadığı ölkənin adı ilə ölçülməyə bilər. Qeyd edim ki, uşaq ədəbiyyatı sahəsində hətta Andersen qızıl medalı, Astrid Lindqren mükafatı, Təbəssüm ordeni və s. bu kimi ünlü mükafatların sahiblərinin qələmindən çıxan elə ədəbi nümunələr var ki, onu uşağımıza oxumasaq, yaxşıdır. Hətta uşaq ədəbiyyatının beşiyi hesab edilən Skandinaviya ölkələrində belə bəzən ziddiyyətli ədəbiyyat yarana bilir. 2004-cü il nüfuzlu Astrid Lindqren mükafatına layiq görülən İsveç yazıçısı Pernilla Stalfeltin qadağan olunmuş mövzular barədə silsilə kitablarını (“Sevgi haqqında kitab”, “Ölüm haqqında kitab”, “... haqqında balaca kitab”, “Dəhşət haqqında kitab” və s. ) və müəllifin bu kitablara çəkdiyi illüstrasiyaları uşaq ədəbiyyatı nümunəsi hesab etmək, hətta bu kitablara görə onu uşaq ədəbiyyatı sahəsində  ən ünlü mükafatın sahibi etmək təəccüblüdür. Müəllifin uşaqları hansı istiqamətə yönəltmək istəyi kitabların ilk səhifəsindən sonunadak müəmmalıdır. Və yaxud, yenə də İsveç yazıçısı Moni Nelson-Brenstrin Sasaki adlı azyaşlı oğlan və onun bir qədər sərbəst həyat yaşayan anası haqqında eyniadlı “Sasaki” əsəri. Kim müəllifə haqq qazandırır ki, hansısa bir fərdin nümunəsi üzərində və yaxud öz xəstə təfəkkürünün hesabına bir nəslin tərbiyə meyarlarına bu şəkildə zərbə vursun?! Hətta olduqca məşhur İsveç yazıçıları Tomas və Djudca Vislanderlərin “Mu ana” silsilə nağıl-povestlərinin də bizim cəmiyyətin uşaqlarına müsbət nə isə verəcəyi sual altındadır. Əsər boyu inək Mu ana öz yersiz dəcəllikləri ilə uşaqların  təsəvvüründə formalaşan valideyn obrazını təhrif edir.  Uşaq ədəbiyyatı nümunələrinin nəşri və tərcüməsi ilə bilavasitə məşğul olanlar xarici yazarların əsərlərinin seçiminə məsuliyyətlə yanaşmalıdırlar. Hər bir valideyn uşağı üçün aldığı kitabın məsuliyyətini daşımalıdır. 

Müasir dünya uşaq ədəbiyyatına nəzər salsaq, olduqca müsbət ideyalı, mükəmməl mənəvi keyfiyyətlərə əsaslanan ədəbi nümunələr saysız-hesabsızdır.  İsveç yazıçısı və illüstratoru Sven Nurdkvistin “Petson və Findus” silsiləsindən “Ad günü piroqu”, “Tülkü ovu”, “Petson kədərlidir” , “Petsonun evində Milad bayramı”, “Mexaniki şaxta baba”, “Dirrikdəki yad adam”, “Finduş balaca olanda necə itdi”, “Findus yaşayış yerini dəyişir” silsilə nağıl-povestləri birgəyaşayış qaydaları, nəzakətlilik, qayğıkeşlilik, paylaşmaq, yaxşı və pis günün dostu olmaq və s. kimi nəcib hislər aşılayır. Bu yazıçıdan Azərbaycan uşağının əlində olan yeganə əsər “Nağıla bax, nağıla” dünya uşaq ədəbiyyatından seçmələr toplusunda dərc edilən “Petsonun evində Milad bayramı”dır. Nağıl-povest Milad bayramı ərəfəsində ayağından zədə alan Petson və onun pişiyi Findus haqqında olduqca maraqlı bir əhvalat əsasında yazılıb. Milad bayramı axşamıdır. Petson evdən bayıra çıxa bilmir. Hər tərəf ağappaq qardır. Bayırda güclü şaxta var... Amma onların bayram süfrələri heç də boş deyil.

Qonşulardan hər biri onlara öz süfrəsindən pay gətirib. Onlar tək deyillər... Uşağa bundan gözəl daha nə aşılamaq olar ki... Daha bir nağıl-povest də bu baxımdan olduqca xoş təəssürat yaradır. Amerika yazıçısı Keyt Di Kamillonun “Dovşan Edvardın qeyri-adi sərgüzəştləri” nağıl-povesti də uşağa sədaqət və dostluq haqqında elegiyadır. Əsər boyu yazıçı bədəni farfordan olan dovşan Edvardın pis xarakteri ilə mübarizə aparır. Yalnız qulaqları dovşan xəzindən hazırlanmış Edvard yazıçının istedadı və təxəyyülü hesabına özünədüşgün, hissiz, duyğusuz, öz zəncirli döş saatı, növbənöv kostyumları və ipək dəsmalları ilə hamıda həsəd hissi yaratmağa çalışan Edvarddan, artıq dostluq və sevgi hislərinə qəlbində yer ayıran, onu xəstə və soyuq əlləri ilə sonuncu dəfə sığallayan xəstə qızın əzablarını unuda bilməyən bir Edvarda çevrilir. Və çox güman ki, bu əsərin səhifələrini çevirən uşaq da yaxşı və pis Edvardla birlikdə yaxşının və pisin fərqini ayırd edə bilir.

Gecə oxusu üçün kiçikhəcmli və aqressiyadan kənar nağıllar kiçikyaşlı uşaqların yaddaşına ömürlük həkk olunur. Uşağın ədəbi nümunə ilə ilk tanışlığı məhz nağıllardan başlayır. Nağıllar uşağa ömrünün ilk illərində həm sirli-sehrli dünya, həm də valideyn nəvazişi bəxş edir. Fin yazıçısı və illüstratoru Markis Mayaluomanın valideynlərə məsləhətini xatırlatmaq istəyirəm: “Onu yanınızda oturdun, onun saçlarının ətrini çəkin sinənizə (körpənizin saçlarının ətrinin necə şirin olduğunu siz məndən daha yaxşı bilirsiniz), onun ürək döyüntülərini eşidin, dayanmadan hərəkət edən balaca barmaqlarına baxın, onu necə sevdiyinizi hiss edin və yalnız bundan sonra ona oxuyacağınız kitabı açın və …”. Hər bir valideyn uşağına oxuyacağı ilk nağılı yalnız bu ünsiyyətlə ona çatdırmalıdır. Belə oxunan nağıllar insanın içində həmişəlik özünə məskən salır, unudulmur, xoş duyğuyla xatırlanır, ötən günlərin nostaljisinə çevrilir. Hər birimizin uşaq vaxtı həvəslə dinlədiyimiz Ukrayna xalq nağılı “Əlcək”dəki səmimi, isti mühit və əlcəyin içindəkilərin sıralaması illər boyu yadımızdadır. “Əlcəyin içində kim var?”, -  sorğusuna bir-birinin ardınca sıralanan cavablar əlcəyin içinin tam mənzərəsini yaradır: “Tezqaçan siçan,  qur-qur qurbağa, quyruğugödək dovşan bəy, tükləri ala tülkü xala,  gözləri yanar boz canavar və s. “. Dünya ədəbi prosesini diqqətlə gözdən keçirsək, yığcam və səmimi nağıllara bir çox müəllifin yaradıcılığında rast gələ bilərik. Məsələn Amerika yazıçısı Sem Makbratninin “Mən səni çox, çox, lap çox sevirəm” nağılı cəmi bir səhifəlik, amma böyük bir roman mövzusu ola biləcək sevgiyə həsr olunub. Müəllif çox böyük səmimiyyətlə bala dovşanın anasına sevgisini bildirmək cəhdindən söz açır. Nağılın dili olduqca sadədir.

Nağılda hər bir körpənin anlayacağı bir hiss təsvir olunub – anaya sevgi. Bala dovşan anasını necə sevdiyini başa salmağa çalışır. Onu öz boyundan yuxarı, ağac boyda, bu dərədən o dərəyə qədər və nəhayət, dayandığı yerdən Aya qədər sevdiyini bildirir. Və sonda yorulub yatır. Anası onun başını sığallayıb deyir:”Yat oğlum, mən səni burdan Aya və Aydan Yerə qədər sevirəm”. Belə sevgi həm Vətənə, həm dosta, həm doğma dilə, adətlərə yönələ bilər. Sevginin gözəlliyini anlayan uşaq  qəlbində gördüyü hər bir gözəlliyə sevgi bəsləyə bilər. Bu müəllifin digər bir nağılı “Dünyanın ən gözəl ayı balası”dır. Nağıl valideyn sevgisinin uşaq psixologiyasına təsirinin parlaq nümunəsidir. 
Norveç yazıçısı Alf Preysenin “Yeni il bayramı” adlı əsəri siçan yuvasında yeni il gecəsindən bəhs edir. Bir ailənin timsalında (baxmayaraq ki, bu siçan ailəsidir) müəllif böyük məharətlə bir tablo yaradıb. Ətrafda qaçışan siçanlar, onların bayramını şən etmək üçün çalışan valideynlər, hər birinin qayğısını çəkən nənə...

Gecə uzun, gün qısa
Bayırda bərk külək var.
Yuvada siçan ata,
Siçan ana, uşaqlar.
Siçan ana hər kəsin
 Sığallayır başını.
Deyir:”Bu günlük atın
Dəcəlliyin daşını”.
Düşünürəm, tələyə
Düşməzsiz heç biriniz.
Bu gecə gəlir sizin
Xoşbəxt yeni iliniz.
Bala siçanlar:”Uraa”
Deyib, gülür, çığırır.
Anaya kömək etmək
Üçün hamı yığılır.
Döşəməni gəmirib
Yuvanı gen edirlər.
O tərəfə gedirlər
Bu tərəfə gedirlər.

Hoppan-düş, hoppan-düş
Hop-lya, lya, ralle-ra.
Yeni il gəlir, uraa!


Gecə oxusu üçün nağıllar mütaliəyə doğru atılan ilk addımdır. Və bu addım atılmazsa, böyüməkdə olan uşağın gələcək mütaliəsi sual altına düşür. Çağdaş Azərbaycan ədəbiyyatında kiçikhəcmli nağllara Aygün Bünyadzadənin yaradıcılığında rast gəlinir. Müəllifin “Şirniyyatatan silahlar” nağılının olduqca vacib, hələ körpəlikdən aşılanması labüd olan bir mövzusu var – sülh. Dünya müharibələr və terror ağuşuna sürükləndiyi bir zamanda bu mövzunun uşaqlara çatdırılması əhəmiyyətlidir. Nağılın qısa məzmunu belədir: hər iki döyüşən tərəfin uzunsürən müharibələrdən yorulmuş silahları bir gün qərara gəlirlər ki, daha güllə deyil, şirniyyat atacaqlar. Toplardan, tüfənglərdən arasıkəsilmədən atılan şirniyyat hamını sevindirir və müharibə edən tərəflər barışığa gəlir. Nağıl belə sona çatır:” Həmin gün müharibə dayandı. Şirniyyatlar elə iştahaçan, qarşı tərəflərin isə həm döyüşən əsgərləri, həm də dinc əhalisi elə ac idilər ki, özlərini saxlaya bilməyib yeməyə girişdilər. Onlara baxıb əvvəlcə komandir və generallar, daha sonra isə dövlət başçıları da silahların atdığı şirniyyatı yeməyə başladılar. Müharibə xeyli vaxt dayandı. Həmin müddətdə isə döyüşən tərəflər belə qərara gəldilər ki, müharibə etməkdənsə, barışıb bir-birinə qonaq getmək və ləzzətli şirniyyatlar yemək daha sərfəlidir. Beləcə, tərəflər ömürlük barışdılar. 

Nədir, deyirsiniz ki, bu əhvalatı yalandan uydurmuşam? Onda dünyada ən qədim dillərdən biri olan silah dilini öyrənib, onların özlərindən xəbər alın. Sizi inandırıram ki, canlı-cansız hər hansı bir məxluqu məhv edən və gördüyü işdən həzz alan bircə silah belə tapa bilməzsiniz. Bütün hər şey yalnız insanlardan asılıdır...” Müəllifin “Üç nağıl” adlı toplusuna daxil edilmiş bu nağıl uşağın rəngbərəng dünyasında özünəməxsus yer tutacaq, silahlardan atılan şirniyyatlar uzun illər unudulmayacaq və körpə ikən bu nağıl ruhunda böyümüş uşaq ömrünün sonunadak sülhün dəyərini biləcək və onu qoruyacaq.

Uşaqlarımıza yazılanlardan maksimum ən yaxşı olanını, gənc nəslin tərbiyəsi işində əhəmiyyətli rol oynaya biləcək əsərləri  seçmək lazımdır. 
Uşaq kitabı uşaq üçün ömür boyu unudulmayacaq mənəvi keyfiyyətlər daşıyıcısı olmalıdır. Mənəviyyatdan kənar olan heç nə mütaliə kimi sivil bir prosesə daxil olmamalıdır. Uşaq ədəbiyyatının daşıdığı sosial mahiyyət də heç bir vəchlə buna yol vermir. Nəinki dünya uşaq ədəbiyyatı, eləcə də Azərbaycan ədəbiyyatında da uşaqlar üçün yazılmış elə nümunələr var ki, müəllifin səriştəsizliyindən, əsərini ünvanladığı auditoriyaya qeyri-ciddi münasibətindən, uşaq anlayışının mahiyyətini dərk etməməsindən irəli gələn səbəblərdən olduqca yararsız və hətta deyim ki, təhlükəlidir. Ümumiyyətlə, azərbaycan uşaq ədəbiyyatı xaotik inkişafdadır və bu ədəbiyyatın əsaslı tədqiqata böyük ehtiyacı var. Ədəbiyyat tənqidçiləri, daha doğrusu, uşaq ədəbiyytının prinsiplərinə yaxından bələd olan tənqidçilər bizim ədəbi nümunələri araşdırmalı, əldə olan əsərlərin yararlılıq dərəcəsini öyrənməlidirlər. Uşaq ədəbiyyatındakı pərakəndəlik hər yoldan ötənin burada ayaq saxlaması və öz zəif əsərləri ilə boşluğu doldurmaq həvəsi ilə təzahür edir. 

Yuxarıdakı siyahını davam etdirmək üçün çağdaş ədəbiyyatda mövcud material olduqca azdır. Azərbaycan uşaq ədəbiyyatında janr problemi məsələsi araşdırılarkən aydın olur ki, kiçikyaşlı uşaqlar üçün əyləncə, yumor və məlumat xarakterli kiçik, rahat əzbərlənə biləcək şeirlər, nazlamalar, oxşamalar, sanamalar azlıq təşkil edir. Uşaqların dil açmalarında, fikirlərini asanlıqla çatdıra bilmələrində əzbərlənən kiçikhəcmli şeirlərin böyük rolu var. Ədəbiyyatımıza nəzər salanda körpələrin barmaq oyunları üçün yazılmış şeirlərin yoxluğu aydın nəzərə çarpır:

                                 Bu barmaq qoca nənədir,
                                  Bu barmaq qoca babadır.
                                  Bu atamdır, bu da anam
                                  Mən də ki yerdə qalanam. 

Şeir körpənin barmaqlarını qatlaya-qatlaya oxunur, hər qatlamada bir misra deyilir. Və nəticədə bir kuplet şeirdə bir ailə öz ifadəsini tapır.  Folklorumuzda da barmaq oyunları üçün yazılmış şeirlər digər xalqlarınkına nisbətən olduqca azdır:

                                 Cücü gəldi qaq elədi
                                  Yumurtasın yağ elədi.
                                  Bu tutdu, bu kəsdi,
                                  Bu bişirdi, bu yedi.
                                  Cuppuluya qalmadı...

Bu şeir diqqəti, riyazi təfəkkürü inkişaf etdirir, körpədə obrazlı düşüncə formalaşdırır. Çağdaş ədəbiyyatımızda bu tipli şeirlər çox azdır və onların yazılmasına böyük ehtiyac var. 

Daha bir janr dilin inkişafına müsbət təsir göstərmək baxımından zəruridir və müasir uşaq ədəbiyyatında çox az təsadüf edilir. Bu yanıltmaclardır. Dilin gimnastikası hesab edilən bu kiçik, lakonik və mənalı şeir janrı təəssüf ki, müasir uşaq ədəbiyyatının ən az işlənmiş sahəsidir. 
Uşaq ədəbiyyatının daha bir olduqca maraqlı janrı nağıl-povestlərdir. Bu janr Azərbaycan uşaq ədəbiyyatının ən az inkişaf etmiş qolu olaraq qalmaqdadır. Nağıl-povest janrına gəlincə qeyd etməliyik ki, Gülzar İbrahimovanın “Sirusla Virusun macəraları”, Reyhan Yusifqızının “Yaşıl gözlü qız”, “Zamanın əsirləri”, Qəşəm İsabəylinin “Üüüüü”, Zahid Xəlilin “Cırtdanla Azmanın yeni sərgüzəştləri” əlimizdə olan azsaylı ədəbi nümunələrdir. Amma uşaq ədəbiyyatının çox maraqlı janrı olan nağıl-povestlər uşaq oxusu üçün olduqca mühüm bədii materialdır və uşağın asudə vaxtının təşkilində, onun təxəyyülünün formalaşmasında nağıl-povestlərin böyük əhəmiyyəti var.

Uşaq ədəbiyyatında orta məktəbyaşlılar və yeniyetmələr üçün macəra, fantastik janrlı əsərlərin işlənməsinə olduqca böyük ehtiyac var.  Bu janrda demək olar ki, müasirlərimiz tərəfindən çox az əsər yazılıb. Bu yaş dövrü üçün xarakterik olan belə əsərlər yeniyetmələrin maraqları, xarakter dəyişiklikləri nəzərə alınmaqla işlənməlidir. Belə əsərlərdəki obrazlar yeni nəslin özünü tapmasında, problemlərinin həll olunmasında, şəxsiyyətlərinin formalaşmasında böyük rol oynaya bilər. Elə bu baxımdan, belə əsərlərə ədəbiyyatımızda böyük ehtiyac var.

Xaotik inkişaf edən çağdaş uşaq ədəbiyyatında “uşaq deyib keçmək” kimi çox təhlükəli bir tendensiya vüsət götürməkdədir. Uşaq ədəbiyyatının təyinatını və mahiyyətini lazımınca dərk etməyən diletantlar bu boşluqda məşğulluq üçün münbit şərait görür və hər vəchlə bu yerləri tutmağa çalışırlar. Və maraqlısı budur ki, belələri tərəfindən yazılmış  dırnaqarası uşaq ədəbiyyatı nümunələri bəzən maraqla qarşılanır. Həm də təkcə adi valideynlər tərəfindən deyil, uşaqların təlim-tərbiyəsində, mütaliə zövqünün formalaşmasında əsas rol oynayan müəllimlər tərəfindən də. Bunun nə kimi fəsadlar yaradacağı haqqında saatlarla danışmaq olar. Amma əsas məsələ bu vəziyyətin aradan qaldırılması üçün tədbirlərin görülməsidir. Düşünürəm ki, bu məqsədlə, müəllimlər üçün maarifləndirici məsləhət saatları, kurslar və s. təşkil edilə bilər və bu saatlarda uşaq ədəbiyyatının məqsəd və vəzifələri aydınlaşdırılar.

Və yaxud ciddi uşaq ədəbiyyatına aparan yolda xüsusi “yol nişanları” qoyulması məsələsi gündəmə gətirilməlidir. Valideynlər, müəllimlər, kitabxanaçılar üçün uşaq ədəbiyyatının seçimində mayak rolu oynayacaq üsullara əl atmaq vaxtı artıq çatmışdır. Uşaq ədəbiyyatı nümunələrinin seçimini asanlaşdırmaq məqsədilə kitab mağazalarında, məktəb kitabxanalarında, hətta məktəb foyelərində belə mütəxəssislər tərəfindən seçilib, yararlılığı təsdiq olunmuş kitablar ayrıca kitab rəfinə düzülməli və yaxud hansısa bir əlamətləri ilə fərqləndirilməlidir. Bunlar müxtəlif beynəlxalq və yerli müsabiqələrin qalibi olmuş və bir daha qeyd edirəm ki, yararlılığı yerli mütəxəssislər tərəfindən təsdiqini tapmış Azərbaycan və dünya ədəbiyyatı nümunələri ola bilər.  Məsələn, ABŞ-da Nyuberi və Kaldekotta kimi olduqca məşhur ödüllərə layiq görülmüş uşaq ədəbiyyatı nümunələrinin üz qabığına bu ödüllərin xüsusi “medalı” möhür şəklində vurulur. Bu möhür parıltılı və asanlıqla seçilən olur. Üz qabığında belə “medal” olan kitab seçim üçün mübahisəsiz hesab edilir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iki ildən bir təqdim edilən “Qızıl kəlmə” mükafatına artıq iki mövsümdür ki, uşaq ədəbiyyat nominasiyası əlavə edilmişdir. Bu ödülü qazanan kitablar mükafatın rəmzi ilə seçilsə, düşünürəm ki, kitab axtarışında olan valideynin işi həm məhsuldar, həm də rahat ola bilər.

                                                                                  






Oxşar xəbərlər