"Zamanı heç vaxt keçə bilməyəcəyik, ən yaxşısı onunla birgə addımlamaqdır"


  • 13:24 / 15 06 2020 |
  • Bölmə: Gündəm / İstedadlar


Vüsalə Şükürova: "İkiqat sevincliyəm həm də ona görə ki, 15 iyun ölkəmizdə Milli Qurtuluş Günüdür. Bir anlıq düşünəndə ki, mən varam, doğulmuşam, yaşayıram, amma ölkəm müstəqil deyil, mən azad deyiləm. Kimə lazımdır belə həyat? Bu gün isə müstəqil ölkənin müstəqil vətəndaşları olduğumuz üçün rahat və xoşbəxtik" 

Vüsalə Şükürova seçilən müəllimlərdəndir. Xırdalan şəhər 7 nömrəli tam orta məktəbin ibtidai siniflərinə dərs deyir. 
"Mental Sums" tədris mərkəzinin rəhbəridir.  Uşaqlar mərkəzdə yaradıcı sənət növlərinin sirrlərini öyərənirlər. 
Bu gün Vüsalə xanımın doğum günüdür. O, 15 iyunu həm özünə, həm də xalqına görə dəyərləndirir. 
Vüsalə xanım yüsək insani keyfiyyətləri özündə birləşdirməyi bacaran pedaqoqdur. 
"Rupor" Vüsalə Şükürovanı onunla götürdüyü müsahibə ilə təbrik edir. Yaxşıları tanıyaq. Məmləkətlər yaxşıların çiyinləri üzərndə bərqərardır.  


 - Sizin soyadınızda Şükür kəlməsi var. Adətən adlar qoyulanda hadisələr, situasiyalar nəzərə alınır. "Şükür" kəlməsinin sizin nəsildə ada, soyada çevrilməsində şükür edən nəslin nümayəndəsi olduğunuzu əks etdirən elementlər olmamış deyil. Bu xarakteri sizin və sizdən öncə gələn böyüklərinizin həyat tərzinə hopub. Müşahidələrimdə yanılmıram ki? Soyadınızın taleyinizdə rolu var?

- Bu haqda əslində düşünməmişdim. Çox maraqlı oldu.Çətin gündə şükür etməyi bacaranlardanam. Valideynlərim də eynən  belə olublar. Gözümü açanda ətrafımda olan yaxınlarımın dilindən "inşallah" kəlməsinin düşmədiyinə şahid olmuşam. Təbii ki, insanı geni və mühiti idarə edir. Nə yaxşı ki, genimiz mənəviyyat baxımından sağlamdır, mühitim də o gen daşıyıcılarının əhatəsi olub. 

- Xarakterinizə görə sizə "Dəmir Ledi" adı vermək olar?

-"Dəmir Ledi" ola biləcəyim ağlımdan keçməyib. Ancaq dəmirdən səbrim olduğunu deyə bilərəm. Mən hadisələrə dərhal reaksiya verməyi xoşlamıram. Əksər hallarda yaşananlara zaman özü möhrünü vurur. Zamanı qabaqlamaq istəyi səhv qənaətdir. Biz zamanı heç vaxt keçə bilməyəcəyik.Ən yaxşısı onunla birgə addımlamaqdır. 

- "Mental Sums" kursunu yaradan zaman qarşıda hansı planlarınız olub? Bu kurs təsəvvür etdiyiniz kimi formalaşa bilibmi? 

-"Mental Sums"u yaratmaqla özüm öz gücümü tanımaq istədim. Daxilimdə idarəetmə bacarığnın olduğunu bilirdim. Görəcəyim iş də peşəmə uyğun idi. Belə olan təqdirdə niyə şirkət qurmayım. Düşünəndəki sənin atdığın addımlar gələcəyin işığı olan uşaqlara cığır açır, onları daha mətin, daha savadlı, daha təhlükəsiz yolla getməyə yardımçı olur, rahatlıq tapırsan. Məncə hər kəsin bir missiyası var, ancaq bütövlükdə bu missiya xeyirxahlığa xidmət etməlidir. 

- Güclü qadın olmaq üçün hansı keyfiyyətlər lazımdır?

- Güclü qadın olmaq üçün qadın zərifliyini və incəliyini hər kəsdən gizlətməlisən- elə özündən də... Bilirsiniz, məncə insan var, onları qadına və kişiyə yalnız funksiyalarına görə bölmək olar.Cinsindən və irqindən asılı olmayaraq, bütün insanların hüquqları eynidir. Əlbəttə, kişinin etdiyi bütün işləri qadın, qadının etdiyi bütün işləri kişi görə bilməz. Onların beyin quruluşlarında fərq var. Belə olmasaydı, Allah dünyanı ya tamam kişilərdən, ya tamam qadınlardan yaradardı. Qadın kişidən daha güclü olmağa məhkumdur. Qadının missiyası genişdir, bu mənada güclü olmamağa haqqımız çatmr. 

- Vüsalə xanım siz ibtidai sinif müəllimisiz. Bu sənəti seçərkən ürəyinizin səsinə qulaq asdınız ya valideynlərinizin sözünə?

- Müəllimlik mənim üçün dünyanın ən müqəddəs peşəsidir.Mən uşaqları sevdiyim üçün bu peşəni seçdim.Ən böyük arzum hüquqşünas olmaq idi.Yəqin ki, bu da xarakterimlə cox əlaqədardır.Hər zaman o peşənin məni gözlədiyini hiss edirəm. Bəlkə də ikinci peşə kimi hüquqşünaslığı seçdim. Onsuz da müəllim elə hüquqşünasdır: uşaqları ən pis şeylərdən qoruyur, müdafiə edir. ümumiyyətlə bütün sənətlər qohumdur. Yetər ki, onlardan bir-birinə ayrılan yolları görə, hiss edə biləsən. 

- 10 il sonranı necə görürsünüz?

- 10 il əvvəl daha yaxşı idi. Bilmirəm niyə belədir, ancaq nəsə yanlışlıq var, məntiq sınıqlığı var. Əslində gələcək keçmişdən daha gözəl olmalıdır. Riyazi qanunauyğunluq deyir ki. hər şey artan xətt üzrə dəyişməlidir. Ancaq biz həmişə keşmişi istəyirik, gələcəyin keşmişdən bütün cəhətlərinə görə zəif olduğunu düşünürük. 

- Sizcə niyə? 

- Məncə buarda yaş faktoru var. İnsan keçmişə boylananda gəncliyini xatırlayır və zamanın donub yerində qalmasını istəyir. Gələcək işığa doğru gedirsə belə, sonunda təbii qaranlıq var. Bu mövzuda danışmasaq yaxşıdır. 

- Əlbəttə danşmayaq. Bu gün Sizin var olduğunuz gündür, daha çox pozitiv olmağınız vacibdir. 

- Mən həmişə pozitivəm. Öz doğum günümü də böyük ruh yüksəkliyi ilə qarşılayıram. İkiqat sevincliyəm həm də ona görə ki, 15 iyun ölkəmizdə Milli Qurtuluş Günüdür. Bir anlıq düşünəndə ki, mən varam, doğulmuşam, yaşayıram, amma ölkəm müstəqil deyil, mən azad deyiləm. Kimə lazımdır belə həyat? Bu gün isə müstəqil ölkənin müstəqil vətəndaşları olduğumuz üçün rahat və xoşbəxtik . Bircə Qarabağ dərdimiz var, onu da həll edəcəyik. Biz Ali baş Komandanımıza inanırıq, güvənirik, ordumuzun gücünə əminik, xalqımızın müdrük olduğunu bilirik. Bu üçlük - bu tandem Qarabağı bizə qaytaracaq. 

- Ömər Xəyyamın məşhur bir beyti var: 
"Mənsiz də Dünyanın işi keçərmiş
Əcəba, nə üçün cahana gəldim?"
Siz nə deyərdiniz?

- Ömər Xəyyam şairdir. Şairlər necə istəyir, elə də düşünür və yazırlar. Maraqlı sualdır. İnsan bu sualı özünə verməyi bacarmalıdır. Mən cahana nə yaxşı ki gəlmişəm. 5 nəfər uşağa belə, dəstək ola bilirəmsə, deməli bu dünyada yaşamağa haqqım var. Yolun fəlsəfəsi budur: yaşamaq, yaratmaq, xatırlanmaq.

- Siz həm də şeirlər yazırsınız. Söz hansı rəngdədir?

- Sözün rəngi səsin avazındadır əslində. Səsin rəngləri çoxdur. Məsələn, qəmli səs yaşıl və sarının yan-yana dayanıb, amma heç vaxt bir-birinə qarışmadığı rəngdir.

- Belə bir deyim var: Yaxşı, xeyirxah və səmimi adamları gözlərindən tanımaq olur. Bu, düzdür?

- Bu deyim indiki dövrdə özünü doğrultmur.İnsanı tanımaq üçün zaman lazımdır.Gözlər isə sevinci və kədəri hiss elətdirə bilər.

- Təşəbbüs göstərərsiniz, yoxsa cəhd edərsiniz?

- Əslində risk etməyi sevirəm. Həmişə də uğurla nəticələnib.Amma çox da tövsiyə etmirəm. Riski uğurla yekunlaşan adam öyrəncəli olur, bir gün də kiçik yanlışlıq edə bilər ağır məğlubiyyət alar. Ən rahat yaşamaq tərzi səbirli olamqdır. Çox düşünüb, az danışmaq, hər şeyi riyazi olaarq hesablayıb addım atmaq. 

Ayna Məmmədova





























Oxşar xəbərlər