İnnovasiya Agentliyindən startaplara 5 milyon dollarlıq zərbə - İTTİHAM


  • 11:54 / 19 07 2021 |
  • Bölmə: Gündəm / İqtisadiyyat
 

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Boğaziçi Ventures” fondunun Azərbaycana verəcəyi  5 milyondan imtina etməsinin səbəbi açıqlayıb.

“Rupor” xəbər verir ki, o bununla bağlı özünün şəxsi facebook hesabında yazıb. Ekspert qeyd edib ki, bir il bundan öncə  Türkiyənin “Boğaziçi Ventures” fondunun NRYTN tabeliyində  İnnovasiyalar Agentliyində nümayəndəlik açdığı haqqında məlumat verilib. Ardınca da bu fondun  Azərbaycan startaplarına ilkin olaraq 5 milyon dollar investisiya fondu ayırdıığı bildirilib. 

Layihənin Azərbaycan startaplarının maliyyələşməsi, inkişafı və xarici bazarlara çıxışı baxımından olduqca əhəmiyyətli bir addım olduğunu vurğulayan Osman Gündüz yazır ki, İnnovasiya Agentliyi müraciətləri qəbul edərək təsnifatlandırma aparmalı və məhdud sayda startaplar investisiya üçün bu fonda təqdim edilməliydi: “Startaplara investisiya qərarı “Boğaziçi Ventures”in daxili qiymətləndirmə siyasətinə əsasən verilməliydi”. 

Osman Gündüzün sözlərinə görə ötən ilin sonunda 51 startapın maliyyə üçün müraciət etdiyi, onlardan 13-nün seçildiyi və 4-nün də investisiya üçün sənədlərinin  “Boğaziçi Ventures” fonduna təqdim edildiyi haqqında məlumat verilib. Bundan sonra “Boğaziçi Ventures” fondunun nümayəndələri Azərbaycanda olub, Agentlik rəsmiləri ilə və seçilən startaplarla görüş keçirib.

Ekspert yazır ki, bundan sonar hər şey tilsimə düşüb. Ötən müddət ərzində heç bir açıqlama verilməyib, seçilən startaplara da vəsait ayrılmayıb:

“Əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, bu dəfə də İnnovasiyalar Agentliyi layihəni başa çatdıra bilməyib və qeyri-müəyyən səbəblərdən layihə reallaşmayıb. Səbəbləri haqqında qurum açıqlama verməyib”.

Ekspert yazır ki, bu Agentliyin yarıda qoyduğu yeganə layihə deyil. Onun sözlərinə görə əvvəllər də İnnovasiyalar Agentliyi müəyyən hüquqi proseduraların aydınlaşmaması səbəbindən fəaliyyətini qura bilməyib:

“Prezidentin 6 noyabr 2018-ci il tarixli Fərmanı əsasında yaradılan İnnovasiya Agentliyi, çox təəssüfləndirici haldır ki,  3 il müddətində  hələ də öz fəaliyyətini tam formalaşdırmayıb”.

Yeri gəlmişkən, hələlik yerli startaplara real dövlət dəstəyi KOBİA tərəfindən veirlən Startap Şəhadətnaməsi ilə startapların 3 il müddətinə   vergilərdən azad olunmasından ibarətdir.



Oxşar xəbərlər