Mingəçevir İcra Hakimiyyəti şəhid bulağını sökdürdü - ETİRAZ +VİDEO


  • 13:12 / 21 07 2021 |
  • Bölmə: Gündəm


“Biz 5 dost idik. Beşimiz də Suqovuşanın azad olunmasında döyüşmüşük. Bizdən dördümüz - Arzuman Osmanov,  Məhəmməd Məmmədli, İlkin Ağakişiyev, Tural Həsənov şəhid oldu. Tək mən sağ qalıb qazi oldum…Əhd etdim ki, nə qədər varam onları unudulmağa qoymayıb, yaşadım”.

 Bu sözləri “Rupor”a açıqlamasında qazi Tural Şükürov bildirib.

Tural Şükürov deyir ki, döyüşə getməmişdən öncə Mingəçevirdə Heydər Əliyev 21 ünvanında yerləşən bərbərxanada bərbər işləyirib. Döyüşdən qayıtdıqdan sonra cəbhə yoldaşlarının xatirəsini əbədiləşdirmək məqsədilə iş yerinin yaxınlığında 4 ağac əkib, ətrafda səliqə-səhman yaratmağa nail olub. Xidmətə görə verilən məvacibini aldıqdan sonra qərar gəlib ki, arzusunu reallaşdırsın. Həmin ünvanda “Şəhid xatirə bulağı” inşa etdirsin. Aldığı maaşla tikinti üçün tədarük görüb,  qum,  sement,  kərpic alıb. 

Amma 2 aydır ki, arzusunu reallaşdıra bilmir. Tikintiyə başlayan kimi inşa olunan bulaq  Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi  -  icra başçısının qohumu Nəriman İsmayilov tərəfindən sökülüb.

Daha sonra icra hakimiyyətinə şəhidlərin anaları  tərəfindən rəsmi şəkildə müraciət olunub. Mingəçevir İcra hakimiyyəti müraciətə rəsmi cavab olaraq bildirib: "Şəhid olmuş döyüş yoldaşlarınızın adlarının əbədiləşdirilməsi məqsədilə fəaliyyət göstərdiyiniz obyektin giriş qapısının yanında (binanın divarına biitişik) Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmaqla xatirə  lövhəsinin quraşdırılmasını məqsədəuyğun hesab edirik".

Göründüyü kimi Mingəçevir İcra hakimiyyəti başda olmaqla rayonun Memarlıq və Tikinti şöbəsi heç bir səbəb göstərmədən bulağın inşasına razı olmayıblar.

Tural Şükürov vurğulayır ki, Mingəçevir Vətən müaribəsində 50-dən çox şəhid verib. Lakin onların xatirəsini əbədiləşdirəcək abidə kompleksi hələki inşa olunmayıb. Bu isə şəhid analarının dərdini bir az da artırır. 

Şəhid Məmmədli Məhəmmədin anası da deyir ki, Mingəçevir İcra hakimiyyətindən "Şəhid bulağı"nın tikintisnə rədd cavabı alıb: "Memarlıq və Tikinti şöbəsində olduq. Şöbənin müdürinə - "siz orada - şəhid bulağı tikiləcək yerdə olmusunuzmu? - sualımıza "xeyr, olmamışıq", - cavabını aldıq. Deyirik ki, əgər olmamısınızsa, niyə "rədd" cavabı vermisiniz?" 

Məsələ ilı bağlı millət vəkili Aydın Mirzəzadəyə də müraciət olunub. Millət vəkili şəhid ailəsi ilə görüşüb. Problemin həlli istiqamətində tapşırıqlarını verib: "Ailəni razı salmaq üçün variant tapın". 

Bu gün şəhid analarının yeğanə təsəllisi, onların övladlarının xatirəsinin əbədiləşdirilməsidir. Onlar rayon ərazisində obyekt inşa etdirmirlər. Vətən uğrunda qurban verdikləri övladlarına “Şəhid bulağı” inşa etdirməyi arzulayırlar: 

"Vətənə OĞUL vermiş anaların bu kiçik arzusu arzu olaraq qalmamalıdır. Şəhidlər and yerimiz, səcdəgahımızdır. Onların ruhu qarşısında bütün mümkünsüzlər mümkün olmalıdır. Çünki, ən böyük mümkünsüzü onlar etdilər. VƏTƏNİ düşməndən azad etdilər, can verdilər. Qanlarını vətən torpağına qatdılar. Onlar Vətənin hər qarışında bir abidə ucaltdılar! Bizim də borcumuz Vətənin hər qarışında onları anmaqdır. Borcumuzu unutmayaq!!!".

Xatırladaq ki, 2 gün əvvəl Nəriman İsmayılov İbrahimov Nahid Sadid oğlunun bulağını da dagıdıb. 

Dilşad Xaqaniqızı







Oxşar xəbərlər