Eldar Mahmudovun oğlunun adı başqasının obyektinə hücümda hallandı


  • 15:01 / 24 07 2021 |
  • Bölmə: Gündəm


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov başqa bir şəxsin obyektinə hücum təşkil etməsi ilə bağlı yayılan məlumatlara vəkili vasitəsilə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Gununsesi.info saytında dərc olunan məlumata görə, sabiq MTN rəhbəri bir neçə vətəndaşa məxsus, Xətai rayonu, Fəzail Bayramov, 1156 ünvanda yerləşən obyekti ələ keçirib və hazırda E.Mahmudovun yaxın adamları həmin tikiliyə zorla girməyə çalışır.

Vətəndaşlar bildiriblər ki, qarşı tərəf obyektin Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olduğunu iddia edir.

Lakin onlar obyektin sahibinin Anar Mahmudov olmadığına dair məhkəmə qərarı olduğunu bildirirlər.

Anar Mahmudovun vəkili Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin obyektə hər hansı bir hücum təşkil olunmayıb:

“Orada yaxın qohum kimi təqdim edilən şəxs isə mənim vəkil həmkarım Nicat Nağıyevdir. Mən, 2014-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış əsasında mülkiyyət sahibi olan Anar Mahmudovun vəkili olaraq əmlakın zəbt edilməsi, orada olan avadanlıq və mebellərin talan edilməsi, habelə özbaşınalığına son qoyulması ilə bağlı iyulun 3-də polisə müraciət etmişəm. Sonradan eynilə Baş Prokurorluğuna da müraciət ünvanlamışam.

Həmin müraciət əsasında zəbt, talançılıq və özbaşınalıq əməllərinin araşdırılması məqsədilə 37-ci Polis Şöbəsinin əməkdaşları obyektə daxil olub orada baxış keçirmək istəyiblər. Obyektin yerləşdiyi ərazidə olan “Sahil-D” şirkətinin 6-7 əməkdaşı polisin qanuni tələblərinə, yəni obyektə baxış keçirmək istəyinə maneə törədiblər.

“Sahil-D” şirkətinin əməkdaşları bizim çıxarışın ləğv olunduğunu iddia ediblər. Bu xüsusatı araşdırmaq üçün DƏDRX-ə rəsmi vəkil sorğusu ilə müraciət etmişəm və 18 may 2021-ci il tarixli cavab məktubu ilə məlum olub ki, qeyri-yaşayış sahəsi Anar Mahmudovun adına qeydiyyata alınıb və hazırda mülkiyyətindədir”.




Oxşar xəbərlər