Prezidentin və birinci xanımın Laçın, Kəlbəcər səfərinin dağlar boyda uca mənası – ŞƏRH


  • 19:45 / 17 08 2021 |
  • Bölmə: Gündəm
 


Jurnalist Ekspert Mərkəzinin sədri
Rupor.az xəbər portalının baş redaktoru
Ceyhun Musaoğlu 
 
Prezidentin işğaldan azad olunan Azərbaycan ərzilərinə hər səfəri hadisədir. Laçın və Kəlbəcər rayonlarına səfərə də məhz bu konteksdən yanaşsaq, həmin hadisənin nə qədər qürurverici, xeyirli olduğunu görərik. 

Prezident İlham Əliyev Laçın və Kəlbəcərə Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə getdi. Mehriban xanımın instaqram səhifəsində yerlşdirdiyi videolar mətbuat üçün bu dəfə də ilkin və etibarlı mənbə rolu oynadı. Gecəykən 5 video yayıldı və tamaşaçı ölkəsinin rəhbərinin Qarabağdakı hər addımını açıq müşahidə edə bildi. 

Bu həm də o deməkdir ki, dövlət rəhbərliyi mətbuata çox böyük önəm verir və xanımı da – hörmətli Mehriban xanım KİV-də keyfiyyətli xəbərlərin yayılmasına həm layiqli vətəndaş, həm ölkə rəhbərliyinin əsas təmsilçisi, həm də lap deyək jurnalist kimi dəstək göstərir. 

Kəlbəcər və Laçın. Həm müharibə dövründə, həm də qələbədən sonra taleyi barəsində ən çox danışdığımız iki müqəddəs yurdumuz. Açığını deyək, dünənə qədər dağlar gözəli bu iki rayon barədə nigaranlıq vardı.  Prezident Baş Komandanlığı ilə azad ediyi Kəlbəcərə, Laçına getdi və bizə həm sözü, həm jesti, həm də amiranəliyi ilə gerçəyi çılpaqlığı ilə çatdırdı. 

Mehriban xanımın KİV-ə hədiyyə etdiyi videolara baxırıq. İlham Əliyev deyr: Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq”.

Sonuncu cümləyə diqqət çəkək. Kəlbəcərə gediş-gəlişin düyünə düşdüyü qənaətinə pərçimlənənləri məngənədən qurtaran cümlə. “...gediş-gəliş çox rahat olacaq”, “çox rahat”. Bu iki ifadə noyabrın 10-dan sonra yanan ürəklərə su çiləmək, ağrıyan yaralara məlhəm olmaq gücündədir. 
Prezidentin ölkənin əksər bölgələrinə səfərlərində yeni təməl qoymalar mütəmadi baş verir. Belə mübarək işin Kəlbəcərdə yaşanması bir ayrı gözəllikdir. Dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. 81 kilometrdir. Yol 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib.

Prezident yenə tarix dərsi keçdi. Ermənistanı Qarabağla birləşdirmək üçün düşmənin çəkdiyi ikinci yol olan Basarkeçər-Kəlbəcər yolunu göstərən İlham Əliyev Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyildiyini, ancaq bu rayonun, bölgənin əsl adının Basarkeçər, Göyçə mahalı, qədim Azərbaycan torpağı olduğunu vurğulad: “1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”.

Nəinki torpaqlarımızı qədim toponimlərimizi, yer adlarımızı da özümüzə qaytarırıq. Bir məqama da toxunaq: Prezident belə deyir: “Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir”. 
Buyurun, mətbuata növbəti önəmli mesaj: MƏN SİZİ DİQQƏTLƏ İZLƏYİRƏM!.  

Ermənilər Ermənistanı Şərqi Zəngəzurla və Qarabağla üç yolla birləşdirmək istəyirdilər. Cəbrayıl rayonunda nəzərdə tutulmuş yolun inşası da bu paketə daxil idi. Etiraz edirdik, beynəlxalq aləmi Ermənistanın qanunsuz tikintisinə “dur” deməyə səsləyirdik. Yer də susdu, göy də susdu, ədalət susmadı. Həmin yol bizə qaldı. 

Daha bir yol Kəlbəcərə getmək üçün Laçın dəhlizinə alternativ çəkilmişdi. Aqibətinə baxın. “Görün, gözəl də yoldur. İndi biz bu yoldan istifadə edirik. Bu yol çəkiləndə Azərbaycan tərəfi buna ciddi etiraz etmişdir. Deyirdik ki, buna yol vermək olmaz. Bu, ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı. Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq. Düşməni torpağımızdan qovduq və indi bu yoldan istifadə edirik. Ermənilər isə bu yoldan məhrum oldular. Ona görə bu yolu da hərbi qənimət saymaq olar. Onlar üçüncü yolu da Cəbrayıldan salmaq istəyirdilər. O da yarımçıq qaldı. Onların arzuları gözlərində qaldı” – Prezidentin sözləridir. Həqiqətən hərdən fikrə dalanda sanki möcüzəyə düşmüş kimi olur adam. Gör hansı nəhənglikdə qələbə qazanmışıq. 

Təkcə bu yol qəniməti düşmənin canına vicvicə salıb yüz faiz. Necə yəni, get diasporalardan  dilən, gətir yol çək, o da qalsın həmin yurdların əbədi sakinlərinə. QƏNİMƏTİN MÜBARƏK XALQIM.

Dövlət başçısı Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə də tanış olub.

Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Suyu hidroaqreqata ötürən dağıdılmış plastik su borusu 1,3 kilometr məsafədə diametri 1,8 metr olan metal borularla əvəz edilir. Stansiyanın maşın zalı və 110/6 kilovoltluq yarımstansiyasında isə işlər tamamlanıb. Beləliklə, ermənilər tərəfindən dağıdılaraq yandırılan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tam yenidən tikilir və işlərin qarşıdan gələn aylarda başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak ediblər.  Nəticəsi bilirsiniz nə olacaq: işğaldan azad edilmiş ərazilər ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq.  Ərazilər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.

Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. “Kəlbəcər” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib.

Belə getsə, 5 ildən sonra 20 il öncə oralarda veyillənən erməni, əgər bizim vətəndaşlığı qəbul edəcəksə, elə təkcə yarımsatansiyanın ətrafında xaricə düşmüş kimi olacaq. Aza da bilər, bizim vətəndaşdır, axtarıb taparıq, ona izah edərik ki, ay bədbəxt siz cənnəti cəhənnəmə çevirdiz, biz həmin cəhənnəmi cənnətə döndərdik. İndi gördüz, siz şeytansız, biz mələk. 

Başqa cür ola da bilməz. Ancaq mələk gücü ilə bu ağır işi görmək mümkündür. “Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və deyə bilərəm ki, cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi. Özü də çox çətin bir hava şəraitində, çətin relyefdən, dağlardan keçərək, bu önəmli infrastruktur obyektini istifadəyə verdik. Yeni dirəkləri də görürsünüz. Dirəklərin ən hündür olan yeri 3400 metrdir. Doğrudan da böyük peşəkarlıq və məharət tələb edən layihədir və onu göstərir ki, bizim daxili resurslarımız o qədər güclüdür ki, biz qısa müddət ərzində bu işləri görə bilərik. Beləliklə, bu yarımstansiya Kəlbəcər rayonunu elektrik enerjisi ilə təchiz edəcək. Bu tədbirə qədər Lev çayı üzərində su elektrik stansiyasının tikintisi ilə tanış oldum. Orada generasiya gücü 4,4 meqavatdır. Biz artıq Güləbird Su Elektrik Stansiyasını işə saldıq, orada 8 meqavatdır, o, Laçın rayonundadır. Suqovuşan Su Elektrik Stansiyası da təmir olundu, yenidən quruldu, orada da 7,8 meqavatdır. Yəni, görün, biz artıq 20 meqavatdan çox elektrik enerjisini alternativ mənbələrdən hasil etməyə başlayırıq və bu hələ başlanğıcdır. Ermənilər bu bölgələri tərk edərkən bütün su elektrik stansiyalarını məhv etdilər, dağıtdılar. Biz onları bərpa edəcəyik. Güləbird, indi isə Lev çayı üzərində və digər su elektrik stansiyaları və onların sayını tədricən təxminən 20-yə çatdıracağıq, bəlkə də 30-a çatdıracağıq, amma tədricən. Beləliklə, bizim enerji potensialımız da güclənəcək. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq və bizim bütün planlarımız yerinə yetiriləcək. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir” – ölkə başçısının sözləridir. Şərhi, analizi, informasiyası, reportajı... jurnalistikanın bütü janrları var bu bir neçə cümləlik təqdimatda. Daha deyəcək söz qalmır. 

Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin də təməlini qoyub. Bir səfərdə iki tunelin tikintisinə start verilir. 

İlham Əliyev Laçın yolunda Mehriban Əliyeva ilə söhbət edir. Ölkə başçısı köhnədən qalan Kəlbəcərlə Laçını birləşdirən yeganə yolu göstərərək, artıq tunelin işıqlandırıldığına diqqət çəkir. Deyir ki, ermənilər Kəlbəcər və Laçını tərk edərkən bu tuneli partlatmaq istəyiblər, amma qaça-qaça düşdüklərinə görə alınmayib. Hərdən biz tərəfə daldan atılan daş kimi güllə atan düşmən “qaça-qaça düşdülər” mesajından sonra utanmayacaqsa, deməli, bir daha təsdiqləndi: sırtıqdılar. 

Bu da Beynəlxalq Hava Limanının təməl qoyma mərasimi. Prezident və xanımı mərasimdədir. Hava limanı Qorçu kəndinin ərazisində inşa ediləcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometrə barəbər hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

Prezident necə söz vermişdi, elə də gerçəkləşdirdi: “Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura - Laçın rayonunun Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq”.

Şərqi Zəngəzur, Qarabağ bərpa olunur. Laçın Beynəlxalq Hava Limanı tikintisinin çoxları üçün gözlənilməz olduğunu söyləyən İlham Əliyev  bəzilərinin bunu möcüzə hesab etdiklərini vurğuladı. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir.

Qarabağda yerli şirkətlərin işləməsini sevinclə qarşılayan Prezident həm də yerli sahibkarlara mesaj göndərmiş oldu: əməyinizi təkminləşdirin, bizə çox lazım olacaq.  

Prezident onu da bildirib ki, Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq: “Bu hava limanlarından həm yüklər, həm sərnişinlər, daçınacaq, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”.

Laçında deyilən, ancaq bütün dünyanın eşidəcəyi məzmunda verilən bəyanat: “Hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”.

Azadlığa çıxardığımız ərazilərimiz həm də silah-sursatla təmin olunacaq. Qurduğumuz cənnəti terror yuvasına çevirmək niyyətinə düşənləri elə niyyətindən vura bilən silahlar alacağıq. Əvvəllər bizm uzaqda – Bakıda olduğumuzu əsas götürərək “pık” edənlərin Laçında hərbi potensialımızla birgə məskunlaşdığımızı anlayıb “cık” səsi çıxarmağı belə cürətləri çatmayacaq. 

İlham Əliyevin səmimi xarakterə malik olduğunu hər kəs bilir. Böyüklə böyük, kiçiklə kiçik rəftar qurmağı özünün həyat tərzi seçən Prezident Kəlbəcərdə arıçılarla görüşüb. Görüşdəki iki məqam hekayəlikdir. Şirinliyi, dərinliyi, siyasi fəhmi nümunəvidir. 

Səmimi görüşdə Kəlbəcər arıçıları Prezidentə bal hədiyyə edib. Arıçılar öncə iki pətək bal vermək istəsələr də, Prezident və xanımı bir pətəyin kifayət olduğunu deyiblər. 

Hələ bir maraqlı məqam da var: Arıçılar Prezidenti arılardan qorumağa cəhd edirlər və ölkə başçısı deyir: "Onlar bizə dəyməzlər, tanıyırlar". Ay erməni, Qarabağımdakı arı belə, məni tanıyır, sən hansı filin qulağında yatmısan, de həmin arılara tapşıraq gəlib ayıltsınlar. 
Prezident və xanımı ilə arıçıların söhbətində bir işıqlı məqam da diqətdən yayınmır. 

Arıçılar: “Xalqımıza inanırdıq, şəhidlərimizə inanırdıq. Bizim təsərrüfatımızın builki məhsulunun 20 faizi şəhid ailələrinə yönəldiləcək”.
Prezident İlham Əliyev: Çox yaxşı. Yəqin ki, təsərrüfatınızı getdikcə genişləndirəcəksiniz.

Arıçı: Bəli genişləndirəcəyik. Çünki tək Kəlbəcər yox, ümumiyyətlə, işğaldan azad olunmuş torpaqlar arıçılıq üçün böyük yem bazasıdır. Ermənilərin böyük təsərrüfatları var idi burada və ixracla məşğul idilər.

Prezident İlham Əliyev: Sovet vaxtında da Kəlbəcərdə arıçılıq inkişaf etmişdi.
Arıçılar: Kəndin özündə olub sovet vaxtında. Sovet İttifaqında Kəlbəcər balının adı çıxmışdı. Bu adı inşallah, özünə qaytaracağıq.
Prezident İlham Əliyev: Ermənilər çox qanunsuz işlər görüblər, təbiətimizi məhv ediblər, istismar ediblər.
Arıçı: Ata-babalarımızın kökü buradadır, atamın qəbri buradadır. Kəlbəcərdə heç vaxt erməni yaşamayıb.
Prezident İlham Əliyev: Bilirəm, heç vaxt. Amma sonra Kəlbəcəri özününküləşdirmək istədilər, adını dəyişdirməyə çalışdılar. Biz də gəldik, dərsini verdik, torpağımızı geri aldıq.
Arıçılar: Çox sağ olun. Təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun.
Birinci xanım Mehriban Əliyeva: Sağ olun, uğurlar sizə. Çox sağ olun.
Prezident İlham Əliyev: Bütün qohum-qardaşlara salam deyin.
Arıçılar: Allah Sizi bu xalqımıza çox görməsin. Sağ olun.

Açar sözlərə baxın: “Böyük yem bazası”, “Dərsini verdik, torpağımızı geri aldıq”, “Bütün qohum-qardaşlara salam deyin”. Sonuncu ifadə necə də insan ruhuna sərinlik gətirir. Prezidentdən “qohum-qardaşlara salam de” eşitmək necə də zövq verir. Təsəvvür edirsinizmi, indi o arıçı evə gəlib doğmalarına deyəcək ki, Prezident sizə salam göndərdi. Bal kimi sözlər...

“İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi. Biz əks-hücum əməliyyatını bir neçə istiqamətdə aparırdıq və hər istiqamət önəmli idi. Çünki biz artıq bəzi istiqamətlər üzrə müdafiə xəttini yararaq işğalda olan torpaqları azad edirdik, bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. Bəzi istiqamətlər üzrə, sadəcə olaraq, hərbi manevrlər apararaq erməni silahlı birləşmələrinin başqa yerə göndərilməsinin qabağını alırdıq. Beləliklə, Kəlbəcərin bir hissəsi, kiçik olan hissə döyüş meydanında azad edildi. Ancaq əksər hissəsi, böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi”.

Hərb tarixi dərsliyinə salınacaq izah. Hazırdır, redaktəsi, korrektəsi yerində. Həqiqətən qeyri-adidir: işğala son qoy və 44 günlük müharibənin necə aparıldığını hər söhbətində epizod-epizod nəql elə. Tarixi yarat, yaşat və yaz. Bu missiya İlham Əliyevin payına düşdü, Prezident də bu payı bütün xalqı ilə eyni səviyyədə böldü. Belə dedi həmişə: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir”. 

Kəlbəcərin, Laçının, Şuşanın işğala məruz qalmasının səbəblərini bir daha sadalayan ölkə başçısı xüsusən Şuşa və Laçının işğala məruz qalmasını AXC-Müsavat cütlüyünün xəyanəti kimi dəyərləndirir: “O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi”. 

O günləri xatırlamaq necə də əzicidir. Nə yaxşı bu günlər də var. Təslim edilən Şuşa dözdü, bizi gözlədi, inandı. Dağ-daş, dərə, ot, gül, çiçək də inanırdı bizim qayıdacağımıza. Bu inamın, o yaddaşın arxasınca şəhidlərimizin mələk qanadlarında qayıtdıq elimizə-obamıza. 

O dövrü milli faciəmiz, milli rəzalətimiz kimi xarakterizə edən Ali Baş Komandan həmin hakimiyyətin bir il ərzində ancaq talançılıq, rüşvətxorluq, soyğunçuluq, qanunsuzluqla məşğul olduğunu söyləyir. Gənc nəsilin bu gerçəklikləri bilməsinin vacibliyini önə çəkən Prezident Qarabağın ərazi baxımından şərəf nöqtəsi sayılan məkanından onu da xatırladır ki, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə olunurdu:  “Torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombalayırdılar. Onlar Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu videokadrlar var. Burada ermənilər soyqırımı törədirdilər, şəhərlərimizi viran qoyurdular. Baxın, Kəlbəcər nə gündədir, digər şəhərlər nə gündədir. Onlar isə Azərbaycan əsgərlərini əsir götürüb, öz hakimiyyətini möhkəmləndirmək istəyirdilər. Görəndə ki, artıq bu da mümkün deyil, qaçdılar gizləndilər, dövlət səviyyəsində fərarilik etdilər. AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir”.

Tarix çox amansızdır: onu sona qədər təhrif etmək mümkün deyil. Bir də məntiq var. 1992-də uduzduğumuz müharibəni, 28 il sonra udmuşuqsa, əvvəki cavabdehlərin miskin obrazlarını, nə qədər əl yelləsək də gözlərimizin qarşısından kənara itələyə bilmirik.
 
O dövrün nakam şəhidlərini azularına, kamlarına çatdıran bu dövrün qəhrəmanlarının əksəriyyəti gənclərdir. Musavatı tanımayan, AXCP-nin varlığı barədə məlumatsız olan, inkişafdakı Azərbaycanda qürurla yaşayan gənclər. Tarix heç vaxt unudulmur. 

O tarix həm də bütün dünyaya bəyan olundu. Haqqı tapdayanların qarşısında susurdular. Prezident öz xalqına və qardaşı Türkiyəyə güvənərək məhz ədalətin, haqqın tapdamasına  göz yummadı. Dedik, dedik, dedik, qanmadılar, sonra dəmir yumruğu başlarına endirdik. İlham Əliyev bu nüansı gözəl ifadə edir: “Hesab edirdilər ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Hesab edirdilər ki, bizi kimsə dayandıracaq. Onların himayədarları bizə, necə deyərlər, təsir göstərəcəklər, təzyiq göstərəcəklər. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”.
Bu da növbəti mesaj: ERMƏNİ, BİZ QARABAĞDA ƏBƏDİ DURACAĞIQ! Məhz bu ifadəni müxtəlif dillərə çevirib, erməni xalqına oxutdurmaq vacibdir. Yazıqdılar, xəstə təfəkkürlü sistemləri onları uçuruma aparır. 

Prezident bu həqiqəti Qarabağın tam mərkəzində belə açır: “Bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Çünki uzun illər ərzində, otuz il ərzində ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Biz bu mifi dağıtdıq. Erməni ordusu yoxdur bu gün. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”.

Elə bu abzası da oxu, ay erməni. Sənə bu həqiqəti heç vaxt heç kim deməyəcək. Sənə yalan danışacaqlar, xülyalarda yatıracaqlar, o ki, 100 illik həyatını 44 günə qurban getdi ha, bundan sonrakı illərin də hansısa 44 günün içində yumağa dönər. Ağıllı ol, yaşa. Bu sözləri erməni kilsəsinə dedizdirənə qədər xatıraltmaq doğru olar. Kilsə onları aldadıb ki, erməni əsgəri “cəsur”dur. Prezidentsə real fakta dayanaraq deyir:  “Bu mifi də darmadağın etdik. Erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Yəni, bu mif də darmadağın edildi. Erməni əsgəri fəraridir”.

İki mif artıq yoxdur, 3-cü mifi də Azərbaycan əsgəri cəsurluğu ilə yoxa çıxardı. 

Ölkə başçısının çıxışından bəlli olur ki, erməni belə düşünürmüş: azərbaycanlılar öz torpaqları uğrunda vuruşmayacaqlar; əgər otuz ilə yaxın müddət ərzində müharibə başlamayıbsa, bundan sonra da başlamayacaq. 

Bədbəxtlər, yalanın içində əməllicə əriyiblər. Azərbaycan düşdüyü vəziyyətlə heç vaxt barışmayacağını sübut etdi. “Bütün çıxışlarımda deyirdim ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Bu mifologiya da darmadağın edildi” – Prezidentdən dəmir kimi sözlər. 

Hələ dördüncü mif də varmış. Erməninin həyatı əvvəldən sonacan mifin dərinliyində çabalayırmış ki. Azərbaycan onlara yeni həyat verib, anlamasalar, bir də heç vaxt quyudan çıxa bilməyəcəklər. 

Prezident deyir ki, növbəti mif onların dırnaqarası “sərkərdələri” ilə bağlı idi. Guya Ermənistanda elə görkəmli generallar, sərkərdələr var ki, onlar istənilən hərbi vəzifəni yerinə yetirə bilərlər: “Biz gördük ki, onların generalları oğrudurlar, “tuşenka” satandırlar. Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Köçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz? Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə. Siz fərarisiniz, qorxaqsınız. Biz sizi məhv etmişik. Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı. Dovşan kimi qaçmışdılar. Biz onları məhv etmişik. Onların dırnaqarası “qəhrəmanlarını”, “Artsax”, olmayan “Artsax” qəhrəmanlarını məhv etmişik. Onlar bu damğa ilə əbədi yaşayacaqlar. Fərarilər, satqınlar, cəlladlar, qorxaqlar - onlar ancaq əliyalın əhali ilə müharibə apara bilərlər. Necə ki, vaxtilə Xocalını işğal edəndə burada demək olar ki, onlara müqavimət göstərən qüvvə yox idi, mülki vətəndaşlar idi. Bax, bu evlərdə yaşamış mülki vətəndaşlar idi və aprel ayında hələ burada qarlar əriməmişdi, onların böyük hissəsi burada həlak oldu. Onlar buradan Gəncə istiqamətinə, o Murov dağının üstündən, Ömər aşırımından keçərkən onlara pusqular qurdular. Onları – uşaqları, qadınları, qocaları qətlə yetirdilər. Onlar məcbur olub ayaqyalın, qarlı-şaxtalı havada Ömər aşırımından keçərək, on kilometrlərlə yolu qət edərək buradan çıxmalı idilər. Bir çoxları da yolda qaldı, dondu, öldü. Bu, erməni vəhşiliyidir. Biz vəhşiləri məğlub etdik. Biz bölgəni vəhşilərdən, faşistlərdən xilas etdik. Bunu heç kim heç vaxt unutmamalıdır”.

Ardı gəlir. Bu da iflasa uğrayan 5-ci erməni mifi: guya ermənilər qədim tarixə, mədəniyyətə malikdirlər. 20 faiz ərazimizi goreşənlər kimi dağıdan bu məxluqların  murdar mədəniyyətə malik oduqlarını dünya təkcə Ağdamın dağıdılmış simasında gördü. “Ruhlar şəhəri” adı verildi cənnət Ağdama. 

Ruhunu şeytana satanların özlərinə “mədəniyik” deməsi “Taliban” terrorçularının xisləti ilə əkiz xislətə sahib olduqlarını sübuta yetirmsiylə düz mütənasibdir. 

İlham Əliyev bu miskin gerçəyi görərək vəziyyətə tam aydınlıq gətirir: “Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin. Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər. Onların gözünə soxacağıq. Biz indi kitablar da dərc edirik, göstəriş vermişəm, təqdimatlar da olacaq. Xarici ölkələrdə sərgilər olacaq. Biz göstərəcəyik. Bunu görmək istəməyən məcbur olub görəcək. Görəcək ki, erməni faşizmi, erməni vəhşiliyi nədir”.
Torpaqlarımızdakı sərvətləri istismar etmək, meşələrimizi qırmaq, çaylarımızı zəhərləmək, məscidlərimizi murdarlmaq, abidələrimizi dağıtmaq, evlərin daşını, torpağını gəmirmək, qəbirləri yoxa çıxarmaq – budur iblis ruhlu erməninin iyrənc əməli. 

Ölkə başçısı çıxışında bu nüansları aydıncasına açıqlayır. Yox, qalib gəlmək azdır, erməni təbii sərvətlərimizi talan etdiyinə görə Azərbaycana təzminat ödəyəcək. Prezident bu plan barədə də danışır. Bununla yanaşı, genişmiqyaslı bərpa işlərindən də söz açır. Nələr etmişik, nələr edəcəyik, gün kimi aydın olur. Minadan təmizlənən ərazilər, yollar, hava limanları, biznes struktirları, stansiyalar, iş yerləri, evlər, istirahət məkanları qurulur – böyük işlər sürətlə aparılır. Artıq 14 iqtisadi rayon yaradılıb. Prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığına xüsusi önəm verir. “Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki, həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq”.

Zəngəzur, Göyçə - qədim Azərbaycan əraziləri də geri qaytarılacaq. Biz həm də bu gedişlə regionu xilas etmiş oluruq. O regionda erməni də var. Azərbaycan sadə ermənini də xilas etməyi bacaran nəhəng dövlətdir. Qonşunun bədbəxtlik girdabına düçar olması xoş ovqat yaratmır. O yazıqları haqq yoluna gətirmək vacibbdir. 

Nə gözəl səslənir: Kəlbəcər şəhərindəki N saylı hərbi hissə. Cənab Ali Baş Komandan hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Bu da məşhur “İstisu”. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfər çərçivəsində “İstisu” sanatoriyasında da olublar.
İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb. Mənbələrə görə, istisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində meydana çıxıb.
Öz kimyəvi tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə İstisuyun dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir. Suyun temperaturu səthdə müsbət 74, dərinlikdə isə 90 dərəcəyə çata bilər. İstisu mineral bulaqları 12 bulaqdan ibarətdir.

“Vəhşilər bu abidəni də söküblər. Qəribədir, burada “mir” yazılıb, bu abidə sülhü tərənnüm edirdi. Vəhşi düşmən bunu da sökübdür. Onu da söküb, bu binanı da söküb, hər tərəfi söküb. Biz bütün yerləri yenidən bərpa edəcəyik, yenidən həyat qayıdacaq”. – Bu fikirlərin müəllifi olan Prezident uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinə də baxıb. “Bu, İstisu-Minkənd yoludur. Bu yol olmayıb, yenidən çəkilir, uzunluğu 51 kilometrdir. Kəlbəcərin İstisu qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirən yoldur. Bu, Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq. Hazırda bu yol boyunca işlər gedir, torpaq işləri başa çatıb. Bundan sonra asfalt qatı da vurulacaq. Beləliklə, biz növbəti yol infrastrukturunu yaradacağıq. Həm İstisuya Laçın Beynəlxalq Hava Limanından istifadə edərək gəlmək üçün rahat imkan olacaq, eyni zamanda, Kəlbəcərlə Laçın arasında ikinci yol bağlantısı olacaq. Bunun həm strateji, həm də hərbi əhəmiyyəti var. Eyni zamanda, vətəndaşların rahatlığı, İstisu kurortunu yenidən bərpa etmək, müasir səviyyəyə gətirmək üçün bu yolun böyük əhəmiyyəti var. Bu yol layihəsi də uğurla icra edilir. Xəritədə də artıq yaşayış məntəqələrindən keçən yol göstərilir.

Beləliklə, Kəlbəcər və Laçın rayonlarına səfərimiz başa çatır. Səfər çox uğurlu idi. Bir çox önəmli obyektlərin açılışını etdik, təməlini qoyduq. Şərqi Zəngəzurun gələcək inkişafı ilə bağlı bütün işlər plan üzrə gedəcək və biz istəyimizə nail olacağıq.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!”

Şüarın səslənmə tonu adamı qanadlarna alıb ənginliklərə aparır. Bəli, səslənmə tonu. “Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!” əminliyini oxuyanda belə, Prezidentin səsini eşidirsən. 

Bura Azərbaycandır, həm ölkəmizin, həm də Prezidentimizin səsi hər yerdən eşidilir. Regionda qüvvələrin balansı tam xeyrimizə dəyişib. Hər kəs bizim gücümüzü, əzmimizi, insanlığımızı etiraf edir. 

Yeniləşən ölkə ən azı Qafqaz üçün böyük nemətdir. Regional planda Azərbaycanın lokomotivliyi ilə cərəyan edən proseslərin bütün nəticələri müsbət sonluqla yekunlaşacaq. Biz bunun bacaranıyıq. Dediyimizin üstündə durmaq məharətimiz dünyaya bəllidir. 

Kəlbəcər və Laçını işğaldan azad  etməyi bacaran Prezident  Kəlbəcər və Laçındakı açıqlamaları ilə Kəlbəcər və Laçın barədə informasiya nöqteyi nəzərindən səhv nəticə çıxaranları da fikir burulğanından azad etdi. 
 



Oxşar xəbərlər