Gəncədə yeni “ASAN xidmət” tikiləcək - Bu şəhər üçün 4 sərəncam da imzalandı


  • 18:14 / 24 06 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə ilə bağlı 5 sərəncam imzalayıb.

1. Gəncə şəhərində 760 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılır.
İqtisadiyyat Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.

2. Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon (on üç milyon səkkiz yüz min) manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılır.

3. Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş 5,0 (beş) milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılır.

4. Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılır.

5. Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.3-cü yarımbəndində göstərilmiş məbləğin 3,8 milyon (üç milyon səkkiz yüz min) manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılır.

Maliyyə Nazirliyi bu sərəncamlarda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Nazirlər Kabinetinə isə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.





Oxşar xəbərlər