İstehsalçılar arasında müqavilə bağlanacaq


  • 16:50 / 03 09 2021 |
  • Bölmə: Gündəm

Nazirlər Kabineti satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiyməti, növü, miqdarı və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanın formasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

"Rupor" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, satın alan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək elektron portalda yerləşdirirlər. Satın alan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satın alan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir. Satınalma şərtlərini, bu Qaydada qeyd edilən məqsədlər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Fərmana əsasən, ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiyməti ötən il iyulun 1-dən cari il iyulun 1-dək olan dövr üzrə orta statistik satış qiymətinin növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsinə vurulması ilə müəyyən edilir. İl ərzində bu qiymətlər yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin qiymətlərə təsir göstərdiyi hallarda yenilənir. Ərzaq məhsullarının hər bir növü üzrə orta statistik satış qiyməti barədə məlumatları Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsi barədə məlumatları isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il iyulun 20-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər;
Tədarük və təchizat agenti hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçılar və onların istehsal potensialı barədə məlumatları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri vasitəsilə toplayır və elektron portalda yerləşdirir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq niyyəti olan, lakin barəsində elektron portalda məlumat olmayan istehsalçı bilavasitə tədarük və təchizat agentinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. Ərzaq məhsullarının istehsalçıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirirlər;
Tədarük və təchizat agenti elektron portalda barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqini “Elektron kənd təsərrüfatı” informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada hər il oktyabrın 1-dək aparır və həmin monitorinqin nəticələrini elektron portala daxil edir;
Ərzaq məhsullarının satın alınmasına dair bu Qaydada nəzərdə tutulan elanın şərtlərinə uyğun olan təklif satın alan təşkilatın həmin məhsullara tələbatından az olduqda, bütün iştirakçıların təklifləri qəbul edilir və bu halda satın alan təşkilat ərzaq məhsullarına olan tələbatın təklifdən artıq olan hissəsini bu Qaydaya uyğun olaraq müəyyən edilmiş qiymətlər çərçivəsində digər şəxslərdən ala bilər.

Tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və satıcıları arasında hər il noyabrın 1-dək növbəti il üçün müqavilə bağlanır. Əvvəl bu müddət oktyabrın 1-dək nəzərdə tutulmuşdu.
Tədarük və təchizat agentinin vəzifələri aşağıdakılardır:
- elektron portalın operatorunun funksiyalarını həyata keçirmək və elektron portaldan istifadəyə görə satın alan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış müqavilə üzrə satılmış ərzaq məhsullarının dəyərinin 10 (on) faizə qədərini satın alan təşkilatdan almaq;
- satın alan təşkilatlar tərəfindən bu Qaydanın 3.1.6-cı və 3.1.7-ci yarımbəndlərinin tələblərinə riayət olunmasını təmin etmək;
- satın alan təşkilatların müraciəti və (və ya) bu Qaydanın 3.1.5-ci yarımbəndinə uyğun olaraq aparılan monitorinqin nəticələri əsasında satınalma və müqavilə şərtlərinə əməl etməyən ərzaq məhsulları istehsalçılarının və ya satıcılarının təkliflərinin bir il ərzində elektron portalda yerləşdirilməsini məhdudlaşdırmaq.

Bu Qaydaya uyğun olaraq ödənilən vəsaitin hər bir müqavilə üzrə məbləğini tədarük və təchizat agenti satınalma dövründə bir dəfə müəyyən edir.
Ərzaq məhsulları istehsalçılarının və ya satıcılarının təkliflərinin elektron portalda yerləşdirilməsi bu Qaydaya uyğun olaraq məhdudlaşdırıldığı halda, satın alan təşkilat ərzaq məhsullarını bu Qayda ilə müəyyən edilmiş qiymətlər çərçivəsində bu Qaydaya uyğun olaraq digər şəxslərdən alır.

Satın alan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilənin nümunəvi formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Maliyyə Nazirliyi bu Qaydadan irəli gələn maliyyələşməni “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən həyata keçirir.






Oxşar xəbərlər