XİN-də səfirlərdən və diplomatlardan rüşvət alınması iddiaları böyüyür


  • 01:01 / 07 07 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Mətbuatda, o cümlədən, müsavat.com-da Xarici İşlər Nazirliyinin (XİN) fəaliyyətində korrupsiya və digər cinayət əməllərinə yol verilməsi ilə bağlı həm yaxın günlərdə, həm də daha öncələr yazılar dərc edilib.


Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi son əməliyyat və bu gün açıqlanan təfərrüatlar bütün bunları faktlarla sübut etdi.   

Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

"Rupor" bildirir ki, DTX-dən Musavat.com-a verilən məlumatda qeyd edilir ki, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılıb, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.

Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycana gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

DTX XİN-dəki əməliyyatın görüntülərini yaydı (VİDEO)

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DTX-nın yaydığı əməliyyatın videosundan aydın olur ki, XİN-nin vəzifəli şəxsləri bir müddətdir ki, izlənilib və onların əməlləri lentə alınıb.

Fərhad Molla-zadə ilkin ifadəsində əməlindən peşman olduğunu, belə bir cinayət əməli törətdiyinə görə çox pis olduğunu deyib.

Məlumata görə saxlanılanlardan Səlim Əlizadə tanınmış müğənni Səfurə Əlizadənin atasıdır. Səfurə Əlizadə mərhum Energetika naziri Natiq Əliyevin gəlinidir.

Rüşvət almağa görə həbs edilən şəxslərdən biri Nurupaşa Abdullayevin adı da mətbuata və oxuculara tanışdır. N.Abdullayevin adı oğlu Nicatın avtoşluğu ilə dəfələrlə gündəm olub. Onun oğlu tələbəlik illərindən ən azı 4 dəfə “avtoşluğa” görə həbs edilib.

Bu əməliyyat nazirlik ətrafında daha bir iddianın yaranmasına səbəb oldu. Yerli mətbuatda yeni təyin olunan səfirlərdən nazirlik tərəfindən pul alınması ilə bağlı iddialar da səsləndirildi. Bu yaxınlarda Ukraynaya səfir göndərilən sabiq deputat Elmir Axundovanın belə 1 milyon “xərci”nin çıxdığı yazılır.

Bu iddianı deputat Fəzail Ağamalı da Musavat.com-a açıqlamasında qeyd edib. Deputatın sözlərinə görə Elmar Məmmədyarovun rəhbəri olduğu nazirlikdə diplomatların təyinatında belə rüşvət öz sözünü deyir.

XİN-in fəaliyyətini tənqid edən deputatlardan Fazil Mustafa da səfirlərdən rüşvət alınması fikirlərini səsləndirib.

Musavat.com-a danışan deputat bildirib ki, Xarici İşlər Nazirliyində baş verənlər bir neçə ay əvvəl Mədəniyyət Nazirliyində baş verən hadisənin oxşarıdır:

“Mən bir müddət əvvəl Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir məqalə ilə çıxış etmişdim. Göstərmişdim ki, bu nazirlik ATƏT-in Minsk Qrupunun bir filialı kimi fəaliyyət göstərir. Nazir də ölkə maraqlarından daha çox ATƏT-in Minsk Qrupunun maraqlarını düşünərək addım atır. Burada olan kifayət qədər korrupsiya halları var. Səfirlərin təyin olunması, kadrların yerləşdirlməsi və bir çox problemlər. DTX-nın əməliyyatı çox normal bir hadisədir, çünki gözlənilən idi. XİN-də baş verənlərə qarşı bir addım atılmalı idi. Ümid edirəm ki, burada köklü dəyişikliklər baş verəcək və bu sahədə olan neqativ halların aradan qaldırılması mümkün olacaq”.


Fazil Mustafa XİN-də olan müəyyən qrupların xarici xüsusi xidmət orqanları ilə əlaqədə olması, əməkdaşlıq etməsi iddialarının da əsassız olmadığını deyib.

Bildirib ki, bu fikirlər həqiqətə uyğundur:

“XİN-də Azərbaycanın maraqlarına xidmət edən şəxslər var və onlar çox deyil. Orada daha çox xarici ölkələrin maraqlarına xidmət edən şəxslər var və bu da aşkara çıxarılmalıdır”.

Son zamanlar XİN-in fəaliyyətini kəskin şəkildə tənqid edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da DTX-nın əməliyyatı ilə bağlı Musavat.com-a danışıb.

Onun sözlərinə görə, baş verən hadisə Azərbaycan adına biabırçılıqdır:

“Elmar Məmmədyarov ölkə başçısının sərəncamını gözləmədən istefa verməlidir. Çünki Xarici İşlər Nazirliyi gəlir gətirən nazirlik deyil. Əgər bu nazirlikdə korrupsiya faktları varsa, bu bir biabırçılıqdır. Həm də Azərbaycan adına biabırçılıqdır. Xarici işlər naziri və nazirlik Azərbaycanı xaricdə təmsil edir. Onsuz da necə təmsil etdikləri bəllidir. Heç Azərbaycan dilində danışa bilmirlər. Nazirin övladları xaricdə əmlak alır, amma nazir buna aydınlıq gətirmir. Amma sosial şəbəkələrdə bu haqda yazanları DTX-ya şikayətlə hədələyirlər.

Korrupsiya faktları ilə bağlı araşdırmalar davam etməlidir. Bu adamların pulları kimlərlə böldüyü üzə çıxmalıdır. Mən inanmıram ki, pullar sadəcə bu 3 nəfər tərəfindən mənimsənilib.

Bu hadisədən sonra nazirlikdə ciddi islahatlar başlamalıdır.

Elmar Məmmədyarov onsuz da Dağlıq Qarabağ məsələsində Azərbaycanı lazımı şəkildə təmsil edə bilmir. 15 ildir mənasız danışıqlarda iştirak edir. Həmsədrlərə demir ki, ermənilər Dağlıq Qarabağ ərazisində niyə məskunlaşır? Açıq şəkildə demək lazımdır ki, Elmar Məmmədyarov milli nazir deyil. Hətta bu  nazirlikdə korrupsiya əməlləri belə rus dilində aparılır. Bir neçə gün əvvəl nazirliyin xanım əməkdaşı diplomatlardan koronavirusla mübarizəyə görə pul yığan zaman belə müraciətini rus dilində etmişdi. Belə çıxır ki, nazirlikdə hamı rus dilində danışır və bu biabırçılıqdır”.




Oxşar xəbərlər