Qazın və işığın qiymətindəki artımın iqtisadi səbəbi və əhaliyə təsiri – ŞƏRH


  • 16:40 / 16 10 2021 |
  • Bölmə: Gündəm / İqtisadiyyat
 


Tarif Şurasının qərarına görə, ölkədə elektrik enejisinin və təbii qazın qiymətlərində dəyişiklik olub. Bu dəyişiklik cüzi artımla müəyyənləşib. Bununla da əhali üçün qaz 2 qəpik, işıq 1 və 2 qəpik (kateqoriyalar üzrə) bahalaşıb.
 
Daxili səbəbər
 
Bu dəyişikliyin zərurəti və səbəbləri nədən ibarətdir. Ekspertlərin açıqlamalarını ümumiləşdirsək, belə qənaətə gələrik ki, ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1.000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir;

Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə ucuzdur. İl ərzində 1.200 kubmetr qaz istehlak edənlər abonentlərin 51%-ni təşkil edir. Hazırda əhali qrupuna aid abonentlərə təbii qazdan 1.200 kubmetrədək istifadə etdiyi halda qazın 1.000 kubmetri 100 manata (58,82 ABŞ dolları), illik qaz istehlakı 1.200 kubmetrdən çox olan əhali üçün 200 manata (117,65 ABŞ dolları), illik 2.500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147,06 ABŞ dolları) satılır. Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. 

Bu zərər necə aradan qaldırılır

- Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır; 
- Təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır;
- Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı subsidiyalaşdırılma azalır;
- Sahəyə investisiya qoyuluşlarının təmin edilməsi üçün imkanlar genişlənir və cəlbedicilik artır;
- Təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün yaranan zərurət qarşılanır.
 
Xarici səbəblər
 
- Dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb. COVİD-19 pandemiyasının tədricən səngiməsi, dünya iqtisadiyyatının canlanması və sənaye sahələrində istehsalın bərpa olunması fonunda 2021-ci ildən başlayaraq qazın qiyməti artmağa başlayıb. İlin əvvəlində 1.000 kub metri 335 dollar olan təbii qaz iyul ayında 500 dollara, avqustda 600 dollara yaxın olub. Sentyabrda qiymət artımı davam edib, birjalarda 1.000 kubmetri 700 dollar olan qazın qiyməti oktyabr ayına birjada (İCE) 1200-1400 dolları aralığında təklif olunub. Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini proqnozlaşdırır;
- Qış fəslinin yaxınlaşdığı ərəfədə Rusiyanın “Qazprom” şirkətinin qaz təchizatını azaldacağına dair açıqlaması birjalarda qiymət artımına səbəb olub. 2021-ci ilin qalan aylarında Avropaya qaz təchizatında 20-23% azalma gözlənilir;
- Qazın qiymət artımına səbəblərdən biri də Avropada qaz ehtiyatlarının kəskin azalmasıdır. Gas Infrastructure Europe (GIE) təşkilatının məlumatına görə, hazırda Almaniyada qaz rezervuarlarının 69,3%-i. Avropada isə 75,9%-i doludur;
- Enerji böhranı Avropa və Asiya bazarları arasındakı rəqabəti kəskin artırıb. Çin, Yaponiya, Koreya və Tayvan kimi sürətlə böyüyən iqtisadiyyatlar Avropanın ənənəvi mayeləşdirilmiş təbii qaz təchizatçıları üçün daha cəlbedici bazarlara çevrilib. 2021-ci ilin ilk 8 ayında Yaponiya, Cənubi Koreya və Tayvanın təbii qaz idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7%, Çinin LNG idxalı isə 30% artıb.

Tarif dəyişikliyinin əhaliyə təsirləri

-İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.

Təbii qaz tarifləri üzrə bəzi ölkələrlə müqayisə

2021-ci ildə 1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik: 
Türkiyədə  - 36 qəpik
Ukraynada - 87 qəpik
Gürcüstand - 29 qəpik
Belarusda  - 34 qəpik
1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik
Türkiyədə - 60 qəpik
Ukraynada - 2 manat
Belarusda  - 55 qəpik
Tarif tənzimlənməsi dövlətin iqtisadi siyasətinə uyğun olaraq aşağıdakı məsələlər nəzərə alınmaqla həyata keçirilib:
- Enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması;
- İqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması;
- İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsi;
- Biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması;
- Resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi;
- İstehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması;
- Dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsi;
- Mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması;
- Region ölkələri (beynəlxalq) üzrə qiymətlərin kəskin artımı.
 
Tarif dəyişikliyinin iqtisadiyyata müsbət təsirləri
 
- Dövlət büdcəsindən asılılığın, subsidiyaların aradan qaldırılması;
- Büdcədə sərbəstləşən vəsaitin digər büdcə xərclərinə və sosialyönümlü tədbirlərə yönəldilməsi;
- Yeni investisiya qoyuluşlarının təmin edilməsi;
- İstehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi imkanının yaradılması;
- Təbii qaz hasilatı və satışı sahəsinin, o cümlədən hasilatçıların zərərlə fəaliyyətinin qarşısının alınması; 
- İqtisadiyyatın ayrı-ayrı sektorlarında yeni tariflərlə əlaqədar təbii qazın maya dəyərində xüsusi çəkisinin artımı 0,1-2,4% həcmində proqnozlaşdırlır.

Ləman Ceyhunqızı
 



Oxşar xəbərlər