Tovuzdakı mövqelərimizi ələ keçirmək istəyən düşmən necə susduruldu - 3 rəsmi açıqlama


  • 20:00 / 12 07 2020 |
  • Bölmə: Gündəm / Bölgə


"Hər iki tərəfdən itki var"

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu barədə ilk məlumat Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb. Bildirilib ki, hər iki tərəfdən itki var.

Müdafiə Nazriliyinin növbəti məlumatında isə bildirilib ki, düşmən Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.





Ermənistan təxribatçı əməllərlə üçüncü ölkələri münaqişəyə cəlb etməyə çalışır

Cəbhədə yaşanan gərginliyə Xarici İşlər Nazirliyi də münasibət bildirib.

XİN-in yaydığı məlumatda deyilir:

"Bu ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər.Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub, 5 nəfər isə yaralanıb. 

Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir.

Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət eydiyini açıq şəkildə nümayiş etdirir. 

Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya aydındır.

Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq.

Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".




Ermənistan rəhbərliyi vəziyyəti gərginləşdirməklə ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır

Cəbhədə baş verən düşmən təxribatı ilə bağlı növbəti açıqlamanı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev verib.

Prezidentin köməkçisi bildirib:

"Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. 

Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.
 
Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilib. Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir.

Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. 

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatları  eləcə də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir. 

Eyni zamanda bu yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır. Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. 

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur. 

Dünya birliyi COVİD-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyil.  Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırırıq. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".








Oxşar xəbərlər