AHİK parlament binası qarşısındakı təxribatı qətiyyətlə pislədi - Onlayn iclas


  • 18:34 / 15 07 2020 |
  • Bölmə: Gündəm


İyulun 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyası (AHİK)İcraiyyə Komitəsinin növbəti  onlayn iclası keçirilib. 

"Rupor" Konfedrasiyann rəsmi saytına istinadən məlumat verir ki, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəliyə daxil edilmiş məsələlər barəsində İcraiyyə Komitəsinin üzvlərinə məlumat verib.

Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində  sərhədlərimizi pozması nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsi AHİK sədrinin təklifi ilə bir dəqiqəlik  sükutla yad edilib.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 19 mart 2020-ci ii tarixli 99 saylı qərarla bağlanmış 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində əksini tapan müddəalara diqqət çəkilib.  

Sahə Həmkarlar İttifaqı Respublika Komitələrinə tapşırılıb ki,  2020-2022-ci il illər üçün sahə (tarif) saziş və kollektiv müqavilə hazırlayarkən həmkarlar ittifaqlarının mövqeyini əks etdirən tövsiyələrdən istifadə etsinlər. İclasda Baş Kollektiv Sazişin icrasına dair hazırlanmış tədbirlər planı təsdiq edilib.

İclasda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi  (təşkilatı) devizi ilə keçirilən respublika müsabiqəsinin 2019-cu il üzrə yekunları haqqında məsələ müzakirə edilib. 

Burğulanıb ki, müsabiqədə 2720-dən artıq müəssisə və təşkilat iştirak edib. 22 sahə həmkarlar ittifaqını təmsil edən 236 müəssisədən  50 qalib müəssisə və təşkilatın sənədləri mükafatlandırılma üçün AHİK-ə göndərilib.  Müsabiqə üzrə AHİK-in müvafiq komissiyasının 5 may 2020-ci il tarixli iclasında irəli sürülmüş təkliflər nəzərə alınmaqla AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, respublika müsabiqəsinin 2019-cu il üzrə qalibləri AHİK-in diplom və hədiyyələri ilə təltif edilsinlər. Həmçinin sahə həmkarlar ittifaqı respublika komitələrinə, federasiyalarına və birliklərinə tövssiyə olunub ki,2019-cu ilin qalibləri ilə yanaşı, iştirak etmiş əmək müfəttişlərinin, kollektiv və təşkilatların həvəsləndirilməsi üçün tədbirlər görsünlər.

İcraiyyə Komitəsinin iclasında  Azərbaycan həmkarlar ittifaqlarının 2019-cu il üzrə gender statistikası haqqında,  Azərbaycan Həmkarlar İttifaqları idman təşkilatlarının 2019-cu ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatları haqqında və digər məsələlər müzakirə olunub.

Daha sonra pandemiya şəraitində aztəminatlı ailələrə, yaşlı insanlara,  işsiz vətəndaşlara, eləcə də həmkarlar ittifaqı üzvlərinə maddi yardımlar göstərilməsinin davam etdirilməsi məsələsi müzakirə olunub və bu aksiyanın davam etdirilməsi məqsədilə İcraiyyə Komitəsinin bölgüsünə uyğun olaraq   vəsait ayrılması qərara alınıb.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın yekununda çıxış edərək müzakirə olunan məsələlərin hər biri haqqında öz fikirlərini  İcraiyyə Komitəsinin üzvlərinə çatdırıb və tövsiyələrini bildirib.

Onlayn iclasında iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyanın cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdiyi qeyd olunub. 

AHİK-in sədri, çıxış edərək bildirib ki, aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər.
Lakin təəssüf ki, bəzi qüvvələr bu məqamdan da istifadə etməyə cəhd göstərdilər. Belə ki,  gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı.

Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası isə şəhidlərin ruhuna hörmətsizlikdir.

Səttar Möhbalıyev deyib ki, ordumuza dəstək nümayişini xoş niyyətli, vətənpərvər aksiya hesab edir. İştirakçıların səsləndirdikləri Qarabağla, Milli Ordumuzla bağlı şüarlar, Ali Baş Komandana dəstək çağırışları, əlbəttə, səmimi idi və xoş niyyət daşıyırdı.

Əfsuslar olsun ki,  bu, təxribatsız ötüşmədi,  təxribatçı qüvvələr yenə də fürsətdən istifadə edə bildi, öz xain və çirkin əməlindən qalmadı. Bir qrup təxribatçı və onlara uyanlar Milli Məclisin binasına basqın etdilər, mühafizəçilərə xəsarət yetirdilər, binanın içərisinə daxil olub dağıntı törətdilər. Bu adamların həmin anda ağılları başlarında idimi, yoxsa onlar nəyinsə və ya kiminsə təsiri altında idilər?

Onlar düşündülər ki, Qarabağa gedən yol Milli Məclisdən keçir. Onları sərhəddə və daxildə qoruyan əsgər və polislərin nəqliyyat vasitələrini aşırıb, zərər yetirdilər. Bununla da həmin şəxslər bizləri müdafiə edərkən şəhid olmuş qəhrəmanlarımızın ruhuna hörmətsizlik etdilər.
Biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq bildiririk ki, Azərbaycanı istəməyən, belə təxribat əməlləri ilə insanları çaşdırmağa çalışanların niyyətləri gözlərində qalacaqdır.

AHİK İcraiyyə Komitəsinin üzvləri də çıxış edərək təxribatçıların bu əməllərini qətiyyətlə pisləyiblər.

















Oxşar xəbərlər