Azərbaycanın Türk Şurasına rəhbərliyi inkişafa böyük töhfələr verib – FAKTLAR


  • 12:36 / 12 11 2021 |
  • Bölmə: Gündəm

 
Bu gün İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının 8-ci Zirvə görüşü keçiriləcək.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak edəcəklər.
 
Bildiyiniz kimi, Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına 2019-cu il oktyabrın 15-dən rəhbərlik edir.  Türk Şurasının Bakıda keçirilən Yeddinci Zirvə Görüşündən sonra Azərbaycan təşkilata sədrliyi üzərinə götürüb. Cəmi iki illik müddət ərzində görülən işlər isə türk dünyasının genişlənməsinə böyük töhfə olub. 
 
Azərbaycanın sədrliyinin COVİD-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərilib ki, bu səylər nəticəsiz qalmayıb.
 
Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub. 

2020-ci il aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirilib. Bu Görüş dövlət və hökumət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir olub. 

Zirvə Görüşündə dövlət başçıları tərəfindən COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində birgə tədbirlərə dair fikir mübadiləsi aparılmış, fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi qəbul olunub. Zirvə Görüşünün nəticəsi olaraq ölkələrimiz arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı Prezidentlərin təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, turizm və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilmiş, qarşıya qoyulan hədəflər müzakirə olunmuşdur. Eyni zamanda, sözügedən iclaslar zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı işlər aidiyyəti qurumlar arasında təsis olunmuş mexanizmlər çərçivəsində davam etdirilir.

2020-ci il aprelin 28-də videokonfrans vasitəsilə Türk Şurasına üzv və müşahidəçi ölkələrin Səhiyyə Nazirlərinin iclası keçirilmişdir. İclas zamanı COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlıq perspektivlərinə, yoluxucu xəstəliklərlə mübarizədə müalicə üsullarına, epidemioloji və elmi metodlara, epidemioloji monitorinqin aparılması və müxtəlif xəstəliklərlə mübarizədə “onlayn” bazanın yaradılmasına dair fikir mübadiləsi aparılmışdır. Səhiyyə nazirləri 2020-ci il oktyabrın 30-da İstanbulda da görüşüblər.

2020-ci il aprelin 30-da Türk Şurasına üzv və müşahidəçi ölkələrin nəqliyyat nazirlərinin videokonfrans vasitəsilə iclası keçirilmişdir. İclas zamanı COVID-19 pandemiyası dövründə Transxəzər dəhlizi boyunca zəruri məhsulların (yemək məhsulları, dərmanlar, tibbi avadanlıqlar) maneəsiz daşınması və tədarük zəncirinin fasiləsiz işləməsinin təmin edilməsi üçün qəbul edilməli olan əməli tədbirlərə, eləcə də humanitar məhsulların, əsas istehlak mallarının, dərman vasitələrinin və tibbi avadanlıqların çatdırılması yollarına dair fikir mübadiləsi aparılmışdır. Cari ilin 14 oktyabr tarixində Budapeşt şəhərində nəqliyyat nazirlərinin 5-ci iclası keçirilib.

2020-ci il mayın 6-da Türk Şurasına üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirlərinin və gömrükdən məsul qurumların rəhbərlərinin videokonfrans vasitəsilə iclası keçirilib. İclas zamanı COVID-19 pandemiyası dövründə tərəflər arasında iqtisadi mövcud vəziyyət, mövcud sosial-iqtisadi çağırışlar fonunda əlavə mexanizm kimi “Birgə Türk İnvestisiya Fondu”nun təsis olunması prosesinin yekunlaşdırılması sürətləndirilib.  Macarıstan və Avropada xüsusi investisiya təbliğat proqramına dair fikir mübadiləsi aparıllb. 2021-ci il sentyabrın 10-da Türk Şurasının iqtisadi məsələlərə məsul nazirlərinin 10-cu iclası Bakıda keçirilmişdir. İclas zamanı ölkələr arasında maraq kəsb edən məsələlər müzakirə olunub, “Türk Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

2020-ci il mayın 7-də Türk Şurasına üzv və müşahidəçi ölkələrin miqrasiyadan məsul qurumların rəhbərlərinin iclası keçirilmişdir. İclas zamanı viza, yaşayış/iş icazələri, dövlətlərin bir-birlərinin ərazilərində müvəqqəti qalan, təhsil alan və işləyən tərəflərin vətəndaşlarına dəstək və köməkliyin göstərilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

2020-ci il iyunun 23-də videokonfrans vasitəsilə Türk Şurasının turizmdən məsul nazirlərin iclası keçirilib. İclas zamanı COVID-19 pandemiyasının üzv dövlətlərin turizm fəaliyyətlərinə təsiri, pandemiya dövründə turistlərin təhlükəsiz səyahətlərinin təmin edilməsi, Türk Şurası Müasir İpək Yolu Birgə Tur Paketi Layihəsi və pandemiyanın təsirininin azaldılması üçün üzv dövlətlər tərəfindən görülmüş təbirlər ilə bağlı təlim proqramının fəaliyyətə başlamasına  dair fikir mübadiləsi aparılıb. Cari ilin 24 iyun tarixində Özbəkistanın Kokand şəhərində Türk Şurasına üzv dövlətlərin turizmdən məsul nazirlərinin altıncı iclası keçirilmişdir. Bununla Özbəkistan ilk dəfə olaraq üzv dövlət kimi təşkilat çərçivəsində nazirlər toplantısına ev sahibliyi edib.




2020-ci il fevralın 6-da Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib. Həmçinin 2021-ci il sentyabrın 27-də İstanbul şəhərində “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası baş tutub.

2021-ci il martın 31-də videokonfrans vasitəsilə Türk Şurasının qeyri-rəsmi Zirvə Görüşü gerçəkləşib. Bu, Azərbaycan Respublikasının təşkilata sədrliyi dövründə dövlət başçıları səviyyəsində sayca ikinci tədbir olub. Tədbir zamanı Qazaxıstanın Türkistan şəhərinə yeni təsis olunmuş “Mənəvi paytaxt” statusu verilmişdir. Uzun tarixə malik olan ölkələrimizin “Mənəvi paytaxt” statusuna layiq görülə biləcək çox sayda şəhərləri vardır ki, bu səbəbdən sözügedən ənənə davam etdiriləcəkdir. Tədbirdə qeyri-rəsmi Zirvə Görüşünün Türkistan Bəyannaməsi qəbul olunub.

İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamları maraq göstərir, bu xüsusda 2021-ci il sentyabrın 10-da Bakı şəhərində “Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş” biznes forum keçirilib.

Türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlıq olduqca önəmlidir, belə ki, Azərbaycan və Türkiyə arasında artıq media platforması yaradılmışdır. Bu xüsusda 2021-ci il aprelin 10-da Bakıda keçirilmiş Türk Şurasının Mediadan məsul nazir və rəsmilərin iclası xüsusi əhəmiyyət kəsb edir. Həmin iclasda qəbul olunmuş qərarlara müvafiq olaraq, cari ilin 22-24 oktyabr tarixlərində İstanbul şəhərində “Dərin kökə sahib keçmiş, güclü gələcək” mövzusunda Türk Şurası Media Forumu təşkil olunub.

2021-ci ilin avqustun sonu sentyabrın əvvəlində təşkilata üzv və müşahidəçi dövlətlərdən 30-ya yaxın jurnalistin Bakı, Gəncə və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə - Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinə media tur gerçəkləşib.

Təhsil sahəsində də əməkdaşlıq davam edib. Belə ki, cari ilin 3-4 noyabr tarixlərində təşkilata üzv dövlətlərin təhsil nazirlərinin altıncı iclası, 28-29 oktyabr tarixlərində isə Türk Universitetlər Birliyinin beşinci Baş Assambleyası keçirilib.

Təşkilat çərçivəsində gənclər sahəsində əməkdaşlığa da önəm verilir. Bu xüsusda 2019-cu il noyabrın 29-da Bişkek şəhərində, 2021-ci il sentyabrın 20-də isə Daşkənd şəhərində müvafiq olaraq gənclərdən məsul nazirlərin dörd və beşinci iclaslarını göstərmək olar. Daşkənddə keçirilmiş nazirlər iclası çərçivəsində Birinci Gənc Sahibkarlar Forumu da baş tutub.


Azərbaycan Respublikasının təşəbbüsü ilə 2021-ci il oktyabrın 19-da “online” formatda   TDƏŞ-in kənd təsərrüfatı üzrə işçi qrupunun 1-ci iclası keçirilib. İclas zamanı kənd təsərrüfatından məsul nazirlərin 1-ci iclasının 2022-ci ilin mart ayında Özbəkistanda keçirilməsi ilə bağlı razılığa gəlinib.
Azərbaycan tərəfinin təşəbbüsü ilə 2021-ci noyabrın 1-2-də Bakı şəhərində Türkdilli Dövlətlərin Baş Prokurorlarının 1-ci iclası keçirilmiş, iclas çərçivəsində Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurası təsis olunub. 


2020-ci il noyabrın 20-də Bakı şəhərində Türk Ticarət və Sənaye Palatası tərəfindən “Azərbaycanda sosial və iqtisadi inkişafın yeni erası” mövzusunda toplantı keçirilmişdir. Toplantı çərçivəsində Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Bərdə şəhərinə yardım göndərilıb.
Türk Şurasının Budapeşt Ofisində 2021-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Türk Şurası Katibliyi və Macarıstanın Xarici İşlər və Ticarət Institutu tərəfindən “Türk Dövlətləri müstəqilliklərinin 30-cu ilində və əməkdaşlıq: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

Azərbaycanın sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilmiş, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub.

Türk Şurası üçün əlamətdar hadisələrdən biri də təşkilatın coğrafiyasının genişlənməsidir. Bakıda keçirilmiş 7-ci Zirvə Görüşündə Özbəkistan Respublikası Türk Şurasına üzv olmuşdur. İstanbulda keçiriləcək 8-ci Zirvə Görüşündə isə Türkmənistanı təşkilat yanında müşahidəçi statusu əldə edəcək.

Azərbaycanın sədrliyi dövründə Türk Şurasının institusional inkişafı ilə əlaqədar müzakirələr davam etdirilmişdir. İstanbul Zirvə Görüşündə Türk Şurasının “Türk Dövlətləri Təşkilatı” adlandırılmasına dair qərar qəbul ediləcəkdir ki, bu da təşkilatın beynəlxalq nüfuzunun artırılmasına və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf etmiş, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Müharibə dövründə türkdilli dövlətlərin xalqları da Azərbaycan xalqına dəstəyinin ardıcıl olaraq ifadə etmişlər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanın Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb.  



Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Türk Şurası Katibliyi tərəfindən davamlı olaraq birmənalı dəstəklənmiş, 2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədi boyu Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə, 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən, Ermənistan  tərəfindən Gəncə və Bərdə şəhərlərinin raket atəşinə tutulmasını qınayan bəyanatlar verilib.

Türk Şurası heyəti 2020-ci il oktyabrın 20-də Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Gəncə şəhərini ziyarət etmişdir. Eyni zamanda, 2021-ci ilin yanvar ayında Türk Şurası, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarını ziyarət etmiş, düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə onilliklər ərzində törədilmiş vəhşi əməllərin nəticələri ilə əyani şəkildə tanış olublar.

Türk Şurası Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü irəli sürüb.

Türk Şurasına üzv ölkələrdə hazırda 160 milyona yaxın əhali yaşayır və bu çox böyük bazardır. Regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında bağlılığa öz töhfəsini verməkdədir, lakin Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcəkdir. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaqdır. 
 
Ləman Ceyhunqızı 
 
 
 
 



Oxşar xəbərlər