Ceyhun Bayramov müxtəlif ölkələrin xarici işlər nazirləri ilə telefonla danışdı


  • 21:49 / 17 07 2020 |
  • Bölmə: Gündəm / Dünya


İyulun 17-də Xarici İşlər naziri Ceyhun Bayramov bir neçə ölkənin xarici işlər nazirləri ilə telefonla danışıb. Həmkarları Ceyhun Bayramovu yeni vəzifəyə təyin olunması münasibəti ilə təbik ediblər. 




Litva Xarici İşlər naziri Linas Linkeviçius arasında telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyində olan bir sıra məsələlər və onların gələcək inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə litvalı həmkarını məlumatlandırıb. O, bölgədə yaşanan gərginliyin əsas səbəbinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən təcavüz siyasəti və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğal altında saxlaması, eləcə də bu ərazilərdə yerli azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirilməsi olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasının yeganə yolunun işğalçı Ermənistan qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması və bütün məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasından ibarət olduğu vurğulanıb.



Xarici İşlər naziri Ceyhun Bayramovla Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığı zamanı da tərəflər iki ölkə  arasında olan strateji tərəfdaşlıq münasibətlərinin geniş spektri üzrə fikir mübadiləsi aparıb və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

Gürcü həmkarını Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi və bu cəhdin qarşısının alınması, eləcə də bölgədə hələ də davam edən gərgin vəziyyət barədə məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasının, işğalçı qüvvələrin Azərbaycanın işğal  olunmuş bütün ərazilərindən çıxarılmasının, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığının təmin olunmasının vacibliyini qeyd edib.



Xarici İşlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı zamanı da möhkəm tarix və mədəni köklər üzərində qurulan ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Nazir Ceyhun Bayramov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq, həmkarına Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsinin Tovuz rayonu istiqamətində hərbi təxribatı və hazırkı gərgin vəziyyət barədə məlumat verib. Yalnız işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifaha gətirə biləcəyi vurğulanıb. Bu xüsusda, nazir Ceyhun Bayramov İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilməsi ilə bağlı mövqeyinə görə təşəkkürünü ifadə edib.

İranlı nazir Məhəmməd Cavad Zərif münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.



Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla da telefon söhbəti baş tutub.

Tərəflər iki ölkə arasındakı münasibətlərin geniş spektri üzrə fikir mübadiləsi aparıblar, strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat və bölgədəki gərgin vəziyyət ilə bağlı rusiyalı həmkarını məlumatlandırıb və yaşanan bu gərginliyin əsas səbəbinin məhz Ermənistanın 30 ilə yaxındır ki, davam edən təcavüzkar siyasətinin olduğunu vurğulayıb.

Rusiya Xarici İşlər naziri hər iki tərəfi atəşkəsə riayət etməyə və bölgədə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırdıqlarını qeyd edib.





Oxşar xəbərlər