"Uzaq diyarda doğma musiqimizin təbliği naminə çalışmaq böyük xoşbəxtlikdir" - Müsahibə


  • 12:09 / 18 07 2020 |
  • Bölmə: Gündəm / Dünya



"Payıma düşən bu həyat və sənət yollarında bütün səylərimi Azərbaycan musiqisinin özünəməxsusluğunu, uğurlarını və həqiqətlərini dünayaya çatdırmaq məqsədinə yönəltmişəm"
 
 
Rupor.az saytının "Xaricdə yaşayan azərbaycanlı elm adamlarını təbliğ edək" layihəsi çərçivəsində hazırlanan birinci yazını təqdim edirik. 
Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya dəstəyi ilə başladığımız layihənin ilk qoanağı 2008-ci ildən ABŞ-ın İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışan sənətşünas Aida Hüseynovadır. 
Aida xanımın təşəbbüsü ilə həmin məktəbdə “İpək Yolu xalqlarının musiqisi” və “Musiqidə Şərq ilə Qərbin Rastlaşması” fənnləri yaradılıb. Aida xanım bu fənlərlə yanaşı, musiqi nəzəriyyəsi, Avropa və Asiyanın populyar musiqisi və Rusiya musiqisi fənlərini də tədris edir.
Aida xanım barəsində oxuduqca, fikirlərini dinlədikcə azərbaycanlı olduğunla bir daha fəxr edirsən. 
Aida Hüseynovadan aldığımız müsahibəni oxuyaq.
 

- Sizin haqqınızda olan Vikipediya məlumatını oxuyub sonuncu cümlənbitirəndə ilk sual ani olaraq yarandı. Bu dərəcədə yüksək sənət zirvəsində olan azərbaycanlı niyə ölkəmizdə yaşamır, niyə ölkəmiz Sizin elmi potensialınızdan yararlanmasın, yaxud yararlana bilmir?

- Xoş sözlərinizə görə təşəkkür edirəm. Zənnimcə, hər kəsin həyatda və peşədə müəyyən missiyası var. Tale məni elə əzəldən Azərbaycandan kənarlara aparıb. Elmi dərəcəni məşhur Sankt Peterburq Dövlət Konservatoriyasında  almışam. Artıq iyirmi ildir ki, elmi və pedaqoji fəaliyyətim ABŞ-nın nüfuzlu İndiana Universiteti,  nəzdindəki dünya şöhrətli Ceykobs Musiqi Məktəbi ilə bağlıdır. 2016-cı ildə İndiana Universitetinin nəşriyyatında “Azərbaycan musiqisi: muğamdan operaya doğru” adlı elmi monoqrafiyam işıq üzü gördü. Qürur duyuram ki, bu kitab müasir Azərbaycan musiqisinə həsr olunan,  Qərbdə işıq üzü görən ilk və yeganə sanballı elmi nəşrdir. Eyni zamanda, Azərbaycan musiqisinə həsr olunmuş bir neçə iri həcmli beynəlxalq layihələrdə elmi məsləhətçi kimi çalışıram. Payıma düşən bu həyat və sənət yollarında bütün səylərimi Azərbaycan musiqisinin özünəməxsusluğunu, onun uğurlarını və həqiqətlərini dünyaya çatdırmaq məqsədinə yönəltmişəm. Sanıram ki, ABŞ-da çalışaraq, Azərbaycan musiqisinə daha çox fayda vermək, onu təbliğ etmək imkanlarına qadirəm. Hər dəfə İndiana Universitetinin auditoriyasında Azərbaycan muğamından, bəstəkarlarımızdan, ifaçılarımızdan, caz ustalarımızdan söhbət açanda, ABŞ-da kitablarım, məqalələrim işıq üzü görəndə, Kennedi Mərkəzi və ya Linkoln Mərkəzi kimi dünyanın ən tanınmış konsert zallarında mühazirələr oxuyanda, bir daha dərk edirəm ki, uzaq diyarda doğma musiqimizin təbliği naminə çalışmaq böyük xoşbəxtlikdir.

- Hazırda peşə fəaliyyətinizi hansı ixtisas üzrə davam etdirirsiniz? 

- Musiqişünas alim və pedaqoq kimi fəaliyyətimi ABŞ-da davam etdirirəm. Qeyd etdiyim kimi, İndiana Universitetinin Ceykobs Musiqi Məktəbində dərs deyirəm, elmi tədqiqatlar aparıram. Dünya şöhrətli sənətkarlarla - Yo-Yo Ma, İpək Yolu Ansamblı, Mark Morris və rəhbərlik etdiyi Rəqs Qrupu, Kronos Kvarteti  və Azərbaycan musiqisinin canlı əfasanəsi, muğam ustadımız Alim Qasımovla əməkdaşlıq edirəm. Bu baxımdan son illərdə dünyada Azərbaycan musiqisi ilə bağlı ən miqyaslı layihə kimi tanınan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının yeni redaksiyasının ifalarını vurğulamaq istərdim. Həmin layihə ABŞ-nın əksər şəhərlərində, eləcə də Kanadada, Fransada, İngiltərədə, Qətərdə və Avstraliyada inanılmaz uğurla nümayiş olundu, dünyanın ən məşhur media vasitələrində işıqlandı. "Nyu York Taymz" qəzetinə verdiyim müsahibədə qeyd etdim ki, “Leyli və Məcnun” Üzeyir Hacıbəylinin musiqi hüdudlarından kənara çıxan, Azərbaycanı Şərqlə Qərbin kəsiyində inkişaf edən ölkə kimi görmək məqsədinə yönəldilən meqa-layihəsinin ilk bədii təzahürü idi. Və təsadüfi deyil ki, həmin əsər 21-ci əsrdə Azərbaycandan uzaq olan diyarlarda səslənir və dinləyicilərin ürəyinə yol tapır. Bu layihə ilə bağlı xatirələrim əvəzsizdir: Azərbaycan dili, Azərbaycan muğamı, Füzuli poeziyası, Haçıbəylinin musiqisi, Alim bəyin,  Fərqanə xanımn ifasında muğamımız, tarın, kamançanın sədaları və eyni zamanda Qərb musiqisinin müasir rəqs sənətinin formaları. İki dünyanın təzahür formaları necə də həmahəng səslənirdi və hər tamaşanın sonunda zallara yığışan minlərlə dinləyicini ayağa durub musiqiçiləri və rəqqasları alqışlamağa vadar edirdi. Həmin anlar heç zaman yaddaşımdan silinmir!  

- Azərbaycanı nə vaxt tərk etmsiniz? Hansı istək Sizi vətəndən uzaq salıb? 

- Sözün düzü, özümü Azərbaycanı tərk etmiş insan hesab etmirəm. İş elə gətirdi ki, 2008-ci ilin avqust ayında İndiana Universitetində ABŞ-nın Dövlət Departamenti tərəfindən həyata keçirilən nüfuzlu Fulbrayt elmi mübadilə proqramının xətti ilə tədqiqat işimi başa vurduğum ərəfədə bu məktəbdə dərs demək təklifini aldım və onu qəbul etmək qərarına gəldim. Odur ki, ABŞ-da yaşamağım məhz peşə səbəbləri ilə əlaqədardır. Azərbaycanla, ailəmlə, həmkarlarımla, dostlarımla daima təmasdayam, Vətənə mütəmadi olaraq səyahət edirəm. Təhsil aldığım, illər boyu çalışdığım Bakı Musiqi Akademiyasını doğma ocağım hesab edirəm. Düşünürəm ki, fəaliyyətini Azərbaycan musiqisinə həsr edən insan heç zaman Vətənlə bağlılığını itirə bilməz. Bu, o qədər möhkəm teldir ki, onu qırmaq və ya unutmaq qeyri-mümkündür. 

- Çalışdığınız ABŞ universitetlərində Sizin azərbaycanlı olduğunuzu bilən həmkarlraınızın reaksiyaları necə olur?

- Hörmətlə qarşılanıram, təmsil etdiyim mədəniyyət koduna səmimi maraq göstərirlər. Dərk edirəm ki, ətrafdakı əksər insanların-həmkarlarımın, tələbələrimin - həyatında qarşılarına çıxan ilk azərbaycanlıyam. Təbii ki, bu həm şərəf, həm də məsuliyyətdir. Amma özümü rahat hiss edirəm, çünki çalışdığım İndiana Universitetində dünyanın müxtəlif ölkələrindən mütəxəssislər dərs deyir və mən də həmin icmanın hissəsiyəm. 

- Bizdə belə bir yanlış fikir var, daha doğrusu var idi: "Azərbaycanı Biləcəridən o yana tanımırlar". Siz Biləcəridən çox uzaqdasız - okeanın o tayında. Yəqin bu mövzuda daha yaxşı və dəqiq cavablarınız var? 

- Ümumiyyətlə, amerikalılar daha çox öz ölkələrinə, öz mədəniyyətlərinə diqqət yetirirlər. Coğrafiya isə heç də sevimli fənnləri sırasında deyil. Amma əksər amerikalılarda xarici mədəniyyətlərə maraq və hörmət hissi var. Uşaqlıq çağından - bağçada, orta məktəbdə - məhz bu ruhda tərbiyə alırlar. Mən böyük qürur hissi duyuram ki, hər semestr ərzində 150-160 gənc amerikalıya dərs deyirəmsə, onlar sinfimi artıq Azərbaycan haqqında müəyyən biliklə tərk edirlər və həmin təcrübəni ailə üzvlərinə, dost-tanışların da aşılayırlar. Elə hallar olur,  keçmiş tələbələrim artıq universiteti bitirdikdən sonra mənimlə əlaqə saxlayıb, bildirirlər ki, elmi işlərini Azərbaycan musiqisinə həsr etmək istəyirlər. Bəziləri Azərbaycana səyahət etmək qərarına gəlir. Məsələn, bir həmkarım var ki, Qobustanı görmək arzusu ilə yaşayır. Bunlar, təbii ki, çox sevindirici hallardır. Bir misal da gətirim. Bu yaxında İndiana Universitetində Sovet İttifaqının musiqi mədəniyyətinə həsr olunmuş sanballı elmi konfrans keçirildi. Konfransın təçkilatçıları mənə müraciət etdilər ki, məhz Azərbaycan musiqisi ilə bağlı mövzuda məruzə edim. Mən bu təklifi məmnuniyyətlə qəbul etdim və çıxışımda Qara Qarayevin Soviet musiqisinə gətirdiyi yeniliklərdən söhbət açdım. Amma ən maraqlı məqam o oldu ki, İndiana Universitetinin aspirantlarından biri də Azərbaycan musiqisi ilə bağlı mövzu seçdi və konfransda Arif Məlikovun yaradıcılığı barədə çox maraqlı məruzə söylədi. Odur ki, ABŞ-nın ən məşhur musiqişünas alimlərinin iştirakı ilə keçirilən konfransda bir saat ərzində Azərbaycan musiqisinin sədaları səsləndi, haqqında söhbətlər aparıldı. Atalar sözümüzü dönə-dönə yada salıram: “Dama-dama göl olur.” Ölkənin imici, onun haqqında təəssürat ayrı-ayrı fərdlərin səyləri nəticəsində yaranır. Musiqiçilər bu işdə xüsusi iqtidara malikdirlər, çünki musiqi dərhal insanların ürəklərinə yol tapır. 

- Atanız Nemət Hüseynov mikroelektronika üzrə ölkənin aparıcı mütəxəssisi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, ananız Natella Kazımova kimya elmləri doktoru, çoxsaylı elmi ixtiraların müəllifi, qardaşınız Emin Hüseynov texniki elmlər namizədi. Maraqlıdır, musiqi Sizi necə gəlib tapıb? Dünya alimləri belə qənaətə gəliblər ki, insanları daha yüksək faizlə genlər idarə edir. Sizin gökəmli musiqişünas olmağınızda genin rolu görünmür deyəsən. Yoxsa bilmədiklərimiz var? 

- Doğrudan da mən ailəmizdə ilk və hələ ki yeganə musiqiçiyəm. Amma ailəmizdə musiqiyə daima böyük maraq olub və musiqi ilə bağlı maraqlı xatirələr qorunub saxlanılır. Məsələn, atamın altı yaşı olanda valideynləri onu musiqi məktəbində oxumaq üçün sınaq imtahanına aparırlar və həmin imtahanı dahi Üzeyir bəy Hacıbəyli şəxsən özü qəbul edir. Atamın eşitmə və ritm qabiliyyətlərini yoxlayandan sonra, ondan soruşur:  “Oğlum, de görüm, bu alətdə çalmaq istəyərdin?” İşarə etdiyi alət violin aləti olur və atam sevincək olaraq, “Bəli, istəyirəm!” cavab verir. Üzeyir bəy valideynlərinə müraciət edərək, deyir: “Piano sinfində şagirdimiz çoxdur, istəyirəm ki, azərbaycanlı uşaqlar başqa alətlərə də yiyələnsinlər. Etiraz etmirsinizsə, oğlunuzu violin sinfinə qəbul edək?”. Atam böyük həvəslə violin dərslərinə gedirdi. Həmin illəri indiyədək böyük sevgi ilə yada salır. Anama gəlincə o, yeddi illik musiqi məktəbində piano sinfində təhsil alıb, ömrünün son günlərinə qədər evdə tez-tez piano çalardı. Onun da musiqi ilə bağlı maraqlı xatirələri var. Məsələn, piano ansamblı sinfində o, gələcəkdə Azərbaycan cazının böyük ustası kimi tanınan Vaqif Mustafazadə ilə bərabər çalırdı və hətta konsertlərdə də çıxış edirdi. Qardaşım truba aləti üzrə musiqi məktəbində bir neçə il oxudu. İndiyədək musiqiyə pərəstiş edir, amma ən çox dəyər verdiyi sahə rok musiqisidir. Təfərrüatsız deyə bilərəm ki, bu sahədə çox dərin biliyə malikdir. Odur ki, ailəmizdə musiqiyə həmişə böyük maraq və rəğbət olub, və yəqin ki, mənim timsalımda kəmiyyətin keyfiyyətə keçməsi baş verdi.

- Azərbaycan musiqisinin əfsanəsi pianoçu Çingiz Sadıxov Sizin müəlliminiz olub. Azərbaycanda Çingiz Sadıxovu təbii yüksək səviyyəli pianoçu kimi tanısaq da, barəsində Sizin qədər bilmirik. Çingiz müəllimi o zirvəyə qaldıran hansı qüvvədir, onun başqalarından fərqi nədir?

- Çingiz Sadıxov, sözsüz ki, Azərbaycan musiqisinin rəmzi simalarından biridir. Qürur duyuram ki, sənətkarın 2006-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında keçirildiyi yubiley konsertində giriş sözü ilə çıxış etmək mənə nəsib oldu. Çingiz müəllim sözün əsl mənasında virtuoz pianoçu idi. Azərbaycan və Moskva konservatoriyalarında mükəmməl təhsil almışdı, klassik piano sənətinin bütün qanunlarına yiyələnmişdi. Eyni zamanda o, milli musiqimizin incəliklərinə tam bələd idi, onları sanki daxildən duyurdu. Bənzərsiz improvizasiya qabiliyyətinə malik idi. Mükəmməl bədii zövq sahibi idi. Əsil ziyalı idi. Həssas və incə duyumlu olmaqla bərabər, möhkəm iradəli insan idi. Məncə, bütün bunlar Çingiz Sadıxov fenomenini səciyyələndirən əsas cəhətlərdir. Azərbaycan musiqisini piano alətində səsləndirən istedadlı musiqiçilərimiz var və şübhəsiz ki, yenə olacaq, amma Çingiz Sadıxov zirvəsi, məncə, əlçatmazdır.   

- Bəs Sizin başqa musiqişünaslardan fərqiniz nədir? Təbii ki, söhbət düşüncənizə və fəaliyyətinizə yaxın olan mövzularda ixtisaslaşan musiqişünaslardan gedir?

- Azərbaycan musiqisində milli ənənələrin Qərb prinsipləri ilə sintez yolunda yaranan bədii nəticələrini tədqiq edərək, həmin prosesi qlobal kontekstdə izləməyə çalışıram. Bəllidir ki, bir çox Şərq ölkələrinin musiqi mədəniyyətində Qərb musiqi formaları ilə müxtəlif sintez formaları yaranıb. Hansı səbəblərdən Azərbaycan musiqisində həmin proses son dərəcədə səlis və təbii formada baş verib və yüksək bədii nailiyyətlərlə nəticələnib? Bu sual məni daima maraqlandırıb. “Azərbaycan musiqisi: muğamdan operaya doğru” monoqrafiyamın giriş hissəsində kitabımı “Azərbaycan musiqisi haqda Amerika üçün yazılmış kitab” adlandırıram. Şübhəsiz ki, kitabım Azərbaycan musiqişünasının təcrübəsini əks etdirir, amma metodoloji baxımdan Amerika musiqişünaslığının məhsuludur. Xoşhalam ki, kitabım Qərb alimləri tərəfindən maraqla qarşılanır və xaricdə Azərbaycan musiqisinə elmi marağın artmasına səbəb olub.

 - İndianada yaşayırsınız. Azərbaycan diasporasının üzvüsünüz? Diaspor fəliyyətiniz hansı səviyyədədir?

- Təbii ki, diasporamız ilə məmnuniyyətlə əlaqə saxlayıram. ABŞ-da musiqi sahəsində gördüyüm işlərlə Azərbaycana xeyir verməyə çalışıram və beləliklə də diasporamızın daha da güclü olmasına dəstək vermiş oluram. Bakıda olduğum zamanı, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinə dəvət olundum, maraqlı söhbətlərimiz oldu, fəaliyyətim haqda hətta qısa video da çəkildi və Komitənin saytında yerləşdirildi. Diasporamızın bir çox üzvləri ilə ABŞ-da, İngiltərədə, Avstraliyada, Fransada, Qətərdə keçirilən “Leyli və Məcnun”un tamaşaları zamanı tanış oldum. Bu yaxında isə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Fərhad Bədəlbəyli ilə İnternet vasitəsilə görüşümüz oldu. Görüş ABŞ və Azərbaycan Ticarət Palatasının təşkili ilə keçirildi və olduqca maraqlı keçdi. 

- Azərbaycanda ictimai düşüncədə belə bir fikir formalaşıb. "Biləcəri" mövzusundan fərqli olaraq, o fikrin buzları hələ əriməyib. Deyirlər ki, dünyada yaşayan azərbaycanlı elm adamları Qarabağ həqiqətlərini təbliğ etmək istiqamətində zəif iştirak edirlər, yaxud bu məsələyə ümumiyyətlə qarışmırlar. Sizin bu məsələdə mövqeyiniz necədir?

- Nə deyim, hər kəs öz vicdanına görə, öz mənəvi dəyərlərinə uyğun hərəkət edir. Musiqiçi, musiqişünas, nəhayət, bir azərbaycanlı kimi, Qarabağ mövzusuna biganə qala bilmirəm. Monoqrafiyamda Qarabağ faciəsinin milli musiqimizə olan təsiri ilə bağlı mülahizələrimi bölüşürəm. Bir misal da gətirmək istərdim. 2017-ci ildə İndiana Universitetində “Musiqi. Biznes. Sülh” mövzusunda beynəlxalq konfrans keçirildi. Mən həmin konfransın təşkilat komitəsinin üzvü olaraq, ABŞ-da yaşayan, Azərbaycanla ünsiyyətdə olan, muğamımızın geniş təbliğatçısı Ceffri Verboku konfransa dəvət etdim. Konfransda onun yaratdığı  “Gənc səslər, qədim musiqi” adlı sənədli filmini təqdim olundu. Həmin filmdə Qarabağ qaçqınlarından bəhs olunur və  zəngin muğam ənənələrindən söhbət açılır. Ceffri Qarabağ mövzusuna həsr olunan maraqlı məruzə də söylədi. Suallar da oldu, müzakirələr də. O anları böyük məmnuniyyətlə yada salıram.    

- Azərbaycan elminin, alimlərinin dünyada daha ciddi qəbul olunması üçün hansı işləri görməmişik və görməliyik?

- Müxtəlif elm növlərində tələblər müxtəlifir. Məsələn, dəqiq və təbiət elmlərində yeni texnologiyalar mənimsənilməlidir, müasir avadanlıq mövcud olmalıdır. Humanitar elmlərə, o cümlədən musiqişünaslığa gəlincə, alimlərimiz öz axtarışlarını yeni elmi konsepsiyalar kontekstində aparmalıdırlar. Təsviri, məlumat xarakterli yazı üslubundan əl çəkməlidirlər. Müasir musiqişünaslıqda inteqrativ yanaşmalar tətbiq olunur, yeni konseptlər irəli sürülür. Onlardan agah olmaq üçün beynəlxalq elmi konfranslarda iştirak etmək, xarici dillərdə dərc olunan ədəbiyyatla tanış olmaq, xarici həmkarlarla əməkdaşlıq qurmaq vacibdir.

- Sizcə Azərbaycan elmi ilə, ölkənin elmi potensialı ilə Avropanın, yaxud ABŞ-ın diqqətini çəkmək mümkündürmü?

- Şübhəsiz. İyirminci əsrin birinci yarısında Üzeyir bəy öz elmi və publisistik yazılarında tam əminliklə deyirdi ki, Azərbaycan musiqisi və musiqişünaslıq elmi dünyanın ən qabaqcıl xalqlarının musiqi mədəniyyətləri sırasında öz layiqli yerini tutacaq. O zamanlar həmin sözlər utopiya kimi səslənirdi. Lakin gerçəkləşdi. Bu, Üzeyir bəyin və digər musiqiçilərimizin səyləri nəticəsində, eləcə də Sovet sisteminin möhkəm dəstəyi sayəsində mümkün oldu. Bu gün müstəqilik. Dünyaya nümayiş edəcəyimiz potensial da mövcuddur, nailiyyətlərimiz də var. Bu yolda dayanmadan, çəkinmədən hərəkət etməliyik və dərk etməliyik ki, qayğılarımız, görəcəyimiz işlər çoxdur. Musiqişünasların öhdəsinə olduqca ciddi vəzifələr düşür. Çox gözəl bilirik ki, musiqi nümunələrimiz plagiata məruz qalır, bəzən layiqincə qiymətləndirilmir. Fəal olaq, belə hallara yol verməyək, musiqimizi qoruyaq və yüksək dərəcədə təbliğ edək. Amalım budur.

 - Sizcə insanın missiyası yalnız öz həyatını rahat etməyə xidmət göstərməlidir, yoxsa ictimai düşüncə sahibi olmaqla ölkəsinin, elinin dərdini, sərini özününkü bilməlidir. Bu sualı təsadüfən vermədim. Xüsusən elm adamları ictimi məsələlərdən "biz siyasətə qarışmırıq" - deyərək kənarda qalırlar. Onların mövqeyinə baxışınız necədir? 

- Siyasətə qarışmamaq insanın seçimi ola bilər. Amma real həyatda taleyimizə təsir göstərən aktual siyasi məsələlərə tam biganə qalmaq, onlardan sadəcə vaz keçmək düzgün deyil və məncə, mümkün də deyil. Məsələn, zəmanəmizin ən böyük elmi ixtirası internet və ümumiyyətlə rəqəmsal texnologiyalar siyasətə də, mədəniyyətə də, gündəlik həyatımıza da təsir göstərir. Vladimir Leninin bir sözü var idi: “Cəmiyyətdə yaşaya və cəmiyyətdən azad ola bilməzsən.” Lenin bu gün unudulsa da, həmin sözləri yenə də aktual səslənir. 

- Azərbaycanda müasir musiqinin inkişaf tendensiyasını izləyirsiniz? Vəziyyəti necə qiymətləndirirsiniz. Biz hardan hara düşmüşük, yaxud, hardan hara qalxmışıq? 

- Təbii ki, Azərbaycanın musiqi həyatında baş verən bütün hadisələri izləyirəm, uğurlarımıza sevinirəm, problemlərimizə görə kədərlənirəm. Azərbaycan musiqisinin müasir durumunu keçmişlə müqayisə etmək faydasızdır, ikişaf tamamilə fərqli məcraya yönəlib. Keçmişimizin uğurları danılmazdır: muğam və onun bünövrəsində püxtələşən bəstəkarlıq yaradıclığı; məktəblərimizdə tədris olunan Bethoven və Qara Qarayev musiqisi; musiqi elmimizdə keçmişlə bu günün vəhdəti. Bu dəyərlərimizi itirmədən, problemlərimizdən vaz keçmədən, irəli hərəkət edək. Üzeyir bəyin bizə miras qoyduqlarını itirməyə mənəvi haqqımız yoxdur. 

Ceyhun Musaoğlu
 











Oxşar xəbərlər