Federasiya prezidentinə qarşı "qaraj" ittihamı və onun cavabı


  • 15:32 / 18 07 2020 |
  • Bölmə: Gündəm / Şikayət


Nizami rayonunda yaşayan vətəndaş ona məxsus qarajın Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov tərəfindən zəbt edilməsi haqqında "Rupor"a müraciət ünvanlayıb. Ərazisi zəbt olunan Yasər Ağayevin müriacətində deyilir:

“Mən özünü Azərbaycan Respublikası Qol Güləşi Federasiyasının rəhbəri kimi təqdim edən Cəsarət Əhmədov adlı şəxs tərəfindən çox ciddi qanunsuzluqlarla üzləşmişəm və yaranmış vəziyyətdən çıxış  üçün məcburən sizlərə müraciət edirəm.
Uzun müddətdir ki, Cəsarət Əhmədov adlı şəxs, Nizami rayonu ərazisində yerləşən parklanma üçün ayrılmış ərazini ümumi olaraq aldığını iddia edərək müəyyən tikinti işləri aparmaqdadır. Ərazi daxilində texniki pasportu və digər sənədləri olan, mənə məxsus qarajı ambar kimi illərdir istifadə edirəm. Cəsarət adlı şəxs öz səlahiyyətlərindən sui istifadə edərək həmin hasarlanmış  parklanma ərazisinin giriş qapısının kilidini dəyişib və içəridə qalan mənə məxsus sənədləri olan mülkiyyətimə daxil olmağa icazə vermir. Hər dəfəsində müraciət etməyimizə baxmayaraq, ərazinin ona aid olduğunu,  mənə məxsus qarajın da söküləcəyini hədə-qorxu ilə bildirir, şikayət edəcəyimi diqqətinə çatdıranda isə heç bir şəxsdən çəkinmədiyini deyir. 
Hər keçən dəqiqə mənə olunan hədə-qorxular, mülkiyyətimin söküləcəyi xəbərdarlıqlarından narahatlıq keçirirəm. İstəyim isə sadəcə mülkiyyətimə giriş icazəsinin verilməsidir".

Əməkdaşımız Qol güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovla əlaqə saxlayıb. Federasiyasının prezidenti ittihamın qarşılığnda bunları deyib: 

"Həmin ərazidə Qol güləşi Federasiyasına yeni bina tikilir. Ərazini qanunla almışıq və orada olan 36 qarajın sahiblərinə bazar qiymətinə, ümumiyyətlə bütün qaydalara, tələblərə, qanuna uyğun olaraq kompensasiya ödənilib. Yasər Ağayev də bildirmişdi ki, onunla qaraj barəsində hər kəs qarajının kompensasiyasını alandan sonra danışaq. Belə də etdik. İlkin 8 min manata razılşadıq, sonra qiyməti 9 mindən 14 min manata qədər qaldırdı. Biz bu məbləğlə də razı olduğumuzu bildirdik və notariusda görüş verdik. O notariusa gəlmədi, zəng edib səbəbini soruşduqda qiymətlə razılşamadığını dedi. Bir müddət keçdi, həmin qaraja daha çox məbləğ tələb etdi. Dünən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qiymətləndirmə şöbəsinin əməkdaşları gəlib həmin qarajı qiymətləndirdilər. Biz artıq Yasər bəylə danışmışıq, problem həllini tapır. Onu da xüsusi olaraq qeyd edim ki, həmin ərazinin mülkiyyətçisi bizik, o qarajın yerləşdiyi torpaq da qanunla-sənədlə bizim əraziyə daxildir. Mən heç vaxt kiminsə haqqına göz dikməmişəm. 36 qarajın keçmiş sahiblərindən soruşun görün, heç aramızda incilik oldu? İnşallah haqq öz yerini tapacaq, artıq tapıb". 









Oxşar xəbərlər